525.Az

Sosial şəbəkədə Şuşa xatiratları - Şahanə Müşfiqin yazısı


 

Sosial şəbəkədə Şuşa xatiratları - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

May ayı girər-girməz çoxumuzun ilk xatırladığımız Şuşa olur. Azərbaycanın o gözəl, səfalı, fərqli təbiətə, sirli-sehirli tarixə malik Şuşa şəhərinin yoxluğu dönə-dönə bütün həqiqətlərilə gözlərimiz önündə canlanır.


8 may Şuşanın işğal günüdür. Artıq 28 ildir, Şuşa varkən o müqəddəs yurdun həsrətini, ağrısını çəkir, nisgilini, kədərini daşıyırıq. Taleyinə mənim kimi 1992-ci ilin 8 may işğalından sonra doğulmaq yazılanlar isə Şuşanı yalnız böyüklərimizin söhbətlərindən, arxiv sənədlərindən, fotoxronika və videomateriallardan tanıyıb öyrənir, hər daşında, hər qayasında Azərbaycanın şərəfli tarixi yatan o yerləri nə zamansa heç olmasa bircə dəfə görmək təşnəsi ilə yaşayırıq. Əlimiz çatmayan, ünümüz yetməyən o qala şəhəri xatirələrimizdə, söhbətlərimizdə, yaddaşımızda ən əziz saxlanc kimi hifz etməyə, qoruyub saxlamağa çalışırıq. Bu mübhəm və müdhiş duyğuları daha çox da həyatının hansısa kəsimi Şuşa ilə bağlı olan insanlarımız keçirirlər.


Bu il həm də Şuşa şəhərinin salınmasının 270-ci ili tamam olur. Təxminən iki əsr yarım Azərbaycan tarixinin qürur ünvanı, zəngin mədəniyyətimizin beşiyi olmuş, keçmişimizi, adət-ənənələrimizi özündə var edən bu əsir şəhər 28 ildir, ürəyimizin infarktına, qəlbimizin dağına çevrilib.


Bizdən daha betərini, daha ağırını isə o torpaqlar yaşayır. Torpaq hiss etməz deməyin. O da hiss edir, o da duyur, o da içində çərləyir. Bizim ondan uzaqlarda çəkdiklərimizdən min qat artığını o yerlər ona dəxli olmayan yadelli işğalçıların nəfəsini hər duyduqca çəkir...


***

Qarabağ, Şuşa həsrətiylə qovrulduğumuz bu illər ərzində gücümüz o doğma, əziz yerləri yalnız sözlərimizdə, xatirələrimizdə yaşatmağa yetib. Bu xatirələri çox zaman gizli-gizli yaşasaq da, bu həsrəti öz içimizdə çəksək də, bəzən hiss və duyğular o qədər coşğun, o qədər dərin, o qədər ağrılı olur ki, sanki yazmasaq, deməsək, kiminləsə bölüşməsək ürəyimizi partladacaq, boğazımıza yığılan o qəhər nəfəsimizi kəsəcək.


Çağdaş zamanda hisslərimizi paylaşa, düşüncələrimizi bölüşə bildiyimiz əsas ünvan, yəqin ki, sosial şəbəkələrdir. O məkanda yazıb dost, simsar saydığımız yüzlərlə, minlərlə bölüşdüyümüz fikirlərimiz bir yandan özümüzə müəyyən anlamda rahatlıq gətirirsə, bir yandan da bu paylaşmalar eyni duyğunu, eyni hissi keçirən insanların bir-birini tapmasına yol açır.


Kədər, ağrı bölüşdükcə yüngülləşir, deyirlər. Vətən ağrısı, doğma yurdun kədəri bölüşdükcə nə qədər azalar, ümumiyyətlə, azalarmı -  bilinməz, amma yenə də insan, az da olsa, xəfif təskinlik tapır, bəlkə də.


Mayın ilk günlərindən, 8 may işğalına bir neçə gün qalmış sosial şəbəkələrdə Şuşa ilə bağlı yazı və paylaşımlar qarşımıza çıxır. Mən də bu yazıda diqqəti elə həmin paylaşımlara yönəldib özümüzün cismən gedə bilmədiyiniz o yerləri sosial şəbəkədə yazılan fikirlərlərin izi ilə şəkil-şəkil, söz-söz dolaşmaq istəyirəm. 


