525.Az

COVID-19 və gələcək dünya nizamı - Fəlsəfi baxış


 

COVID-19 və gələcək dünya nizamı - <b style="color:red">Fəlsəfi baxış</b>

Dünya "COVİD-19" adlandırılan pandemiya ilə cəngə çıxıb. Bu virusun ortaya çıxmasının dəqiq səbəbləri hələ də məlum deyil.


Tibb mütəxəssisləri virusa qarşı peyvəndin əldə edilməsi üçün laboratoriyalarda testlər aparır. Ümid edirik ki, bu testlər vaksinin tapılması ilə nəticələnəcək. Digər tərəfdən, gələcək dünya nizamı ilə bağlı ilkin olaraq onu qeyd edə bilərik ki, bu düşüncə hər zaman siyasət tarixində mövcud olmuşdur. Klassik sivilizasiyamızda bu "nizam-ı aləm", modern dünya siyasətində isə "yeni dünya nizamı" (New World Order) olaraq bilinir. 


"COVİD-19" virusunun meydana gəlməsi, nəticələri və gələcək dünya nizamına təsirinə dair bir çox variant irəli sürmək mümkündür. Bu virusun təbii, yaxud bioloji şəkildə ortaya çıxmasını dəqiq söyləmək mütəxəssislər tərəfindən də hələlik qeyri-mümkün sayılır. Xüsusilə son zamanlarda Amerika prezidenti Donald Tramp və bəzi  politoloqlar bunu "Çin virusu" adlandıraraq qlobal müstəvidə Çini virusu yaratmaqda və yaymaqla ittiham edir. Digər analitiklərə görə, Çin, yaxud hər hansı bir inkişaf etmiş, hərbi-tibbi potensialı güclü olan ölkə bioloji silah olaraq bu virusu qlobal arenada test edir.


Fəlsəfi kontekstdə qeyd edə bilərəm ki, xüsusilə siyasi və qlobal əxlaq anlayışını ciddiyə almaqdıqda virusu testetmə təşəbbüsləri daha real hala gələ bilər. Nikollo Makiavellidən (XVI əsr) sonra  siyasət fəlsəfəsi "Məqsədə çatmaq üçün hər hansı bir vasitə daima keçərlidir" məfkurəsinə istinad edir. Halbuki antik fəlsəfə nöqteyi-nəzərdən siyasi davranışların əxlaqi prinsiplərdən asılı olmadan anlaşılması qəbuledilməzdir. Modern dövrdə əxlaq ilə siyasət arasında əlaqə qopub. Məhz modern dövrdə siyasət sahəsi dəyərlər sistemindən ayrı, müstəqil olaraq qəbul edilir. Siyasət, əxlaq və xoşbəxtlik məfhumlarından daha çox güc məfhumuna əsaslanır.


Burada bir sual ortaya çıxır: Əgər virus təbii yolla deyil, bioloji şəkildə dünyaya düçar edilibsə, bu, öncədən planlaşdırılıbmı? Əgər belədirsə, o zaman tibbi-hərbi gücə malik olaraq bu virusun test edilməsi üçün təşəbbüs göstərən hər hansı qlobal güclər virus vasitəsilə həqiqətən yer kürəsində yeni dünya müharibəsinin toxumlarını səpir. Bu, birbaşa Nitsşenin də qeyd etdiyi modernizm tənqidinin əsasını təşkil edən "güc istəyi" (Will to Power) anlayışına istinad edir.


Fəlsəfə tarixində Rene Dekartla (XVIII əsr) başlayan modernizm tendensiyası, daha sonradan sosial sahədə də tətbiq edilərək radikal şəkildə "insan hər şeyin ölçüsüdür", yaxud "insan hər şeyin yaradıcısıdır" anlayışı ilə bugünədək öz təsirini göstərir. Modernizm fəlsəfəsində  düşüncə varlıqdan əvvəl gəlmə anlayışına istinad edir. Bu mənada insan düşündüyü üçün var olur və xarici aləm bu məqsədlə qavranılır. Qavranılmadığı zaman xarici aləm və insanlar yox dərəcəsindədir. Postmodernizm bu təsiri biraz yumuşaltsa da, hazırda modernist dünya anlayışı yenidən güclənməkdədir. Təsadüfi deyil ki, fəlsəfə tarixində modernist düşüncənin böyük simalarından olan İ.Kant əsas götürülərək "Kanta qayıdış" fikri hazırda xüsusi yer tutur.


