525.Az

Dünyada sülhün təbliğatçısı - Müsahibə


 

Dünyada sülhün təbliğatçısı - <b style="color:red">Müsahibə </b>

Yüz ilə yaxındır ki, bu Mərkəz fəaliyyət göstərir. Vətəni Rusiyadan küsüb Hindistana üz tutan Nikolay Konstantinoviç Rerix ömrünü müharibələrə, zorakılığa qarşı mübarizəyə, bəşəriyətin öz mədəni irsini qoruyaraq, sülh və əmin-amanlıq şəraitində yaşamaq ideyalarına həsr edib.


Onu filosof, istedadlı rəssam, səyyah kimi də tanıyırlar. N.K.Rerixin başladığı sülhpərvər missiyasını bu gün davam etdirənlər az deyil.


N.K.Rerix adına Mərkəz-Muzeyə dəstək Avropa Assosiasiyasının üzvü Lalə xanım Sultanova ilə söhbətimiz də elə bu mövzudadır. 
 


- Lalə xanım, Nikolay Rerixin ötən əsrdə irəli sürdüyü ictimai-siyasi, mədəni-mənəvi baxışları çağdaş dövrümüzdə öz əksini necə tapır?


- Nikolay Rerixin iyirminci əsrin ictimai fikir tarixində xüsusi xidmətləri olub. O,  dünyada müharibə, zorakılıq olmadan, dinc yanaşı, sülh şəraitində yaşamaq ideyasını təbliğ edirdi. Yalnız təbliğ eləmir, bu ideyaları beynəlxalq müqavilə, saziş kimi sənədlərdə reallaşdırırdı. Onun əsas ideyaları Rerix Paktında öz əksini tapıb. Pakt 1935-ci il aprelin 15-də Vaşinqtonda imzalanıb və ona 21 ölkə qoşulub. Nikolay Rerixin bəşəriyyətin mədəni irsinin müdafiəsi təşəbbüsünə o dövrün tanınmış siyasi, ictimai, dini liderləri - Belçika kralı, Roma Papası, fizik Albert Eynşteyn, yazıçılar Herbert Uels, Rabindranat Taqor, Tomas Mann kimi məşhur simalar qoşulmuşdu. Həmin Paktın təsis etdiyi Sülh Bayrağı da var. Onu müharibə, çaxnaşma, inqilablar zamanı tarixi abidələrin, mədəniyyət ocaqlarının üstünə sancırlar ki, həmin tikililərin toxunulmazlıq nişanı olsun. Rerix Paktı ilə bağlı sizə maraqlı bir tarixi faktı deyim. 1945-ci ildə Amerika Yaponiyaya atom bombası atmağa hazırlaşanda hədəflər Xirosimo və qədim paytaxt Kioto olub. Amma prezident Trumenin köməkçisi ona xatırladıb ki, Rerix Paktını imzalayan Amerika öz üzərinə müəyyən öhdəlik götürüb. Hədəf dəyişir və Kiotonun acı aqibətini Naqasaki yaşayır... 


2012-ci ildə YUNESKO-nun Parisdəki mənzil-qərargahında start götürən, bəşəriyyətin mədəni irsinin və sülhün qorunmasına həsr olunmuş "Rerix Paktı. Tarix və müasirlik" beynəlxalq sərgi layihəsi bu gün Avropanın, Asiyanın və Amerikanın onlarla şəhərində davam etdirilir.


- Siz də bu layihənin, eləcə də Rerix ideyalarının Azərbaycanda təbliği missiyasını həyata keçirirsiniz...


- Belə də demək olar. Bu ilin əvvəlində həmin sərgi layihəsini Azərbaycanda da uğurla həyata keçirdik. Fevralın 12-də Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) tutan sərginin açılışında Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri M.N.Boçarnikov, Hindistanın Bakıdakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Sujeş Çandra Sinha, respublikamızın tanınmış tişə ustaları, sənətşünaslar, mədəniyyət xadimləri iştirak edirdi. Sərgi fevralın 20-dək ziyarətçiləri qəbul etdi və daha sonra, fevralın 25-dən 28-dək Sumqayıt şəhərində nümayiş etdirildi. Planetimizi qarış-qarış gəzən bu sərgi əslində böyük mütəfəkkir Nikolay Rerixin elmi, bədii-fəlsəfi irsinin, eləcə də sülhpərvər ideyalarının bu gün də öz əhəmiyyətini itirmədiyinin əyani sübutudur.


- Bakıda təşkil olunan sərgidə Rerix adına Beynəlxalq Mərkəzin fəaliyyətindən də danışıldı. Bəs, Mərkəzin gördüyü işlər nədən ibarətdir?  


- Beynəlxalq Rerixlər Mərkəzinin əsas missiyası Rerixlər ailəsinin fəlsəfi irsini və Nikolay Rerixin sülhməramlı ideyalarını geniş yaymaqdır. Mərkəz ictimai təşkilat kimi 1989-ci ildə Moskvada N.K.Rerixin kiçik oğlu, tanınmış rəssam və ictimai xadim Svyatoslav Rerix tərəfindən yaradılıb və 25 ildən çoxdur fəaliyyət göstərir. Elə o zaman Mərkəzin nəzdində N.K.Rerix adına Muzey da yaradılmışdır. Svyatoslav Rerix valideynlərinin yaradıcılıq irsinin böyük bir hissəsini Hindistandan göndərərək, muzeyə əmanət etmişdi. İctimai Muzeyə yüzlərlə rəsm əsəri, nadir ailə arxivi, qiymətli kolleksiya saxlanılırdı... Amma təəssüflə bildirməliyəm ki, Rerix Paktının 85 illik yubileyi ərəfəsində Rerixlər ailəsinin irsi ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. 2017-ci ildə ictimaiyyətin ianəsi hesabına, Rerixlər Mərkəzi tərəfindən dünya mədəniyyətinin, ictimai fikrinin tanınmış simasının doğma Vətənində, Moskvada yaradılan və onun adını daşıyan yeganə İctimai Muzey Rusiya Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Şərq muzeyi tərəfindən ələ keçirildi. Muzeyin fəaliyyəti dayandırıldı, onun fondundan 18 mindən çox eksponat qanunsuz olaraq, sənədləşdirilmədən aparıldı. İrsin sonrakı aqibəti hələ də məlum deyil. Ən acınacaqlısı isə odur ki, geniş ictimaiyyətin kəskin etirazlarına baxmayaraq, bu hadisəyə hələ də hüquqi qiymət verilməyib.


Sevinc QARAYEVA

 





01.05.2020    çap et  çap et