525.Az

"Bir ovuc göz yaşıydın, gözümdə tutammadım..." - Təranə Arifqızının şeirləri


 

"Bir ovuc göz yaşıydın, gözümdə tutammadım..." - <b style="color:red">Təranə Arifqızının şeirləri</b>

1971-ci il iyunun 29-da, isti bir yay günündə Naxşıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşam. 1990-1992-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunda “Kitabxana işi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. Ali təhsil almaq arzusunda çox olsam da, qismət olmayıb. Hər zaman içimdə yarım qalmış bir arzu olub.


Atam müəllim olub. Bizi kasıblıqla böyüdüb. Amma o qədər mənəvi sərvətin sahibi edib ki, hələ də o xəzinənin kolgəsində yaşayıram. Ailəlikcə poeziya, xüsusilə, Məmməd Araz vurğunu olmuşuq. Uzun qış gecələrində hərəmiz Məmməd Araz dəryasından bir zərrə söyləməklə konlümüzə qida verərdik.


İ̇yirmi üç il kitabxana işində  müxtəlif vəzifələrdə işləmişəm. Və nəhayət, 2013-cü ilin fevral ayında özümü yeni işimdə tapmışam. Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində aparıcı-redaktor vəzifəsində işləməklə yeni bir dünyaya addım atmışam. Haliyədə həmin yerdə işləyirəm.


Şeir yazmağa uşaq yaşdan başlasam da, ilk kitabım 2009-cu ildə (“Mən şair olsaydım”), ikinci kitabım (“Nə qədər ki, insan var”) 2011-ci ildə nəşr olunub. Müxtəlif yerli saytlarda, qəzetlərdə, jurnallarda, Türkiyə mətbuatında və s. şeir, hekayə, publisistik yazılarla çıxış etmişəm. Şeirlərimə türk bəstəkarları mahnılar bəstələyib.


Həyat özümü axtarmaqla davam edir... Gec olsa da....


İÇİMDƏKİ SƏS


Üzür ruhun gəmisi
dünyanın boş üzünə,
Qəddarlıqla yoğrulmuş
bir az da xoş üzünə...


Ruhumu bu sahildən
o sahilə aparır...
gah da ki, göyə çəkib
yer üzündən qoparır...


Dalğaların telindən
tutub sürünürəm mən...
suyun əlini sıxıb
sakit görünürəm mən...


Kimsəsiz adaların
qovulmuş sakiniyəm...
üç nöqtədə yaşayan ...
nidanın hakimiyəm...


İçimdəki yad səslər
əllərimə toxunur...
gülür, gülür... sonra da...
tellərimə toxunur...

Deyir... yat... yat... oyanma...
məzardasan, ölüsən...
nə fərqi?.. ölməsən də...
ağıllı bir dəlisən...


Diksinib ayılıram...
səs qırılır, tökülür...
sonra... sonra... anidən
səsin beli bükülür...


Ölür yad səslər məndə,
için-için qocalır...
məndən uzaq zamanda
doğma bir səs ucalır...


SƏNSİZLİK


Bir ovuc göz yaşıydın...
gözümdə tutammadım.
Yandı tökülən yeri,
içimdən atammadım.


Vermə sözü, söz itər,
sözün gərəkdən düşər.
Qapı-pəncərəm bağlı-
yolun ürəkdən düşər.


Sabah yanar qələmin,
ağlar sirr, söz istəyin.
Ruh yox, sınar qələmin,
görməz bir göz, istəyin.


Əlin dəstəkdə titrər,
kirpık nəmı qucaqlar.
Mənli olan zil səsın
sınar, bəmi quçaqlar.


İsti, süd xatirədən
yanağına buz düşər.
Qopar qaysaq yaradan,
göynək yerə duz düşər...


Qor uçar, soba yanar,
gözün uçar dərinə…
Qəfil an yuxu gələr,
gözə ruhum görünər...


Apar məni, dəfn elə
sənsizliyin yasına…
Başqa kimsə gəlməsin
ruhunun qapısına…


BİRCƏ NƏFƏS KÜL UDUB...

                              
Bir gün məndən ayrılıb...
məndən mənə gələrsən,
Məni vərəqləyərək
təkrar əzbərləyərsən.


İzimi vərəq-vərəq
yuyub da, qurudarsan .
Gözlərə kül üfürüb
məni sən “unudarsan”.


Yandırıb küllərimi
göylərə sovurarsan.
Adımı, kimliyimi
atəşdə qovurarsan.


Deyərlər ki, sevgini
kül ağlayıb, kül udub,
Yaşadarsan sən məni,
bircə nəfəs kül udub...


Mən dolu vərəqlərə
odlu qanad verərsən.
Külüm susuz bir çiçək
koksün üstə sərərsən...


Qanayan ürəyindən
külümə qan verərsən
Yenidən yaşamaqçün
mənimlə can verərsən...


***


Sən bükülü xəyalı
Gözlərimdən asıram.
Yerə düşür, danışır,
Qulaq asıb, susuram.


Addım-addım gözündən
uzaqlaşıb gedirəm.
Bununla ən yaxını
uzaq aşıb gedirəm.


Səni söz darağında
didik-didik edirəm.
Yaraların qanayır...
Bunu mən də bilirəm.


Nə mənə ümid verib
Gözümü küllə ovut...
Nə də ipləri kəsib
Mənlə geriyə qayıt...


Ya sən məni məhv elə
Sərhəddi aşmış kimi...
Ya da karıx, səhv elə...
Məni cansız daş kimi...


Küləyin qollarında
Özünə apar məni.
Yağış damlalarında
Əllərin tapar məni.


Uzanıb göy üzünə,
Bulud-bulud sil apar.
Bu ağlayan ruhumu
Yerə umid bil, apar...


Sən bükülü xəyalı
Gözlərimdən asıram...
Yerə düşür, danışır,
Qulaq asıb, susuram...


SƏSSİZLİYİ OYATMA...            


Tənhalığın ağuşunda yox olub,
Sənlə dolu kimsəsiz şəhərdəyəm.
Addım-addım yeyirəm küçələri...
Damla-damla yağışdayam, zərdəyəm.


Su üzündə yox olası gəmitək,
Eşitmirəm addımların harayın...
Külək öpür uz-gözümü səhərdən,
Tellərimi dəli-dəli darayır...


Bir evim var səssizliyin içində,
Pəncərədə soyuq izlər qarışır.
Astanası hər addımı bələmir...
Tanış gözlər divarıyla danışır...


Çapır, çapır köhlənini içimdə...
Yavaş, külək! Səssizliyi oyatma...
Bu kimsəsiz şəhəri al tərkinə,
Mən qarışıq apar, bir də qayıtma...


Təranə ARİFQIZI

 





16.05.2020    çap et  çap et