525.Az

Karantin günlərinin tərəddüdləri - Şahanə Müşfiqin yazısı


 

SƏS-KÜYDƏN UZAQ SAKİT HƏYAT, YOXSA CİVƏ KİMİ QAYNAYAN, QAÇAQAÇLI YAŞAM TƏRZİ?

Karantin günlərinin tərəddüdləri - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Koronavirus (COVID-19) pandemiyası səbəbiylə bir müddətdir, dünyanın hər yerində, o cümlədən, Azərbaycanda hökm sürən karantin rejimi insanların böyük əksəriyyətini işdən, çöldən, ictimai fəaliyyətdən xeyli uzaqlaşdırdı.


Hər birimiz öz evimizdə, çevrəmizdən maksimum dərəcədə izolyasiya olmuş vəziyyətdəyik. Vacib ehtiyaclar xaricində çölə çıxmır, ailəmizdən başqa kimsəni görmürük. XXI əsrin 20-ci ilində hərəkətli həyata, sürətli yaşantıya alışmış insan toplumunun karantinə tezliklə adaptasiya olması, bu vəziyyəti normal qarşılaması əlbəttə, gözlənilən deyildi. Bütün günü evin içində olan adam çöl üçün də darıxır, dostları, tanışları üçün də, gəzib-dolaşmaq üçün də. Diqqətlə baxsaq, karantin dövründə çöl insana daha cazibəli, daha cəlbedici gəlməyə başlayıb. Fikir vermisinizsə, əvvəllər günlərlə çöl-bayır üzü görməyən insanlar da mövcud durumdan giley-güzar edirlər. Bu, bir az da psixoloji məsələdir, yəqin ki.


***


Qadağalar insanı depressiyaya salır, onu tədricən sıxılmağa, darıxmağa vadar edir. Psixoloqlar, ziyalılar belə durumlarda situasiyaya başqa cür yanaşmağı məsləhət görürlər. Əslində, ilk baxışdan mənfi qəbul etdiyimiz hər işin içərisində gözəl, müsbət nələrsə tapmaq da mümkündür. Ən azından ona görə ki, bu dünyada hər şey biz insanlar üçündür.


Pozitiv yöndən yanaşsaq, karantin biz insanlara, məsələn, özümüzə vaxt ayırmaq üçün geniş fürsət yaratdı. Günün böyük hissəsini evdə, ailəsiylə keçirməli olan insan vaxtı öldürmək üçün əgər əvvəl-əvvəl fərqli üsullara əl atırdısa, tədricən bu zamandan daha səmərəli istifadə etməyin yönlərini axtarmağa başladı. İndi özümüzü, varlığımızı, həyatımızı, keçmişimizi və gələcəyimizi düşünməyə, öz hərəkətlərimizi analiz etməyə, yaşadıqlarımızdan və yaşatdıqlarımızdan nəticə çıxartmağa daha çox vaxtımız, imkanımız var. Yəqin siz də "Niyə kitab oxumursan?" sualına "İşdən, gücdən vaxtım olmur" cavabını az eşitməmisiniz. Karantin bu cavab-bəhanəni müvəqqəti də olsa, aradan qaldırdı. Artıq kitab oxumağa, film izləməyə də vaxtımız çoxdur, ailəmizlə daha çox vaxt keçirməyə, evdə görə biləcəyimiz yarımçıq işləri tamamlamağa da.


Müşahidələr göstərir ki, həqiqətən də son bir ayda insanlarda "kitaba dönüş" nəzərə çarpır. Evdə sıxılan, darıxan insan köməyi kitablarda axtarır. Yaxın günlərdə müsahibə aldığımız, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da bu fikri təsdiqlədi; məlum oldu ki, kitab mağazaları işləməsə də, kitab sifarişlərinin sayı xeyli artıb.


Pozitiv dəyişikliklər təkcə bununla bitmir. Məsələn, hər gün işə gedən, axşam, hətta bəzən gecə evinə dönən insan ən yaxşı halda gününün 2-3 saatını yollarda keçirirdi. Şəhər mühitini nəzərə alsaq, tıxaclar, basabas, səs-küy qaçılmazdır. Bütün bunlar isə insanda əlavə əsəb və stress yaradırdı. Ya da istər məcburiyyətdən, istərsə də başqa səbəblərdən gün ərzində ən az bir öynə yeməyini çöldə - restoran və kafelərdə yeyən, "fast food"larla ötüşdürən insanlar var idi. Karantin bizi evdə saxlamaqla həm də mənşəyini, hazırlanma şəraitini bilmədiyimiz yeməklərdən, "fast food"lardan uzaq tutdu.


