525.Az

Milli Kitabxana işini virtual rejimdə davam etdirir - Yazı


 

Milli Kitabxana işini virtual rejimdə davam etdirir - <b style="color:red">Yazı</b>

Bu gün bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası ölkəmizdə də insanlar üçün böyük çətinliklər yaradıb.

İnsanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə oturmaq tövsiyyə olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində hamı bu təhlükədən ən minimum zərərlə qurtarmaq üçün əlindən gələni etməyə çalışır. Qabaqlayıcı tədbirlər çərçivəsində məktəblər, kitabxanalar, muzeylər, teatrlar, konsert salonları bağlanmışdır. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir çox müəssisələr müvəqqəti olaraq bağlansalar  da, öz fəaliyyətlərini onlayn rejimdə davam etdirirlər.

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün reallaşdırılan sosial izolyasiya tədbirləri ilə bağlı martın 11-dən ölkənin ən böyük və ən zəngin elm xəzinəsi olan Azərbaycan Milli Kitabxanasında oxuculara xidmət müvəqqəti dayandırılmışdır. Cənab Prezidentimizin “Evdə qal, özünu qoru” çağırışına səs verərək Milli Kitabxananın kollektivi də Mədəniyyət Nazirliyinin “Evim, mənim yeni iş yerim” çağırışına qoşularaq öz evlərini iş yerinə çevirərək onlayn rejimdə oxuculara xidmət göstərirlər.

Son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kitabxanaların səmərəli fəaliyyət göstərməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, fondların zənginləşdirilməsi üçün bir sıra xüsusi əhəmiyyətli sənədlər imzalamışdır. Həmin sənədlərin icrası nəticəsində kitabxana-informasiya sahəsində yeni texnologiyalar tətbiq edilmiş, müasir kitabxana-informasiya infrastrukturu yaradılmış və istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətlərinın sayının və keyfiyyətinin artırılması, əhalinin intellektual potensialının, bilik səviyyəsinin inkişafı, habelə fasiləsiz təhsilin təmin edilməsi üçün əlverişli zəmin yaradılmışdır.

Respublikanın baş kitabxanası olan Milli Kitabxana son illər ərzində cənab Prezidentimiz tərəfindən imzalanmış “Elektron hökümət” Konsepsiyasının icrası ilə əlaqədar oxuculara kitabxana-informasiya xidmətinin elektronlaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, oxuculara virrtual xidmət üçün müvafiq infrastrukturun və proqram təminatının yaradılması istiqamətində Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə bir sıra kreativ yönlü layihələr həyata keçirmişdir. Məhz bu tədbirlərin icrası nəticəsində Milli Kitabxanada istifadəçilərə onlayn rejimdə informasiya-biblioqrafiya xidmətləri göstərilməsi üçün real şərait yaranmışdır.

Bu gün respublikamızda yaranan vəziyyətlə əlaqədar olaraq kitabxanalar,  o cümlədən ölkədə ən böyük və zəngin elektron resurs bazasına malik olan Milli Kitabxana müxtəlif onlayn iş üsullarından istifadə edərək öz fəaliyyət dairəsini genişləndirir, ənənəvi və virtual kommunikativ  təcrübəni biləşdirməyə imkanlar yaradan kreativ yanaşmalara daha çox diqqət ayırır. Hazırki şəraitdə kitabxanalarımızın istifadəçi üçün açıq olmağını istəyiriksə, o zaman diqqəti  sosial şəbəkələrə və oradakı iş prinsipinə yönəltməliyik və belə halda İnternet bu gün kitabxana və oxucular arasında dialoqun qaydaya salınması üçün effektiv vasitə rolunu müvəffəqiyyətlə icra edir. Insanlar sosial şəbəkələrdə kitabxanaların fəaliyyəti ilə nə qədər çox tanış olsalar, kitabxanalar  insanlar üçün  bir o qədər maraqlı  və aktual olar və onlar kitabxana istifadəçisinə çevrilə və ya müxtəlif bloq və saytlara üzv ola bilərlər. Milli Kitabxananın Elektron kataloq və Elektron kitabxanasının elektron resurs bazalarında toplanmış materiallar haqqında məlumatların sosial şəbəkələrdə təbliği istifadəçilərin kitabxanalara cəlb olunmasına, kitabxanaların imicinin yüksəlməsinə və mütaliəyə marağın artmasına şərait yaradır. İstifadəçilərin şəbəkələrdə məhz kitabaxana saytlarından istifadə edərək, özlərinə maraqlı, faydalı və dəqiq  məlumatları əldə etmələri, həmçinin kitabxana işçiləri ilə dialoqa girmələri, şərhlər yazıb, müxtəlif məsələlərə aid öz fikirlərini  bildirmələri bu gün kitabxanaların qarşısında duran vəzifələrdəndir.

