525.Az

Pandemiya "sayıqlamaları", yaxud tezliklə günəş doğacaq! - Şahanə Müşfiqin yazısı


 

Pandemiya "sayıqlamaları", yaxud tezliklə günəş doğacaq! - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Martın 18-dən evdəyəm. Həftədə 1-2 dəfə mağazaya getməyi nəzərə almasaq, karantin rejiminə, bir aydan çoxdur ki, tam mənada əməl edirəm.

Etiraf edim ki, bütün günü qaçaqaçda, tədbirlərdə, müsahibələrdə keçən, günün ən az üç saatını yolda keçirən və özünə, özəl işlərinə, istirahətinə çox da vaxt ayırmağı bacarmayan biri kimi bu karantin mənimçün göydəndüşmə (əslində isə Çindən gəlmə) oldu, - deyə bilərəm. Kitablar oxuyur, filmlər izləyirəm, mətbəxlə dostlaşmışam, ailəmlə daha çox vaxt keçirirəm... Eyni zamanda qəzetimiz də çıxmağa davam edir. Bəlkə də ömrümdə ilk dəfədir ki, bu qədər telefonla danışır, bir gündə bu qədər insanla əlaqə saxlayıram. Kimisiylə söhbətlərimiz qəzetə yazılsa da, bəziləri mən və müsahibim arasında qalır. Təxmin etdiyimiz kimi, söhbətlərin böyük hissəsi mövcud pandemiya və karantinlə bağlıdır.

Qəribədir ki, "koronavirus", "pandemiya" sözlərindən, gündəlik yoluxma və ölüm statistikasından qaçmaq üçün təsadüfdən oxuduğum kitablarda, baxdığım filmlərdə belə içində olduğumuz dövrü xatırladan ştrixlərə, ya da birbaşa söhbətlərə rast gəlirəm. Məsələn, "qadağan olunmuş məhəbbət haqda yazılmış ən gözəl roman" adlandırılan "Tikanlıqda şərqi deyənlər" (Kolin Makkalou) əsərinin bir yerində keşiş Ralf de Brikassarın dilindən verilən cümlələr bu qaçışın mənasızlığını bir daha üzümə vurdu:"Bu ki əsl bakterioloji müharibədir! Görəsən, bütün dünya qırx yeddinci ildən əlli ikinci ilə qədər Avstraliyada məskən salmış milyardlarla canlını məhv edən virus müharibəsindən agahdır? Artıq atom və hidrogen bombalarını rahat dəfn etmək olar. Dovşanların məhv edilməsinin qaçılmaz olduğunu bilirəm, lakin bu nailiyyətin elmə şöhrət qazandıracağına şübhə edirəm...

... Bir sözlə, bu elə miksomatoz deməkdir. Yəni laboratoriyada bu və ya hansısa növ canlının məhvi üçün nəzərdə tutulmuş mikrob işləyib hazırlayırlar".

Qorxuncdur, yox?!

Günlər keçdikcə hiss elədim ki, beynimdə mövzular, fikirlər olsa da, yaza bilmirəm. Oxuduğum kitablar, baxdığım filmlər, əlavə bir çox mövzular "məni yaz" dediyi halda, mən hamısına qulaqlarımı tıxamış vəziyyətdəyəm. Əvvəllər də olub bu cür hallar, amma bu qədər ildən sonra ilk dəfədir ki, bunun səbəbkarı  özümün şəxsi yaşantılarım, düşüncələrim, ruh halım yox, ətrafdır, dünyadır, bəşəriyyətdir. Günlərdir yazmaq və yaza bilməmək arasındakı o incə cizgidə var-gəlin beynimin və ruhumun yorğun düşməsinə səbəb olduğunu görəndən sonra əlimi komputerdən, fikirlərimi də mövzularımdan yığışdırıb bir müddətlik qoynumda gizlətməyə qərar verdim. Bir neçə gün də belə keçdi. Amma yazmaq ehtirası nə güclü zəhərmiş. İnsanın bütün varlığını əlindən almadan rahat olan deyil.