Tanıyanlar, yəqin ki, şair, jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid üçün Şuşa, Ağdam, Laçın, ümumiyyətlə, Qarabağla bağlı söhbətlərin həddindən artıq həssas və kövrək bir mövzu olduğundan xəbərdardır. Hər dəfə uşaqlıq illərindən söz düşəndə ilk növbədə Ağdamdakı, Laçındakı, Şuşadakı günləri xatırlayan R.Məcid zaman-zaman hiss və xatirələrini yazılarında, kitablarında, eləcə də özünün sosial şəbəkə hesabında dilə gətirir. Bu may günlərində onun Şuşa ilə bağlı daha bir paylaşımını oxuduq. Şuşanı yuxusunda görən müəllif öz həyəcanını Feysbuk hesabında  bölüşmüşdü:


"Şuşanı yuxuda gördüm...


32 il əvvəl qaldığımız evin səliqəli həyətindəydim. Güllərin, ləklərin yanıyla, daş pillələrlə darvazaya tərəf getdim. Həyətin balaca qapısını açıb daş döşənmiş küçəyə çıxdım. Sağa dönsəm, Gövhərağa məscidinin yanından Bazarbaşı meydanına, ordan da Güllü bağa gedə bilərdim. Sol tərəf Vaqifin məqbərəsinə, Cıdır düzünə aparırdı.


Düşündüm, hansı səmtə gedim. Səhərin bu çağı ikisi də əvəzsiz olur.


Sonrası yadımda qalmadı, həyəcan içində ayıldım..."


***


Bu status çox adamların yarasına duz səpdi, çox yaraların qaysağını qopartdı. Zaman-zaman Şuşanı yalnız yuxularında gedib görənlər, xatirələrində yaşadanlar, heç vaxt o yerləri görməyənlər... rəy bölməsində öz hiss və fikirlərini bölüşdülər. Kimi gördüyü yuxuları yazır, kimi tezliklə Şuşaya, Qarabağa qayıtmaq diləklərini bildirir, kimisi də Şuşalı yuxuların çin çıxmasını arzulayırdı. Hətta bəzən yuxuda özünü Şuşada əsirlikdə gördüyünü deyənlər də vardı. Onların yaşadığı həsrət bu yuxunun travması ilə elə çuğlaşmışdı ki, insan bir an onların Şuşanı görmək üçün əsirliyə belə razı olduqlarını düşünürdü.


Bəziləri isə yuxudakı Şuşa "səfərlərini" bölüşürdülər. Şuşada doğulan siyasi elmlər doktoru, professor Elçin Əhmədov öz rəyində yazırdı:




"Rəşad müəllim, mənim 28 ildir, iki gündən bir yuxumdan çıxmır Şuşa. İnanın, Bakıdakı evi hələ bir dəfə də yuxuda görməmişəm. İndi, elə bil, heçyoxmuş kimi yer üzündən silinmiş, 18-ci əsrin abidəsi olaraq qorunan evimizi gah işıqlı, gah qaranlıq görürəm. Yuxudan həyəcanla ayılanda bir xeyli özümə gələ bilmirəm. Ata, baba, nənə qəbri orda, ana qəbri Pirşağıda... Həmin o siz dediyiniz Güllü bağ var idi, evimizdən 20-30 addım məsafədə olardı. Heç bir vaxt qoxusunu ala bilməyəcəyim o güllərin qoxusu ora çatmamış Qarabağ mehmanxanasının pilləkənlərinə qədər gəlirdi. Bütün uşaqlığım oralarda keçib. Şəhərin mərkəzində Bazarbaşı deyilən yerin, Güllü bağın yanında, Molla Pənah Vaqifin 18-ci əsrdə dərs dediyi mədrəsənin yanında... Sağalmamış yaramızın qaysağı bir də qopdu, əziz Rəşad müəllim!"


