525.Az

"Yaradıcılıq ismin yeddinci halıdır" - Vaqif Bəhmənli ilə müsahibə


 

ŞAİR VAQİF BƏHMƏNLİ İLƏ TÜRKİYƏLİ YAZAR ÜLKÜ TAŞLIOVANIN SÖHBƏTİ

"Yaradıcılıq ismin yeddinci halıdır" - <b style="color:red">Vaqif Bəhmənli ilə müsahibə </b>

- Vaqif Bəy, sizin yüzlərlə şeirinizi oxudum, hər biri bir dünya kimi. Çox etkiləndiyim, hüzünləndiyim şeirlərinizin yanında çox düşündürən əsərlərinizi də gördüm. O duyğulara, fikirlərə, həyata və insana tamaşa etmək məharətinizə heyran qaldım.  Bunları düşünürkən, Vaqif bəy bu duyğuları şeirlərlə yazmasaydı, nəylə anladırdı deyə, özüm-özümə sual etdim. Bu sualı indi bu şəkildə sizdən soruşmaq istəyirəm; Vaqif Bəhmənli bu şeirləri yazmasaydı, nə yazardı? Və ya şeir yazmasaydınız, yazı həyatınız bugünkü kimi olardımı?


- Əzizim Ülkü xanım, mənimlə ilgili söylədiyiniz dəyərli sözlərə görə dərin təşəkkürümü bildirirəm. “Hüzünlü mısralar” adlı Türkiyədə işıq üzü görən ilk kitabımı (Ankara, “Bengü”) Anadolu türkcəsinə çevirdiyiniz üçün sizə və bu işdə müstəsna hizməti olan, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub bəy Öməroğluna, ümumiyyətlə isə o kitabın ilk təşəbbüskarı AYB katibi, şair-publisist Rəşad Məcidə minnətdaram. Zəhmətinizi halal edin. Siz şeirləri elə məharətlə çevirmisiz ki, indi mən deyə bilərəm, “Hüzünlü mısralar” ikimizin kitabımızdır. Bir daha sağ olun!


O ki, qaldı birinci sualınıza, düşündürücü bir məqama toxunmusunuz. Bu sualın ən uyğun cavabı bəlkə də susmaq olardı. Çünki mən ədəbiyyatla, söz sənəti ilə bağlı olmayan, onun dışındakı Vaqif Bəhmənlini göz önünə gətirə bilmirəm. Həyat anlayışıma görə bu dünyada ədəbiyyatdan başqa hər nə varsa, gəldi-gedərdi. Bu, yalnız öz yazı-pozularımla deyil, dünyanın böyük ədəbiyyatına, ümumiyyətlə, ulu söz sənətinə bağlı bir düşüncədir. Ədəbiyyat - mənə görə hava, su, gün işığı, tarix, fəlsəfə, Vətən, türklük kimidir.
Ülkü xanım, biz kökü və tarixi eyni olan möhtəşəm, imperator duruşlu, şahanə bir ədəbiyyatın övladlarıyıq. Bunu sizə qədim və çağdaş dünya ədəbiyyatını türk və rus dillərinin, eləcə də fərdi həvəsin verdiyi imkan daxilində nəzərdən keçirən həssas oxucu kimi deyirəm. Müqayisə edirəm və hər dəfə qürur hissi duyuram ki, biz itib-batması heç mümkün olmayan belə bir varidata sahibik. Bəli, bu xəzinənin adı Türk xalqlarının ədəbiyyatıdır! Bu sərvət ilk növbədə ədəbiyyatı yaradan qüdrətli qələm ustadlarımıza məxsus olmaqla bərabər, heç şübhəsiz (və daha artıq), ədəbiyyat yaratmaqla məşğul olmayan insanlarımız, yəni xalqlarımız, millətimiz də bu hüdudsuz sərvətin sahibləridir! Nədir bu xəzinə? Bu, hər şeydən öncə bütünlüklə bizim folklor-el ədəbiyyatıdır, “Bilqamıs”, “Avesta”, “Orhon-Yenisey” yazıları, Yaranış və digər mövzularda Türk eposları (dastanlar), “Kitabi Dədə Qorqud”, “Qutadqu bilik”(Yusif Xas Nacib - Balasuqunlu), “Divani lüğət-it türk (Kaşğarlı Mahmud)... kimi abidələr, eyni zamanda, dövrün tələbləri ilə əlaqədar olaraq ərəb, fars və təqribən XII-XIII yüzilliklərdən başlayaraq türk dillərində yaradılan yazılı tarixi-klassik bədii əsərlərdir (Hələ diqqət edin, ən yaxın tarixdə Sovet məkanındakı Türk Cümhuriyyətlərinə aid bir çox türk yazarlar rus dilində də qiymətli əsərlər yaratmışlar; məsələn, Çingiz Aytmatov, Oljas Suleymenov, Çingiz Hüseynov, Rüstəm və Maqsud İbrahimbəyov qardaşları və b.). Hətta  mən bu sərvətlər siyahısının ən şərəfli yerində “Qurani Kərim”in, müqəddəs kitabımızın da adını yazardım.
Bəli, möhtəşəm dünya ədəbiyyatı bir  oxucu olaraq mənim, az qala, dünyanın özü boyda dünyamdır. Bu səbəbə görə bədii sözdən, ədəbiyyatdan fərqli hər hansı bir estetik özünüifadə sahəsində ruhumu burada olduğu qədər arxalı, rahat hiss edə bilməzdim. Avazla şərqi söyləməkdən, yəni muğam, musiqi oxumaqdan başqa (çünki bunun üçün gərək Allah-təala insana məlahətli səs, musiqini qavrama qabiliyyəti verə, məncə, musiqi söz sənətindən qat-qat elitardır və bəli, bu, Allah vergisidir) hər hansı bir yaradıcılıq sahəsi mənə görə qətiyyən əlçatmaz görünmür.


