525.Az

İstəyirsən bol çörək... - Məhsəti Musa yazır


 

İstəyirsən bol çörək... - <b style="color:red">Məhsəti Musa yazır</b>

Bir qohum ailə var. Birdəfəyə üç kiloqram  günəbaxan tumu alırlar. Bir dəfə dözməyib ailə üzvlərinin birindən bu qədər tumu niyə aldıqlarını  soruşdum: "Bu nədir ki? - dedi - İkicə günə qurtarır. Bütün gün bekarçılıqdır. Başımızı qatırıq".


Həyətləri stadion boydadır. Amma stadion boyda həyətdə  yaşıl rəngdə heç nə tapmazsan. Su problemi də yoxdur.  Tərəvəz olmasa belə, yaxşı meyvə ağacları bitirmək mümkündür. Lakin həyətə  baxanda adamın ürəyi sıxılır. Çöl qapıdan keçəndən sonra  xeyli  gedib  evə çatırsan. Vəssalam. Burada insan hənirinin olduğunu da yalnız bu evin varlığından hiss edirsən. Di gəl, bizə gələndə rayonun mərkəzindəki  balaca həyətimizdə bitən şüyüdü, nanəni, keşnişi çəngə-çəngə yığırlar. Nəinki yığırlar, elə ləklərin yanındaca yuyulmamış keşniş zoğlarını yarpaq hissəsi ağızlarından çöldə qalmaqla çeynəyərək: "Ə sən öl, bununku odur ki, elə  ləkin yanındaca yeyəsən. Bəh-bəh, ətrinə  bax eeey" - deyirlər. Sözüm onda yox, halal xoşları olsun. Amma o boyda həyət və bekarçılıq... Təəssüf ki,  rayonlarımızda belə ailələr çoxdur. Həm də lap çox. Evlərə  gedirsən, qarın-qarın qadınlar oxla deşilmiş qırmızı ürək  təsvirli, yarım litrlik, qaynar çayla  dolu fincanın qulpundan yapışıb divanda yayxanaraq Hindistan serialına baxır, gənc oğlanlar enerji içkilərindən qurtuldadıb sosial şəbəkədə düşmən ölkənin rəhbərinin "fotoşop"da eybəcərləşdirilmiş fotolarını paylaşaraq kişilənir, kişilər siqaret tüsdülədə-tüsdülədə kəndliyə əkin-biçinlə məşğul olmağı məsləhət görən  tanınmışları sözlə asıb-kəsir, işsizlikdən gileylənirlər. Mən razı, bəzən diqqət mərkəzində olan məşhurlarımız  sözlərini  kobudcasına deyirlər. Və  bu, şəxsən mənim özümdə də narazılıq yaradır. Hətta növbəti yazılarımdan birində "kəndli", "kəndçi" sözünü ironiya ilə söyləyənlərə, onlara qarşı aşağılayıcı ifadələr işlədənlərə də münasibət bildirəcəyəm. Amma kobud desələr belə, sözün içində həqiqət var. Mən özümüzü  misal çəkim. Həyat yoldaşım da, mən də saat 9:00-dan 18:00-dək işdə oluruq. Uşaqların məktəbə gediş-gəlişini nizamlayırıq. Evin işlərini müəssisənin işi ilə paralel aparırıq. Çörəyə pul vermirik. Özüm bişirirəm. Evdən kənarda yeməyə pul xərcləmirik.  Axşamdan hazırlayıram. Çox vaxt müzakirələrə səbəb olan  yumurtanın qiymətinin qalxmağının da bizə təsiri olmur. Həyətdə toyuq-cücə saxlayırıq və təzə yumurtalardan istifadə edirik. Balaca ləklərdə daim bizi təmin edəcək  göy-göyərti olur.  Qonum-qonşu da bizdən aparır. Yayda xiyar, pomidor, istiot, badımcan, lobya kimi tərəvəzlərə  yalnız müəyyən vaxtlarda pul veririk. Təqaüddə olan qayınatam balaca yerdə  becərdiyi tərəvəzlərlə  ailəni  təmin edir. Evin arxasındakı  kiçik bağçada isə müxtəlif meyvə ağacları var. Yayda uşaqlar yetərincə istifadə edəndən sonra belə, qış üçün  tədarük görəndə  bir çox meyvəni həyətdən yığır, yalnız şəkər tozunu satın alırıq. Sözümün canı budur ki, günün müəyyən saatlarını müəssisə işləri ilə məşğul olsaq da, evdə ayağımızı-ayağımızın üstünə aşırıb oturmuruq. Bekarçılıqdan Gülbadamın toyda geyindiyi paltarın qiymətini  müzakirə edib ah çəkmirik. Heç bir iş görmədən gələcək üçün üçmərtəbəli villa, böyük market, şadlıq sarayı  xəyalları qurmuruq. Bizə qismət olmuş sağlamlığımızdan - əlimizdən, ayağımızdan, gözümüzdən  yararlanaraq  zəhmət çəkirik. Zəhmət çəkirik ki, qarşıdakı planlarımızı həyata keçirək.


Oğlum ərincək uşaqdır. Əvvəldə nümunə çəkdiyim insanlar kimi,  həmişə hazıra nazir olmaq istəyir. Məhz buna görə də,  məndən nəsə hazırlamağımı istəyəndə mütləq onu buyururam. Həmin istəyi ilə bağlı bizə lazım olanları özünə gətizdirirəm. Bilirəm ki, inciyir, bilirəm ki, narazı qalır. Amma indidən onu ələbaxımlılıqdan uzaqlaşdırmaq üçün ürəyimə daş bağlayıram.


Anlayıram. Hamı əkin-biçinlə məşğul ola bilmir. Hamı sağlam deyil. Hamının yaşı əl vermir. Daha ağır işlərdə çalışanlar var ki, evinə dönəndə bir tikə çörəyi çeynəməyə halı olmur. Dincəlməyə ehtiyac duyur. Amma   sapsağlam canı, böyük torpaq sahəsi, ailədə yetərincə işçi qüvvəsi olan, fəqət bekarçılıqdan gileylənən insanlar bu günlərdə boynunu büküb 190 manat arzusu ilə telefona gələcək mesajı gözləyəndə təəssüf hissi keçirməmək olmur.


Təhsil almaq, sevdiyi sənətə yiyələnmək,  yaradıcılıqla məşğul olmaq, müasir texnologiyalardan istifadə etmək, zövqlə  geyinib-keçinmək, istirahətə vaxt ayırmaq, əylənmək, evində bütün rahatlığın təmin olunmasını istəmək hər kəsin haqqıdır. İstər kənddə yaşasın, istər şəhərdə. Amma bütün bunları kimdənsə gözləmək acizlikdir. Folklorumuzdan gələn bir nümunədəki kimi: "İstəyirsən bol çörək-al əlinə bel-kürək".

 





01.05.2020    çap et  çap et