525.Az

"Mən sənə mələk deyim, sən də mənə tanrı de" - Nazim Əhmədlinin şeirləri


 

"Mən sənə mələk deyim, sən də mənə tanrı de" - <b style="color:red">Nazim Əhmədlinin şeirləri </b>

Ovcumun için oxu

ovcumun için oxu,
saçımdakı qarı de;
qışı da yola verdik,
bu gələn baharı de;

gül oldum göy üzünə,
yol tutum, köy üzümə;
bir bax, göm-göy üzümə,
könlümün qubarın de;

yatıb qaldım, boyatam,
kimdi məni oyadan;
aramızda  boy atan,
o hicran hasarın de;

duman çöküb şəhərə,
nə qalıbdı səhərə;
dərdləri yığ  bir yerə,
mənə yarı-yarı de;

ruhum bir uzaq ada,
yoxdu nə səs, nə səda;
canıma düşən oda,
gözlərinin qoru de;

gəl, deyək-gülək deyim,
həsrəti bölək deyim;
mən sənə mələk deyim,
sən də mənə Tanrı de.

Saçımdan işıq gəlir

nə axşam, nə səhərdi,
gecə yarıdı, deyən;
bir damcı da yağmadı,
bulud qurudu, deyən;

qaranlığı dan uddu,
üfüqləri qan uddu;
məni sevdi, unutdu,
o qız qarıdı, deyən;

ilin hansı ayıdı,
canım bir az soyudu;
payız yenə qayıdıb,
yollar sarıdı, deyən;

bilmirsən, nə çəkirəm,
göydən ulduz  sökürəm;
ürəyimə tökülən,
həsrət qorudu, deyən;

hardan boylanım-baxım,
yenə bir az darıxım;
bu da dəmir çarığım,
yollar yoruldu, deyən;

həsrətim daşıb gəlir,
yuxum qarışıq gəlir;
saçımdan işıq gəlir,
qışın qarıdı, deyən.

Sevdam məni buraxmır

yatmadığım bir gecə,
görmədiyim bir yuxu;
yenə, yenə uzaqdan,
 həsrət sel kimi axır;

ocağım közün üstə,
gecəm gündüzün üstə;
yatdım bir üzüm üstə,
getsən, məni də çağır;

dərdim itən o yurtdu,
məni kimlər unutdu;
könlüm  bulud-bulutdu,
yaxasından söz yağır;

ağrını kim kişlədi,
ruhum əsdi, kişnədi;
iliyimə işlədi
bu payızın sazağı;

bilmirəm, nə edrəm,
azıb harda itirəm;
buralardan  gedirəm,
sevdam məni buraxmır.

Niyə belə solmusan

niyə belə solmusan,
nə  bət, nə bəniz qalıb;
duman dağa sarılıb,
nə cığır, nə iz qalıb;

çıxıb qardan, sazaqdan,
kimsə gəlir uzaqdan;
bax, o sönən ocaqdan,
bircə  ovuc köz qalıb;

bulud sökülüb gedib,
yarpaq bükülüb, gedib;
sular çəkilib gedib,
nə çay, nə dəniz qalıb;

düşünürəm, bayaqdan,
nə vardanam, nə yoxdan;
fələk ölübdü, çoxdan,
yerində kəniz qalıb;

hamı dərdlə əlləşər,
hərəyə bir pay düşər;
nə gündədi, bu bəşər,
dünya yiyəsiz qalıb.

Gəlim, bir yarpaq qoy sinəmin üstə

gəlim bir yarpaq qoy, sinəmin üstə,
deyim  yaz gəlibdi, yaşıldı, könlüm;
səninlə bir gündə doğulub, sevdam,
olub sevdamızın yaşıdı könlüm;

illərdi yollarım daşa düyülür,
payıza düyülür, qışa düyülür;
sənun ürəyinlə qoşa doyünür,
sənin ürəyinin başıdı, könlüm;

gözümün qubarı selə yazılıb,
çiynimə dağ boyda şələ yazılıb;
neyliyim, alnıma belə yazılıb,
həsrəti, çiynundə daşıdı, könlüm;

fələk tələsidi, qurdu da, belə,
şirin arzuların  ardı da, belə;
küləklər apardı yurdu da, belə,
dünyanın boranlı qışıdı, könlüm;

bilmirəm, Allahım mənə yardırsa,
neyliyim, saçıma qırov sardısa;
adını çəkdilər bu gün, hardasa
buz tutdi içimdə- üşüdü, könlüm;

gedim, qopub düşən lələk gətirim,
dərdi ələməyə ələk gətirim;
dağlardan bir dəstə çiçək gətirim,
bu gün həsrətimin yaşıdı, könlüm.

Dünyanın kənarı uçrum

dünyanın kənarı uçrum,
qayıdım, dönüm geriyə;
arxaya baxmıram daha,
dağlar üstümə yeriyər;

ulduzlar sellənib axır,
buluddan qara daş yağır;
qarşıma bir fələk çıxır,
gözü  səyriyə-səyriyə;

alnıma nə yazılıbdı,
yazılanlar pozulubdu;
göy üzündən asılıbdı,
Günəş- əriyə-əriyə;

o kimdi, dərdi bağlıyır,
bağlıyıb kimə saxlıyır;
Tanrı uşaq tək ağlıyır,
nə bilim, nə vaxt kiriyə;

Allahım, məndən incimə,
dünyanı vermisən, kimə;
canımı çəkdim içimə,
ruhumu duman bürüyər.