Buna bənzər nümunələri çox sadalamaq olar. Əsas odur, baxış bucağımızı dəyişə bilək.


***


Adamın ağlına bir fikir də gəlir: görəsən, indi karantin ucbatından yaşadığımız bu məhdudiyyətli rejim müvəqqəti yox, lap əvvəldən daimi yaşam tərzimiz, həyat şəraitimiz olsaydı, onda indiki dünyamız necə görünərdi? Düşünürsən, baş sındırırsan, cavab tapmaq istəyirsən. Arxamızda keçmiş kimi böyük və zəngin təcrübə var; axı, dədə-babalarımız, əcdadlarımız əsrlər öncə bizim kimi bu qədər sürətli, hərəkətli həyat yaşamayıblar. O zamanlar bu dərəcədə sosiallaşma da olmayıb. Bəs, onlar necə keçiniblər - bizdən daha xoşbəxtmi olublar, yoxsa daha bədbəxtmi?


İzolyasiya şəraiti bu suallarında da cavabını tapmaqda dadımıza çatdı, hətta əcdadlarımızı tam anlamaq şansımız olmasa belə. Bu günlər biz evə nə qədər qapansaq da, sosiallıqdan uzaq qala bilməmişik. Ən azından, sosial şəbəkələr, onlayn dərslər, virtual konsertlər, konfranslar, görüşlər, gəzintilər sayəsində.


Sosial şəbəkələr demişkən, bu günlər filosof Müşfiq Şükürovun elə bu mövzu ilə bağlı öz Feysbuk səhifəsində paylaşdığı bir status diqqətimizi çəkdi. O yazırdı: "Sizə bir şey deyim. Yaşamaq elə budur. Qaçaqaç dayanıb, bütün günü ailənləsən, yeməyə az pul xərclənir, geyim heç almırsan. Bütün günü mütaliə, film. Arada çıxıb gəzmək də olur. Yüzmin ildən çox belə yaşamışıq biz. Məhz bu ritmdə. Antropoloqların dediyinə görə, ova və yığıcılığa maksimum 2-3 saat gedirdi. Qalan vaxtı kef eləyirdik. Sonradan dövlətlər yaradacaq, bizi də sivilizasiya zibilinə salacaqdılar.


Təbii, qarşıdan gələn iqtisadi təbəddülatların qorxusu olmasa, məni qane edir bu həyat".


Düşünmək, həyatımıza, xüsusən, yaşadığımız indiki karantin rejiminə yenidən nəzər salmaq baxımından maraqlı yanaşmadır. Statusa gələn reaksiyalar insanların hadisələrə bu bucaq altında baxmağa da cəhd etdiyini göstərirdi.


Rəy yazanların bir çoxu filosofun fikrini dəstəkləməklə yanaşı, öz düşüncələrini də yazaraq söhbəti daha da genişləndirir, müəlliflə dialoqa girirdilər. Müşfiq Şükürov isə rəy bölməsindəki şərhləri ilə fikirlərini daha da geniş izah etməyə çalışırdı.


Şərhdə kimi "küçələrdə 80-ci illərin sakitliyi, kinolar, oxumalı kitablar, qurduğu xəyallar və azalan qayğılar..."dan bəhs edir, kimi "kapitalizmi razı salın(dırıl)mış köləlik" adlandırır, kimisi də "bu mərhələnin məhdudiyyətlərlə yanaşı, həm də çox boşluqları doldurduğunu" deyirdi. 


Bir az əvvəlki "Bəs, onlar necə keçiniblər - bizdən daha xoşbəxtmi olublar, yoxsa daha bədbəxtmi?" sualımıza isə bir nəfər belə cavab verirdi: "İbtidai həyat insan təbiətinə ən uyğunudur. Səbəbləri bitməz saysam. Amma bunu saxlamaq mümkün deyil. Artan insan sayı başqa sistem yaradır. Arada videoların görürəm belə yaşayanların. Bizdən qat-qat xoşbəxtdirlər".


