525.Az

Adını tarixə şərəflə yazdıran şəxsiyyət - Hacı Nərimanoğlu yazır


 

20 aprel görkəmli ictimai xadim Kamran Hüseynovun xatirə günüdür

Adını tarixə şərəflə yazdıran şəxsiyyət -<b style="color:red"> Hacı Nərimanoğlu yazır</b>

Ömür yolu

Doğulduğu Zəngəzur qəzasının Qubadlı nahiyəsinin Çərəli kəndindən Bakıya 50 qəpik pul, dörd büküm çörəklə çıxıb, Həkəri dəmiryolu stansiyasında baxıb ki, vaqonlardan yük boşaldıb yükləməklə pul qazanmaq olar, ilk fürsəti əldən verməyib,   üç günə 10 manat qazanıb yarısını əynindəki pencəyi ilə birlikdə buradan kənddə atasız, əyin-başı yalın qalmış kiçik qardaşlarına qaytarıb sonra arzu, niyətlərinin ardınca qatara minib. Neft fəhləsi işləyərək həm böyük bir külfəti dolandırıb, həm də Moskvada və Bakıda ali mühəndis təhsili alıb. 20 yaşında Ali Partiya Məktəbinin ən gənc dinləyicisi, müəllim və tələbələrin yekdil rəyi ilə məktəb partiya təşkilatının katibi seçilib. Batalyon komandiri kimi Böyük Vətən Müharibə səngərlərində davanın ağrı-acısını yaşayıb, həm də Azərbaycan naminə M.C.Bağırovun xüsusi tapşırığını uğurla yerinə yetirib. Yazılarında görməsəm də, öz dilindən öyrənmişdim ki, işğaldan azad olunan ölkələrdəki sənaye-istehsal müəssisələrindən işə yarayan nə texnologiya, dəzgah, aqreqat varsa, söküb qatarla respublikamıza göndərirmiş. Bunlar sonra neçə-neçə zavod, fabrikin işə düşməsinə yaşıl işıq olub. O, Sumqayıtın inşasına başlayan ilk tikinti trestini təşkil və rəhbərlik edib, 31 yaşından başlayaraq Sumqayıtın, ardınca Bakının ən böyük neft rayonu Binəqədinin, sonar Mingəçevirin, Neftçalanın birinci katibi işləyib, həm də Ali Sovetin deputatı seçilib. Onun həyatında xeyli “ilk”lər var: Sumqayıt və Mingəçevir tikintisində ÜİK(b)P MK-nın partiya təşkilatçısı-1-ci katibi, Azərbaycan Həmkarlar İttifaqı Təşkilatının ilk sədri, Nəriman Nərimanov və Heydər Əliyevdən sonra azərbaycanlılardan Moskvada ən yüksək vəzifə sahibi – Ümumittifaq Həmkarlar İttifaqının katibi olub, dünyanın 30-dan çox ölkəsində sovet nümayəndə heyətinin rəhbəri, 13 il Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Respublika Ticarət-Sənaye Palatasının sədri, 50 ildən çox Mərkəzi Komitə üzvü, RSFSR və Azərbaycan Ali Sovetlərinin deputatı, Respublika Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü olub. Tarix elmləri doktoru, müxtəlif dillərdə çap olunmuş 16 kitabın müəllifiydi. Prezident təqaüdçüsü idi. Prezident Heydər Əliyev onu «Şöhrət» ordeni ilə təltif etmişdi. Bu ordeni ona şəxsən təqdim edərək haqqında ürəkdən gələn, dəyərli sözlər demişdi, son kitabının rusca da kütləvi nəşrini tövsiyə etmişdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də K.Ə.Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında 6 avqust 2013-cü il tarixli Sərəncamında onun fəaliyyətini yüksək dəyərləndirmişdir.

Kamran Hüseynov Azərbaycanın yetmiş illik kommunist-sovet tarixində yetişmiş partiya, dövlət və ictimai xadimləri arasında təmiz ad-sanla ömür sürmüş, həqiqətən vətənsevər, xalqı üçün çalışan insanlardan biri olub. O, çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdi. Sumqayıt, Mingəçevir, Neftçala, Naftalan kimi yeni yaşayış məntəqələrinin, sənaye-istehsal müəssisələrinin, tibb, mədəniyyət obyektlərinin tikintisində, kurort-sanatoriya mərkəzlərinin salınmasında Kamran Hüseynovun mühüm xidmətləri olmuşdu. 


