525.Az

Pandemiya ilə mübarizədə AZTV-nin önəmli rolu - Yazı


 

Pandemiya ilə mübarizədə AZTV-nin önəmli rolu - <b style="color:red">Yazı</b>

Qəfildən bəşəriyyəti bürüyən koronavirus infeksiyasının genişlənərək pandemiyaya çevrilməsi, ildırım sürəti ilə yayılaraq bütün ölkələrə ayaq açması, yer kürəsinin hər yerinə bulaşması insanlar arasında təlaş yaratdı.

Heç bir ölkə anidən zühur edən və kütləviləşən  bu virusa, epidemioloji hadisəyə hazır deyildi. Müasir dövrdə tibb elminin nailiyyətlərindən ürəklə danışılan məqamda, elmi təfəkkürün hasilatı olan rəqəmsal texnologiyanın nələrə qadir olduğu zənn edilən, sivilizasiyanın ali həddə yüksəlişinə öyünən, daha da irəliyə gedərək  kainatının fəthinə, dərkinə çalışan insan övladı birdən-birə kütləvi tüğyan edən yoluxucu xəstəliyin qarşısında aciz qaldı.

Müasir hərbi sənayesi ilə qürur duyan, milyardlarla pul xərcləyib insan ölümünə hesablanmış, bəşəriyyəti belə məhv etmək iqtidarında olan qeyri-adi silahların istehsalında irəliyə gedən inkişaf etmiş ölkələrin çox asanlıqla uf demədən güzcüz məmləkətlər  üzərində hökmranlıq etdiyi, dini ayrı seçkilik  salaraq millətlərin, xalqların  başlarını əzdikləri, milli heysiyyatını ayaqlar altına alaraq yazıqlar halına saldıqları, güclülərin özgə torpaqlarını qarış-qarış böldüyü bir zamanda koronavirus peyda oldu…

Ən dəhşətlisi isə get-gedə insani xüsusiyyətlərin öldüyü, adi həyat tərzində hər birimizin reallıqda şahidi olduğumuz, tez-tez qarşılaşdığımız məzlumun haqqına girib,  öz dəbdəbəli imarətlərini başqasının zəhməti hesabına quranların yoxsul təbəqəyə istehzalı baxışı, tənəli, rişxəndli davranışı, maddi səviyyəsi aşağı olanların  addımbaşı aşağılanması,  imkansıza salam verməyi belə özünə ar bilənlərin çoxaldığı, bir sözlə  pisliklərin yaxşı  əməlləri üstələdiyi   bir vaxtda dünyamıza bəla gəldi. Təbiətə qənim kəsilən, ekologiyanı çirkləndirən insan övladı sanki öz əməlinin qurbanına çevrildi…

Siyasi aləmdə qarışıqlıq yaratmaqda mahir olan dünya “başbilənləri” çarəsiz duruma düşdülər, bəşəriyyəti lərzəyə salan ölümcül infeksiyadan qurtulmaq, canlı aləmə yönələn təhlükəni ram etməkdə aciz olduqlarını bir-bir etiraf etdilər. Koronanı adi xəstəlik hesab edən və vaxtında tədbir görməyən “mənəm” deyən  ölkələrin hansı faciələr yaşadığının şahidi olduq…

Şükür ki, Azərbaycanda fəlakətin qarşısının alınması üçün dövlət tərəfindən lazımı addımlar atıldı. Koronavirusla mübarizə məqsədi ilə vaxtında aparılan məqsədyönlü siyasət, hazırlanmış milli proqramlar,  görülən zəruri tədbirlər, karantin rejimi, sərhədlərin bağlanması gözlənilən təhlükədən digər ölkələrlə müqayisədə az itkilərlə qurtulmağımızdan ümüdlə danışmağa əsas verir.  Xəstəliyə yoluxmamaq, azyaşlıları qorumaq və xüsusilə yaşlı təbəqənin, 65 yaşdan yuxarı insanların yoluxma riskinin yüksək olduğunu düşünərək virusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən karantin dövründə hamıya evdə qalması, sosial mühitdən təcrid olunması məsləhət bilindi. Xəstəliyin ailə üzvlərinə, əzizlərinə, ünsiyyətdə olduğu kəslərə yoluxdurmamaq üçün insanlar maarfləndirildi…