Paylaşımın rəy bölməsində Şuşaya aid şəkillər də var idi. Elçin Əhmədov həmin şəkilləri "yaşadığımız və yuxuda gördüyümüz yerlərin şəklini aşkarda görməyən gənclər üçün paylaşdım" qeydi ilə paylaşmışdı. O şəkillərdə 28 ildir, görmədiyimiz, həsrətini ürəyimizin dərinliyində gəzdirdiyimiz Şuşanın, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin 18-ci əsrdə dərs dediyi mədrəsə və sair təsvir olunurdu.




Yeri gəlmişkən, professor Elçin Əhmədov Feysbukda həm siyasi elmlər doktoru, həm də bir şuşalı kimi çox fəaldır. O, Qarabağ həqiqətlərinin çatdırılmasında, Şuşanın, Qarabağın təbliğində olduqca mühüm işlər görür. Bundan əlavə, E.Əhmədov "Qarabağ həqiqətləri" Feysbuk qrupunda Şuşa ilə bağlı zəngin məlumatlar, yazı və şəkillər paylaşır, hər bir şəkil haqqında geniş məlumat verir, onların tarixi əhəmiyyətini izləyicilərin diqqətinə çatdırır.


***

Rəşad Məcidin bu yuxu-statusu təkcə Azərbaycan vətəndaşlarını, qarabağlıları, şuşalıları yox, qardaş ölkə vətəndaşlarını da xeyli təsirləndirmişdi. Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mədəniyyət müşaviri İrfan Çiftçi hər zaman Azərbaycana, azərbaycanlılara dostluğu ilə seçilib. Təkcə müşavir olduğu zamanlarda deyil, ümumiyyətlə, bütün dövrlərdə Azərbaycana öz vətəni kimi sahiblənib, onun dərdini öz dərdi, problemini öz problemi bilib. İrfan bəylə hələ mədəniyyət müşaviri olduğu zamanlardakı tanışlığımızdan bilirəm ki, Qarabağ həsrətini, Şuşa dərdini ən az bizim qədər çəkən ziyalılardandır. Görünür, bu sevginin, bu doğmalığın nəticəsidir ki, İrfan bəy də təxminən həmin zamanlarda Şuşanı yuxuda görüb. Yuxu nədir? Yuxu insanın mənəvi dünyasında, ruhi varlığında və altşüurunda gizlənənlərin üzə çıxmasıdır. Deməli, İrfan bəyin də Şuşa özləmi bu qədər dərin, bu qədər böyükdür. O, həmin statusun şərh bölməsində belə bir rəy yazmışdı: "Mən də üç gün əvvəl Şuşa yuxusu görmüşdüm... Qarabağı geri almışdıq. Azərbaycan ordusu ilə ilk dəfə Türkiyə adına Şuşaya gedirdik... Xeyir olsun, inşallah, biryerdə tezliklə Şuşada olaq..."

Sizi bilmirəm, bu cümlədə mənim diqqətimi ilk çəkən "geri almışdıq" sözü oldu. Bir yandan da bu hadisənin "biz" olaraq ifadə edilməsi. Bu da İrfan Çiftçinin bizi, bizim dərdimizi Türkiyədən, türkiyəlilərdən ayırmadığının bir göstəricisi idi.


***


R.Məcid bu statusu yazmasından iki gün sonra "Ədalət" qəzetində "Rəşad Məcidin Şuşa yuxusuna sözardı" adlı kiçik bir esse çap olundu. Müəllif yazırdı:


"Rəşad, sən belə elə. Sən dön sağ tərəfə, bazar meydanından keç, üz tut Mədəniyyət evinə tərəf. Mehmanxananın yanından yenə bir solaxay get. Get, get, get... gedib çatacaqsan Avtovağzala. Orda bir erməni Sovet İttifaqı qəhrəmanının heykəli var, onun üzünə tüpür, qalx Vasif Quliyevin bibisi, Xan əminin mahnı qoşduğu, gözəllər gözəli Qəmərin yeməkxanasına. Hələ Şuşada xəngəl mövsümü başa çatmayıb. Yaxşı bir döşəmə xəngəli, Ağdamda zavodda "levıy" hazırlanan və bütün qonşu rayonlara "Moskovski vodka" adı ilə sırınan araqdan içmə. Qəmər xala kimi çappa stəkanda konyak iç. Sonra ordan da gəldiyin yolla qayıt Mədəniyyət evinin arxasındakı çayxanada bir çay iç. Tanıdığın bütün Şuşa ziyalılarının hamısı orda olacaq. Xüsusilə də İlhami Cəfərsoylu ilə Əli Mahmud. Sonra ordan da mənə bir zəng elə yandıq ver. Rəşad, mən ən azı günaşırı Ağdamı yuxumda görürəm. Və bütün şəhid olan dostlarımla da Cəfərin çayxanasında çay içirəm.