Öz sənətini sevən Milli Kitabxananın əməkdaşları sosial şəbəkələrdə var qüvvəsi ilə çalışırlar. Milli Kitabxana sosial şəbəkələrdəki fəal işi ilə kitabxanaya yeni istifadəçilər cəlb edir, informasiya, mədəni və təhsil funksiyalarının yerinə yetirilməsini təmin edir. Koronavirus dövründə kitabxana resurslarının sosial şəbəkələrdə təqdim edilməsi kitaba, mütaliəyə olan marağı daha da artırmışdır. Biz sosial şəbəkələrdə kitabxananın resurslarını nə qədər çox reklam etsək, onlardan istifadəyə bir o qədər maraq yaradarıq.

Milli Kitabxananın əməkdaşları Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan portalı tərəfindən irəli sürülən “Evdə qal, evdə yarat”   təşəbbüsünə qoşularaq vətəndaşların evdə qaldıqları müddət boyu vaxtlarını səmərəli keçirmələri məqsədi ilə  hazırladıqları informasiya resurslarını kitabxananın Facebook səhifəsində  #evdəqalevdəyarat  həştəqi ilə paylaşır,  “Kreativ Azərbaycan”  Facebook səhifəsini taq edirlər.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilən “Könüllülər ili” ilə əlaqədar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxananın  “Könüllülər qrupu” vəziyyətlə əlaqədar insanların ev şəraitində səmərəli vaxt keçirmələri üçün kitabxanada olan maraqlı kitabların linklərini, video görüntülərini və xülasələrini kitabxananın feysbook səhifəsi vasitəsilə onlayn şəkildə oxuculara təqdim  edirlər. Onu da qeyd edək ki, bu təşəbbüs oxucular tərəfindən çox bəyənilir. Onlar hətta oxumaq istədikləri kitabları bu gün artıq bizə sosial şəbəkələr vasitəsilə yazırlar.    

Qlobal internet şəbəkəsi yaranana qədər biz mütaliə üçün seçmək istədiyimiz ədəbiyyat haqqında məlumatı yaxınlarımızdan, dostlarımızdan və kitabxanaçılardan əldə edirdik. Hal-hazırda oxunmuş kitablar haqqında diskussiyalar, kitabxanaçıların məsləhətləri, kitab buktreylerlərinin yerləşdirilməsi, əsərlərdən olan sitatlar, elektron kitabxanalara və müxtəlif növ xidmətlərə istinadlar istifadəçiyə ürəyincə olan kitabları seçməyə imkan yaradır və bu da öz növbəsində sosial mediyada kitabxana səhifələrinin vacib atributudur.