Uşaq vaxtı rəsmlər çəkirdim, qəribədir, əsasən yazıçıların (məsələn, Nizami Gəncəvinin, Molla Pənah Vaqifin, hətta Leninin...) portretlərini cızırdım. Daşa, taxtaya, bostan bitkilərinə (qarpız, yemiş, balqabaq...) göz, burun, qulaq qoyurdum. Sonra söz irəli çıxdı.


Az öncə dediyim kimi, incəsənətin bir çox növləri elitar xarakterə malikdir; məsələn, piano, violen, tar, kamançada ifa etmək, rəsm çəkmək üçün gərək hansısa professional mühitdə yetişəsən. Biz kənd uşaqları idik. Orada musiqi alətləri tədris olunmurdu. Yəni bunların məktəbi yox idi. 18 yaşa çatıb Bakıya gələndən sonra isə gözəl sənətlər peşələrinə yiyələnmək çox gec olurdu, baxırdıq ki, qatar artıq ötüb keçib... Əksinə, ədəbiyyat isə varlı-kasıblığından asılı olmayaraq hər bir evin öz içindəydi. Mənim anam, elə başqa analar da yüzlərcə nağıl, bayatı, şeir parçaları bilirdilər. Demək olar hər gün, hər axşam onları söyləyirdilər. Çox zaman analarımıza, dədələrimizə yalvarıb-yaxarırdıq ki, bizə filan nağılı söyləsinlər. Anam doqquz cocuğunu, yəni məni və digər bacı qardaşlarımı atasız böyüdüb. Bu, çoxdan olub. Bax o zamanlar anam mənim də şagirdi olduğum orta məktəbin kitabxanasının təmizlik işlərinə baxırdı. Bu o demək idi ki, orta məktəbin ibtidai siniflərindən yüzlərlə kitabla təmas imkanım vardı. Əgər ürəkdə söz eşqi yuva qurubsa, istisnasız olaraq hər bir ədibin ən güvənli müəllimi, ən doğru ustadı kitab və mütaliədir. Universitetlər yazıçıya fövqəladə bir şey öyrətmir. Çünki onlar irəlicədən təsdiq olunmuş proqram əsasında çalışırlar və məqsədləri heç də yazar yetişdirmək deyil. Yalnız kitablar və bir də dərin, düşünər həyat müşahidələri və bir də biri-birinə qovuşaraq hər dəfə yeni bir məna ifadə edən söz düzümündən şəxsən zövq almaq və başqalarına da zövq vermək, yəni insanlara təsir göstərə bilmək məharəti və şansı... sənətkar varlığını formalaşdıra bilər.


