525.Az

Qədim məsləhət unudulmur - Telman Orucov yazır


 

Qədim məsləhət unudulmur - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr


(Əvvəli ötən şənbə sayımızda)


Arıların və qarışqaların davranışlarının dəqiqliyi, əmək bölgüsü, intizamı, zəhmətsevərliyi heç bir müqayisəyə sığmır və bunun bəzi cəhətlərini yalnız nadir adamlarda tapmaq olar. İnsanın istəkləri, marağı, ehtirası, qərar qəbul etmək qabiliyyəti vardır. Onlar bəzən irrasional hərəkətlər üçün də istifadə olunur. Axı mühit də insan davranışına güclü təsir göstərir və onu arzuolunmaz hərəkətlərə sövq edir. Sirklərdə tamaşa üçün vəhşi heyvanlar, həmçinin, pişiklər, itlər təlimçi tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalmaqla məşq etdirilir, məhz bu yolla gələcək səhnə modeli hazırlanır. Bəzi ölkələrin sirklərində bunu nəzərə alaraq, məsələn, sirkin çox populyar olduğu Çində heyvanlarla tamaşa göstərilməsinə icazə verilmir, nömrələr yalnız artistlərin qabiliyyətinə və texniki vasitələrə əsaslanır. Zaman və mühit adlanan təlimçi isə daha amansız olur, insanları mənəvi və fiziki işgəncələrə, ağır sınaqlara, digər növ cəzalandırmalara məruz qoymaqla, onların xarakterini dəyişdirməyə müvəffəq olur, cəmiyyəti bütünlüklə poza bilir.
  

Cəmiyyətdə prioritetlər ierarxiyasına həsr olunmuş Maslou nəzəriyyəsi başqa cəhətləri, insanların ən aşağı, fizioloji tələbatlarından tutmuş mənəvi tələbatlarına qədər olanları, onların cəlb olunma xüsusiyyətlərini əhatə etməklə öyrənir. Onun köməyi ilə tələbatın, insan maraqlarının nə olduğunu anlamaq mümkündür. Aşağı silkə mənsub olanlar Maslou piramidasının ilk pilləsində dayanırlar. Lakin cəlb olunma problemini və insanın tanınması yolunu bu nəzəriyyə həll etmir. Həmin nəzəriyyədən göründüyü kimi, insanların ən aşağı və ən yuxarı tələbatlarında da mühüm fərqlər vardır və onlar cəmiyyətin mənəvi səviyyəsinə təsir etməmiş qalmır. İnsan bütövlükdə sirli aləmə malikdir, onun ləyaqətləri ilə yanaşı, ziddiyyətləri və qüsurları da az deyildir. Bunlar isə həm də cəmiyyətin təbiətində özünü büruzə verir.   
 

Qədim məsləhət unudulmur 


İlk dəfə Qay Yuli Sezar tərəfindən dilə gətirilən və Qədim Romada dövlət prinsipi səviyyəsinə qalxan "divide et empera" - "parçala və hökm sür" şüar rolunu oynayırdı. Bu siyasət Roma ekspansiyası üçün münbit şərait yaradırdı. Müasir dünyada qüdrətli dövlətlər öz rəqiblərinin gücünü parçalamağa səy göstərir və buna nail olduqda, sonrakı qələbəyə də əminlik yaranır.


Birinci Dünya müharibəsi ərzində Britaniya Almaniyanın müttəfiqi olan Osmanlı imperiyasını məğlub etmək üçün ərəb qiyamını meydana gətirdi. Bu,  müharibədəki tarazlığı Müttəfiqlərin xeyrinə dəyişdirdi. Hindistanda isə Britaniya imperiyası müxtəlif etnik qruplar arasında regional sərhədləri dəstəkləyirdi. Ərəblər Britaniyanın oyununda alət rolunu oynadilar.


Ərəblərin Osmanlı imperiyası idarəçiliyindən olan narazılığından fayda götürmək üçün britaniyalılar 1915-ci ildə Məkkə və Mədinə əmiri Şərif Hüseyn ben Əli əl-Haşimi ilə gizli razılaşma imzaladılar. Britaniya osmanlıların Suriyada məğlub edilməsindən sonra Qırmızı dənizə və Persiya körfəzinə,  Dəməşqdən Məkkəyə qədər uzanan Ərəb dövlətini yaratdı və 1916-cı ildə Hüseyn Osmanlılara qarşı müharibə elan etdi və beş ay sonra isə özünü Hicaz kralına çevirdi.


