525.Az

"Qar dənəciyi teoremi..." - Allahşükür Ağanın şeirləri


 

"Qar dənəciyi teoremi..." - <b style="color:red">Allahşükür Ağanın şeirləri </b>

Oyuncağım üçün

Əllərim üzüləndə göydən,
Bir çiçək ləçəyindəki şehdən yapışıb,
Bir çiçək üzündən əsən mehə ayılıram.

Uşaq baxçasında əsən uşaq səsinə,
Ya da onun addımlarının yerlə oxunuşuna,
Əllərinin sevdiyi əşyalara toxunuşuna
Mən də böyüyürəm.

Gülməyin mənə,
Mən hələ böyüməmişəm.
Böyüməmişəm
Əsgərlərin əl - ələ tutub
Nəğmə oxumağına.
Böyüməmişəm, tankların
Sobalarda əridilib
Uşaq oyuncaqlarına çevrilməyinə.

Mən hələ də uşaq qalmışam,
Tankın tırtılında gedən
Oyuncağım üçün...

Yaz 

Qoz qəhqəhəsi, fındıq gülüşü,
Aləmi götürüb başına.
Çiçək sevdası sızır,
Qaralmış daşın başına.

Havanın ucundan  tutub
İlan sürünür bulud kimi.
Qarışqa gözüylə yeyir
Uzaq mənzilləri,
Məsafələri.

Ay düşür aşağı
Yerdən uşaq götürməyə.
Uşaqlar gözüylə ayı saxlayıb
Qoymurlar yerə düşməyə.

Göyə güllə atırlar,
Kimi qovurlar görən?
Kimdi kədəri yuyub,
Sevinci çəpərə sərən?

Təndir çörəyi 

Təndir çörəyinin qoxusu
Bürüyüb kəndi.
Taxıl zəmisi yada düşür,
Sonra dəyirman,
Dəyirmançı,
Sonra un qoxusu,
Körpə yuxusu,
Körpə dişləri,
Xırt- xırt.

Yox, yağış - saman qoxusu deyil,
Təndir qoxusudur bu.
Buğdanın
Ən gözəl sevdasıdır bu.
Qoxu daşıyır evlərə buğda dənəsini,
Kaş yeyə biləydim
O çörəyin bir dənəsini.
Əllərim yana – yana,
Qara bir qızdırmadan
Oyana – oyana,
Xatirədən
Qalxa- qalxa...

Dan üzü

Dan üzü elə qızarıb,
Qan damır yanağından.
Elə bil günəş dişləyib üfüqü
Bir günlük darıxdığından.

Dan üzünə yazmaq istədiyim misramı
Hamı oxuya bilsəydi, bilsəydi əgər-
O misranın
Vergülü durna səsindən qoyulardı.
Nidası upuzun bir buluddan -
Xoşbəxt olardı insanlar.

Uşaqlıqdan boylanıram dan üzünə,
Elə bilirəm yuxularımda
Yazdıqlarımı görə biləcəyəm
Üfüqdə.

Bəlkə yazdıqlarımı
Vaxt silib atır üfüqün ayağı altına,
Qurban olum Allahım,
Sal mənim sevdamı
Dan üzünün yadına.

Araşdırmaçı

Mən səni sevməyə başlayanda,
Öyrənmək oldu ilk addımımın səbəbi,
Məsələn, sənin saçlarının suya bənzəməyi nədəndi?
Başqa qızlarda belə deyil əsla.
Onların saçları sel kimi çiyinlərindən aşağı tökülürsə,
Sənin ki bulud kimi millənir göyə.
Sənin sağ əlinlə Beşbarmaq dağının
Qohumluğunu öyrənmək həvəsim,
Düz məni yubatdı min il.
Əncir yarpağını sənin əllərinin üstünə sərsəm,
Barmaqlarına yuxu dolar.
Ayaqlarının ayaqqabı xatirəsi min ildi
Mənə layla çalmaqda və mən də
Bu laylanın torundan çıxmaq üçün
Var gücümlə çabalamaqda...
Mən o vaxt ayıldım ki,
Sən yaşlı bir kişinin evində gəlinsən.
Mən də boş bir araşdırmaçı...
Qızları sevmək lazımdır, Ağa
Öyrənmək yox əsla.

Qar dənəciyi teoremi...

Qar dənəciyinin içində günəş zərrəsi
Milyon il əvvəl
Yazı kimi qoyulanda...
O qar dənəciyi milyon ildi
Bizə tərəf uçanda,
Uça – uça əlimizə
Və ya
Kipriyimizə qonanda,
Ağlımıza gəlmədi ki, həmin qar dənəciyini
Yarıb içindəki günəş zərrəsindən xəbərdar olaq.
Bir dəfə bunu mən etdimsə də
Bacarmadım.
Çünki milyon il bundan qabaqkı əlifbanı bilmədiyimdən,
Hərfləri tanımadığımdan
Beləcə  qar dənəciyini atdım yerə.
Atan kimi
Qar dənəciyindən çıxan
Bir sarı çiçəyin təşəkkürü
Sevda kimi açıldı ürəyimdə.

Ağ vərəqlər 
 
Qar yağıb ağ vərəqlərə,
Yaz gələr  sözlə
 çiçəklər vərəqlərim...
Nöqtə qarpızlar,
Nida yemişlər,
Yıxılar sətir tağların
Son uclarına...

Bərəkətli torpaqdı ağ vərəqlərim,
Qələm şumlayır...
Sonra qara şumların üstündən
Hərələr çəkir,
Ləklər düzəldir qələm,
əkir, əkir,
fikir çəkir,
çəkir xəyal,
arzu çəkir,
əkir, biçir....

Allah bilir, nə  zülm çəkirəm -
Bir fikri ağ vərəqdə göyərdənəcən.

Nişan üzüyü

Nişan üzükləri daşır dükandan,
Hardasa yorulub  barmaqlar,
Intihar etmək fikrindədirlər.

Nə qədər barmaqları kəsib
Doldurublar qızıl dükanına.
Bir oğlan bir qıza
Sənə üzük alacam demişdi.
Pul yığıb ala bilmədi.
Bələndi öz yalanına,
Sonra da öz qanına.

Bir oğlan da üzük ala bilmədiyinə görə
Atdı özünü onuncu mərtəbədən.
Utan, utan, ay qızıl satan.

Görən biz niyə böyüyə bilmirik?
Qızılı sevmək uşaq işidi.
Qızıl ölkəmizin təşvişidir,
Böyüyə bilsəydik,
Sevənlərin xatirinə
Soyunardıq barmaqlardan bütün üzükləri.

Ya da hökümətə bir təkilif edərdik
Maaşlarımız nişan üzüyü qiymətində olsun,
Olmursa,
Bağlayın qızıl dükanlarını -
İntihar etmiş barmaqları.

 





28.04.2020    çap et  çap et