 
Mərd, cəsarətli, iradəli rəhbər
 
Fəxr edirəm ki, bu nadir zəka sahibi Qubadlı, Mingəçevir, Bakıda dəfələrlə qabaq-qənşər oturub həmsöhbət olub, ibrətli söhbətlərini dinləmişəm. Öz dilindən eşitdiyim, xarakterinə güzgü tutan bir çox əhvalatları sonralar məqalələrimə, kitablarıma da daxil etmişəm. Və belə detallardan bir neçəsini xatırlatmaq, fikrimcə, yerinə düşər.

Binəqədiyə təzə birinci katib təyin olunub. Büro iclasına başlamaq istəyəndə yanındakılar deyirlər bəlkə bir az gözləyək:

-Niyə?

-Bəs “Binəqədinefttrest”in rəisi büro üzvü Nersesyan hələ gəlməyib.

Əlavə edirlər ki, bəs o gəlməmiş indiyə qədər heç vaxt büro iclası başlamayıb. Qalxır, zala keçir, iclası başlayır, gecikdiyinə görə ermənini iclasa da buraxmır, az keçmiş də bütün təzyiqlərə baxmayaraq bu özündənrazı, birbaşa Moskvaya tabe olan arxalı ermənini vəzifədən götürməyə də nail olur.

M.C.Bağırov Stalinin göstərişi ilə Mingəçevir tikintisində yaranmış ağır vəziyyətin müzakirə olunduğu müşavirədə arxa sırada Səməd Vurğunla yanaşı oturmuş K. Hüseynova üz tutub deyir: -ey Sultan bek, (Zəngəzurda erməni nizami ordu hissələrinə qan udduran xalq qəhrəmanı Sultan bəy Sultanovu nəzərdə tutur-H.N) sabahdan Mingəçevirə gedirsən, o şəhəri, SES-i sən tikəsən! Və Kamran Hüseynov Sov.İKP MK-nın Mingəçevir üzrə partiya təşkilaatçısı olur. Moskva şəhərin və SES-in tikintisinə Azərbaycanın büdcəsinə bərabər pul ayırmışdı və şəxsən Stalin özünün nəzarətində idi.

Mingəçevirdə 12 il yaşadım, Kamran kişinin şəxsi tapşırığı ilə onu görüb tanıyanların çoxu ilə həmsöhbət oldum, onların xatirələrini qələmə alıb göndərirdim özünə, o da halal xoşu olsun, salırdı kitablarına. Uca boyu, yaraşıqlı ağbəniz sifəti, rus və azərbaycan dillərində səlis nitqi ilə dinləyənləri heyran edən bu gənci görənlər deyirmişlər ki, çox olsa 10-15 gün burda qala biləcək. Çünki hər tərəfi qamışlıq, bataqlıq, ilk sancmadan adamı malyariyaya yoluxdurub o dünyaya göndərən ağcaqanadların meydan suladığı, alman əsirləri, SSRİ-nin hər tərəfindən gəlmiş məhbusların, bir də küyə düşüb gələn komsomolların yaşadığı yeraltı baraklarda duruş gətirmək hər oğulun işi deyildi, o ki qala Bakıdakı rahat katib kreslosundan ayrılmış biri ola. Ancaq onun gəlişi ilə tikintidə elə bir canlanma yaranır ki, hətta bir neçə gündən sonra özlərini ona göstərmək üçün ətrafında fırfıra kimi başına dolanan xanımların ümidlərini gözündə qoyub vəfalı ömür-gün yoldaşı Zeynəb xanımı da Bakıdakı rahat yaşayışından mərhum edib yanına gətirir, ona baxıb başqa rəbbər işçilər, mühəndis-texniklər də belə edirlər.

Mədəniyyət hamisi, milli düşüncəli vətənsevər

Mingəçevirdəki söhbətlərini xatırlayıram. Mingəçevir Dövlət Dram Teatrının bu binası ki var, o Moskvanın təsdiq elədiyi layihədə bir fəhlə klubu olmalıydı, amma biz onu elə götürdük ki, bu gün də ölkənin ən gözəl binalarındandır. Moskvadan energetika naziri gəlib görəndə gözü kəlləsinə çıxmışdı ki, bu nə saraydı tikdirmisən burda, sən mənə demişdin ki, burda bir müvəqqəti fəhlə klubu tikirik. Danışırdı ki, M.C.Bağırov neçə dəfə Yesentukidə istirahətini yarımçıq qoyub gəlmişdi, deyirdi tik nə qədər bacarırsan, Ermənistanın büdcəsi qədər pul almışdı Moskvadan bura. Toxuculuq kombinatı işə salınanda Moskvanın ssenarisinə uyğun Rusiyadan vaqon-vaqon qızlar daşınır burda işləməyə. K.Hüseynov da əlaltından ətraf rayonlara adamlar salır ki, cavan qızları yığın gətirin burda yataqxanalarda qalıb özü açdırdığı toxuculuq, əyiricilik kombinatında, qısa müddətli kurslarda oxusunlar, işləsinlər, canları kərmədən, pambıqdan qurtarsın, həm də bu şəhər başqa millətlərin umuduna qalmasın. Çox keçmir ki, şəhərə rus qızlarının axını dayanır.

