525.Az

Qələbə əzmi - Fotolar


 

Qələbə əzmi - <b style="color:red">Fotolar</b>

Bu gün 9 may İkinci Dünya müharibəsində sovet qələbəsinin 75 illiyi böyük ruh yüksəkliyi ilə qeyd olunur.


Dövlət televiziya kanalı AzTV, qələbə münasibətilə bir sıra silsilə layihələr hazırlayır. Belə layihələrdən biri görkəmli Azərbaycan şairi, dramaturq və ictimai xadim Süleyman Rüstəmin ötən əsrdən bəri çox məşhur "Ana və paçtalyon" adlı şeirinin motivləri əsasında gənc rejissor Elnur tərəfindən çəkilib.


Musiqili, poetik dillə qəm-qüssə ilə yanaşı ovqata sevinci, qələbə əzmini də əlavə edərək həzin, lirik səpgili çəkilən süjetdə sevilən, seçilən aktyor heyəti - Həmidə Ömərova, Məbud Məhərrəmov, Gülyanaq Məmmədova, Elnar Qarayev, Salman Bayramov, Yaroslav Trifonov və Yuri Omelçenko çəkilmişlər.


Əsərin süjet xəttinin mərkəzində 4 ay cəbhədəki oğlunundan məktub almayan ananın narahatlığı, iztirabları durur. Həyətlərinə gələn poçtalyon hamıya məktub gətirir, lakin ananı sevindirə bilmir. intizardan sarsılan ana hirsini poçtalyona tökür. "Məktub olmasa, bir də sən bu həyətə gəlmə!" - deyə ona acıqlanır.


Poçtalyon dünya görmüş, təcrübəli bir adamdır. O, ananın dərdini dərindən duyur, ona haqq qazandırır, heç bir söz demədən çıxıb gedir və həmin ərəfələrdə bir də bu həyətə gəlmir. Bir müddət sonra paçtalyonun gəlişini hər gün səbirsizliklə gözləyən səhv etdiyini anlayır və ana peşman olur. Poçtalyonun bu həyətə gəlməməsi onu kədərləndirir. Ana öz dərdini unudub paçtalyon üçün narahat olmağa başlayır. Ananın bu hissləri səmimi və qayğıkeş bir ananın, başqasının dərdini də öz dərdinə çevirən səmimi, qayğıkeş insanın həqiqi, saf, dərin duyğularıdır.

S.Rüstəmin 1941-1945-ci illər müharibə dövrü əhvali-ruhiyyəsini əks etdirdiyi əsərləri içində "Ana və poçtalyon" müxtəlif dillərə tərcümə olunmuş ən maraqlı yaradıcılıq nümunəsidir. Şair müharibəyə həsr edilmiş şeirlərində adamlarımızın yüksək mənəvi keyfiyyətlərini, vətənpərvərliyini, qəhrəmanlığını, nəcibliyini və s. insani duyğularını böyük sevgilə tərənnüm etmişdir.


Adətən, müharibə mövzusunda yazılan əsərlərdə əsgər və zabitlər, generallar və marşallar, dənizçi piyadalar, tankçı və pilotlar haqqında çox danışır və yazırlar. Bəzən də zavodların fəhlə və mühəndislərini, kolxozçular və dəmir yolu işçiləri xatırlanır. Lakin müharibə ilə bağlı əsərlərdə, filmlərdə az xatırlanan insanların bir kateqoriyası da var ki, onlar min bir zəhmətlə böyütdükləri övladlarını cəbhəyə göndərən milyonlarla analardır.
 

Müharibə ənənəvi olaraq qadın olmayan ya da az iştirak edən bir hadisədir. Müharibədən bəhs edən əsərlərin, filmlərin əksəriyyətində kişilər hekayələrin mərkəzindədir.
 

Könüllülərlə yanaşı həyatı, fədakarlıqları bir çox millətlərə örnək, nümunə olan Azərbaycan qadınını müharibə zamanı da oğullarını cəbhəyə yola salaraq vüqarla, mərdliklə o ağır günlərə sinə gərdilər. Özləri yeməyib balalarını yedizdirən, gecələr çıraq işığına yun corablar, isti paltarlar toxuyaraq ön cəbhəyə göndərdərən bu davada ərlərini, oğullarını itirsələr də vüqarla, namusla şücaətlə heç kimə əyilməyən mərd xislətli qadınlar var idi.


75 illik müddətində vaxt məsafəsi nə qədər uzun olsa da yeni nəslə ötürülən təkrarsız "Ana və poçtalyon" şeirində ana rolunun ifaçısı bu illər ərzində yüzlərə müxtəlif xarakterli obrazlar yaradan, çox sevilən aktrisamız Həmidə Ömərovadır.


Yaşından-başından asılı olmayaraq ana adı çəkilən kimi hər kəsin ürəyindən xəfif bir həsrət keçir. Ananın qəlb çırpıntılarını, həsrət dolu baxışlarını bu filmə aid videoçarxda izlədim. Obrazın daxili həyəcanını, aktrisa öz gözəl gözlərinin dərinliklərində bu illər ərzində keçirdiyi iztirabını, kədərinin arxasında sezilən xəfif sevinc işartısıyla bir zamanlar bu fədakar ananın xoşbəxt ömrünü canlı əks etdirirdi.


Müharibə adı isə kədəri və dəhşətlərilə müstəqillik dövrümüzdə bizə də yaxşı tanışdır. Və bir daha başa düşürsən ki, bizə, övladlarımıza və nəvələrimizə yaşamaq imkanı verən ulu babalarımızın, babalarımızın və atalarımızın nəslinin cəsarətinin, qorxmazlığının və qəhrəmanlığının xatirəsi ki, bir borc kimi bizə və bizdən sonra gələn nəslə ötürülür.

Müharibə haqqında oxumaq bir vaxtlar gənc nəsil üçün də hətta maraqlıydı. Bu, təəccüblü də deyildi - biz Qələbə uşaqlarıydıq. Biz müharibədə qalib gəlmiş adamların - ataların, əmilərin, dayıların övladlarıydıq.


Müharibə deyəndə ilk olaraq xatırladığım anlaşılmaz və qorxulu sözlər arasında darıxan uşaq kədərim yadıma düşür. Biz müharibə şəraitində yaşayırıq deyə unutmuruq. İndi elə bir ailə, qohum və ya nəsil yoxdur ki, orada şəhidimiz olmasın. Elə bir gün olmur ki, Xalqımız istər evdə, televizorda, radioda internetdə, istərsə də işdə, məktəbdə, toyda, yas mərasimlərində, bayramlarda , muğam müsabiqələrində, xatirə gecələrində Qarabağımızı, müharıbəni xatırlamasın. Hətta uşaqlar söhbət edəndə də Ağdamdan, Şuşadan, Fizulidən, Laçından, Kəlbəcərdən - bütöv Qarabağdan danışırlar...


ll Böyük vətən müharibəsi Qələbəmiz mübarək. İnanırıq ki, belə qələbə sevinci tezliklə bizə də qismət olar.


Yeganə İSKƏNDƏROVA

 





09.05.2020    çap et  çap et