525.Az

"Mart Günəşinin şəkilləri" - Şota İataşvilinin şeirləri


 

"Mart Günəşinin şəkilləri" - <b style="color:red">Şota İataşvilinin şeirləri </b>

ŞOTA İATAŞVİLİ
Gürcü dilindən tərcümə edəni İmir Məmmədli

KÖYNƏKDƏ DEŞİK

Şaxtalı, çovğunlu qış gecəsiydi,
Mən öz otağımda yatağa girib
Alışdırdım siqaretimi.
Tütünün közü kötükdən qopub
Düşdü köynəyimin üstünə birdən,
Yandırıb çıxardı düşdüyü yeri...

... Bu gün döşü deşik mavi köynəyi
Geyinib sübh tezdən çıxdım eyvana.
İlk bahar günəşinin
İlk al şəfəqi
Tapdı sinəmdəki yanıq deşiyi
Ordan qıvrılaraq
Hopdu canıma.

YAZDIĞI YERDƏ MİSRA QIRILDI

Siz elə bilməyin atəşi söndü,
Siz elə bilməyin sözü qurtardı,
Bəlkə düşünürsüz,
Qafiə tapmadı sonuncu bəndə?
Ya da zənn edirsiz,
Telefonuna bəd xəbər gəldi –
“Tələs, yaxın dostun qəzada öldü...”
Ya da deyirsiniz,
Zəlzələ ayırdı onu fikirdən?
Yox, yox, həmin gecə heç nə olmadı,
Sadəcə olaraq şeir yazarkən
Yatdı yazıq şair, yatdı, neynəsin...

Səhər oyananda davam etmədi...
Axşamdan yarımçıq qalan şeirə
O ithaf elədi bax bu şeiri.

SANTEXNİK QƏMİ

Saşayla birlikdə şərab içirik
Kütaisidən göndəriblər çaxırı mənə.
İsa məsihin qanı qaynayır
Saşa Kornilovun damarlarında...
Birdən işıq gəlir,
Unitaz işləyir,
Duş təzələnir –
Sevinir uşaqlar bu hadisəyə.
Saşanın uşağı yoxdu. Olmayıb...
3 il bundan öncə ölüb arvadı.
3 ildi yoldaşı ölüb zavallı Tariyelin də –
O mənim ikinci santexnikimdi.
Tariyel get-gəldə doğmalaşıbdı,
Saşa təzədi,
Hələ alışmayıb bu vəziyyətə,
Çallaşmış saçını darayıb Saşa,
Kostyum geyinib
Deməzsən çirkabda bayaq çəlləşən
Həmin adamdı.
İçginin təsiri ayrı təsirdi,
Tariyel barədə danışıram mən –
İşini bitirib uşaqlarımı
Tez durğuzardı kompyuterdən,
Özü oturardı,
Deyəri burda əlim gətirir.
Oynayıb udardı, udub oynayardı,
Deyərdim, bizim payımızı ver,
Qımışıb gülərdi zarafatıma...
Mənimlə Saşa Kornilov budur
Kote Kiknadzenin göndərdiyi şərabdan içib
Tənbəllər barədə söhbət edirik.
Tənbəllərin işi yaman çətindir,
Bunu Saşa deyib əlavə edir –
Onların özləri yaxşı bilirlər
Niyə, nəyə görə belə çətindir...
Gecdir. Saşa bilir getmək vaxtıdır –
Vazisubani məhləsində tək-tənha qalır.
Tariyel də təkdir,
O da bunu kimi təkcə yaşayır.
“Ax, kak ne axota uyti!” –
Rus kəlməsi gəlir onun dilinə.
Tələsmə deyib çaxır süzürəm istakanına.
Saşa istəmir öz qəmi ilə üz-üzə qalsın.
Tariyel istəmir öz qəmi ilə üz-üzə qalsın.
Eh, santexnikin qəmi başqadır –
Təmiz və ağır.

2015-ci ilin yayında Metexi məbədinin üzərində buludlar

Oxşada bilmədim öncə heç nəyə.
Sonra baxıb gördüm Filipinlərdi.
Daha sonra birdən başa düşdüm ki,
İndoneziyadır gördüyüm bulud.

P.S. Bir az sonra gördüm şəkil dəyişdi
İndoneziya
Filipinlərdi.

P.P.S. Aha, Yunanıstan oldu o bulud!

P.P.P.S. Bulud çəkilməmiş
Getsəm yaxşıdır.

KORŞADAN BİR ŞƏKİL

Elə günəş idi, elə gün idi,
Qonşu həyatda
İçinə girmişdi ləyən ləyənin.

MART GÜNƏŞİNİN ŞƏKİLLƏRİ

(İoseliani küçəsi №37. Birinci mərtəbənin eyvanı)

1.