1993-cü ilin dekabr ayı idi. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, unudulmaz dostum Məhəbbət Qarabağlının təşəbbüsü və təbii ki Prezident Adminstrasiyasının razılığı ilə şəhərdə 80 illik yubileyi keçirilirdi. Kür sahili boyu bir vaxtlar barakda yaşadığı, ən abad, ən yaraşıqlı küçəyə Kamran Hüseynovun adı verildi, sonra yaşadığı binaya xatirə lövhəsi vuruldu, özü açılışın elədi, SES və AzərbaycanDRES-i gəzdi, K.Hüseynovun təşəbbüsü və layihəsi ilə tikilmiş Mingəçevir Dövlət Dram Teatrında yaddaqalan rəsmi yubiley tədbiri və musiqili gecəsi keçirildi, Mingəçevirin Fəxri sakini diplomu təqdim olundu. Ardınca da “Kür” restoranında Xalq şairi Zəlimxan Yaqubun aparıcılığı ilə sözlü-nəğməli gözəl məclisi keçirildi. Sonra Kürün sahilində  Məhəbbət müəllimin yaşadığı və Kamran kişinin bir zamanlar tikdirdiyi qonaq evində şəhərin rəhbərləri-Başçı, prokuror, MTN və polisin rəisi çay süfrəsi arxasındakı söhbətini xatırlayıram. Bilirsiniz mən İrandan təzə qayıtmışam, ticarət-sənaye palatasının sərgisindən. Orda mənə bir yüksək vəzifə sahibi olan Təbrizli imkan yaradıb yanaşdı, bu sözləri dedi: - Ermənistanla vəziyyət daha  kəskin, gərgin vəziyyət alsa, ilk hədəflərdən biri Mingəçevir dəryası olacaq, bundan bizim kəşfiyyat xəbər tutub,  biz çox kəskin münasibət bildirmişik, həm də ona görə ki, bizim də zərərimiz böyük olar, ordakı stansiyaların hər metrəsinin  kartası ermənilərin əlindədir, mühafizəni gücləndirin…Mən gələn kimi əlaqədar yoldaşların bir çoxu ilə bu barədə danışmışam, təkliflərimi də vermişəm, ancaq sizin də üstünüzə böyük məsuliyyət düşür, bilirsiniz ki, bu şəhərdə ermənilər çox yaşayıblar, tör-töküntüləri də yəqin qalıb…Çoxu məxfi aparılsa da, 17 milyard kubmetr su tutumu, uzunluğu 70 km, eni 13–18 km, torpaqdan hündürlüyü 80 metr olan Mingəçevirin dənizinin  hərbi hava qüvvələrimizin texniki təminatı ilə bağlı ciddi tədbirlərin görüldüyü də göz qabağında idi.

O, harda olursa olsun, hər yerdə vətən, xalq üçün narahatlığını dilə gətirirdi, sözünü deyirdi.

Vətənpərvərlik ruhu, xalqına, dövlətçiliyə sədaqət onu səciyyələndirən əsas xüsusiyyətlər idi. 92-93-də sıra ilə rayonlar işğal ediləndə yaşının, səhhətinin yol verdiyindən artıq bir narahatçılıq, gərginliklə tez-tez Qubadlı, Zəngilana gəlirdi, camaatı öz gücüylə torpaqların müdafiəsinə çağırırdı, büruzə verməsə də, bərk narahatçılığı, haqlı üzüntüsü görünürdü.