Nəhayət, sualınızın cavabını yekunlaşdırıb deməliyəm ki, yaradıcılıq prosesində janrlar, formalar şərtidir, onlar ədəbiyyatın tarixi-ənənəvi inkişafı ilə əlaqədar meydana çıxan şəkillərdir. Həqiqi yazarlar şeirdən tutmuş romana, publisistikadan tutmuş dram əsərlərinə qədər hər istiqamətdə qələmlərini sınamış və uğur əldə etmişlər. Mən özümü onlarla müqayisə etmirəm; poetik əsərlər həcmində, bəlkə ondan da çox nəsr əsərləri - sənədli roman və povestlər yazmışam, ruscadan tərcümələr etmişəm. Onların hər biri mənə görə şeirlərim qədər əhəmiyyətlidir. Daha doğrusu, əhəmiyyətli olmuşdur. Çünki istər şeir olsun, istərsə də nəsr, yazıb bitirdiklərim, oxucuların ixtiyarına verilən əsərlər yurddan qanadlanıb tamam başqa bir məkanda yuva qurmuş övladlarım kimidir, onlar öz həyatını yaşayır, məni yaşadan isə  düşüncəmdə olan, amma hələ yazmadıqlarımdı.


- İzninizlə qısa bir soruyla davam etmək istəyirəm söhbətimizə. Sizcə, həyatda gördüyümüz, hiss etdiyimiz, yaşadığımız, düşündüyümüz hər şey misralara çevrilə bilirmi?


- Məncə, ədəbi yaradıcılıq düşünüldüyü qədər sadə məsələ deyil. Predmetləri, doğal varlıqları, zaman və hadisələrin axarını bir kənara qoyaq, hətta yazıçının, sənətkarın içində olduğu həyat deyilən küllü-aləmin özü yazar üçün vasitələrdən biridir. Əlbəttə, həyat anlayışı sonsuzluq qədər geniş məna daşıyır, o, canlıdır, təkrarsızdır. Əslində, həyat varolmanın fəlsəfi ifadəsi, bizim əlimiz çatan və çatmayan aləmin ümumi adıdır. Həyat əsasdır, ancaq o, ədəbiyyat deyil. Ədəbiyyat da həyat deyil. Əgər gerçək həyat varsa və heç kim, heç bir vəchlə onun yenisini, yaxud əkiztayını yarada bilməzsə, hansısa yekundan, nəticədən söhbət gedə bilərmi? Ədəbiyyat şüur forması, insanın özünü ifadə yollarından biridir. Bütün elmlərin ayrı-ayrılıqda, özünə aid predmetləri var, ədəbi yaradıcılığın, onunla bağlı olan ədəbiyyatşünaslığın da predmeti var. Digər bütün emlər, müəyyən mənada həm də ədəbiyyatın predmetləridir. Təbii ki, ən başlıcası həyatın özü ədəbiyyatın predmetidir.


Ədəbiyyat yalnız maddi olanlardan deyil, həm də mənəvi olanlardan, başqa sözlə, idrakdan da istifadə edir. İdrak yalnız insanlara məxsusdur və o, fərdidir, ümumi anlayışlar hamıya aid edilsə də, fərdi baxışlar heç zaman təkrarlanmır. Bədii yaradıcılığın ürəklə heç bir əlaqəsi yoxdur. Ürək əzələdir, o, sadəcə bədənə qan dağıdıb onu işlədir. Yaradıcı şüurun bəhrəsi olan intelektual-bədii məhsul əslində, bütün hissiyat üzvlərinin, dad, qoxu, görmə toxunuş, bilik... bizim bildiyimiz və bilmədiyimiz bir çox amillərin iştirakı ilə meydana çıxır. Belə olduğu halda hiss edilən, yaşanan və düşünülənlərin hamısının misralara tökülə bilmə şansı yoxdur. Şair həyatın, hiss etdiklərinin heç mindəbirini yazmaq qüdrətində deyil. Bu, heç şairin borcu da deyil. Bəs nədir şairi söz Leylası ardınca Məcnun eləyib səhralara salan? Əlbəttə, bədii sözün əfsunu! Şair dünyadakı eşqdən fərqli bir eşq yaşamaq istəyir. Elə bir eşq ki, hamı orada ümumiləşir, birləşir və elə o andaca hamı orada ayrılır!


