525.Az

Respublika Uşaq Kitabxanası "Tofiq Mahmud. Biblioqrafiya" kitabını təqdim edib


 

Respublika Uşaq Kitabxanası "Tofiq Mahmud. Biblioqrafiya" kitabını təqdim edib<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən "Uşaq ədəbiyyatı xəzinəsindən" seriyası çərçivəsində görkəmli uşaq yazıçısı, tərcüməçi, zəngin irs qoyub getmiş Tofiq Mahmudun yaradıcılığını tam və küll halında işıqlandırmaq məqsədlə "Tofiq Mahmud. Biblioqrafiya" kitabı və "Tofiq Mahmud" Elektron Məlumat Bazası tərtib olunub.

T.Mahmudun yaradıcılığına həsr olunan 271 səhifəlik "Tofiq Mahmud. Biblioqrafiya" kitabı görkəmli şairin həyat və yaradıcılığını əks etdirən ilk fundamental biblioqrafiya vəsaitidir. Göstəricidə yazıçının həyat və yaradıcılığının əsas tarixləri, "Tofiq Mahmudun müdrik deyimləri", "Tofiq Mahmud görkəmli şəxsiyyətlər haqqında", "Görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri Tofiq Mahmud haqqında" adlı bölmələrdə verilmiş materialların müxtəlif oxucu qruplarının və tədqiqatçıların marağına səbəb olacağı da şübhəsizdir. Ədibin ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən bu fundamental biblioqrafik göstərici 1948-2018-ci illərdə dərc olunan 1166 adda materialı əhatə edir.

Vəsaitdə materiallar Azərbaycan və rus dillərində təqdim olunub. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə kitabın sonunda T.Mahmudun əsərlərinin və onun haqqında yazan müəlliflərin əlifba göstəricisi verilib. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın tərtibçiləri Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova, ixtisas redaktoru və buraxılışa məsul Şəhla Qəmbərova, "Ön söz"ün müəllifi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Füzuli Əsgərlidir.

"Tofiq Mahmud" Elektron Məlumat Bazasında isə "Tofiq Mahmud bədii yaradıcılığının sirləri", "Həyat və fəaliyyətinin əsas tarixləri", "Görkəmli şəxsiyyətlər şair haqqında", "Müdrik deyimləri", "Əsərləri", "Haqqında", "Sözlərinə yazılmış mahnılar", "Tofiq Mahmuda həsr olunmuş şeirlər", "Mükafatları", "Fotoqalereya", "Videoqalereya" bölmələri yer alıb. Bazaya şairin həyat və yaradıcılığını (1959-2018) əhatə edən kitablarının, tərcümələrinin, dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələrinin və həmçinin, onun haqqında yazılan kitabların, məqalələrin biblioqrafik təsvirləri ilə yanaşı, onların tam mətnləri də daxil edilib.

Fotoqalereya bölməsində ədibin həm şəxsi, həm də ictimai həyatını əks etdirən fotolarla yanaşı, əsərlərinin fotosərgisi, videoqalereya bölməsində isə haqqında çəkilmiş filmlər və şairin öz səsi ilə olan lent yazıları verilib.

 





22.04.2020    çap et  çap et