1918-ci ildə ABŞ prezidenti Vudro Vilson özünün 14 maddəsini nəşr etdirdi, onlar məğlub edilənlərlə Versal müqaviləsi bağlananda sülh danışıqlarının əsas bazası olmalı idi. On ikinci maddədə qeyd edilirdi ki, ərəblər, Osmanlı imperiyasına tabe olan digər xalqlar kimi "şübhə edilməyən həyat təhlükəsizliyinə və muxtar qaydada inkişaf imkanına heç bir narahatlıq hiss etmədən əmin olmalıdırlar".


Şərif Hüseynə məlum oldu ki, Britaniya ona verdiyi vədləri pozmuşdur. London həmçinin, Əbduləziz əl-Səud ilə müqavilə imzalamışdı, həmin şəxs həm də İbn Səud kimi tanınırdı. Bu müqaviləyə görə, Britaniya ona hər ay iri məbləğdə pul vermək şərti ilə də razılaşmışdı. Səud Məkkənin və Mədinənin müqəddəs yerlərini tutdu və indiki Səudiyyə Ərəbistanı dövlətini yaratdı.


Həm də britaniyalılar qəsd vasitəsilə Səudilərin bütün Ərəb yarımadasını birləşdirmələrinin qarşısını aldı. Bu birlik Persiya körfəzi vasitəsilə Hind okeanına çıxa bilərdi.


2014-cü ildə özünü İraq-Şam İslam Dövləti, sonralar sadəcə İslam Dövləti adlandıranlar bu iri adla kifayətlənməyib, xilafət yaratdıqlarını elan etdilər. Bununla onlar böyük Ərəb dövləti qurmaq istəyirdilər. İngiltərə, Fransa, ABŞ və Rusiya belə dövlətin qurulması şansını sıfıra endirdilər.


1920-ci ildə üç iri Avropa dövləti - Fransa, Böyük Britaniya və İtaliya təkcə Osmanlı imperiyasından azad olunmuş torpaqlara şərik olmaqla kifayətlənməyib, Şərqi Anatoliyanı (Anadolunu) ermənilər və kürdlər arasında bölməyə cəhd etdilər. Kürdlər mərkəzi Diyarbakır olmaqla Cənubdakı əraziyə sahib olmalı idilər və Osmanlı imperiyasından bütünlüklə müstəqil olmaqla, ilk dəfə öz dövlətlərini yaratmaq imkanına malik olurdular. Lakin onların ümidləri puç oldu. 1923-cü ildə Mustafa Kamal Atatürk Türkiyə Respublikasının prezidenti seçiləndə, onun ilk dekretlərindən biri kürdlərin müstəqil dövlət arzularını bütünlüklə ləğv etmək oldu. Avropa dövlətləri buna cavab olaraq Türkiyəyə müdaxilə edəcəklərini vəd etsələr də, kürdlər üçün bu, boş sözdən başqa bir şey olmadı.


Avropanın vahid orqanizmdə birləşməsi də mümkün olmur. Müasir dövrdə ABŞ Avropanın əsl birləşməsinə imkan verməmək üçün hər amildən istifadə edir. Çünki belə birləşmə Vaşinqtonun başlıca geosiyasi və iqtisadi maraqlarına ziyan vurmuş olardı. Hegemon dövlət kimi isə ABŞ zəifləyən Avropa və Çin, Hindistan və Rusiya kimi dövlətlərə, həm də dünyanın qalan hissəsinə öz təsirini artırmaq istəyir.


İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ABŞ-ın Dövlət katibinin adı ilə adlanan Marşall planı Avropanı diriltməyi, müharibənin yaralarını sağaltmağı nəzərdə tuturdu. Almaniya şəhərləri bombardmanlardan viran qalmışdı, əhali böyük ehtiyac içərisində idi. Əvvəlki dünya müharibəsində olduğundan da acınacaqlı vəziyyət yaranmışdı, çünki I Dünya müharibəsində Almaniya məğlub olsa da, düşmən əsgərinin ayağı ölkənin torpaqlarına dəyməmişdi. 1945-ci ildə isə Almaniya ərazisi bütünlüklə işğal olunmuş, Sovet qoşunları Berlində Reyxstaq üzərində qələbə bayrağı sancmışdılar.


ABŞ-ın yeni tədbiri heç də altruist xarakter daşımırdı, Vaşinqton qitəni yenidən qurmaqla Avropanın hökmən onun müttəfiqi olacağına ümid edirdi. Birləşmiş Ştatlar qitəni birbaşa idarə etmək bacarığına malik idi. Onun strateji maraqları da bu məqsədə xidmət edirdi.


Modernləşmənin özü də, göründüyü kimi, heç də sadə məsələ deyildir, onunla birlikdə ölkəyə həm də digər mədəniyyətin çox sayda elementləri daxil olur, yeniləşmə bu yolla, əslində, Troya atı rolunu oynayır. Odisseyin bu hiyləgər kəşfi Troyanın işğalına, əhalisinin qırılmasına və əsir götürülməsinə səbəb olmuşdu. Ona görə də müasir dövrdə də "qloballaşma" amerikanlaşmanın sinonimi kimi görünür, çoxları neoqlobalizmi də neokolonializm (yeni müstəmləkəçilik) adlandırır.


Təkcə Amerika bu istiqamətdə hərəkət etmir, Çin də birbaşa idarəetmə üsuluna can atır. Onun mədəni müdaxiləsi də birbaşa idarə etmək strategiyasının tərkib hissəsi olmaqla, özünün xeyrinədir. Çinin sıçrayışla inkişaf etmiş, göydələnlərinə görə az qala heç də Nyu-Yorkdan geri qalmayan şəhərlərini müşahidə etdikcə, adamda belə təsəvvür yaranır ki, qısa müddətdə belə tərəqqiyə malik olan ölkə və xalq çox ustalıqla dünyanı da idarə edə bilər. Çin hay-küyə, güc nümayişinə yol vermədən düşmənlərini özünə tabe etmək və qələbəyə döyüşsüz nail olmaq istəyir. Çin nailiyyətləri ilə öyünmür, texnologiyada, elmdə, kosmosda əldə etdiyi yenilikləri təbliğat vasitəsinə çevirmir, dünya qarşısında lovğalanmağa əl atmadan sakitcə öz nəhəng proqresini davam etdirir. Başqa bir xalq belə nailiyyətlərinə görə özünə vurular, dünyaya meydan oxuyardı, çinlilər isə təmkinlərini pozmadan böyük quruculuq işi görür və göstəricilərinin unikallığı ilə dünyanı heyran edir. Çinlilərdə nartsizm xəstəliyinə qarşı izah olunmayan bir immunitet vardır. Oyanmış şir kimisə ovlamaq fikrindən uzaqdır və anlayır ki, tam üstün qüdrətə malik olduqdan sonra digərləri nəinki onun əldə etdiklərini etiraf edəcək, bununla kifayətlənməyib, hökmən savanna şahının kölgəsinə sığınacaqlar. İşlər belə davam etsə, XXI əsrin ortalarına qədər dünyada qüvvələr nisbətini əsaslı qaydada dəyişən bu metamorfozanı artıq gizlətmək mümkün olmayacaqdır, bu, bütün bəşəriyyətin gözü qarşısında baş verəcəkdir.