Ədəbiyyat, ədəbi yaradıcılıq ART-sənətdir, yəni estetikadır. Ədəbiyyatın elə epizodları var ki, onun qarşısında həyat da mat qalır. Bu mənada mən də istisna deyiləm. Əgər həyatımdan keçən hər bir anı ədəbiyyat baxımından dəyərləndirsəydim belə, yenə də bütün görüb-düşündüklərimi bədii sözə çevirə bilməzdim, sadəcə, əgər belə demək caizssə, kəşf və ixtiraların kəmiyyəti və keyfiyyəti indikindən hansı dərəcədəsə zəngin ola bilərdi bəlkə də...


- 2019-cu ilin temmuz ayında qiymətli eşim Prf. Dr. İshak Özkan Bəyəfəndiylə bərabər dünyanın ən gözəl, ən zərif, ən romantik, ən hüzünlü, ən görgülü, ən kültürlü şəhəri olan, bizim də heyran olduğumuz və çox sevdiyimiz Bakıya gəldik. Sizin könlünüz kimi bərəkətli və hüzurlu xanənizdə, halal süfrənizdə misafir olduq. Bizə yaşatdığınız o gözəl günlər üçün həyat yoldaşınız Rəhilə xanıma və sizə təkrar təşəkkür edərək söhbətimizə davam etmək  istəyirəm. Bakıda sizi izlərkən, dərin mənalı şeir kimi bir insan olduğunuz qənaətinə gəldim. Maraqlıdır, bu qədər gözəl bir insanın şeir yazarkən halı necə olur? Düşüncələri Qarabağ kimi yaralı, ruhu Xəzər kimi sirli, Bakı kimi sehrlidirmi? Təşəkkür edirəm.


- Şairlər iki şeyi çox sevərlər; sözün və sevdikləri insanların qulluğunda durmağı. Fəqət candan gələn bu iki istəyə heç vaxt tam qovuşa bilməzlər. Siz və İshaq bəy daha böyük sevgilərə layiqsiniz. Zatən siz Azərbaycanı yaxşı tanıyırsınız. Amma o, sizin bildiyinizdən də cazibədar bir ölkədir. Zamanınız yetmədi. Sizi doyunca gəzdirib dolaşdıra bilmədik. Amma nagüman deyiləm, zamanın özünün də zamana ehtiyacı var. Sağlıq olsun vaxt gələr cəmi türk dünyasını dolaşmaq fürsəti bularıq.


Azərbaycan dilinin qrammatikasında ismin altı halı var, bunlar əşyanın (varlığın) hal və hərəkət vəziyyətlərini bildirir. Məncə, yaradıcılığın heç bir məqamı bu altı hala sığmır. Yaradıcılıq ismin yeddinci halıdır. Hətta Tanrı tək, vahid olsa belə, onun halları sonsuzdur. Tanrı dünyanı yeddi günə yaradıb. Suyu, havanı, göyü, yeri, floranı, faunanı, insanı... Bunları O, ardıcıllıqla edib. Əvvəl etdiyinin nəticəsi xoşuna gəldiyinə görə sonrakını edib. Mənə elə gəlir ki, yaradıcılıq halı dərdlə yox - sirlə, sehrlə yox - zövqlə bağlıdır. Yaradıcı insan yaratdıqca, yaratdığında məna dərinliyinə, fikir ucalığına vardıqca gördüyü işdən zövq alır. Yəni yaratmaq Tanrıya xas bir cəhətdir. Yaradıcılıq - quşun havada sonsuz bir həvəslə qanad çalıb uçmağına bənzəyir. Adama elə gəlir ki, quş bütün aləmdən (dağ, meşə, su, insan, heyvan, nəbatat) fərqli olaraq uça bildiyinə görə sevinir. Həyat cilalı deyil, o, yonulmamışdır. Təbii ki, fövqəladəliyinə baxmayaraq, həyatdan qıraqda heç nə, o cümlədən, ədəbiyyat da ola bilməz. Həyat sözə hopduqca, ona qaynayıb qovuşduqca ədəbiyyat zənginləşir, cana gəlir. Bu mənada dərdli Qarabağ, ruhu sirli Xəzər, sehrli Bakı şairi dilləndirən səbəblərdən yalnız üçüdür. Mən onları indi siz dediyinizə görə ayrıca komponentlər halında göz önündə tutmağa cəhd göstərirəm. Zatən, mən onların bir parçasıyam. Onların içində yaşayıram axı. Hansı dərəcədə onlar mənimdirsə, o dərəcədə də mən onlarınam...