Son zamanlar gənc nəslin öz fikirlərini istər yazılı, istərsə də şifahi  formada düzgün ifadə edə bilməməsi haqqında fikirlər çox tez-tez səslənir. Bu mənada kitabxana bloqlarında verilən şərhlər öyrədici bir alət ola bilər və savadlı kitabxana kadrlarının şərhləri istifadəçi üçün bir nümunə ola bilər. Əgər istifadəçi müxrtəlif mesencerlərdə ünsiyyətdə səhvlərə yol verirsə və bunun şəxsi xarakter daşıdığını deyib bununla özünə bəraət qazandırırsa, kitabxana saytlarında və bloqlarında isə o öz fikirlərini daha düzgün ifadə etməyə çalışacaqdır. Məhz buna görə də bu gün qlobal internet və digər sosial şəbəkələr insanların, xüsusilə gənclərin yaxın məsləhətçisinə çevrilmişlər.       

İnformasiyalı cəmiyyət şəraitində elm və texnika çox sürətlə inkişaf edir və bu sürətli inkişaf ilə əlaqədar olaraq kitabxanaların siması dəyişir. Müasir kitabxanaların oxucuları yalnız qiraət zallarında mütaliə edənlər deyil,  həm də onlayn istifadəçilərdir. Buna görə də onlayn istifadəçilərin kitabxana haqqında, onların təqdim etdiyi xidmətlər, o cümlədən virtual xidmətlər barədə istənilən şəkildə məlumatlı olmalarına şərait yaratmaq lazımdır.

Bu məramı yerinə yetirməyə çalışan və respublikamızda yaranan şəraitlə əlaqədar Milli Kitabxana qısa zaman kəsiyində istifadəçilərə kitabxana-informasiya xidmətini onlayn rejimdə təqdim etmək üçün onlayn xidmətlərinin miqyasını genişləndirmək məqsədilə kitabxananın saytında yeni “Onlayn xidmətlər” pəncərəsi yaratmışdır. Gün ərzində kitabxananın oxu zallarında mütaliə edən, elmi tədqiqatlar və araşdırmalar aparan alimlərimiz, tədqiqatçılarımız, gənclərimiz, kitabsevərlərimiz artıq bu gün kitabxanamızın onlayn xidmətlərinə müraciət edirlər və onlara lazım olan resurslar tez bir zamanda təmənnasız olaraq istifadəçilərin elektron ünvanlarına göndərilir. Kitabxananın aşağıdakı onlayn xidmətləri tam qüvvəsi ilə oxucular üçün aktivdir:

Biblioqrafik sorğu;

Sənədlərin sifarişi və elektron çatdırılması;

Virtual Sərgi;

Metodiki xidmət (kitabxanalar üçün).

Milli Kitabxananın əməkdaşları öz evlərini yeni iş yerlərinə çevirərək onlayn kitabxana-informasiya xidməti fəaliyyətlərini xeyli gücləndirərək mart ayının 11-dən tam şəkildə onlayn rejimdə istifadəçilərə kitabxana xidmətinin təşkilinə start vermişlər. Həmin gündən aprelin 14-dək Milli Kitabxana onlayn xidmətlər pəncərəsi vasitəsi ilə 2387 istifadəçiyə sənədlərin elektron çatdırılması xidmətini göstərmişdir. Bu müddət ərzində həmin istifadəçilərə 3906 kitab və 7828 məqalənin elektron çatdırılması təmin olunmuşdur. Biz kitabxanamızın “Onlayn xidmətlər” pəncərəsinə sifariş göndərən istifadəçilərin Milli Kitabxananın Elektron resurslar bazasında mövcud olmayan sorğularını da cavabsız qoymuruq və onların sifarişi ilə kitabxanamızın 5 nəfər işçisi növbə ilə hər iki gündən bir kitabxanaya gələrək həmin informasiya resurslarını rəqəmsallaşdıraraq birbaşa kitabxanadan oxucuların elektron ünvanlarına göndərirlər.  Bu günədək bu yolla 74 kitab və 465 məqalə rəqəmsallaşdırılaraq oxuculara göndərilməsi təmin olunmuşdur.

