525.Az

Nurəngiz Günün müharibə ağrıları - Şahanə Müşfiqin yazısı


 

Nurəngiz Günün müharibə ağrıları - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Göyün üzü sakitdir. Bir azdan dan söküləcək.
Bir azdan Günəş güləcək.
Bu sübh - 9 May. Yollar çiçəkləyəcək.
Bu sübh yer də, göy də ləçəkləyəcək.


Bu gün - 9 may tarixi Böyük Vətən Müharibəsində faşizm üzərindəki qələbənin 75-ci ili tamam olur. Digər postsovet ölkələri kimi, Azərbaycan da müharibədə minlərlə oğul və qızları döyüşmüş, itkilər vermiş ölkə kimi bu günü xüsusi olaraq qeyd edir.


Müharibə ədəbiyyata ən çox təsir edən hadisələrdən biridir. Xüsusən, İkinci Dünya Müharibəsi həm dünya, həm də Azərbaycan ədəbiyyatına kifayət qədər mövzu verib, haqqında cild-cild kitablar, müxtəlif əsərlər yazılıb. Bəzi əsərlərdə müharibənin tən ortası, qızğın döyüşlər təsvir olunursa, başqa qisim əsərlər güllə səsindən uzaqda ya arxa cəbhədəki, ya da müharibə sonrası həyatları əks etdirir. Ancaq ikinci qisim əsərlər müharibənin dəhşətini, səbəb olduğu faciələri anlamaq baxımından heç də birincilərdən sönük qalmır. 


***


Müasir Azərbaycan ədəbiyyatının ən cəsarətli və fərqli xanım şairlərindən olan Nurəngiz Gün yaradıcılığından da müharibə mövzusu qırmızı xətlə keçir. İnsanları, dünyanı, yaşamağı, sevgini sevən mərhum şairimiz üçün müharibə, əlbəttə, ən ağrılı, ən dəhşətli hadisələrdən biri idi. Buna görə də, o, zaman-zaman bu mövzuya toxunmuş, müharibə ilə bağlı iztirablarını poeziya dilində, şeir rəngində oxucusuyla bölüşmüşdü.


N.Günün 1983-cü ilin iyun - 1984-cü ilin may aylarında yazdığı "Ağ qanadlar" adlı poemasında müharibə haqqında belə deyir:


Bir vaxt dünya cavan idi,
daşla-maşla, həmən o çaxmaq daşıyla,
ox, nizəylə döyüşürdü.
Çox əlləşdi, çox vuruşdu, çox tutuşdu,
çox bölüşdü, yaşa doldu, qocaldı dünya,
çox öyrəndi, bilikləndi, sozaldı dünya...
Beyin dediyimiz o şey
mayasız, filansız qıcqırıb axır,
hoqqa çıxarır -
atom, neytron qayırır,
müharibə çağırır.


İkinci Dünya Müharibəsindən bəhs edən bu poema yuxarıda göstərdiyimiz təsnifatın ikinci qisminə aiddir - müharibə sonrası həyatlarda müharibənin izlərinin görünməsi... Əsərin qəhrəmanı Comərd 1941-ci ilində Böyük Vətəninin müdafiəsi üçün müharibəyə gedən, 1945-ci ilin Qələbə günündən sonra isə elinə, obasına, ailəsinə qayıdan keçmiş döyüşçüdür. Əsər boyunca biz Comərdin müharibədən sonrakı həyatından fraqmentləri, düşüncələrini, hisslərini oxuyuruq. Bunları oxuduqca əslində, onun müharibədə çəkdiyi əzabları, acıları da hiss edə, mənəviyyatına vurulan zərbələrin ağrısını duya bilirik.


Poemada müharibədən 40 ilə yaxın bir zaman keçib. Bir vaxtlar cavan, güclü-qüvvətli, ailə, uşaq sahibi olan Comərd indi tanınmaz dərəcədə qocalıb. Ailəsini, dost-tanışını, hətta özünün əvvəlki ruhunu belə itirib. İndi ona həyan olan şey isə torpaqdır, itidir, yaxın, uzaq qonşuları və xatirələridir. Pirşağıda torpaqla, bağ-bağatla məşğul olan Comərd xatirələrini qoruyub-saxlayır. Müharibə xatirələrindən daha çox içini yandıran, ona əzab verən isə 1945-də geri dönərkən qızı Siyatelin onu - o yaşlı, arıq, ağ saçlı qocanı tanımaması, atasını (onu!) hamıdan, hətta ondan belə xəbər almasıdır:


- Yox, baba, siz səhv salırsız,
          mənim atam siz deyilsiniz.
Mənim atam cavandı, çox-çox cavandı!


Atasını illərlə xəyal etdiyi, arzuladığı kimi tapa bilməyən qızcığaz atasız yaşaya bilməyəcəyindən qorxub yaxınlıqdakı göldə intihar edir. Beləcə, müəllif müharibənin insanların bədənlərindəki şikəstliklərindən əlavə, mənəviyyatlarında yaratdığı şikəstliyə ustalıqla diqqət çəkir. Bu şikəstlik isə ömür boyu sağalan deyil.


