525.Az

Bir həsrətin sonu - Pritça


 

Bir həsrətin sonu - <b style="color:red">Pritça</b> "Koronavirus tətilləri"ndə çox şey üçün darıxdıq və hələ də darıxmaqdayıq. Mənim ən çox həsrətində olduğum, əlim çatmayan bir qəzet var: "525".


Az qala, iki aydır ki, bu qəzeti onun saytından oxuyurdum. Bu isə mənim öyrəşdiyim kağız qoxusundan çox uzaqdır. Nəhayət, qəzet köşklərinin açılmasına icazə verdilər. Ötən şənbənin axşamı isə Rəşad Məcid  sabah "525"in köşklərdə olacağını "Qələmsiz yazılanlar"la xəbər verdi. Şənbə səhərini səbirsizliklə gözlədim. Səhər oyananda ağlıma gəldi ki, axı 65-dən yuxarını evdən çıxmağa qoymurlar. Uşaqlarım da elə şənbəni də işdə olurlar...


Çox da "neynim, necə edim?" demədən təzəcə aldığım maaşımdan iki dənə yüzlük qoydum cibimə: cəriməni ödəmək üçün- birini gedəndə, birini qayıdanda.


Qəzet üçün gedəcəyim köşklə evimizin arası düz 1.5 kilometrdir. Bir az çəkinə-çəkinə, bir az utana-utana evimizin həyətindən aşağı enib, köşkə yönəldim. Xoşbəxtlikdən qəzet köşkünə qədər polisə rast gəlmədim. Qəzeti alıb və geriyə dönüb azca getmişdim ki, bir polis leytenantı qabağımı kəsdi:


- Ağsaqqal!- dedi- bəs burda neynirsiz? Olmaz axı!


Deyəsən, ömrümdə birinci dəfə idi ki, qocalığımdan lap zəhləm getdi. 


- Canım leytenantım - dedim - evimiz yaxındadır, qəzet almağa gəlmişdim. 


Polis əlimdəki qəzetlərə baxdı. Deyəsən, tarixlərə nəzər yetirirdi - doğrudanmı, bu günün qəzetləridir? Baxdı, qəzetləri qaytardı və təəssüfü andıran bir səslə:


-  Sizə cərimə protokolu yazılmalıdır.- dedi. 


Mən dərhal cərimə üçün çoxdan hazırladığım yüzlüklərdən birini ona uzatdım və:


- Canım leytenantım, bilirəm - dedim - evdən çıxanda cərimə pulunu götürmüşəm.


Polis qəribə və xoş bir təbəssümlə gülümsədi:


- Mən sizi tanıyıram, müəllim - dedi - siz jurnalistlərin müəllimisiniz. Mən də bu "525-ci qəzet"in daimi oxucusuyam. Ortada indi bir müəllim, bir "525" var. Axı, əlac yoxdur, siz qadağanı pozub evdən çıxmısınız, mən də qoyulmuş qaydanı pozub sizi cərimə eləməyəcəm. 


Doğrusu, polisin mənə hörməti, "525"ə sevgisi ilə əməlli- başlı kövrəldim. 


Yüzlüyü götürməsini və qəbz yazmasını israrla xahiş etdim.


O da mütəəssir olmuşdu və zarafatla:


- Ay müəllim, axı mən sizə cərimə yazsam, bugünkü "525" sizə yüz manat, qırx qəpiyə başa gələcək- dedi və əlavə etdi:


- Düşün yanıma, gedək sizi evə kimi ötürüm.


Polis məni həyətimizə qədər müşayət etdi və ondan ayrılandan sonra içimdə bu xalqa, bu millətə olan sevgim, bu millətin adi bir ziyalısına olan rəğbətinə, hörmətinə minnətdarlıq hisslərim bir az da çoxaldı.
 

Beləliklə, "525"ə çoxdan yaranan həsrətim sona yetdi. Qəzetin gələn şənbə buraxılışına qədər, yəqin ki, Tanrı özü qapıları açar.
 





02.05.2020    çap et  çap et