Polemika iştirakçılarının bir çoxu, müəllif də daxil, karantin rejimindəki vəziyyətin insanın əsl yaşam tərzi olduğu, qaçhaqaçların, civə kimi hərəkətli sürətin həyatı korladığı qənaətini müdafiə edirdilər. Təxminən belə; karantin insanı özünə qaytarıb, onu stresdən, ictimai nəqliyyatdan, lüzumsuz qayğılardan və görmək istəmədiyi adamlardan uzaqlaşdırıb, ruhumuza dinclik vermək imkanı yaradıb və müvəqqəti də olsa, təbiəti insandan xilas edib: "Hər şey təbiidir həqiqətən, təbiət də bir az bizdən dincəlsin... Bunu dəyərləndirmək lazımdır..."


"Əslində, həyatı yaşamaq əvəzinə, onu özümüzə yük eləmişik. Demək ki, hər şeyin yolu var. Nəticə çıxarmaq və düzgün yaşam tərzini müəyyənləşdirmək lazımdır".


Statusun və müzakirənin müəllifi Müşfiq Şükürov isə fikirlərini ayrı-ayrı rəylərdə belə izah edirdi:


"Məlum oldu ki, tələsən biz imişik. Həyat heç yerə tələsmirmiş".


"Əgər insanların ağlı varsa, sadə həyata qaytarmalıdırlar dünyanı. 2 uşaqdan çox doğmağa da qadağa. 100 ilə dünya normala qayıdacaq".

"Hədəf, karyera, şöhrət... - sivilizasiyanı bu hisslər azdırdı. İnsani həyat iddiasız olub. Məsələn, kitab yazmaq, rəsm çəkmək, şahmat oynamaq, idman etmək. Bunlar üçün şərait var.


İskəndər tarixə düşmək həvəsi ilə yaşayırdı. O zamandan hamımız bir az iskəndərik".


Bir nəfər də yazırdı ki, "bu karantindən sosial bərabərliyin qoxusu gəlir". Yanaşma maraqlı idi. Doğrudanmı düşdüyümüz bu vəziyyəti sosial bərabərlik, ya da ona yaxın bir situasiya adlandırmaq olar? Belə baxanda hamımız eyni havadayıq; hər kəs evindədir, hər kəs işini onlayn həll edə bilir, restoran və kafelər, mollar və alış-veriş mərkəzləri hər kəs üçün qapalıdır - imkanlıya da, imkansıza da. Bu günlərdə hər kəs bərabərdir. Hamımız bərabərikmi?


Dövlət məcburi məzuniyyətə göndərdiyi işçilərinin maaşlarını ödəyir, sosial müavinətlər, işsiz vətəndaşlara birdəfəlik ödəmələr, yardımlar ayrılır. Xırda-para əyər-əskiklərə rəğmən, bu günlər insanlar da bir olmağı, birlik olmağı bacarıb. İmkanlılar imkansızlara, ehtiyacı olanlara gücü çatan qədər dəstək verməyə çalışır. Bu, doğrudanmı sosial bərabərlikdir?


***


Karantin rejiminin sadalanan və müsbət qiymətləndirilən cəhətlərini qəbul etməyənlər də yox deyildi. Onlar sakit, iddiasız həyatı yaşamaq hesab etmir, doğulandan içərisində olduqları, öyrəşdikləri sürətli həyatı arzulayırdılar.


Yazırlar ki:

"Məqsədsiz görürəm belə yaşamı, yaşam saymıram. Əngəl yoxdur aşacaq. Həyat da minimuma enib. Arada belə olar, amma karantin sıxıntısı ağırdır".


"Yaşamaq bu deyil, məncə. Yaşamaq yeni ideyalarını həyata keçirmək yolunda verdiyin çabadır, qaçaqaçdır, yemək yeməyə belə vaxt tapmamaqdır. Sizi bilmirəm, mən işləyəndə yaşayıram, dincəlirəm".