Kosqoca bir kişi robot sayağı
Yanlarını basa-basa gəzir həyətdə,
Günəşi görüb hərəkətə gəldi elə bil.

2.

Solğunc çöhrəli arıq kişinin selofanında
qırmızı pomidor
Tibb konteynerindəki ürəyə bənzər.

3.

Bir oğlan həyatda vargəl eləyir.
Gömgöy “Jiquli” parıldayaraq
Həmqafiə oldu göydə günəşə.

4.
Bir zənci qızı qara əlində ağ çörək tutur.
Qara pişik düşdü kirli köbəyindən şişman qadının.
Yaslı bir xanım gəzintiyə çıxarıb Taksa itini.

5.

Narıncı jiletli iki xadimə
Süpürgələri zirzəmiyə qoyub da getdi.
Köhnə cihazı iki nəfər çıxarıb atdı bayıra.

DOST YATAĞINDA

“Kökəlib mənim köhnə sevgilim”
Qiorqi Lobjanidze

Qocalıb mənim köhmə rəfiqəm,
Saçı çallaşıb,
İntihar etmək fikrinə düşüb.
Baş çəkdim ona.
Ovundurub təskinlik verdim,
Yuxuya getdi.
Soyuq ovucunda sıxdı əlimi,
Pıçıltıyla dedi, uzan yanıma.
Uzandım,
Əlimi üzünə qoydum.
Əlimi yaladı isti nəfəsi,
Acı nisgilini boşladı o an...
Qocalıb mənim köhnə rəfiqəm,
Əlim yanağında mışhamış yatır,
Yaman yorğundu,
Bağrıma basıb yatdım onunla...
Mənim də onuntək qocaldığımı
Anladın... Əlin üzünün altda
Yatdıq, oyandıq,
Oyandıq, yatdıq...
Amma bircə an da çəkmədim onun
Yanağının altdan isti əlimi.
Əlim üzündə yenə düşündüm,
Qocalıb mənim köhnə rəfiqəm,
İntihar etmək fikrinə düşüb...

XXI ƏSRİN ŞAİRİ

Daha tənbəllər də şeir yazırlar,
Əsnəyə-əsnəyə divanın üstdə
Ağnayaraq aşıyırlar qarınlarını...
İlham pərisi də həmin məqamda
Baş barmağının ucuna qonub
Qıdıqlaya-qıdıqlaya içinə çökür,
İçini sökür tənbəl şairin.

Sözlərə qoşulub şeir qoşmağa
Ərincək ərinməz, ərinməz tənbəl.

Keçmişdə romantik
Simbolost,
Futurist,
Dadaist,
İmajist vardı...
İtgin düşən vardı,
Acəqlı vardı,
Düşüb çiliklənmiş şairlər vardı...
İndi onları
ərincək şairlər əvəz edəcək.
XXI əsrin poeziyası
Tənbəllərə məxsus olacaq.
Əsnəyə-əsnəyə şeir yazacaq
Yeni zəmanənin yeni şairi.
İnsanın ən böyük düşməni olan
Zamanı öldürüb
Ara-sıra pul da qazanacaq,
Şöhrət qazanacaq, ad qazanacaq.
Xaricdə, qürbətdə vətən haqqında
Şeirlər oxuyub mükafat alıb
Orda daha yumşaq divanın üstdə
Ağnaya-ağnaya əsnəyəcəkdi...

Tənbəl tənbəl-tənbəl yazır, yaradır,
Bu yeni cərəyan,
Yeni mərhələdir ədəbiyyatda.
Yəqin tənqidçilər bunun adını
Tənbəlizm cərəyanı qoyacaq indi,
O dəbdə olacaq,
Həm də yönəldəcək yeni şeiri...

... Tanınmış, görkəmli tənbəl şairlər
Bir vaxt köhnələcək, dəbdən düşəcək,
Bezəcək oxucu tənbəl şeirdən,
Yenə yeni şeir yaranacaqdı,
Onun da olmayacaq nə heca bölümü, nə qafiəsi,
Nə astar üzü, nə də altqatı...

Sözüm uzandıqca uzandı şeir,
Usandım, bir az da uzadsam bunu
Bilirəm, sizi də usandıracam.
Yaxşısı budur, burda bitirim tənbəl şeirimi,
Üzü divara uzanıb yatım.

Yuxun şirin olsun, tənbəl oxucum,
Demə bu əsərdə təkrarçılıq var,
Hecə bölümü pozulub demə,
Düzəldən deyiləm, olanım budu,
Belə bir axın olmayıb hələ Poeziyada.
Əbəs yerə qonmaz ilham pərisi
Ərincək şairin baş barmağına,
Girib qıdıqlamaz mürgülü beyinin qabarlarını...

 





28.04.2020    çap et  çap et