İlin, günün bu vədəsində, təbiətinin insana gəl-gəl dediyi yaz fəslində evdə oturmaq asan olmasa da məcburiyyət qarşısında əlacsız qalıb vəziyyətlə barışmaq, düşdüyümüz durumu dəyərləndirərək sağlam qalmaq naminə əmrə tabe olmaq mütləqdir.

Evdə qalan, sosial mühitdən təcrid olunan sakinlərinin nəzərləri televiziyalara yönəldi.  Karantin dövründə günün çoxusunu ekran önündə keçirən tamaşaçı olanlardan xəbər tutmaq, nəyin baş verdiyini dərindən anlamaq, doğru dürüst informasiya əldə etmək istəyi ilə kanalları izləməyə başladı.

Ölkənin əsas aparıcı kütləvi informasiya vasitəsi olan  Azərbaycan Televiziyası və Radiosunda pandemiya dövrünə uyğun fəaliyyət planı cızıldı və bütün kollektiv üzərinə düşən öhdəliklərin icrası üçün tam səfərbər olundu.

Pandemiya mövzusu, dünyada baş verən bu dəhşətli fəlakətin əhatə dairəsinin genişlənməsi ilə bağlı xronoloji ardıcıllığın hər gün əyani rəqəmləri, qlobal iqtisadiyyatın iflası, təbii bütün bunların fonunda Azərbaycanda yaşananlar,  ölkəyə dəymiş ziyan, xalqın maddi durumuna təsiri, sahibkarlıq subyektlərinin zərər görməsi, (daha qorxulu tərəfi isə xəstəliyin kütləviləşməsi ehtimalı) insanların faciənin  qurbanına çevrilməməsi, böyük itkilərin qarşısını almaqdan ötrü vətəndaşların maarifləndirilməsi, evdə qalması üçün infeksiyanın qorxulu olduğunu (ciddi əsaslar gətirməklə) inandırmaq cəhdləri, məsələnin mahiyyətinin camaata sadə dillə izahı, reallığı göstərmək və kökündən anlatmaq kimi bu və ya digər vacib məqamlar Ana Televiziyanın əsas qayəsi oldu. Bu dövrdə xalqı düşündürən və narahat edən məsələlərə qısa zamanda aydınlıq gətirilməsi və ən əsası dövlət siyasətinin geniş şəkildə təbliği xüsusi önəm kəsb edir. Xaricdən çəkilmiş görüntüləri təqdim etməklə dünyada koronavirusun törətdiyi facilərinin şahidi olan tamaşaçıdan eyni duruma düşməməyimiz üçün məsuliyətli olmağı tələb edilir.

Ana Televiziyanın bu bir neçə ay ərzindəki gərgin fəaliyyəti, koronavursla mübarizədə əzmkarlıq nümayişi, mövzuya fərqli ampuladan, müxtəlif rakurslardan  əhatəli baxışı, çoxsaylı ekspertlərlə aparılan fikir mübadiləsi, jurnalist fəallığı, ekran siyasəti bugünkü məqamda diqqətlə öyrənməli, televiziya tarixində xüsusi dövr kimi işqlandırılmalı və təhlil olunmaldır.

