525.Az

Həsrətin adı: Laçın


 

Həsrətin adı: <b style="color:red">Laçın</b>

Bir həsrətim var Laçın adında. İldən-ilə artıb böyüyən, 28 yaşına çatan bir həsrət. Canımı sıxmaqdan daha betər, ürəyimi sızladan! İl üstə il gəldikcə dərinləşən bir dərdim var Laçın adlı. Hər daşında-qayasında, hər dağında-dərəsində bir sevgi dastanını gizlətdiyim, hər çiçəyindən, hər gülündən ruhuma həsrət qoxusu çəkdiyim, sağalmaz bir yaram var.

Bir xatirəm var Laçın adında. Hər il daha da əzizləşən, büsbütün canıma hopub hər zərrəsindən tarix süzülən. Sevimli bir fotom var Laçında çəkilən. Yamyaşıl yamacında, gülər üzüm, günəşdən qıyılan gözlərim. İndi həsrətlə baxır üzümə. Otları quruyub, günəşin qarşısına qara bir bulud keçib. 28 il öncə bu foto ilə əbədiləşdirilən sevincimin üzərində indi qəm görürəm, hüzün görürəm ucsuz-bucaqsız.

“Qasımuşağı”na ilmə-ilmə toxunan xoşbəxtliyim Laçının qərbindən uzanan qara buludun kölgəsində yoxluğa qarışdı. Göyqurşağı kimi rəngli səadət ilmələrim rəngsizləşdi, heçə döndü. Qızılboğazın yamacında keçən yaz axşamları doymadığımın uşaqlığın ən unudulmaz xatirəsidir. Laçın xatirəmin ən həzin notudur.
O yaz laçınlıların kölgəsində dincəldikləri tut ağaclarının barı düşmən tapdağında torpağa qarışdı. O yaz sonuncu dəfə samovar qaynadıldı Laçında. Qoxusu cücərmək üçün hələ də yolumuzu gözləyir Qızılağacın yamaclarında.

28 il ötdü. Həsrətim artdı, dərdim dərinləşdi, bizi ayıran illərin sayı çoxaldı. Gündüzlərimin rəngi, gecələrimin ahəngi, güllərimin, çiçəklərimin ətri dəyişdi. Günəş şəfəqlərini əsirgədi Laçınımın üzərimdən, buludlar dost oldu səması ilə. Bir qərinəyə yaxın zaman kəsimində dəyişməyən bircə şey var - Bakı ilə Laçın arasındakı 450 kilometrlik məsafə...


 

 

 

 





18.05.2020    çap et  çap et