525.Az

Ramazan ayının fəzilətləri - Mina Rəşid yazır


 

VƏ YARADANIN ADI İLƏ OXUMAQ...

Ramazan ayının fəzilətləri - <b style="color:red">Mina Rəşid yazır </b>

Yer üzündəki gözəllikləri, kainatdakı möcüzəvi varlıqları - günəşi, ayı, göyqurşağını, dağları, düzləri daima tərənnüm edir, adına min nəğmə qoşuruq.

Amma bütün bu gözəllikləri, hətta görmədiyimiz dünyaları yaradan Uca Allaha bütün bunlara və saysız nəfis nemətlərə görə şükür edirikmi?!

Hamı onu əzizlər
Söhbətində-sözündə...
Bəs günəş necə durub
Görən göyün üzündə?

Yerə düşə bilərmi?
Düşsə yandırar bizi.
Onu göydə saxlayan
Düşündürmür bəs sizi?..

Odur ki, mən bu müqəddəs Ramazan ayında bizi haqqa səsləyən, mərhəmətli və rəhimli Allaha sonsuz şükranlarımı ifadə etmək istədim...

Uşaqlarla bağlı sonradan yazmağa başlamışam və qısa müddətdə bir sıra uğurlarım oldu. Eşidəndə ki, "Ana dili" adlı şeirim1-ci sinifin yeni "Azərbaycan dili" dərsliyinə daxil edilib, sevincimdən ağladım. Düşünürəm ki, uşaqlarla bağlı yazdığım yazılar mənə adil Allahımın ən gözəl hədiyyəsidi. Yəqin bu fikirdəndi ki, Yaradana üz tutub yazdığım bu yazını da, elə uşaq yazarı kimi yazmağa başladım...

Gör bir neçə rəngdəyəm?
Göyün yaraşığıyam.
Sevir məni uşaqlar
Mən bir göyqurşağıyam...

De, hansı rəssam çəkər?
Heyrətlə baxır hamı.
Allahın əsəriyəm
Məndən gözəl de, hanı?
("Göyqurşağı")

Yer, göy, bütün kainat, sən, mən, o - hamımız sonsuz lütfünə sığındığımız Allahın əsəri deyilikmi? Virus təlaşı ilə evlərimizə çəkildikdə yalnız Ona üz tutmadıqmı? Rahatlığımızı, ruzimizi Ondan diləmədikmi? Qəlbimizdə bir-birimizə məhəbbət, bu qədər mərhəmət hissini O artırmadımı? Bir-birimizə yardım etməyə, sevindirməyə nə karantin mane ola bildi, nə də taxtlı-taclı virus...Virus demişkən, hərə bir don geydirər ona. Amma bütün dünyada, yerdə, göydə nə varsa, Allahın iradəsindən kənarda heç nəyin baş vermədiyini bilmirikmi?! Uca Allah Kitabında (Əş-Şərh surəsi, 6) buyurur axı: "Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir"

Bütün möcüzələri yaradan Uca Allah öz lütfünün nişanəsi kimi Qurani-Kərimi dünyamıza Ramazan ayında nazil etməyə başladı. Onunla sonuncu peyğəmbər Məhəmməd (s.a.v.) vasitəsilə bəşər övladını doğru yola çağırdı. Ramazan ayının müqəddəsliyi də bundadır. Ramazan ərəbcə daş mənasını verir və yanmaq deməkdir. Oruc da,  günahları yandırıb yox etdiyi üçün bu aya Ramazan deyilir. Uca Allah belə buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz" (Əl-Bəqərə surəsi, 183). Bu ayda bir gün var ki, ona "Qədr gecəsi" deyilir. Qurani Kərimin nazil olmağa başladığı o gün Ramazanın 27-ci gecəsi kimi bilinir. Uca Allah buyurur ki: "Qədr gecəsi min aydan xeyirlidir" ("Qədr gecəsi" surəsi, 3). Buna görə də Allahın Rəsulu söyləmiş ki, kim inanaraq və savabını Allahdan umaraq Qədr gecəsini dəyərləndirərsə, onun keçmiş günahları bağışlanar...