P.S.
Şuşa işğal olunanda Qəmər xanımın yaşı 90-ı keçmişdi, amma nuru üzündəydi. Camaat çıxanda nə qədər elədilər Qəmər xanımı çıxara bilmədilər. Üstünə benzin tökmüşdü ki, məni kim zorla aparmaq istəsə, özümü yandıracam. Gedib ayrı yerdə ölməkdənsə, Şuşada ölməyi üstün tuturdu. Və qalmışdı Şuşada. Və yəqin ki, elə ilk ermənini görəndə də özünü yandırıb.


İmza: Özün bildin də müəllif kimdir".


Yəqin bir az diqqətli oxucu üslubundan bu essenin yazıçı, millət vəkili Aqil Abbasın qələmindən çıxdığını o dəqiqə anladı. Aqil Abbas Azərbaycanın illərdir Qarabağ həsrətiylə alışıb-yanan, Ağdam, Şuşa, Laçın...dərdi ilə saçlarını ağardan ziyalılarındandır. Onun bu statusa və bu yuxuya biganə qalmayacağı, əslində, əvvəlcədən bəlli idi. Və biganə qalmadı da. Onun bu kiçik, bir neçə cümlədən ibarət esse-məktubunda o qədər böyük təəssüf, həsrət, qayğı və acıq var ki... Aqil müəllim ən azı günaşırı özünün yuxuda Ağdama getdiyini deyir. Və bunları elə bir intonasiya ilə dilə gətirir ki, sanki o yerlərə yalnız yuxuda gedə bilməyin heyfini, hirsini, acığını sözdən çıxır.


***





Şuşanın işğaldan öncə çəkilmiş nadir rəngli şəkillərindən biri


Qarabağ, Şuşa mövzulu statuslara sosial şəbəkələrdə tez-tez rast gəlirik - həm şəxsi profil paylaşımlarında, həm də hansısa səhifələrdə və qruplarda.




Sumqayıt Regional Mədəniyyət İdarəsi Şuşa Dövlət Rəsm Qalereyasının direktoru, rəssam Rövşən Bayramov da öz səhifəsində tez-tez Şuşa ilə bağlı rəsmlər, videolar paylaşır. Rəssam kimi öz yaradıcılığını Şuşaya həsr etdiyi kimi, sosial şəbəkədəki profilini də bu şəhərə həsr edib. Şuşa qalasını, Gövhərağa məscidini, Qaraböyükxanımın qəsrini, Natəvan bulağını və başqa bu kimi tarixi abidələri rəssamın tablolarından, paylaşımlarından görüb tanımaq olar. 1992-ci ildən Şuşanı tərk edən Rövşən Bayramovun Şuşaya həsr olunmuş 120 əsəri var. Şuşadakı məşhur 17 məhəllənin hər birinin tablosunu çəkib. Dediyinə görə, əksər əsərlərini öz yaddaşına güvənib çəkir. Rəssam bu işə Şuşanın işğalından sonra meyillənməyib, elə Şuşada olanda da məhəllələri tabloya köçürməyi çox sevirmiş. Deyir ki, Şuşanın hər küncü bir əsər idi, Şuşaya bir dəfə gələn özünü şuşalı sayırdı. 


Rövşən Bayramovun son paylaşımlarından birində Rəsm Qalereyasının Şuşanın işğalının 28-ci ilinə həsr etdiyi videoçarx yer alıb. Videoçarxda Şuşanın tarixi, mühüm yerləri, tarixi abidələri əks olunub.


