525.Az

Moskvada bir əfsanə adam: Ramiz Abutalıbov


 

Moskvada bir əfsanə adam: <b style="color:red">Ramiz Abutalıbov</b>

İllər öncə Baninin kitablarını oxuyarkən, onun maraqlı həyatı ilə bağlı tədqiqat aparanda qarşıma Ramiz Abutalıbov adı çıxmışdı. 1981-ci ildə Baninlə görüşüb söhbət edən ilk azərbaycanlı olaraq onu qısqanmışdım.

Sadəcə, Baninləmi? Almaniyadakı azərbaycanlı legionerlər, mühacirlər, Azərbaycan Demokratik Respublikasının qurucuları Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və Azərbaycan üçün xüsusi önəmə sahib digər şəxsiyyətlər haqqında da hansı mənbəyə baxsam, qarşıma eyni ad çıxırdı: Ramiz Abutalıbov.

Doğrusu, Ramiz bəyin həyatı, şəxsiyyəti barəsində araşdırma aparanda əlimə doğru-düzgün məlumat gəlmədi. Amma tanış olmaq istədiyim üçün o adı unutmurdum. Nəhayət, təsadüfən 2018-ci ildə Bakıda olduğum günlərin birində İçərişəhərdə məni onunla professor Çingiz Abdullayev tanış etdi. Ətrafımızdakı tünlük, səs-küy üzündən Ramiz bəylə ürəyim istəyən kimi söhbət edə bilmədim. Tərslikdən onunla çəkdirdiyim şəkillər də keyfiyyətsiz çıxmışdı.

Amma hətta o qısa görüşün də faydası oldu. İkimiz də bir-birimizin elektron ünvanlarını aldıq, zaman-zaman yazışaraq, bir-birimizlə qarşılıqlı məlumat mübadiləsində olduq. Ramiz hocanın təəssüf ki, əsərlərinin çoxu rusca nəşr olunmuşdu ki, mən də rusca bilmirdim. Türkiyəyə getdiyimdə əldə etdiyim tək əsəri "Odlar yurdu" adıyla çap olunmuş bir kitabı oldu. Kitabı böyük maraq və həvəslə birnəfəsə oxuyub bitirdim.

Giorgi Mamulia ilə birlikdə hazırladıqları kitab 1920-1945-ci illər Azərbaycan siyasi mühacirəti tarixindən bəhs edirdi. İlk dəfə əldə edilən arxiv materiallarından hazırlanan, fədakarlıq nəticəsində ərsəyə gələn bir kitab idi.

Alman şərqşünas, professor Udo Steinbachla Berlində görüşdüyümüzdə ziyalılarımız haqqında qısaca söhbət etmişdik. Steinbach maraqlı fikir səsləndirmişdi: "Təəssüf ki, bu dönəmdə dünya həm siyasətçi, həm də ziyalı qıtlığı çəkir". Həqiqətən də on doqquzuncu və ya iyirminci yüzil ziyalıları kimi cəsur, məlumatlı, yeni düşüncələr ortaya atan ziyalıların azlığı təkcə bizim ölkəmizdə deyil, bütün dünyada hiss edilməkdədir. Ramiz hocanın çalışmalarına və nəşrinə yardım etdiyi kitablara baxanda onda on doqquzuncu əsr ziyalısının səbrini, məlumatlılığını, çalışqanlığını görürəm. Yəqin Ramiz bəydə olan bu keyfiyyəti fransızlar da qiymətləndirdikləri üçün onu "Ordre national de la Legion d'honneur", yəni "Fəxri legion" adlı şərəf nişanı ilə təltif etmişdilər.

Gerçək ziyalı dünyadakı fərqli mədəniyyətləri yaxından bilərək, tanıyaraq onların arasında öz mədəniyyətini eyni dərəcədə dünyaya təqdim edə bilən insandır. Yəni Bethovendən zövq duyarkən Üzeyir Hacıbəylini də beynində dipdiri saxlaya bilməsi onun yerlidən beynəlmilələ uzanan geniş dünyasından qaynaqlanır. Yaxud öz xalqının apardığı mübarizə və mücadilədən duyğulara qapılmadan, bir elm adamı ciddiliyi ilə başqalarına bəhs edə bilirsə və hər kəs tərəfindən hörmətlə qarşılanırsa, demək o, gerçək aydındır.

Ramiz hocada bu cəhətlərin ikisi də var. O, həm bir avropalı qədər Avropa mədəniyyətini bilir, həm də xalqının ürəyindən axıb gələn "muğam"ı dünyaya tanıtmağa cəhd göstərir. Ayrıca Qarabağ savaşının ən qızğın və acılı dönəmində Qarabağ haqqında Fransada 4 kitab nəşr etdirmək də gerçək bir aydının cəsarətinin, çalışqanlığının nəticəsidir.

Ramiz hoca ilə o gündən bir araya gələ bilməsək də, yolumuz hər yerdə kəsişməkdədir.

Türkiyədə bir nəşriyyat üçün Qurban Səid və ya Əsəd Bəyin üç kitabını almancadan tərcümə etdim. Bu günə qədər türkcəyə tərcümə edilən "Əli və Nino", "İstanbullu qız" əsərləri ingiliscədən tərcümə edilmişdi, içərisində yüzlərlə səhv vardı. İlk dəfə almanca orijinaldan tərcümə edərək kitablara uzun epiloqlar yazdım. Romanlarda adı keçən şəxsiyyətlər, yerlər haqqında türk oxucusuna izahat verdim. "Əli və Nino" romanı keçən həftə Türkiyədə "Salt Okur" nəşriyyatında işıq üzü gördü. Kitabı sosial mediada görən Ramiz hoca o an mənə məktub yazdı. Məktubun içində isə mənim üçün sürpriz arxiv məktubu var idi. Məktub mərhum Əlimərdan bəy Topçubaşov tərəfindən Alaş Ordanın ən önəmli liderlərindən olan qıpçaq türkü Mustafa Çokaya yazılmışdı. Məktubda Əsəd bəylə bağlı fikirlər də var idi. Əsəd Bəyin "Şərqdə neft və qan" əsəri haqqında mənfi fikirlər yazmışdı.

Ramiz hocada, kim bilir, bəlkə nə qədər bizim üçün əhəmiyyət kəsb edən, axtardığımız məktublar, əlyazmalar və xatirələr var.

Onun uzaqdan da olsa dostluğunu qazanmaqdan şərəf və sevinc duyuram. Ramiz hoca kimi ziyalılarımızın olması sadəcə, mənim üçün deyil, bütün xalqımız üçün də bir qürur mənbəyidir. Onun indiyə qədər müxtəlif dillərdə yazdığı on bir kitabdan əlavə, kömək edərək üzə çıxmasına səbəbkar olduğu kitabların hamısı həm Türkiyədə, həm də Azərbaycanda yayımlanaraq gələcək tədqiqatçıların istifadəsinə ötürülməkdədir.

Ramiz Abutalıbov asan yetişən ziyalılardan deyil. Bu səbəbdən yaşadığı müddətdə onun bilgisindən, arxivindən istifadə etmək hər türkün borcu olmalıdır.

 





29.04.2020    çap et  çap et