Milli Kitabxana “anl.az” saytındakı “Elektron kataloq və elektron kitabxana” bölməsi vasitəsilə oxuculara virtual xidmətlərini də davam etdirmişdir və bu xidmətlərdən istifadə edənlərin sayı da xeyli artmışdır. Kitabxananın saytının (anl.az) “Elektron kataloq və elektron kitabxana” bölməsinə 388 323 nəfər yalnız kitabları onlayn oxumaq üçün müraciət etmişdir. Bu dövr ərzində bütövlükdə Kitabxananın saytına daxil olanların sayı isə 482 630  nəfər olmuşdur.

Milli Kitabxananın saytında respublika kitabxanalarından gələn virtual sifarişlərin qəbulu üçün fəaliyyət göstərən onlayn “Metodik xidmət” bölməsinə gün ərzində yüzlərlə onlayn sifariş daxil olur. Bu sifarişlərin ödənilməsi bölgələrdə oxuculara kitabxana-informasiya xidmətini təmin edir. Milli Kitabxananın elektron bazasından istifadə etməklə bölgələrdə oxuculara verilən rədd cavablarının qarşısı alınır.

Hamıya bəllidir ki, Milli Kitabxana görkəmli şəxsiyyətlərə və əlamətdar tarixi hadisələrə dair daima ənənəvi sərgilər təşkil edir və bu da geniş oxucu kütləsinin marağına səbəb olur. Vəziyyətlə əlaqədar kitabxananın işgüzar kollektivi bu gün ənənəvi kitab sərgilərini virtual sərgilərlə əvəzləndirib. Bu məqsədlə onlar evdə qalaraq Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimovun anadan olmasının 120 illiyi ilə əlaqədar “Süleyman Rəhimov-120”, “Yurdumuza bahar gəlir”, Azərbaycanın ilk Xalq Şairi Səməd Vurğunun doğum günü münasibətilə  “Xalq Şairi Səməd Vurğun”, “31 Mart azərbaycanlıların soyqırımı günü”, “Aprel Döyüşləri Bizim Şanlı Qələbəmizdir”, ədəbiyyat tariximizdə müstəsna xidmətləri olan görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyi ilə bağlı “İctimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanov-150”, “Azərbaycanın tarixi abidələri” adlı elektron məlumat bazaları və virtual kitab sərgiləri hazırlamış, sosial şəbəkələr və Milli Kitabxananın saytı vasitəsilə istifadəçilərə təqdim etmişlər. Təqdim olunan bu bazalarda mövzuya dair kitab və məqalələrin tam elektron mətni, video görüntülər və digər sənədlər nümayiş olunmuşdur.

Azərbaycan Milli Kitabxanası hər il çoxlu sayda biblioqrafik və metodik vəsaitlər, informasiya göstəriciləri, məlumat nəşrləri hazırlayıb kitabxana ictimaiyyətinə, oxucularına təqdim etməklə onların mütaliəyə marağının artırılmasına kömək edir və öz sahələri üzrə istiqamətlənmələrində, axtarışlarının operativləşdirilməsində əhəmiyyətli rol oynayır. Vəziyyətlə əlaqədar bu gün Milli Kitabxananın metodik nəşrlərinin də virtual rejimdə təqdimatına başlanılıb. Azərbaycan Milli Kitabxanası ölkənin bütün kitabxanaları üçün metodik mərkəz funksiyasını həyata keçirərək  metodik tövsiyyələrini kitabxanaçılara onlayn rejimdə təqdim edir.

Dəyərli oxucularımız, xalqımız üçün bu çətin günlərdə də Milli Kitabxananın əməkdaşları siz oxucuların yanındadır və var qüvvəsi ilə çalışırlar. Xahiş edirik, Sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın. Sizin onlayn  müraciətlərinizi gözləyirik. Yetər ki, bizə yazın!

Ədibə İSMAYILOVA
Milli Kitabxananın Kitabxana-informasiya xidməti üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı

 





19.04.2020    çap et  çap et