- Vaqif bəy, bir çox əsərinizlə tanışam. Bunların içərisində romanlar, məqalələr, dənəmələr, köşə yazıları... var. Bunları sıralayarkən ağlıma belə bir sual gəldi: sizi daha dəqiq ifadə edən şeirdirmi, yoxsa janrından asılı olmayaraq ümumən yazı sənəti?


- Mənim bir bacım oğlu var, Şahin adında, o, İncəsənət Universitetini bitirib, sonra başqa sahədə çalışdı. Şahin hələ qəbul imtahanlarına qatılmaq vaxtlarında kənddən Bakıya gəlib bizdə qalır və imtahanlara hazırlaşırdı. Bizim altıncı mərtəbədəki mənzilimizin küçəyə açılan eyvanı vardı. Şahin o eyvana çıxıb məlahətli, həm də uca səslə mahnı söyləyirdi. Mən onun səsini eşidib eyvana çıxır və deyirdim, nə olub, bacıoğlu, niyə belə ucadan oxuyursan, küçədən insanlar keçir, onlar səsi eşidib bizim eyvana boylanırlar axı... Şahin nə desə yaxşıdı, dedi, dayı, belə oxuyuram ha, bu, mənim özümdən asılı deyil, xəbərim olmur ki, nə zaman oxumağa başladım. Bax o Şahində musiqi necədirsə, məndə də eləcədir; yəni şeir, poetik düşüncə tərzi mənim təbiətimdir, bir növ xasiyyətdir. Bu, körpəlikdən belədir. Kənd yerində adətən balaca uşaqları da iş-güc ardınca yollayırlar. Xatırlayıram, beş yaşım olar, ya olmaz, valideynlərimin hamısı sağ idi o zamanlar. Babamın adı Qəbil idi, nədənsə Dilbər nənəm ərini adıyla yox, “Dəli” deyə çağırırdı, dəli-zad deyildi haa... Nənəmizə baxıb biz də onu “Dəli” deyə çağırırdıq. Tutalım, babam mənə deyirdi ki, “a bala, qaç gör süpürgəmiz harda qalıb, tap gətir”. İnanmazsınız, tapşırığın icrası haqqında hesabatı ona şeir formasında çatdırırdım, məsələn belə:


Boz atımı çapdım, ay Dəli,
Süpürgəni tapdım, ay Dəli... 