"Ağ qanadlar" poeması maraqlı və nikbin sonluqla tamamlanır: hər zaman xəyalında qızının intihar etdiyi gölün yanına gələn Comərdin ruhu da buraya gəlir və ağ Leyləyə dönüb Cənuba doğru uçur. Müəllif göstərir ki, Comərd kimi həyatın hər ağrısını çəkmiş, amma bu ağrılar qarşısında insanlığını, mənəviyyatını itirməmiş insanlar əslində, ölmürlər, onları əbədi yaşadan bir ağ qanadları var... 


***


N.Günün 1981-ci ildə qələmə aldığı "Salamat ol, Ağca yol" poeması isə müharibədən dönməyən oğlunun həsrətiylə alışıb-yanan, balasının toyunu belə görməyib özünü "o ölmədi, gələcək" təsəlliləri ilə aldadıb "Vağzalı"ya oynayan ananın naləsi, fəryadıdır:


... İlğımlar içində o yazıq ana
hələ çox səksənib, çox oyanacaq.
Sonra da, sonra da,
Aldadıb özü-özünü, çəpik vurub, bir hovur
"Vağzalı" oynayacaq...


Oğul həsrətiylə, bala dərdiylə bağrı yarılan təkcə Tələtin anası deyildi. Tələtin anası kimi minlərlə ananın bağrına od, saçına dən saldı müharibə. Gedənlər isə ya dönmədi, ya da ki:

Ölənlər öldülər. Qalanlar qaldı.
Qalanların ağrısı hara qalandı?
41-dən "şəkil" qaldı.
41-dən şəkil qaldı, sübut qaldı, dəlil qaldı.
41-dən milyon-milyon əlil qaldı.


***


Nurəngiz xanımın 1988-ci ildə qələmə aldığı "Əsrin yuxusu" poeması isə dünyadan, insanlardan, hərbdən, gözəl həyatı məhv edən hər cür çirkablardan bəhs edir. Burada artıq əsərin qəhrəmanı müəllifin özüdür deyə bilərik. Şair buradakı xanımın dili ilə "Bica hərblər, hiylələr, apardı bu oğulları, Köçürdü yuvalarını, uçurdu nağıllarını!.." - deyərək, sanki dünyanı cəhənnəm yuvasına döndərən hər şeyə qarşı üsyana qalxır. Bu üsyanı oxuduqca anlayırsan ki, dünya elə həmişədən belə olub. İnsan doğulandan, nəfs yaranandan bu dünyada "mən" eqosu öz zülm atını elədən elə, belədən belə çapıb, torpağı da, dənizi də, havanı da yorub, "torpağın beli əyilib,  Vurub elə yıxmısız ki, dəniz də böyrünü əyib..."


Nurəngiz Gün bu poemasında yaşadığı əsrə meydan oxuyur sanki, onun yaşatdıqlarından zinhara gəlib, ədalət, haqq tələb edir. O deyir ki, əgər belə davam edərsə, bu əsr də sonunuz olacaq, məzarınıza çevriləcək:


Hərblər, hiylələr üzündən
övladlarım vaxtsız solur,
Mənim alın yazılarım şeytan əliylə pozulur.
Bu nə hərrac, nə hərc-mərclik?
Deyin, haqqınızmı var
Qan bazarın bağlayınız! Əsriniz qəfil qaralar!


Bu misraları oxuyarkən, nədənsə, məhz bu günümüzü - bir virus səbəbindən evlərimizdə dustaq edildiyimizi xatırladım. Ümumiyyətlə, "Əsrin yuxusu" poemasını zamanını çox-çox qabaqlamış əsər adlandıra bilərik. Sanki müəllif o illərdən oturub bu illəri hiss edə, görə bilirmiş, bu zamana da elə o vaxtdan ağı deyirmiş. Böyük dövlətlərin hegemonluq oyunu, dünyanı idarə etmə hərisliyi, kiçik dövlət üzərindəki zülm qılıncı Nurəngiz Günü hələ o dövrdən narahat edirmiş. Bu gün yaşadığımız bu məşum günlər bir növ təbiətin, ya da müəllifin dili ilə desək, əsrin biz insanlardan aldığı qisas deyilmi?!


***


N.Günün haqqında danışdığımız hər üç poeması müharibə, insan, dünya haqqında real həyat həqiqətlərinin, təbii insan duyğularının qadın həssaslığı və şair ustalığı ilə qələmə alındığı əsərlərdir. Şair hər üç poemasında lirik qəhrəmanın duyğu və düşüncələrini gerçək, səmimi və axıcı təhkiyə ilə, poetik ifadələrlə oxucusunun ürəyinə, ruhuna köçürə bilir. Ancaq bu qədər ağrının, acının yanında Nurəngiz Gün sabaha olan inamını da itirmir, hər şeyin yaxşıya doğru dəyişəcəyinə inanırdı. Axı bütün itkilərə, ağrı və iztirablara rəğmən 9 May Qələbə Günü kimi qeyd olunmağa layiq tarixdir!

 





09.05.2020    çap et  çap et