525.Az

Fərid Şəfiyevdən Qarabağa aid filmlə bağlı açıqlama


 

Fərid Şəfiyevdən Qarabağa aid filmlə bağlı açıqlama<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistan-Azərbaycan münaqişəsinə dair “Dairənin hissələri” filmini şərh edib.

BMTM-dən verilən məlumata görə, “Barışıq resursları” (Conciliation Resources) təşkilatının çəkdiyi “Dairənin hissələri” (Parts of a Circle - https://vimeo.com/407942633) adlı film balans qorumaq pərdəsi altında işğalçı Ermənistanı qurbanına çevirdiyi Azərbaycanla bərabərləşdirmək məqsədilə edilən növbəti yanıltma cəhdidir. Filmdə münaqişənin ən vacib elementlərindən olan milliyyətçi və ekspansionist “Böyük Ermənistan” layihəsindən yan keçilib. Münaqişənin hüquqi çərçivəsinə qəsdən məhəl qoyulmur, əks halda bu, Ermənistanın qurduğu hekayələri tamamilə darmadağın edə bilər.

"Nə qədər ki, beynəlxalq ictimaiyyət və ekspertlər prinsipial mövqenin nümayiş etdirilməli olduğu məsələdə “neytrallıq” axtaracaqlar və Ermənistan-Azərbaycan və digər etnik, ərazi münaqişələrinə kökündən yanlış olan yanaşmalarını nəzərdən keçirməyəcəklər, sülhə nail olmaq çox çətin olacaq. Ümumiyyətlə, bəzi Qərb ekspertləri post-Sovet məkanındakı münaqişələrlə bağlı hər zaman ikili standart nümayiş etdiriblər. Ərazi bütövlüyü ilə bağlı Gürcüstan, Moldova və Ukraynaya qarşı sərgilənən birmənalı mövqe Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələrə gəldikdə bəzi hallarda yoxa çıxır. İstər dini qərəz, istərsə də Edvard Saidin oriyentalist konsepsiyasına uyğun bu yanaşma Azərbaycan cəmiyyətini Qərbdən uzaqlaşdırıb və radikal düşüncəli siyasətçilərin əlinə atıb", - F.Şəfiyev qeyd edib.

S.QARAYEVA

 





16.05.2020    çap et  çap et