Günün ən əlamətdar hadisəsinə həsr olunmuş bu sətirləri uca avazla, aramsız, taa boğazım qovuşana qədər təkrarlayırdım. Məktəb üzü görməyən, şeir aləmindən xəbərsiz cocuğun davranışındakı çoxlu belə hallar təsadüf ola bilərmi? Düzdü, mən öz müsahibələrimdə yaradıcı gücün səviyyəsini bilik və zəhmət hesabına qazanılmış mənəvi potensialla, məhz bu əsasda əldə olunmuş nəticə ilə dəyərləndirirəm. Amma hər zaman onu da vurğulayıram ki, yaradıcılığın təməlində mütləq qaydada anadangəlmə istedad dayanmalıdır. Məgər səsi olmayan birisi ürəkləri titrədən şərqi söyləyə bilərmi? Duyumsuz və naşı barmaqlar tarı, sazı dilləndirməyi bacararmı? Deməli, bütün yaradıcılıq nailiyyətləri ilkin başlanğıcdakı yaradıcı nüvədən qaynaqlanır. Düz deyirlər ki, doğulan hər bir körpə yazılmayan bəyaz vərəqdir. İnsanın mənəviyyatının formalaşmasında isə onun mənsub olduğu mühit mühüm rol oynayır. Xoşbəxtlikdən, ya bəlkə bədbəxtlikdən mənim belə bir mühitim oldu: ata ocağımız, kəndim, Qarabağın təbiəti, ikiyə bölünmüş qədim bir yurdun kədəri ilə Araz qırağında doğulan bir körpənin erkən tanışlığı, kəndimizin tən ortasından keçən dəmiryolu, qatarlar ötərkən dəmiryolundan 200 metr aralıda yerləşən evimizin yüngülcə titrəməyi, Quruçay, Palıdlı bağ deyilən ormanlıq, Bozatı yəhərləyib dəyirmançı dədəmə nəsə aparmağım, geri dönərkən yemiş-qarpızla dolu xurcunu atla evimizə gətirməyim, kəndimizin ən dəcəl-xata uşaqları ilə dostluq eləməyim, atamın erkən - 37 yaşda ölməyi, əti-yağı demirəm, hətta bəzən çürəyin olmamağı... Sizcə, bu sadaladığım qaydada ömür yolu keçən birisindən şairdən başqa nə çıxa bilərdi ki? Bilirsiniz, Azərbaycanda şairlik çox çətin qazanılan bir tituldur. Minlərlə şeir yazanlar olub, indi də var. Klassik poeziya ilə işimiz yox (Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Sabir...), 20-ci yüzilliyin milli ədəbiyyatından millət uzaqbaşı üç-dörd nəfər haqqında şair kəlməsi işlədir. Məsələn, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz... Təbii ki, hər cür müqayisə qüsurludur, bəlkə və bəlkəsiz başqalarının onlar səviyyəsində, bir az da üstün yazıları var, hansısa bir yöndən baxanda daha zəngin irs yaradıblar. Xalq isə elə hey Səməd Vurğuna, Bəxtiyar Vahabzadəyə birmənalı olaraq həqiqi şair kimi baxır. Ötən əsrin 50-ci illərindən 80-ci illərinə qədər ədəbiyyata aşiq olan gənclərin böyük əksəriyyəti Bakıya ona görə gəlirdi ki, guya Səməd Vurğun olacaq, yaxud Bəxtiyar Vahabzadə. Bilirsiniz, Ülkü xanım, əlbəttə, yaradıcı əməyə kütləvi maraq, əsərlərinə kənardan verilən dəyər şair üçün heç də əhəmiyyətsiz deyil. Üstəlik, heç kəs öz ayranına turş demir. Xüsusən, öz əməyinə məna vermək istərkən ən doğru meyar, mənə görə, belə deyək, intellektual səmimiyyət ola bilər. Yəni sən öz yaradıcılığına ömründə