Doğrudanmı yaşamaq yalnız hərəkət etmək, nələrinsə arxasınca qaçmaq, harasa yetişmək, gündə bir yığın insanla ünsiyyətdə olmaq, özünü unudub yalnız işlərinə fokuslanmaqdır? Əslində, dünənə kimi əksəriyyətimiz yaşamı məhz bu cür qavramışıq. XXI əsrin, yüksək texnologiyalar dövrünün, internet erasının sakini olmaq bizə belə yaşamağı öyrədib. Bəs, özümüz? Ruhumuzun və bədənimizin sağlamlığı? Onun qeydinə kim qalmalıdır?


***


Toplumun bir qismi isə bu müzakirələrdə tərəddüdlü görünürdü; əllərini hər şeydən üzmüş kimi - insanlardan da, insanlıqdan da və hətta özündən də. Mövcud vəziyyətdən xoşhal olsalar da, alışqanlıqlarından əl çəkmək, dəyişmək çətin, hətta mümkünsüz gəlirdi onlara. Ona görə də hiss olunurdu ki, darıxırlar. Hiss olunurdu ki, bu karantin günlərinin gələcəkdə nəyisə dəyişəcəyinə, ya da dəyişməli olduğuna inanmırlar:


"Həyat əvvəlcədən bu rejimdə olsaydı, hər kəs qane olardı. Amma alışqanlıqlarımız var, geniş imkanlar görmüşük. İndi al, bişir, ye, iç, boş yolları gəz, get, gəl, yat... Bu rejim bir az daha uzansa, siz də qane olmazsınız, darıxarsız alışqanlıqlarınız  üçün".


***


Hər kəsin fikrinin, hadisələrə yanaşma tərzinin eyni olmaması, əlbəttə, təbiidir. Bu mənada, yazıda toxunulan məsələlər ilə bağlı səslənən fikirlərin hamı tərəfindən birmənalı müsbət qəbul ediləcəyini düşünmək də doğru olmazdı. Amma açılan mövzu insan xarakterlərinin təzahürü baxımından maraqlı təsir bağışladı. Fərqli xarakterə malik insanların mövcud duruma fərqli münasibətləri həm də onların indiyə qədər həyatı hansı tempdə yaşamağa üstünlük verdiklərini şəkilləndirdi; kimisi səs-küydən uzaq, sakit həyata üstünlük verdiyini, kimisi civə kimi qaynayan, qaçaqaçlı yaşam tərzini seçdiyini, bir qism isə yaranmış vəziyyətdən çaşqın duruma düşdüyünü ortaya qoymuş oldu.


Əlbəttə ki, bu müvəqqəti təcridolunmanın indiyədək ən yüksək texnologiyaların istifadəçisi olmuş, hərəkətli yaşam tərzi keçirmiş müasir insanların həyatını bütünlüklə və birdəfəlik dəyişəcəyini heç kim düşünmür. Belə düşünmək, ən azından, Mingəçevir SES kimi elektrik stansiyası olan bir məmləkətin vətəndaşının gur elektrik enerjisini qoyub çıraq işığında yaşamağa üstünlük verəcəyini fikirləşmək qədər absurddur. Sadəcə, bu mövzunu gündəmə gətirərkən biz indiki izolyasiya günlərində özünə qapanan, ümidsizləşən insanların düşdükləri depressiv vəziyyətdən qurtulmalarına müəyyən mənada yardımçı olmaq niyyəti güddük. Yəni bir vaxtlar dünyanın belə sakit axarı da olub, əcdadlarımız bu cür səs-küysüz həyat yaşayıblar və elə bir faciə da baş verməyib. Yəqin ki, öz fikirləri ilə  bu maraqlı müzakirələrə yola açan filosof Müşfiq Şükürovun da məqsədi təxminən elə bu cür olub. Özünə qapanan insanların daha çox təsəlliyə və təskinliyə ehtiyac duyduğu bu günlərdə hansısa işıqlı məqamlar axtarıb tapmaq cəhdi və sabahla bağlı ümid verən düşüncələri ətrafındakılara təlqin etmək istəyi təqdir olunası addımdır. Hər halda, baxış bucağını dəyişməklə hadisələrin neqativ təsir miqyasını və istiqamətini də müəyyən mənada başqa səmtə yönləndirmək mümkündür. Ən azından sənə inanan insanların gözündə...

 





02.05.2020    çap et  çap et