***


"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin səkkiz min nəfərə yaxın izləyicisi olan rəsmi səhifəsi də tez-tez Qarabağın digər şəhər və rayonları ilə birgə Şuşaya da yer ayırır. Onların bu yaxınlarda paylaşdıqları, Şuşa şəhərinin işğaldan öncə çəkilmiş nadir, rəngli şəkillərdən birində Vaqifin türbəsi və Yuxarı Gövhərağa məscidinin minarələri görünür. Bundan əlavə, səhifədə Şuşa Real Məktəbinin, Şuşa bazarının işğaldan öncəki görüntülərini, eyni zamanda, Şuşa qalasının cənub divarının ətəyində yerləşən Daşaltı kəndinin, Vaqif məqbərəsinin, Xan qızı bulağının, Şuşa Mədəniyyət evinin, Bülbülün ev muzeyinin rəsmlərini də görmək mümkündür.


Bu paylaşımlarda insanı ən çox ağrıdan isə izləyicilərin rəylərdəki sözləridir. Əksəriyyəti Şuşadan, Qarabağdan olan izləyicilər doğma yurd yerləri ilə bağlı xatirələrini yazır, təəssüflərini dilə gətirir, vətən həsrəti, yurd yanğılarını dindirməyə çalışırlar.


***


Yazını hazırlayarkən Feysbukda Şuşa ilə bağlı bir şəkil çıxdı qarşıma. "Şuşa" adlı səhifədə paylaşılan şəkildə müharibə günlərində Şuşada dərs saatı təsvir olunurdu. Şuşalı məktəbli qara lövhədə "Biz - Şuşanın uşaqları" sözlərini yazıb. Şəkildə dərsin vaxtı da qeyd olunub: 17 yanvar 1992-ci il. Yəni Şuşanın işğalından sadəcə, dörd ay öncə... Şuşalı uşaqlar müharibə günlərində təhsil almağa, yazıb-oxumağa çalışır, sanki kimliklərinə qəsd olunmağa çalışıldığını anlayırmışlar kimi "Biz - Şuşanın uşaqları" kəlmələrini taxta lövhəyə, əslində isə yaddaşlarına, ruhlarına, varlıqlarına həkk edirlər.





Cəmi bir neçə ay sonra erməni işğalı nəticəsində öz torpaqlarından, yurd-yuvalarından, evlərindən didərgin düşən o körpələr aylarla, hətta illərlə qaçqın düşərgələrinə, qohum-əqrəba evlərinə, ölkənin müxtəlif yerlərinə sığınaraq bir müddət təhsildən uzaq qalmalı oldular. Onların aid olduqları torpaqda yaşamaq, doğulduqları evdə böyümək, lövhəsinə "Biz - Şuşanın uşaqları" yazdıqları məktəbdə təhsillərini davam etdirmək hüququ əllərindən alındı. O uşaqlar öz həyatlarını məcburi köçkün kimi yaşamağa məhkum olundular.


Həmin şəkilin rəy bölməsinə yazılan şərhlər insanı daha çox incidir, daha çox ağrıdır. Çünki şərh yazanların çoxusu məhz həmin məktəbdə oxuyan, haqqında söz etdiyimiz uşaqlardır. Onlar yanvar ayının məktəblərdə son dərs günləri olduğunu deyirlər. Məktəbin binası həmin günlər düşmən tərəfindən raket atəşinə, güllə yağmuruna tutulurmuş. Belə gərgin şəraitdə məktəbdə dərslər davam etdirilsə də, bir gün atılan raketin məktəbin birinci mərtəbəsinə düşməsi ilə dərslər tamamilə dayandırılır.


O günlərin şahidi olan bir nəfər belə yazırdı: "Mən beşinci sinifdə oxuyurdum. Dərsimiz məktəbin ikinci mərtəbəsində idi. Dərs zamanı qəfildən məktəbə raket atıldı, birinci mərtəbəyə düşdü. Ondan sonra məktəb bağlandı". Oturub düşünürəm, bunları yaşayan beşinci sinif şagirdi, görəsən, hansı qorxular keçirib, hansı travmalar alıb? Onlar bu qorxularla, bu itkilərlə necə yaşayıblar? 


