525.Az

"Məni ayrılıqla qorxudan adam..." - Gülsadə İbrahimlinin şeirləri


 

"Məni ayrılıqla qorxudan adam..." - <b style="color:red">Gülsadə İbrahimlinin şeirləri </b>

SƏNİ GÖZLƏYİRƏM

Mən küləksaçlı,
alçagözlü,
payız qoxulu qadın.
Sən dağ rüzgarlarıtək şıltaq
Əlimdə zeytun budağı,
meyvəsi gözlərin.
Pozaq əzbərləri ,TƏKRARSIZ GÜNAHIM.
İnandıraq dünyanı bizə...
Xoşbəxt sona az qalır,
az ...
İndi hansısa at nallı qatar,
Ya da  yel qanadlı bir uçaq
düşüb saatından,
uçuş vaxtından qaçaq,
Səni mənə gətirir.
İki gözlü pəncərə- gözləri buğlu.
Əynimdə sevdiyin gecəliyim.
Lampanın yumulur gözü.
Gecə bizim,
Yasaqlar bizim,
günahlar bizim
Saat 2-yə qalır 5 dəqiqə
Bilirəm , indicə qapı çalınacaq…

CAN SAĞLIĞI

Bilirsənmi nə istərəm bu payızda, sevgilim,
qısılaq bir-birimizə köhnə park oturacağında
sən siqaretinin külüylə oynayasan,
mən saçlarınla.
Üşüyək,
islanaq şəhərin  daracıq küçələrində gecə yarılarına qədər.
Sonramı?
Sonrası can sağlığı…
 
KİM ÖLÜB GEDƏNLƏR ÜÇÜN?

Məni ayrılıqla qorxudan adam,
de görüm, kim ölüb gedənlər üçün?
Bir məzar qazırıq,
İki göz yaşı...
Bu da  son ayindi ölənlər üçün.
Nə sən uşaqsan,
nə də mən üzsüz,
biz bizi bilərək edam edənik.
Gücümüz çatmayıb birgə həyata.
Ayrı pəncərələrin arxasında biz
eyni dərd içində qəbrə gedənik.
Nə qaldı, de səndə,
nə qaldı məndən?
Bir nəmli əl izi,
bir öpüş yeri...
Qoy daha üşüsün o görüş yeri.
Nə sən uşaqsan,
Nə mən məktəbli.
Bilirik ,ayrılıq zamanı yetib.
Serroz xəstəliyi tutub sevgimiz,
bitib,
Son nəfəsi də bu payız bitib.

BİR QOCALAQ

Uzun – uzun sevsən məni, zaman dursa.
Bu sevginin ömrü, canım, zamandan da uzun olsa...
Bəyaz düşür saçımıza
Bax, arxada gənclik qalıb.
Büdrəyəndə dizlərimiz,
Bu sevgimiz dimdik qalıb.
Darıxmışam sənin üçün,
küslükləri unutmuşam.
Mən anamın ərköyünü,
mən atamın küsəyəni,
“böyümüşəm” sənə xətir
Öz- özümü ovutmuşam.
Bilirsənmi dəli oğlan,
Neçə kitab səhifəsində,
neçə çiçək qurutmuşam?
Ömür keçir,
zaman bitir... yaşlanırıq dumangözlüm.
Nə gözəldir bir qarımaq,
Bir qocalmaq.
Bir ocağın,
Bir yuvada qəsdil ilə pillə qalxmaq.
Gəl yaslanım omuzuna nəfəs dərim,
Dincim alım.
Nə istərəm mən Tanrıdan?
Təki sənlə mən qocalım.

SARILAQ ÜMİDLƏRİMİZƏ

Bir siqaret közü qədər ümid yetir bəzən,
bəzən itirdiklərimizin külə dönmüş xatirəsin üstümüzdən silkməyə.
Bir qadın,ya da bir kişi yetir bəzən
Bütün adamlardan getməyə.
Çəkib gözlərinin,qulaqlarının dünyaya açılan
qapılarını hamıya, içdən ölməyə.
Üzülmə, dostum ,
Üzülmə.Bu gün olmadısa da, sabah var,
Sabahların günəş baxışı doğar pəncərəmizdən.
Bəlkə, sabahlar daha gözəldir,
Daha utopikdir gerçəklərimizdən.
Hər yaşda uşağıq,
Ümidlər kiçildikcə böyüyür adamlar.
Biz bütün yoxluqlara rəğmən, xəyal quraq,
Sarılaq xəyallarımıza...onlar həyata tutunduğumuz yerdi

 





18.04.2020    çap et  çap et