Sabah nə olar, olar

gəl, burda qalaq, bir az,
məni yordu, bu yollar;
bulaq kimi qaynayır,
içimdəki xəyallar;

bu ömür sənə-sənə,
gəlib çıxdıq bu günə;
gecə yuxumda yenə,
tərsinə axır, sular;

ruhum sözün üstədi,
canım közün üstədi;
könlüm yağış istədi,
yenə buludlar dolar;

gör, payıza nə qalıb,
günlər yaman qısalıb;
alnıma cığır salıb,
ayrılıqlar, vüsallar;

gəlib bu yaşa çatdım,
daha nə var, həyatım;
durum yıxılım-yatım,
sabah nə olar, olar.

Saçlarını dağıtma

buluda yağış gələr,
dağa dumanlıq düşər;
nəfəsin, buz kimidi,
ürəyim donub düşər;
 
payız tutub üzümü,
hardan asım özümü;
göyə tutma, üzünü,
göy üzü sınıb düşər;

nə yazılıb baxtıma,
çıxam, bəxtin taxtına;
saçlarını dağıtma,
qəfil qaranlıq düşər;

həsrət harda soy atıb,
ayrılıqlar boy atıb;
ruhum buludda yatıb,
birdən oyanıb düşər;

dərd qalıb, pərdə-pərdə,
sevgilər solan yerdə;
məni unutma, bir də,
ürəyim sınıq düşər.

boylandım dan üzünə

boylandım dan üzünə,
dan üzü qıp-qırmızı;
payız dönür deyəsən,
könlümə qubar sızır;

buludlar nəhr-nəhr,
həsrət çiynimi əyir;
mən dəlicə bir şair,
sən də, zalımın qızı;

ötüb ömrün yarısı,
yarı oddu, yarı su;
üzün Ayın arısı,
çiçəklərin bəyazı;

dərd də ki, büküm-büküm,
sürüyüb hara çəkim;
sındırıb yerə töküm,
göydən  Ayı- ulduzu;

səni yaman özlədim,
ürəyimi közlədim;
bir yer elə, gizlədim,
bu qayıdan payızı;

yandım, odun üzümdə,
qovruluram, közündə;
bilmirəm heç, özüm də,
bu eşqi hara yazım.

dünya bir qalacıqdı

çıxıb getmək istədim,
dedilər yol açıqdı;
sözü ip tək əyirdim,
uzandı, yola çıxdı;                

bu yollar burum-burum,
harda dayanım-durum;
dedim, bir yuva qurum,
qarşıma qala çıxdı;

bu nədi, başımdakı,
qar düşüb, qışım təki;
o dağın başındakı,
qar deyil, alaçıqdı.

axı, kimə borcluyuq,
hərə bir az suçluyuq;
gəlib gedən yolçuyuq,
dünya bir qalacıqdı;

yaz, sətir-sətir məni,
tap, bir də itir, məni;
həsrətin ütür məni,
könlüm evi uçuqdu;

qar dənə-dənə gəlir,
dərd dönə-dönə gəlir;
başımıza  nə gəlir,
deyirlər, olacaqdı.

ömür harda üyündü

bu  sim kimi ürəyim,
niyə, qəfil qırıldı;
aşıb keçə bilmədim,
həsrər qəlbi barıdı;

ağrılar büküm-büküm,
çəkir  çiynimin yükün;
bu yurddan hara köçüm,
hər yanı dərd darıdı;

neynirdin, bu zülümü,
hara atdın, külümü;
ciliklənmiş könlümü,
ağrılara sarıdın;

saçlarımda  çən inlər,
içimdə bir mən inlər;
ötüb getdi, min illər,
ayrılıqlar qarıdı;

sözüm ilmə-ilmədi,
üzün yenə gülmədi;
axıb gedə bilmədi,
ağ sular da, qurudu;

yollar düyün-düyündü,
ömür harda  üyündü;
ürəyim çox döyündü,
axır o da, yoruldu.

Gülüm, məni bağışla

nədən belə kür oldum,
gülüm, məni bağışla;
dilim-dilim olasan,
dilim, məni bağışla;

nə vardı, dünənəcən,
yol gəlmişəm, sənəcən;
yenə, yanıb sönəcəm,
külüm, məni bağışla!

baharım, qışım yanır,
torpağım, daşım yanır;
içim alışıb yanır,
çölüm, məni bağışla;

bu yollar,  burum-burum
bir ayrıca yol qurum;
günahıma od vurum,
gəlim, məni bağışla;

baxıram, dərd üstəsən,
göz yaşına bəstəsən;
gülüm, bir də istəsən,
ölüm, məni bağışla.

yenə, dönüb gələcəm

çox uzaqda deyilsən,
dön bax, bircə anlığa;
üzümün bir tərəfi,
yapışıb qaranlığa;

məni kim üzür, axı,
qopur, könlümün bağı;
gün üzü axşam çağı,
əriyir, toranlığa;

bax, tıncıxır, nəfəsim,
içimdə qalıb səsim;
hələ getmə, əzizim,
təzə dərd aramağa;

ürəyimi qazıblar,
qazıb hardan  asıblar;
alnımdakı yazılar,                                    
tökülüb, ağ varağa;

məni kim arayacaq,
həsrətim qarıyacaq;
göy üzü quruyacaq,
buludlar yağa-yağa;

ocaq yanır, küləcən,
bir gün mən də, öləcəm;
yenə, dönüb gələcəm,
günahımı danmağa.

"525"dən: Mayın 1-də tanınmış şair, "525-ci qəzet"in keçmiş əməkdaşı Nazim Əhmədlinin doğum günüdür. Onu təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

 





30.04.2020    çap et  çap et