525.Az

İçimizdəki Melodi - Şahanə Müşfiqin yazısı


 

İçimizdəki Melodi - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Bəzən bəzi şeyləri uşaq kitablarından daha yaxşı anladan, təlqin edən bir kitab tapa bilməzsiniz. Çünki uşaqlara fikri aşılamaq üçün hadisənin ən zərif, ən təmiz, ən saf yerindən anlatmaqdır yazıçının məqsədi. Buna görə də uşaqlara aid olan hər şey kimi, uşaq kitablarını da oxumağı sevirəm. Xüsusən, uşaq ədəbiyyatının zərifliyini və uşaqların dünyasındakı o həssas və incə gücü ortaya çıxarmağı bacaran kitablar ən sevdiklərimdir.


Budəfəki qəhrəmanım Melodidir. 11 yaşında ətrafını, dünyanı böyüklərdən belə yaxşı dərk edən balaca dahidir o. Az qala bilmədiyi heç nə yoxdur. Hər şey haqqında fikirləri, mülahizələri var. Amma...


Amma bunları dilə gətirəcək imkana sahib deyil. Ömründə bir addım atmayan, bir söz deməyən, yeməyini belə özü yeyə bilməyən Melodini həyata bağlayan bircə şey var-içindəki musiqi... Bəs bütün bu "yox"ların arasında bu kiçik "var" onu nə qədər həyatda saxlaya biləcək?


***


İngilis yazıçı Şeron M.Draperin qələmindən oxuduğum "İçimdəki musiqi" kitabı adı və üz qabığı ilə sevimli, əyləncəli görünsə də, elə ilk cümləsindən insanın ruhuna hakim olmağı bacarır. Əsərdəki hadisələrin gerçək bir həyat hadisəsindən ilham alınaraq yazıldığına oxucuda heç bir şübhə yeri qalmır. Çünki mövzu çox tanışdır: əlillik. Amma əsəri oxuduqca başa düşürsən ki, yazıçı burada Melodinin deyil, bizim, cəmiyyətin, "normal" insanların əlilliyini anladır. Balaca qızın 11 illik həyatının romana səhnə olan hər önəmli fraqmentində bu əlilliyimiz qəddarcasına üzümüzə vurulur. Biz bu əlillik sayəsində nələri itirdiyimizi bir daha anlayırıq. Əslində, bütün problem Melodinin anlada bilmədikləri deyil, bizim anlaya bilmədiklərimizmiş.


Balaca Melodinin xəstəliyinin adı serebral iflicdir. Əlil arabasına məhkum, baş barmağı xaric, heç bir barmağına belə hakim ola bilməyən bu qızcığazın anlamaq bacarığı, zehni mükəmməl inkişaf edib. Kəlmələr, musiqi və rənglər... Melodinin dünyasını məhz bu üç söz ifadə edir. Ta kiçik yaşlarından onunla durmadan danışan ata-anasının səslərini dinləyərək, söylədiyi kəlmələri qeyri-adi bir istedadla anlayıb, yadda saxlayaraq böyüyüb. Ətrafındakı gözlə görünən və görünməyən hər şeyin adını, bütün kəlmələri bilir, anlayır, dünyasını kəlmələrin ala-bəzək rəngləriylə süsləyir, eşitdiyi bütün kəlmələri durmadan təkrar edir. Amma özünü bircə özü eşidir. O, kimsəyə sözlərin gördüyü rəngini, musiqinin duyduğu qoxusunu anlada bilmir. Elə hey özü özüylə danışır. Gördüyü, yaşadığı hər şeyi şərh edir:


"İki yaşımda bütün kəlmələr, bütün kəlmələrin də bir mənası vardı. Amma sadəcə beynimdə. İndiyə qədər tək kəlmə söyləmədim. Demək olar ki, on bir yaşımdayam".


Sevgi dolu uşaqdır Melodi. Üzünə gülümsəyən, onu olduğu kimi qəbul edən, onu xor görməyən hər kəsi sevməyi bacarır, qollarıyla deyil bəlkə, amma ürəyiylə hamını qucaqlayır.


Təəssüf ki, cəmiyyət onun qədər sevgiylə dolu deyil. Cəmiyyətin, yəni "normalların" bu insanlara qarşı yaranmış önyarğısı, qəribə və heç də xoş olmayan fərqli münasibəti var. Fərqliliklərin rahatca "əngəl", "əlillik" deyə adlandırıldığı dünyada kimimiz onlardan qorxur, kimimiz əlini, ayağını, dilini işlədə bilməyən insanların beynini də işlədə bilmədiyini zənn edib onlarla dialoqa girmək ehtiyacı belə duymur, kimimiz isə dilimizdə əzbərə çevirdiyimiz "humanizmi" yazığı gəlməklə qarışdırırıq. Hər il dekabrın 3-də "Beynəlxalq Əlillər Günü"ndə sosial şəbəkələrdən şəkillər paylaşır, "sizinləyik", "sizi anlayırıq" kimi saxta, ikiüzlü cümlələr qurur, bir günlük yalançı diqqətlə özümüzün eqomuzu tətmin etməyə çalışırıq. Amma məncə, dekabrın 3-ü onların deyil, bizim kimi duyğudan, empatiyadan, anlayışdan əlil olan cəmiyyətlərin günü olmalıdır. Həmin gün diqqət onların deyil, məhz əlil cəmiyyətlərin üstünə fokuslanmalıdır. Axı onların buna yox, sadəcə digər insanlar kimi normal münasibət görməyə ehtiyacları var.


