525.Az

Bundesliqa vaxtından əvvəl başa çatdırıla bilər


 

Bundesliqa vaxtından əvvəl başa çatdırıla bilər<b style="color:red"></b>

Almaniyada Bundesliqasının rəhbərliyi ilə əsas və II liqa klublarının nümayəndələri arasında görüş keçirilib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatların bərpası ilə bağlı fikir mübadiləsi aparılıb, bəzi qərarlar qəbul olunub.

Videokonfrans zamanı 36 klub nümayəndəsi mövsümün bərpasına növbəti dəfə dəstək verib. Onlar hətta mövsümün idman prinsipləri ilə yekunlaşması üçün mübarizənin iyul ayına qədər davam etməsi variantına da razılıq veriblər.

Həmçinin qərara alınıb ki, əgər baş verə biləcək hadisələr üzündən qarşıdakı iki həftədə oyunların keçirilməsi mümkün olmasa, çempionatın yekun sıralaması ilə bağlı əsasnamə işlənməli, mövsüm başa çatdırılmalı olacaq. Bundan başqa, komandalar tibbi heyətin gigiyenik qaydalarla bağlı tələblərinə riayət etməlidirlər.

Cari mövsümün qalan görüşlərində komandaların 5 əvəzləmə etməsinə də rəsmən icazə verilib. Bundesliqa rəhbərliyi növbəti mövsümün start tarixini isə iyunun 30-na qədər müəyyənləşdirməyi planlaşdırır.

Eyni zamanda, yay “transfer pəncərəsi” vaxtının dəyişdirilməsi istisna olunmayıb. Klublara 2 mərhələdən ibarət transfer etmək hüququ verilə bilər.

Qeyd edək ki, Almaniya Bundesliqasında mübarizənin mayın 16-da bərpa olunması qərara alınıb.

 





14.05.2020    çap et  çap et