Milli Televiziya dövlətin bu sahədə həyata keçirdiyi, koronavirusla mübarizə məqsədi ilə aparılan siyasətin əsas təbliğatçısı rolunda çıxış edir. Azərbaycan Televiziyasının “Həftə” analitik informasiya, “Hədəf”, “Günün nəbzi”, “Çıxışa doğru”  və s. proqramlarında pandemiya hazırda gündəmin əsas mövzusudur. Ölkə prezidentinin bu sahədəki fəaliyyəti, sərəncamları, Nazirlər Kabineti yanında Operativ Qərargahın  bütün məlumatları, mətbuat konfransları tam formada işıqlandırılır və ictimai siyasi proqramlarda əhatəli şərh edilir. Aktual mövzular, pandemiyadan zərər çəkmiş sahələrə dövlət dəstiyi ilə bağlı hazırlanan proqramlar, sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları, bank kreditləri üzrə kredit zəmanəti, mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi, əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi, əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə dəstək və s. günümüzün bu həyati vacib məsələləri ilə bağlı bütün məqamlar televiziyada geniş izahını tapır. Azərbaycan prezidenti öz çıxışlarında dəfələrlə vurğulayır. “Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Biz, ilk növbədə, buna nail olmalıyıq. Bir daha demək istəyirəm ki, burada əsas amil vətəndaşların məsuliyyətidir...”

Məhz öz funksiyasını ləqayətlə yerinə yetirən kanalın peşəkar heyətinin əzmlə çalışması, üzərinə düşən məsuliyyəti daha dərindən dərk edərək fədakarlıq nümayiş etdirməsi və eyni zamanda tamaçaşılardan da diqqətli olmaq xahişi, özlərinin, yaxınlarının, bir sözlə milətin xəstəliyə kütləvi yoluxmaması üçün onlara ümdə nüansların təlqin edilməsi, nələrinsə aşılanması bu günkü telejurnalistikanın əsas amalıdır.

Telejurnalistikanın özəlliyi, ən vacib məqamlarından biri də hadisə yerindən yayımların təşkili və faktın dəqiqliyinin nümayişidir.  Ölkədə tamaşaçı və dinləyici auditoriyasında  söz sahibi olmaq üçün peşəkarlıq əsas meyardır. Azərbaycan Televiziya və Radiosunun xəbər heyətləri ən son məlumatların əldə edilməsinə və yayımına səylə çalışır. Televiziyanın xəbər redaksiyasının çəkliş dəstəsinin ağır koronavirus xəstələrinin müalicə aldıqları xəstəxanalardan dəfələrlə reportajlar hazırlaması, jurnalistin orada gördüyü dəhşətli mənzərənin bütün təfərrüatlarını ustalıqla nümayiş etdirməsi ictimaiyətin geniş marağına səbəb oldu. Aztv müxbirinin həmin süjetləri sosial şəbəkələrdə paylaşım sayına görə rekord göstəricələrlə izlənildi. Yeri gəlmişkən bu mövzuda televiziyada gedən süjetlər, söhbətlər, verilişlərdən əldə edilən yeni informasiyalar bütün sosial şəbəkələrdə, internet mediasinda xəbər manşetlərinə çıxarılır. Azərbaycan Televiziyası bir nomrəli kütləvi informasiya vasitəsi kimi pandemiya dövründə ölkənin bütün media aləmini təmin edir. Əlaqədar qurumlarla sıx bağlılıq yaradaraq xalqın informasiya ilə təminatında informasiya və kommunikasiya vasitəsi kimi öz işini səmərəli təşkil edir. 

Bu mənada Rüfət Həmzəyevin təqdimatında hazırlanan “Koronavirus info” verilişində dünyadakı ən son məlumatlar, xəstəliyə yoluxan və dünyasını dəyişənlərlə bağlı səsləndirilən statistik rəqəmlər, göstərilən süjetlər, kanalın xaricdə fəaliyyət göstərən müxbirləri ilə bağlantılar tamaşaçını dəqiq və dolğun informasiya ilə təmin edir.

Karantin rejimi ilə bağlı ölkədə bağlanan məktəblərin bütün sinif şagirdləri üçün Mədəniyyət kanalında Dərs saatları təşkil edilir. Teledərslərin keçirilməsi televiziya tarixində bu dövr üçün bir yenilikdir və bu unikal imkandan geniş auditoriya yararlana bilər.