"İçimdəki musiqi"ni oxuduqca fərqinə varırıq ki, sən demə, insanların içində nə böyük zülmət varmış. Onlar ətraflarında parıldayan, o zülməti aydınlatmağa çalışan işıqları belə həmin zülmətə həbs etmək üçün çabalayırlar. Ta uşaqlığından bəri qarşılaşdığı həkimlər, müəllimlər, qonşular, sinif yoldaşları arasında qəlbi bu zülmətlə qaralmış, pas atmış, çürümüş insanlar heç də az deyil. Əslində, bütün problem bu parlaq işığın qarşısına hördüyümüz o mənasız, anlamsız önyarğılarımızdan ibarət divarlardır. Biz sanki bu divarlarımız sayəsində Melodi və onun kimilərin işığını söndürməyə, ya da ən azından özümüzdən kənarlaşdırmağa çalışırıq. Niyə, nədir səbəb? Səbəb bəlkə də eqomuzdur. Əlimizi, ayağımızı, dilimizi kifayət qədər istifadə etdiyimiz üçün onları özümüzə yaraşdırmırıq bəlkə də. Amma unuduruq ki, bu günün sağlamları sabahın əlilləridir. Bir əl ki, haram alacaq, oğurluq edəcək, bir ayaq ki, bədəni mənasız yerlərə sürüyəcək, bir dil ki, qəlb qıracaq, yalan danışacaq, onların işləməyindən işləməməyi daha xeyirli deyilmi?!


Melodinin o parlaq zəkasını görə bilməmək bizim günahımız, fotoqrafik yaddaşının fərqinə varmamaq, fərqinə varıb, anladıqda isə layiq olmadığını düşünmək bizim ayıbımızdır.


Təsəvvür edin ki, çox dar bir hücrədəsiniz. Nə əllərinizi, nə ayaqlarınızı tərpədə bilirsiniz. Səsinizi eşidən bir Allah bəndəsi də yoxdur. Bütün həyatınız o dar hücrədən, ətrafınızı çevrələmiş daş divarlardan ibarətdir. Amma siz yaşamağa, həyatda qalmağa çalışırsınız. Ya da ölü bilinərək diri-diri məzara qoyulduğunuzu fikirləşin, o məzarda həyat üçün çabalayırsınız... Kitabı oxuduqca Melodinin həyatı mənə məhz bunları hiss etdirdi. Onsuz da ömrünü əlil arabasında keçirməyə məhkum olan qızcığazı insanlar o arabaya həbs etmək, daha doğrusu, dəfn etmək üçün çalışırlar. Amma Melodi yaşına və fizikasına zidd olan sevgiylə, inadla, ümidlə yaşamağa, hər şeyə rəğmən mübarizə aparmağa davam edir. Və nəhayət, səsini eşitdirə bilir. Melodi bununla təkcə özünün deyil, bütün onun kimi uşaqların, insanların səsi olmağı bacarır:


"Düşünərkən ailəmə heç zaman birbaşa heç nə söyləmədiyimin fərqinə vardım. Bir neçə düyməyə basdım və cihaz mənim heç vaxt söyləyə bilməyəcəyim yeni sözləri səsləndirdi: Sizi sevirəm".


Burda da düşündürür Melodi. Görəsən, mən bu qədər güclü olardımmı? O məzarda nəfəs almağı, o divarlar arasında yaşamağı bacara bilərdimmi? Bu suallara cavab tapmaq üçün əsər boyunca Melodinin o dar divarları arasında ona yoldaş olmağa, onu hiss etməyə çalışdım...


Melodi kimi insanların bənzərsiz və çox qiymətli olduğunu anladığımız an dəyişəcək, əslində dünya. Axı onlar da dünyanı dəyişdirə bilərlər. Tarixdə bu cür örnəklər azdırmı? Bethoven, Edisson, Stefan Hovkinq, Frida Kahlo, Aşıq Veysəl və başqaları onlardan sadəcə bəziləridir.


Əsəri oxuduqca bir həqiqətə də varırıq ki, insanın xarakteri, qəlbindəki sevgi və aydın baxışı elə uşaqlıq illərindən formalaşmağa başlayır. Həmin zamanlarda ailə, cəmiyyət və müəllimlər onları necə yönləndirsələr, o cür də inkişaf edəcəkdir. Necə deyərlər, müəllimin xor gördüyünü, uşaqlar daşlayarmış. Belə bir əsərin Draper qələmindən çıxması da təəccüblü deyil. Çünki Draper də təhsil işçisidir, müəllimdir. "İlin Beynəlxalq Müəllimi", "Cığır Açan Dil Sənətləri Müəllimi" və "Ohio İlin Müəllimi" seçilən, təhsil sahəsində bir çox mükafatlara layiq görülən Draper, eyni zamanda, İngiltərədə ən nüfuzlu ədəbiyyat ödülü sayılan "Coratta Scott King" mükafatının da sahibidir. Yalnız belə bir yazıçı bir şagirdin yaşadığı əngəlləri və bu əngəllərin içərisindəki təhsil həyatını, hiss etdiklərini bu cür axıcı, təsirli və real dillə anlada bilərdi.


Romanın mövzusundan və hiss etdirdiklərdən bəhs etsəm də, süjeti haqda danışmamağa, necə deyərlər, spoiler verməməyə çalışdım. Məqsədli şəkildə. Çünki Ş.M.Draperin "İçimdəki musiqi" romanı uşaq ədəbiyyatı nümunəsi olsa da, biz böyüklərin də insanları anlamaq, özümüzün daxili əngəllərimizin fərqinə varmaq üçün oxuyub nəticə çıxara biləcəyi çox önəmli əsərdir. İndidən hamınıza faydalı mütaliələr!

 





01.05.2020    çap et  çap et