Bunları yaza-yaza yadıma şair dostumuz Ramil Mərzilinin Ağdamdakı son təhsil günləri ilə bağlı xatirələri düşür: "Beşinci sinfin ilk ayları idi. Müharibə başlamışdı, atışmalar olurdu. Qonşuluğa Xocalıdan məcburi köçkünlər gəlmişdi. Artıq böyüklər vəziyyətin çətinliyini anlamışdılar. Ona görə də məni dayım oğlu ilə birgə Qəbələyə göndərdilər ki, ara qarışanda qorxmayım. Özləri isə Ağdamda qalmışdılar. Orda qalan qardaşlarım məktəbin pəncərələrinə atılan gülləlləri, o gərgin atışmaları da xatırlayırlar".


Ramil Mərzili də tez-tez öz Feysbuk səhifəsində doğulduğu torpaq -  Ağdam, eləcə də Şuşa, Qarabağ haqqında paylaşımlar edir. Onun bu mövzulu son paylaşımı isə Şuşa şəhər İcra Hakimiyyətinin sabiq başçısı, mərhum Mikayıl Gözəlov haqqında yayımlanan veriliş idi. "Bu torpaqlar işğal olunsa, özümü öldürərəm" -  deyən Mikayıl Gözəlov elə öz iş otağında qətlə yetirilmişdi. Şuşalılar, ağdamlılar indi də mərhum icra başçısını hörmətlə, sevgiylə yad edirlər.


***


Sosial şəbəkədə Şuşa ilə bağlı qarşıma çıxan şəkillərdən biri isə şəhərin lap son günlərinə - 1992-ci ilin may ayına aid idi. Şəkildə Şuşanın işğalına saatlar qalmış Xurşidbanu Natəvanın divardakı rəsmi və şeiri önündə silahlarını təmizləyən Azərbaycan əsgərləri təsvir olunmuşdu. O əsgərlər indi həyatdadırmı, yoxsa elə ordaca şəhidmi olublar, bilmirəm, amma yorğunluq, məyusluq, ümidsizlik və bütün bunlara baxmayaraq, dönməzlik, mətanət, vətən eşqi şəkildən də hiss olunur. Reza/Getty-ə aid olan şəkildə kiril əlifbası ilə divarda yazılan şeir belədir:


Zaman unutmayır ötən bir anı,
Xalq üçün xeyirxah olan insanı.
Gözlər aydın olsun,
görməsin kədər,
Xan qızı yaşasın tarixlər qədər!




***


Sosial şəbəkələrdə Şuşanın görüntülərini təkcə biz paylaşmırıq. Ermənilər də şəkillər paylaşırlar. Və ürək sızladan odur ki, bu şəkillər bizim paylaşdıqlarımızdan çox fərqlənir. Biz Şuşanın ən azı 28 il öncəki, onlarsa bugünkü görüntülərini paylaşırlar. Rəşad Məcidin yazının əvvəlində bəhs etdiyimiz statusuna yazar Lamiyə İsazadənin yazdığı bir rəyı xatırladım: "Yəqin ki, indi oralar çox dəyişib. Dəyişməyən bir tək səması və torpağıdır". Ermənilərin qarşımıza çıxan paylaşımlarından həqiqətən də Şuşanın dəyişdiyinin şahidi oluruq. O paylaşımlarda erməni qadınlar Cıdır düzündə biş-düşlə məşğul olur, gənclər Şuşanın dəyişdirilmiş mənzərəsi fonunda şəkillər çəkdirirlər. Bu günlər paylaşılan, Şuşanın yağışdan sonrakı göy qurşağının və erməni kilsəsinin fonundakı görüntülər ürək dağlayan mənzərə idi. Qarabağ qazisi, jurnalist Sultan Laçının qeydlərinə görə, bu görüntünü "sosial şəbəkələrin erməni seqmentinin erməni dığaları, axçiləri" paylaşıblar.


Bu ürək dağlayan, müdhiş mənzərələri görüb məyus olmamaq, ağrımamaq, qəzəblənməmək mümkün deyil. Azərbaycanın əzəli torpaqlarında bu gün yadelli işğalçıların səfa sürməsi insana əzab verir. Amma nə qədər məyusluq, bədbinlik yaşasaq da, yəqin ki, hər birimizin qəlbinin dərinliyində möhkəm bir inam, sönməyən bir ümid işığı mütləq var - bir gün o doğma yurda dönmək ümidi, o yerlərin bir ovuc torpağını gözlərimizə sıxmaq inamı...

 





06.05.2020    çap et  çap et