525.Az

Tanıyaq və tanıdaq: Ramin Bəxşi


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Ramin Bəxşi </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru

Ramin BƏXŞİ

1977-ci ildə Qaradağ mahalında dünyaya göz açıb. Onun atası da şair olub. Raminin əsərləri müxtəlif şeir festivallarında alqışlanıb, yüksək mükafatlara layiq görülüb.

Şair uzun zamandan bəri Təbrizdə yaşayır. Qəzəl formasında mahnı mətnləri yazmağa çox böyük maraq göstərir.

Onun şeirlərinə yazılmış mahnılardan birini də Bakıda xanəndə Günel Məhərrəmova səsləndirib.

Dağlar

Başımı al dizin üstə
Bu saçları dara, dağlar!
Bu saçların qara rəngi
Çönübdür ağ qara, dağlar!

Su keçməzdi aramızdan
Fələk saldı ara, dağlar!

Axıb düşdüm qara gözdən
Günüm oldu qara, dağlar!

Daraldıbdır hisarın qəm,
Qəmi tut çək dara, dağlar!

Nə pis vurmuş xəzan bağı
Ki dolmur bağ bara, dağlar!

Ürəklərdən çəkilmir çən
Gedək biz bəs hara, dağlar?!

Durubdur sel, Sara səslər,
Deyin gəlsin Sara, dağlar!

Fələk gördü yaram vardı
Duzun səpdi vara, dağlar!
Təbibim ah çəkib yazdı,
Sağalmaz bu yara, dağlar!

***

Səndən sonra, qəm kölgə salıbdır bucağımda,
Nisgil gül açıbdır, qara geymiş budağımda.
Sənlə tükənib getdi qotaz bağladığım tel,
Həsrət daranır təkcə bu günlər darağımda.
Yer yoxdu sevincin uşağı oynaya burda,
Qəm xeymə vurub qalmağa,
çoxdan qucağımda.
Qıpqırmızı gültək yanağım sapsarı solmuş,
Gəl, ayrılığın naməsini gör yanağımda.
Sənsiz nə alovlar, nə sönər ömrün ocağı,
Gözlər tutular tüstü becərdən ocağımda.
Heç gör soruşur taleyimin ağzı, bu göydən,
Çaldın niyə lay-lay gecə-gündüz qulağımda?!
Ağ günlərimin əlləri, sənsiz yasa batdı,
Kölgəm də dolanmır daha, sənsiz otağımda
Ramin yaşayan ünvanı hamnız unudubsuz,
Bir tək, ölümün izləri qalmış sorağımda.

***

Yum o gözəl gözlərini,
Məni görmə, onu gör.
Aç o mən hördüyümü,
O deyəntək onu hör.

Ürəyin dəftərin aç,
Varağından məni sil.
O mənim boş yerimə,
Onu tək yaz, onu bil.

Qoyma boş qalsın ürək,
Güldanın boşları heç.
Ürəyindən məni aç,
Onu axtar onu seç.

Sil gözün yaşlarını,
Silinər sürmələrin.
Heç bir şey istəmirəm,
Mənə bəs namələrin.

Neçə gün çıxma çölə,
Çoxalıb, şayiələr.
Qulaq asma "bir nəfər
özün asmış desələr". 

 





23.04.2020    çap et  çap et