525.Az

"Türk Dünyası Muzeylərinin həftəsi”nə start verilib


 

"Türk Dünyası Muzeylərinin həftəsi”nə start verilib<b style="color:red"></b>

Mayın 18-dən 24-dək Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə əməkdaşlığı ilə "Türk Dünyası Muzeylərinin həftəsi” keçirilməsi nəzərdə tutulur.

Layihənin məqsədi COVİD-19 pandemiyası ilə əlaqədar olaraq yaradılan karantin rejimində məktəbliləri dünya muzeyləri ilə tanış etmək və onların virtual ziyarətlərini təşkil etməkdən ibarətdir.

Layihə çərçivəsində mayın 18-dən başlayaraq 24-dək hər gün Türk ölkələrinin aparıcı muzeylərindən biri uşaq və gənclər üçün onlayn təqdimat və virtual ekskursiya təşkil edəcəkdir.

Mayın 18-də Azərbaycan Milli Xalça Muzeyi, mayın 19-da Qazaxstan Milli Muzeyi, mayın 20-də Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyi, mayın 21-də Türkiyənin Troya Muzeyi, mayın 22-də Özbəkistan Dövlət Tarix Muzeyi və mayın 23-də Macarıstan Milli Muzeyi öz eksponatlarını onlayn formatda təqdim edəcəklər.

Mayın 24-də proqram mərkəzin gənc bələdçiləri tərəfindən muzeylərə onlayn ekskursiyaların təqdimatları ilə yekunlaşacaq. Virtual eksursiyalara məktəblilərin və Bakı şəhəri həmçinin respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin qoşulması nəzərdə tutulub.

Qeyd edək ki, 18 may tarixi dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur.

Bununla əlaqədar olaraq, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən "Məktəblilər üçün muzey həftəsi" layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb.

Proqram çərçivəsində hər il mayın 12-dən 18-dək və ya mayın 18-dən 24-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə edərək "Muzey həftəsi" keçirilir.

Bu tədbirin uğurla həyata keçirilməsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu yaxından iştirak edib. Beş il ərzində maarifləndirici “Muzeylər həftəsi” proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeylərə 75 000-ə yaxın şagirdin ekskursiyası təşkil edilib.

S.QARAYEVA
 

 





16.05.2020    çap et  çap et