Bəs nəyə görə yenidən modernizm? Qısaca olaraq qeyd edək ki, bu virus və ya gələcəkdə ortaya çıxacaq başqa viruslar, yaxud hərbi çaxnaşmalar birbaşa modern nəzarət anlayışından qidalanır. Modernizm, rasional dövlət anlayışının ən yüksək ifadəsini Bertran Rasselin fikirlərində tapmaq mümkündür. XX əsrin ortalarında Rassel "Dünyada ən modern dövlət hansıdır?" sualına, "Bu, Sovet İttifaqıdır" deyə cavab vermişdi. Çünki modernizmin əsasını təşkil edən rasionallıq və rasionallığa istinad edən elm ciddi şəkildə ilk olaraq hərbi sahədə tətbiq edilir; kimin ordusu güclüdürsə, o, daha çox modern dövlət sayılır. Rassel 200 ildir dünyada hakim olan modernizmi və onun paradiqmasını düzgün şəkildə ifadə etmişdir. Məhz hazırda da qlobal güclərin hegemonluğu onların hərbi-tibbi inkişaf resursları ilə ölçülür və qiymətləndirilir. "COVİD-19" virusu və ya gələcəkdə ortaya çıxacaq qlobal, lokal münaqişələr məhz dünyanı yenidən daha çox nəzarət altında saxlamaq niyyətinə xidmət edəcək. Bu tendensiya reallıqda dünya gücləri üçün strateji mahiyyət daşıyır.


Samuel Hantinqtonun "mədəniyyətlərin toqquşması" (Clash of Civilizations) konsepsiyasını da bu kontekstdə başa düşmək lazımdır. Belə ki, hərbi güc, xüsusilə qlobal siyasət və təhlükəsizlik məsələləri baxımından ABŞ, İngiltərə və Fransanın xüsusi çəkisi var. Dünya ictimaiyyəti (World Community) anlayışı da bu siyasətə istinad edir. Hantiqtonun mədəniyyətlərə dair strateji konsepsiyası digər mədəniyyətlərin mövcudluğunun dialoq üçün deyil, labüd konfliktlərin istiqamətlərinin müəyyən edilməsi məqsədilə istifadə olunur.


Elmi ədəbiyyatda XXI əsrin tarixdə milli kimliklərin, identlik məsələsinin daha çox qabardıldığı əsr kimi qalacağı söylənir. Ölkə və dövlətlərin bu istiqamətdə öz konepsiyalarını yenidən nəzərdən keçirməsi artıq siyasi müstəvilərdə reallığa çevrilmişdir. Bütün bunlar eyni zamanda, modernizm düşüncəsinin əksinə mərkəzdənqaçma hərəkətləri olaraq da bilinir. Məhz dünyanı daha çox nəzarətdə saxlamaq istəyən qlobal güclər üçün bu, mənfi tendensiyadır. Dünya resurslarının onlar tərəfindən idarə olunması, istifadəsi və nəzarəti də bu kontekstdə anlaşılmalıdır.


Real situasiyadan yola çıxaraq mövzu ilə bağlı bir çox rasional ehtimallar irəli sürə bilərik. Belə ki, hazırda meydana gələn "COVİD-19" pandemiyasından, yaxud gələcəkdə dünyaya təsir edəcək hər hansı bir qlobal problemdən böyük güclər tərəfindən öz məqsədləri üçün istifadə olunacaq. Məhz modernizm fəlsəfəsi əsasında tək tip dünya insanı, gücə istinad edən əxlaqi dəyərlər sistemi bundan sonra daha da aktuallıq qazanacaq.


Bu kontekstdə qeyd etməliyik ki, güc istəyinin əksinə multikulturalizm, mədəniyyətlərarası dialoq və inteqrasiya təşəbbüsləri labüddür. Belə ki, fəlsəfədə kateqoriya olaraq müxtəlifliklərin insanlar arasında ünsiyyəti və dialoqun ontoloji əsasını təşkil etdiyi qəbul edilir.


Yeni dünya nizamını qlobal güclər tərəfindən nəzarətdə saxlama cəhdləri eyni zamanda, qərb mədəniyyətində etik universallıq düşüncəsinin reallıqda zəifləməsi, digər mədəniyyətlərə qarşı bunun müqabilində güc istəyinin daha aktiv olması mənasına gəlir. Məhz son dövrlərdə qərb dünyasının mühafizəkarlaşması da bunun bariz nümunəsidir. Bu mənada qərb dünyası artıq dünya üzərində daha çox hakimiyyəti və nəzarəti artırma ilə əxlaqi universallıq anlayışının itirilməsi ilə qarşı-qarşıyadır. Hazırda elmi ədəbiyyatda belə bir fikir ciddi şəkildə müzakirə edilir ki, mədəniyyətlərin yaranma və yüksəlmə dəyərləri eyni zamanda, onun çöküş səbəbləridir.


Nəticədə modernizmin əsasını təşkil edən güc istəyi və hər şeyi nəzarətdə saxlama düşüncəsi müasir dövrdə bu və ya digər problemlərlə yer kürəsini təhlükəli  situasiyalarla qarşı-qarşıya qoyacaq. Yeni dünya nizamının ədalətli, universal etik dəyərlərə istinadən idarə olunması, qlobal güclərin dünya üzərində güc istəyindən, müstəmləkəçilik iddialarından imtina etmələrində və dünyanın təbii resurslarının hər kəs üçün əlçatan olmasında özünü göstərə bilər. 

 





13.05.2020    çap et  çap et