Televiziya xalqı informasiya ilə təmin edir və maarifləndirir. Lakin unutmayaq ki, televiziya həm də əyləndirmək funksiyasına malikdir. Hər gün ağır xəbərləri eşitmək, dinləmək, ölüm xəbərlərinin statistik artımını müşahidə etmək  tamaşaçıya  dərin psixoloji sarsıntı yaşada bilər. Ona görə də televiziyanın proqram siyasətində bu məsələlər incəliyi ilə nəzərə alınır. Azərbaycan Televiziyasının insanları nikbinliyə səsləyən verilişləri, iki saatlıq “Evdə qal” layihəsi və burada qonaq olan ziyalların maraqlı söhbətləri, tamaşaçılarla, sənət adamlaır ilə virtual ünsiyətin yaradılması və s. məqamlar xoş ovqat bəxş etmək məqsədini daşıyır. Faciədən xilas olmaq üçün insanlara evdə qalmaq, sosial mühitdən təcrid olunmaq, həmrəylik və dözümlülük nümayişi və  səbrlə davranmaq tövsiyə edilir.

Ən unikal layihələrindən biri hesab edilən “Eyvana çıx” layihəsi də maraqla və həvəslə baxılan canlı teleyayımlardan biridir. Şəhərin müxtəlif yerlərində yaşayan sənətçilər, müğənnilər öz eyvanlarından mahnı ifa edir və qonşu binaların sakinləri bir neçə saat ərzində bu mənzərəni ailəlikcə seyr edir və bütün tanışları- bilişləri bundan xəbərdar edərək diqqəti televiziyaya yönəldirlər. Maraqlıdır ki, hər musiqinin öz auditoriyası var. Aztv-nin son illərdəki yeniliyi odur ki, insanların maraq dairəsi nəzərə alınaraq auditoriyaya məzmun və mövzu cəhətdən fərqli çalarlı, “çeşidli məhsullar” təqdim edilir. Bu baxımdan “Eyvana çıx” verilişində də musiqilər hər yaş  qrupunun zövqünə uyğun tərtib edilir və müxtəlif yanrlarda təqdim olunur…

Azərbaycan Radiosunun kollektivi isə hər saatın tamamında təqdim etdiyi “xəbər” buraxılışları ilə yanaşı, həmişə olduğu kimi yenə də zövlü musiqi proqramları ilə xidmətinizdədir. 24 saat fasiləsiz yayımlanan efirdə bir-birindən maraqlı verilişlər, aktual söhbətlər, könül oxşayan, sümük oynadan musiqi nömrələri səslənir. Milli musiqini sevənlər üçün yenə də bir ilham mənbəyidir.  

Sözsüz ki, hamı evdə oturmaqdan, ilin bu gözəl yaz havasında dörd divar arasıda sıxılıb qalmaqdan bezib, usanıb. Böyük səbirsizliklə karantin rejiminin tələblərindən qurtulmaq, havaya çıxmaq, sərbəst dolaşmaq, yarımçıq qalmış işlərini davam etdirmək niyyətindədir. Təbii ki, əgər bizi təhlükəsiz həyat, sağlam bayır  gözləyirsə…Hələlik isə evdə qalıb, bir az da düşünməli, gələcəyimiz üçün fikirləşməliyik. Həmişə vaxt sarıdan gileylənən dostlar, doğmalarınıza bir qədər də yaxın olun, sevdiklərinizin qədrini bilin, indiki boş anlarınızı onlara sərf edin. Övladlarınızın arzu və istəkləri ilə maraqlanın, onlara varlığınızı hiss etdirin, dəyərinizi anlatmağa çalışın, həm də mənəvi dayaq olun. Bir az da səbr edin, sağlam qalın, sağlıqla  qalın, özünüzü qoruyun. Zənnimcə bu faciə bəşəriyətə böyük insanlıq dərsi verəcək.

 





21.04.2020    çap et  çap et