Ramazan ayında cənnət qapıları açılar və cəhənnəm qapıları bağlanar. Şeytanlar zəncirə vurular. Odur ki, oruclu insanın səbri  zikr, yuxusu ibadət, duası qəbul və əməllərinin savabı ağıl almayacaq qədər böyükdür. Bu ayda oruc tutub savab işlər görənin ilboyu işləri xeyirli, ruzisi bərəkətli olar. Orucun mənəvi qazancı ilə yanaşı, onun vücudumuzun sağlamlığına olan xeyirlərini də saymaqla bitməz... Oruc orqanizmi toksinlərdən, yəni zərərli maddələrdən təmizləyir, orqanlar sanki dincəlir, qan şəkəri aşağı düşür, piylənmənin qarşısını alır. Xərçəngin inkişafını zəiflədir, beyin üçün xeyirlidir, əhval-ruhiyyəyə müsbət təsir edir, orqanizmi gəncləşdirir...

Peyğəmbərimizin buyurduğu kimi: "Uca Allah ananın övladına olan mərhəmətindən öz bəndəsinə daha mərhəmətlidir!"

Əlbəttə ki, sağlamlıq da, bir nemət, Allahın əmanətidi və sən o əmanətin qədrini bilməlisən. Necə ki, kimsə xəstə insanı oruc tutmağa məcbur edə bilməz... Bunu heç Allah da istəməz...Bir də, oruc tutmaq təkcə müəyyən vaxtda yeyib-içməməklə deyil, həm də bütünlüklə nəfsimizin şərindən Allaha sığınmaqdı...

Bu ayda Qurani-Kərimi oxumaq və onu  anlamaq üçün daha bir imkanımız var.Yeri gəlmişkən, buna çox şahid oluruq ki, bir çox insanlar evlərində Qurani-Kərimi illərlə bahalı əşya və ya toxunulmaz bir kitab kimi saxlayır. Amma onu ömründə açıb bircə səhifəsini də oxumur. Qızı gəlin köçəndə onu Qurani-Kərimin altından keçirir, ona and içir və sair. Halbuki valideynin övladına ən böyük mirası verdiyi gözəl tərbiyə və təlimlə bağlıdır ki, Qurani-Kərim də ona bilmədiklərini öyrədir.

Müsəlman odur ki, dilindən, əməlindən kimsə əziyyət çəkməsin. Hərdən təəccüb edirsən ki, axı vəzifəsindən, işindən sui-istifadə edib insanlara haqsızlıq etməyə dəyərmi bu qısa ömürdə?! Başqalarına təkəbbürlə baxanlar haradan bilsinlər ki, Cənnət qapıları həmin o saymadıqları adamların qəlbindən onların üzünə açılar... Bəziləri elə hesab edir ki, ayağını yerə bərk vurmaqla dünyaya, adamlara meydan oxuyur...
Bu robotlaşmış, insanlıqdan çıxıb daşlaşmış adamlara insanın yazığı gəlir... Bilmirlər ki, onları bu rütbəyə çatdıran Allah bəlkə qapılarını döyən bir imkansızla, fəqirlə onları sınağa çəkir... Belələri qadın olanda isə lap dəhşətə gəlirsən. Onlara qadın, ana kimi baxa bilmirsən... Doğrudan da, insan elə bir əməl sahibi olar ki, Allah qatında mələklərdən yuxarı, elə bir rəzillik edər ki, şeytandan aşağı düşər...

Ramazan ayı bir fürsət verilər sənə... Sabah başına nələrin gələcəyini yalnız Allah bilir. Elə isə Ramazanı düşün, qəlbini Yaradana aç, onda özünü könül aynasında görüncə yenicə dünyaya gəlmiş kimi, uşaq kimi sevinəcəksən. Onda bu dünyanın əzabları, virus təlaşı, adamların zülmü sənə o qədər də yük olmayacaq. Unutma! Qəlb ancaq onu Yaradanla aram olar...

Qurani-Kərimdə (Ta-Ha surəsi, 131) buyurulduğu kimi:  "Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır".

 





26.04.2020    çap et  çap et