heç olmasa bircə dəfə şüurlu, elmi şəkildə, obyektiv, tənqidi yanaşırsan və qəlbindən soruşursan ki, mənim ömür sərf etdiyim bu işin bir mənası varmı? Bu yazılar insanlara lazımdırmı? Şairin öz yaradıcılığına həqiqətə əsaslanan inamı ən doğru dəyərləndirmədir. Bütün bu dediklərimdən sonra ortaq məxrəcə gəlsək ki, Vaqif Bəhmənlini şair adlandırmaq olar, o zaman deyə bilərəm ki, şeir yaza bilmək qüdrətdir, ədəbi yaradıcılıq, şeir müəllifin özünüifadəsinin ən çətin yoludur. Həyatımı yalnız şeirə məhəbbətlə deyil, həm də şeirə ehtiramla yaşamışam. Mənim təhsil almaq, mütaliə etmək, qəzet-jurnal redaksiyalarında, dövlət idarələrində həqiqətən ağır zəhmətlərə qatlaşmağımın yeganə səbəbi məhz şeirə davam etmək həvəsi, poetik düşüncələrimi hansı bir tərəfəsə çıxarmaq arzusu olmuşdur. Düzdür, yazı yazmağa hardasa orta məktəbin 3-cü–4-cü sinflərində, yəni 8-9 yaşım olarkən şeirlə başlamışam. Yaşıl rəngli mürəkkəblə qəhvəyi cildli, içində uzaqbaşı 10 yarpaq vərəqi qalan dəftərçəyə iki şeir yazmışdım. O dəftərçə güman ki, atama məxsus olub. İlk vərəqdə kömür qələmlə “Qurani-Kərim”dən əl-Fatihə surəsi yazılıb, ardınca telefon nömrələri. Dəftərçənin axırdan üç səhifəsinə 55 il öncə iki “şeir” yazmışam. Hər iki yazıda qışı lənətləyir, baharı xilasa çağırıram. Amma mətbuatda işıq üzü görən ilk yazım adi bir xəbər yazısıdır; başlığı belədir - “Yanğın söndürüldü!” Orada kəndimizin taxıl zəmisinə od düşdüyündən, adamların atəşin qarşısını vaxtında almasından danışılır, şücaət göstərən həmkəndlilərimin adları yaxşılığa çəkilirdi. Belə çıxır ki, mən şeirə qar-sazaqla, jurnalistikaya, nəsrə odla-atəşlə gəlmişəm. Mətbuatda çalışdığım illərdə sırf sahə xarakterli, təsərrüfatla bağlı araşdırma reportajları çıxmaq şərti ilə sənədli nəsr olaraq o zamanlar yazdığım xeyli sayda publisistik düşüncələri bu gün də təkrarən çap etmək mümkündür. Və bir dəfə bunu etdim; “Sınıq güzgü” adlı 650 səhifəlik kitabımı nəşr etdirdim. Sonralar “Maqomayev planeti”, “Novruz”, “Vətənin ilhamı. Ömürdən reportaj”, “Ömrün beşinci fəsli. Kamran”, “Cabbar qalası” , “Məcnunun özü”... kimi irihəcmli nəsr əsərləri - sənədli povest və romanları demək olar ki, iki daşın arasında (bir yandan şeir, o biri yandan dövlət qulluğu-məmurluq) qələmə ala bildim. Düzünü deyim, əvvəl də söyləmişdim, əgər yazı dəyərli idrakdan gəlirsə, qələm peşəkar əldədirsə, hər hansı bir janrın, formanın o yazının keyfiyyətini öncədən müəyyənləşdirdiyi fikri yanlışdır. Yəni yalnız janra görə hələ yazılmayan, yaxud hələ oxunmayan yazının əhəmiyyət dərəcəsi bilinməz. Məncə, əsas yazmaqdır, inanaraq yazmaq, düşünərək yazmaq. Bir az qaba səsləndi bəlkə, nə fərqi övlad qızdır, yoxsa oğlan; əsas odur ki, onlar sevgidən doğulublar, sağlam doğulublar və topluma gərəkli olacaqlar...


