525.Az

Dünya karantindədir - Billurə Aslanqızı yazır


 

Dünya karantindədir - <b style="color:red">Billurə Aslanqızı yazır </b>

Yer kürəsi adlı böyük bir "ev"də karantin elan edilmişdi. Bir-birini sevən, bir-birinə nifrət edən, bir-birinin üzünə gülüb, arxasında bıçaq oynadan bütün sakinlər eyni məkana - evə məhkum edilmişdilər, amma hərəsi öz otağında...


Artıq pəncərədən baxa bilirdilər yalnız ətrafa, dünyaya. Pəncərədən bayırda isə həyat davam edirdi, amma donmuşdu... Hər şey rəngarəng görünürdü, cəzbediciydi, lakin bozarmışdı, rəngsizləşmişdi... insanlarsız... Pəncərədən boylanan kəslər bir-birlərini aydın gördükləri qədər, boşluğa da baxırdılar.


Karantindəydi hər kəs. Kimisi həyatının fürsəti sayırdı bu məcburi tətili, yararlanırdı bacardığı qədər; kimisi üsyan edirdi virusun elan edilməmiş, qanunsuz "həbs" qərarına; kimisi də ətrafdakıları aldatdığını zənn edərək, özünü aldadırdı əslində: gizli addımlar atmağa çalışır, qəhrəmanlıq etdiyini sanırdı...


Karantin idi bütün dünyada: şimalda da, cənubda da, dağda da, meşədə də, yerdə də, göydə də... Böyüklər üçün də, kiçiklər üçün də... Hətta dirilər kimi, ölülər üçün də...


Adiləşmiş, bir-birinə bənzədiyi zənn edilən günlər qeyri-adiləşərək eyniləşmişdi. Artıq həftənin günlərini, ayın tarixini səhv salırdı bəzən beyinlər. Artıq hər kəsin özünəməxsus olan gündəlik həyat tərzi oxşarlıq nöqtəsində kəsişirdi. Müharibələr, aclıqlar, qətllər, sui-qəsdlər, soyuq savaşlar, qanlı mübarizələr görən insanlıq gözlə görünməyən, gizli, amma güclü bir düşmənlə qarşı-qarşıya idi. Əslində, harda, haçan və hansı şəkildə qarşılaşacağını da bilmirdi onunla. Amma varlığını, gücünü bilirdi. Əsas məsələ də elə bu idi. Ona görə də evinə çəkilmişdi bəşər əhli. İlin istənilən fəslində, günün istənilən saatında, ən çətin və ən xoş anlardan sonra belə rahatlana, özüylə qala biləcəyi, onun üçün ən təhlükəsiz və doğma yer olan evinə. Evi onu ağuşuna almışdı. Pəncərədən baxırdı artıq dünyaya, amma öz pəncərəsindən... Bu pəncərədən nələr gördüyü və görəcəyi isə onun özündən asılı idi. Evdəydi insan... Bəzən işdən, yorğunluqdan şikayətlənən, bəzən saxta münasibətlərdən bezib, etiraf etməyə gücü yetməyən, bəzən özünə ayırmağa vaxt tapa bilməyən insan düşünmək üçün geniş bir zaman çərçivəsində boşluğa düşmüşdü sanki... O boşluğu doldurmaq da öz əlindəydi. O dolan kimi qum saatı onu azad edəcəkdi. Onu və bütün yer əhlini... Hələliksə, evdəydi insan. Çünki ən doğru olan da, elə bu idi. Həmin anın, həmin durumun vahid qərarı. İbtidai icma quruluşundan bu yana həmişə nələri iləsə başqalarından fərqlənən, bəzən də fərqlənməyə çalışan insanın hamı ilə eyniləşməyə məhkum edildiyi dövr... Karantin dövrü...


Karantindəydi dünya...

 





18.05.2020    çap et  çap et