Elə bu fikirlərlə əlbəyaxa ikən saytların birində Nərmin Şahmarzadənin "Yaza bilməməyin dözülməz yüngüllüyü" adlı esseyə rast gəldim. Yenicə çap olunan yazının sərlövhəsi elə "mən deyən" idi. Ona görə də tez oxumağa başladım. Yaxşı tanıdığım, hətta bir müddət öncə müsahibə etdiyim müəllif də bu günlərdə yaza bilməməkdən gileylənirdi və ona görə də elə bundan- yaza bilməməyindən yazıb. Bunu isə belə açıqlayır: "Bir türk yazıçının kitabından oxumuşdum: yazacaq heç nə ağlınıza gəlmirsə, özünüzü yazın. Düşünürəm ki, onsuz da insan nə yazmasından asılı olmayaraq özündən yazır. Daha açıq ifadə etməliyəmsə, istər roman yazsın, istər şeir, istər araşdırma, istərsə də köşə, fərq etmir, insan öz dəyərlərini, hisslərini, emosiyalarını, təcrübələrini qatır yazıya. Yəni özü haqqında yazmaq istəməsə də, yenə özündən yazır".

Yazmaq ruhun ehtiyacı kimi, həm də bir vərdişdir. Xüsusən jurnalistika ilə məşğul olan yazarlar üçün. Ətrafında və daxilində baş verənləri yazıya köçürtmək, fikirlərini özündən başqa neçə-neçə insanla paylaşmaq gözəl olduğu qədər, çətin və məsuliyyətlidir. Sənin kiçik bir yazıya sərf etdiyin saatları, günləri, səhifə-səhifə araşdırmaları oxucu görmür, amma yazarkən hiss etdiklərinin müəyyən qismini hiss edə bilir. Vacib olan da bu deyilmi zatən?!

Bəs görəsən, oxucu sənin susqunluğunu da hiss edə bilirmi? Bəşəriyyəti cənginə almış lənət virusdan hərə bir cür danışarkən, baş verənləri hərə bir tərəfə yozarkən, orta məktəb şagirdləri belə insanların başına virusoloq, politoloq, siyasi-ekspert kəsilərkən sənin səssizliyinin arxasında gizlənmiş ağrını duya bilirmi? Əmin deyiləm...

Günlər qabaq çox sevdiyim insan, Xalq şairimiz Nəriman Həsənzadədən "bu günlərdə nəsə yazırsınızmı?" deyə soruşdum. Ah çəkdi Nəriman müəllim: "Bu vəziyyətdə yaza bilmirəm, qızım" - dedi. Sonra isə əlavə elədi: "Dünya bu haldaykən, insanlar evdə oturmağa məcbur qalarkən, bəşəriyyət psixoloji sarsıntı keçirərkən yazmaq olmur".

Anlamışdım onu. Səsindən duymuşdum bu bir neçə cümlənin arxasında deyilməyən nə qədər böyük ağrılar olduğunu. Günlər sonra eyni sualı şair Qulu Ağsəsə verdim. O da oxşar cavab verdi: "Yazıçı üçün bu günlər yazmağa fürsətdirmi, deyə bilmərəm. Çünki yazmaq üçün ruhi müvazinət deyilən bir şey var, o, yerində olmalıdır. Orda birazca əyilmə olanda yaza bilmirsən. Hər gün eşitdiyimiz xəbərlər, dünyanın harasında olursa olsun insan itkiləri, ölümlər bizim o müvazinəti əyir".

Demək, müvazinəti əyilən tək mən deyilmişəm. Təcrübəli yazarlar da oxşar ağrını çəkirlər.

Uzun sözün qısası, evdə qalmaq heç də pis şey deyilmiş. Amma evdə oturmağın adı "karantin" olmasa. Çöldə səni "gözləyən" virus olmasa, hər feysbuku, saytları, televizoru açanda o lənət sözü eşitməsən. Bilsən ki, evə sadəcə yaradıcılıq üçün qapanmısan və istədiyin vaxt çıxa bilərsən.

Amma bu da keçər, inanaq ki, təcrid həyatımızın axırına az qalıb. Bütün karantinlər, bütün pandemiyalar, bütün viruslar insan əzminin, iradəsinin və təbəssümünün qarşısında bir heçdir. Üfüq qızarıb, günəşin doğması yaxındır!

 





27.04.2020    çap et  çap et