525.Az

Ədəbiyyat Muzeyində “Açıq qapı” günü - Foto


 

Ədəbiyyat Muzeyində “Açıq qapı” günü - <b style="color:red">Foto </b>

Hər il 18 may günü dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunan bu bayram hər il müxtəlif deviz altında keçirilməklə əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir.

Bu il Beynəlxalq Muzeylər Günü devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.

Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət, tarix və ədəbiyyat haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərilir.

Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olmuşdur. Ümummilli Liderimiz Heydər Əliyev həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmış, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirmişdir.

Ölkəmizdə fəaliyyət göstərən muzeylər koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Günü onlayn formada silsilə təqdimatlar və tədbirlərlə qeyd edirlər.

Beynəlxalq Muzeylər günündə AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini və muzeyin filiallarını ziyarət etmək istəyən insanların marağını təmin etmək məqsədi ilə muzeydə “virtual açıq qapı” təşkil olunmuşdur.

“Beynəlxalq Muzeylər Günü” münasibətilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında isə real olaraq karantin qaydalarına əməl etməklə “Açıq qapı” günü elan olundu. Gün ərzində rayonun mədəni-maarif müəsisələrindən, idarə və təşkilatlardan xeyli sayda ziyarətçilər muzeyin qonağı oldular. Muzeyin əməkdaşları ziyarətçiləri ekspozisiya ilə tanış etdilər və klassik ədəbiyyatımızın görkəmli nümayəndələri haqqında geniş məlumat verdilər. Ziyarətçiləri maraqlandıran suallar cavablandırıldı və onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirdilər, rəy və təkliflər kitabına ürək sözlərini yazdılar.

 





18.05.2020    çap et  çap et