Ömrünün ahıl çağlarında yazdığı «Bir ömrün salnaməsi» kitabındakı ardıcılıq, səlislik, məntiq, mükəmməl üslub, zəngin dil, fakt və detalların yerli yerində işlədilməyi həqiqətən heyrətləndirici idi. Ən başlıcası Azərbaycanın 70 illik keşməkeşli həyatı, mürəkkəb tarixi hadisələri, respublikaya rəhbərlik edənlər haqqında nə qədər zəngin bilgilər var bu kitabda. Müəllifin Heydər Əliyev, İmam Mustafayev, Fidel Kastro, Xo Şi Min, Brejnev, Kosıgin kimi məşhur dövlət xadimləri ilə görüşlərini, S.Vurğun, Ç.Aytmatov, M.Tursunzadə, S.Rəhimov, R.Behbudov, Y.Məmmədəliyev kimi ədəbiyyat, mədəniyyət adamları ilə dostluq münasibətlərini əks etdirən xatirə, yazı və foto şəkilləri, dünyanın bir çox tanınmış dövlət, siyasi xadimlərinin Kamran Hüseynov haqqında şeir, yazı, məktub və teleqramları bu böyük şəxsiyyətin özünəməxsus zəngin mənəviyyat, dərin, yüksək dünyagörüşü sahibi olmasını bir daha sübut edir. Mərhum Heydər Əliyevin tövsiyəsi ilə sonra bu kitab yenidən işlənib “Quruculuğa həsr edilmiş ömür” adı ilə nəşr edildi, rus dilində də yazıldı.

Kamran Hüseynov respublika Nazirlər Sovetinin sədr müavini kimi, hökumətdə təhsil, elm, mədəniyyət sahələrinə rəhbərlik etdiyi 13 ildə ölkə ziyalılarının ən böyük dostlarından olmuşdu. Ona ən böyük dəyəri də təkcə Azərbaycan xalqı, dövləti yox, həm də elə bu işıqlı düşüncəli aydınlar vermişdi. Xalq şairi Bəxtiyar Vahabzadənin Kamran Hüseynov şəxsiyyəti haqqında yazdığı bu fikrinə diqqət yetirmək kifayətdir: "Sən öz ədalətin və həqiqətsevərliyinlə, xeyirxahlığın və alicənablığınla, işlədiyin bölgələrdə qurduğun fabrik və zavodlarla, mədəniyyət sarayları və xəstəxanalarla, məktəb və uşaq bağçaları ilə özünə abidə ucaltmısan. Sənin bu əməllərin dərin hörmətini qazandığın xalqının yaddaşında əbədi yaşayacaq. Çünki sən xalqının böyük oğlu, Vətənin əsil vətəndaşısan".

Dünya şöhrətli həkim, professor Nurəddin Rzayev: “Nə yaxşı ki, dünyada Kamran Hüseynov kimi müdrik, sadə, mehriban, işgüzar, qərəzsiz insanlar vardır. Əqidələri, vicdanları bulaq suyu kimi saf olan belə insanlar el adamı, el ağsaqqalı, görkəmli dövlət xadimi kimi xalqımızın tarixində öz layiqli yerlərini tuturlar. Mən bu böyük qurucu və yaradıcı alimlə fəxr edirəm.”

Bu da Kamran Hüseynovun həyat, ömür, yaşam fəlsəfəsini ifadə edən öz sözüdür: «Mən özümü daim bal arısı hesab etmişəm. Arı bal verir, ilan ağu. Mənim həyat fəlsəfəm budur».
 
 
Birliyimizin qurucusu
 
14 mart 1992-ci il. Bakı Dövlət Universitetinin İclas zalında qələbəlikdir. Sisyan, Gorus, Qafan, Mehri, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Laçın, Qubadlı bölgələrinin 300-ə qədər tanınmış yetirməsi bura toplaşıblar. Torpaqlarımızda qanlı döyüşlərin getdiyi, işğal edilən ərazilərimizin get-gedə genişləndiyi, hər gün qaçqın, köçkünlərin sayının artdığı, respublika rəhbərliyinin bu ağır durumda çarəsizlik göstərdiyi günlərdə kəskin çıxışlarla, müraciətlərlə müşayiət olunan toplantının yekununda konfrans nümayəndələrinin, 20-dən çox ictimai təşkilatın yekdil qərarı ilə “Zəngəzur” Cəmiyətləri Birliyi yaranır və Kamran Hüseynov Birliyə sədr seçilir, Ədliyyə Nazirliyinin Kollegiyası Birliyi Dövlət qeydiyyatına alır. Həmin vaxtdan indiyədək respublikamızda yaranan bu ilk QHT-lərdən biri olan “Zəngəzur” Cəmiyətləri Birliyi fəaliyyətinə  davam edir, nələrsə etməyə səy göstərir.
 
Hacı NƏRİMANOĞLU,    

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

 

 





20.04.2020    çap et  çap et