ABŞ isə öz ekspansiya siyasətində mədəniyyət və incəsənətdən var gücü ilə və böyük ustalıqla istifadə edir. Amerikada icad olunan adı qida məhsulu və ya içki qısa müddətdə bütün dünyanı dolaşdığı, ən istehlak olunan qida məhsuluna çevrildiyi kimi, Amerika mədəniyyəti də özünün təlqin etmə xüsusiyyətlərinə görə çox asanlıqla yayılır və bütün dünyanı fəth etməyə müvəffəq olur. Hansı ölkədə "Makdonalds", KFC şəbəkələri yoxdur, hansı xalq Koka-kola və ya Pepsi-kola içməkdən imtina edir? Mədəniyyət növləri də onun kimi. ABŞ-ın qaradərili musiqiçiləri Avropada 1930-cu illərdə cazı geniş yayırdılar. Onlar Parisin konsert salonlarını doldurmuşdular. Hollivudda istehsal edilən filmlər - əlbəttə, onların yüksək bədii dəyərini, əla sənət əsəri olduqlarını da etiraf etməmək mümkün deyildir, amerikan dəyərlərini bütün dünyaya yaymaqları ilə seçilirlər. Kinofilmlərdə ölkədəki ədalət modelləri, təhsilin, hökumət quruluşunun şübhəsiz demokratikliyi və istehlak nümunələri amerikan dünyabaxışını ixrac edir, onlarda xeyirin və ya şərin tanınması heç də ikimənalı və ya məchul bir şey deyildir. Hollivudun yaratdığı incilər içərisində klassik film kimi şöhrət tapmış "Küləyin sovurduqları" və "Roma kanikulları"nda amerikan həyat tərzi, Cənubda qaralara xoş münasibət bəslənməsi, amerikan jurnalistinin Romada azmış avropalı prinsessaya kömək göstərməsi, bu gözəl qıza öz evində təmənnasız sığınacaq verməsi və bu vaxt öz davranışında köməksiz incə bir varlığa qarşı münasibətdə heç bir sui-istifadəyə yol verməməsi, alicənablığı hesabına sevgisindən də vaz keçdiyi göstərilir. Bir gün davam edən xoş macəraların təsiri altında prinsessa da jurnalistə vurulur və ondan böyük qüssə keçirməklə ayrılır. Vicdanlı gənc qız kimi öz səfirliyində bu sevgini yalnız kral taxt-tacının şərəfini nəzərə alaraq tərk etdyini dolayısı ilə etiraf edir.


Amerikanlar, ən çətin anda belə doğma torpağını sevən, onda əziyyətə qatlaşmağa hazır olan, əvvəllər isə əksinə, həyata yüngül baxan, ərköyün gənc qadının timsalında, kimsəsiz kimi görünən qızın ləyaqətinə xələl gətirməyə yol verməməklə öz nəcibliyini nümayiş etdirən jurnalistin şəxsində mənəvi cəhətdən zəngin, əxlaqi cəhətdən saf insanlar kimi təsvir olunurlar. Yaxud "Sıravi əsgər Rayanı xilas etmək!" filmində qardaşları İkinci Dünya müharibəsi cəbhələrində həlak olmuş, anasının yeganə oğlu kimi qalan sıravi əsgərin nə əziyyətlər hesabına axtarılması, tapılması və cəbhədən uzaqlaşdırılması və anasının yanına qaytarılmasında amerikan ədalətinin, hətta müharibənin də acı təbiətinə baxmayaraq işləməsi, zəfər çalması göstərilir. Normandiya desantından sonra Qərb cəbhəsində amerikanlar ölüm-dirim döyüşləri apardıqları bir vaxtda, adi bir sıravi əsgəri axtarmağa bütöv ordu cəlb edilir.


Filmlər amerikanlar haqqında ən yüksək fikir yarada bilir. Belə ki, "Yaşıl millər" filmində dustaqxana nəzarətçiləri insana nifrət simvoluna çevrilən xidmət yoldaşlarının iyrənc hərəkətlərinə dözmür, hətta onun incitdiyi məhbusların tərəfində çıxış edirlər. Ən dəhşətli cinayətkarların, real və səhvən bu ittihamla təqsirləndirilib cəzalandırılan qatillərin mühafizə nəzarətçiləri xidmətçiləri, əqli cəhətdən xəstə olan bircə nəfərdən savayı zindanın ağır şəraiti müqabilində də öz insanlıqlarını itirmirlər, dustaqlara mümkün qədər mərhəmətlə yanaşırlar. Amerikan filmləri çox şeyi öyrədir, lakin daha vacib amil kimi fövqəl qaydada amerikan xarakterinin yüksəkliyini və həyat tərzinin əlçatmazlığını təbliğ edir.


(Ardı var)

 





19.05.2020    çap et  çap et