525.Az

Hələ Şuşanın işğalına ... vardı - Tünzalə Vəliqızı Moskvadan yazır


 

Hələ Şuşanın işğalına ... vardı - <b style="color:red">Tünzalə Vəliqızı Moskvadan yazır</b>

- (minus) 28+
 

Günlər ayları, aylar illəri sayırdı...
Bu gün nə öyrəndin dərsindən, bala?
- Çöp saymaq, ata! (M. Araz)
 

Çöpü saymaqla  illəri  çöpə saymağı öyrəndik...


Məni bağışla, Şuşa!  Hələ səni harayladığım sətirlərin  nəmi qurumayıb. Hələ o  yazının  təsiri bitməyib. Hələ sənli  xatirələr  səni yaşadanların ürəyində itməyib.


Məni bağışla, Şuşa! Bitməyən, itməyən  xatirələrlə  hər ilin bu günündən dünəninə  boylanıb yaşını, yasını  yenidən  saydığm  üçün.   Yerimdə saydığm üçün, məni bağışla.   Yerində sayan geriyə sayar. Və  sən yenə o sayın dünənində qaldın! Səni nə geriyə  götürə, nə özümə gətirə bilmədim.   


O  gerinin dünəndə  hələ  Şuşağın  işğalına ... vardı.  Həm də düz 28 il vardı. Düz  28 il oldu. Nə yeni tarixdir, nə köhnə. Sadalanan Şuşanın dünəni, keçmişi deyil,  geridə qalanıdır.  Əldə nə var-bu gün üçün 28 il. Həm də  o sonranın  sonrasında   bada verilən 28 il. Saya alınmadan  çopə sayılan  28 il.  


Biz  sayı çöp saymaqla  deyil,  bir də  saymamaqla öyrəndik.   Ona görə çox şeyi saya-hesaba alammadıq.   Paşinyanın  Şuşada oynamağını da,  Dağlq Qarabağın Arsaxa dönüşməsini, seçki keçirməsini  də  saymazlıqdan gəldik.  Dünya saymır, biz  niyə sayaq ki...   Dünya saydı, saymadı, bizimkidir  hesab etdi-etmədi,  nəticədə hesab dəyişdimi? Bir zamanlar Şuşanın da Alınmaz Qala olduğunu bilib onun işğalını da hesaba almamışdıq. O zamandan bu zamana hesab dəyişdi və indi  Şuşa  “hələ Şuşanın işğalına... vardı” ağrısıyla var. Əslində  Şuşa (bizdə deyil) yoxdur, işğalı var.  Və yenə yanlış hesablardayıq.  Nə oldu? Hesablarmı  qarışdı?  


Məni bağışla, Şuşa! Ya da yox, bağışlama! Çünki əvf edilməyəcək səbəblər çoxdur. Alınmazlıq simvolunu əlindən aldığımız üçün. O rayondan olmasam da, oraları tək bir dəfə görsəm də, bütövun bir parçası olaraq mənimdin! Sənin tarixini gerindən sayıb hesablamaq ağrıdır mənı. 


Məni bağışlama, Şuşa! Mənim hesabımda bu günün, bir də  28 itirilmiş ilin  var. Hamı olan kəslərin  hesabıyla mənim hesabım arasındaki körpü başqa məqsədlər üçün inşa edilirmiş... bilməmişəm.  O hesabla “Aramıza  Araz boyda şırım açdı”-dediyimiz  çayın üzərindəki körpü AŞDI.  Bu körpü altndan axıdılan “sulara”  Araz belə çaşdı... çaşqındır... 
 

Bu günə gələn yolun dünəninin dünənində Şuşanın işğalına ...hələ illər  vardı. Sayı artıqca utancı altında qaldığımız illər. O illər ki, neçə  vaxtdır onun gerisindəyik.  İrəlisində isə  Ümidləri  sınmış  Körpülər və...  üzümüzə utanc kimi vurulan 28+ ... Bax, bu sırada sayılan olduğun üçün, bağışlama!


P.S. İllər rəqəmləşib sadəcə tarix,  yaddaş olaraq geri sayılar, amma geri dönməz! Minuslaşan (+28) tarixdə çıxılan böyüdükcə azalan daha da kiçilir, nə yazıq ki.((


Tünzalə Vəliqızı
Moskva


Yenises.ru
08.05.2020

 





08.05.2020    çap et  çap et