- Zəngin  kitabxanaya sahibsiniz, bunu gözlərimlə gördüm. Çox oxuyan, araşdıran, incələyən olduğunuzu da bilirəm. Rəflərinizdə Türk dünyasından bir çox ədəbi əsər gördüm. Bunların arasında əski Türk dünyası ədəbiyyatından Mehmet Akif Ersoy, Tofik Fikrət, Cengiz Dağcı, Çingiz Aytmatov,  Reşat Nuri, Nazım Hikmet, Orhan Velidən tutmuş günümüzün yazarlarından Orhan Pamuka qədər və daha balkanlardan Doğu Türkistana qədər bir çox şair və yazar vardı. Təbii ki, bu çox gözəl və önəmli bir haldır. Kökləri, ataları, dili bir olan Türk millətinin bir-birini bilməsi, bir-birinə yaxın olması şərtdir. Bəs sizin bütün Türk dünyasında təsirləndiyiniz yazar və şairlər kimlərdir?


- Seyr etmək, yəni görmək, daim oxuyub zənginləşmək hər bir insanın ən dəyərli keyfiyyətlərindəndi. Bizim ünlü bir yazarımız var, Yusif Səmədoğlu. Səməd Vurğunun övladıdır. Rəhmətə gedib. Onun çox maraqlı hekayələri, “Qətl günü”, “Deyilənlər gəldi başa” romanları məşhurdur. Hekayələrdən biri “Bayatı-Şiraz” adlanır. Orada bir ortabab musiqiçi obrazı yaradılıb. Bu adamın dünyada tək bir istəyi var: hansı yolla olur-olsun 50 manat pul əldə etmək, onun da üstünü düzəldib tənha yaşadığı mənzilə televizor almaq... Allah bu 50 manatı qismət eləyir. O, restoranda sərxoş, amma pullu müştərilər üçün kontrabasda musiqinin qol-qanadını qıra-qıra “Bayatı-Şiraz” çalır. Dəhşətli şəkildə pis ifa edir. Amma müştərilər sərxoş olduqları üçün çıxarıb buna 50 manatı verirlər. O, tələm-tələsik işini tamamlayıb böyük sevinc içində sokağa qaçır, verilən pulu bərk-bərk ovcunda sıxıb. Hava qaralıb. Birdən bunun ayağı büdrəyir, yıxılır. Zarıya-zarıya qalxıb getmək istəyəndə gözləri göy üzünə sataşır. Göy üzü ulduzlarla dolu idi, Ay dörd tərəfinə süd kimi bəyaz nur çiləyirdi. Bax elə o an bu bədbəxt insanın yadına düşdü ki, o, televizor eşqi ilə alışıb-yandığı uzun illər ərzində bir dəfə də olsun başını qadırıb göy üzünə baxmayıb. Səhərdən axşamacan pul-para dalınca qaçan, illərlə başını yerdən qaldırıb göy üzünə baxmayan, kitab arası açmayan adamlar, nə yazıq ki, var və onlar zamanca artıb-çoxalırlar.  Sokratdan sərt tələblə soruşdular ki, sən nə üçün fəlsəfə ilə məşğul olursan, axı bu, yasaqdır, bizim həyatımıza ziddir? Müdrik cavab verdi ki, dərk etmədən, anlamadan yaşanan həyatın heç bir mənası yoxdur.


Bəşəriyyət bütün tarixi boyu dönə-dönə təsdiqləyib ki, bilik dünyanı dərk etməyin yeganə vasitəsidir. Görüb oxumaq, oxuyub görmək... Sənətkar hansısa bir forma alanacan, yəni özünün yazar obrazını yaradıncaya qədər illər boyu  kürədə qızdırılmış dəmir kimi döyülür. Bu şəkillənmənin əsl adı mütaliədir. Məhz savad, bilik sayəsində bilirsən ki, nələr yazılıb, nələr yox, nəyi yazmaq olar, nəyi yox! Siz Türkiyə türk ədəbiyyatından nə dərəcədə təsirləndiyini soruşursunuz. Bilirsiniz, həm də universitetdə dərs deyirəm, hər zaman tələbələrimə söyləyirəm ki, dünya ədəbiyyatı tam bir bütövdür. Milli ədəbiyyatlar onun parçalarıdır. Məncə, yazarın mütaliə seçimi elə nizamlanmalıdır ki, ədib özünü uluslararası ədəbi prosesin içində hiss etsin. Filosoflardan biri deyir ki, insan idrakının imkanlarını şişirtmək lazım deyil, yəni insanın dünyanı dərk etməsinin hüdudları var və o, məhduddur. Burada əsas olan odur ki, insan davamlı olaraq dünyanı dərk etməyə can atır. Evet, əsas canatmadır. Ən azı təməl kitabların seçimi yolu ilə yazarın kafasında dünya ədəbiyyatının bir xəritəsi cızılmalıdır. Bununla belə, əlbəttə, bizim üçün türkdilli ədəbiyyat xüsusi çəkiyə malikdir. Bu, tarixən belə olmuş, həmişə də belə olacaq.


Sizə də bəllidir ki, İslam Şərqində digər ictimai şüur formaları kimi, ədəbiyyat da üç mərhələ, üç tarixi mühit üzrə mövcud olmuşdur: a) islamaqədərki ədəbi mətnlər, b) islam düşüncəsinin təsiri altında XIX yüzilliyə qədər yaranan ədəbiyyat, d) yeni dövrün ədəbiyyatı. Son mərhələ 19-cu yüzildən ta bizim günlərə qədər gəlir. İlk iki mərhələ bəlli coğrafiyada yaşayan xalqların, o sıradan Türk xalqlarının müştərək (ortaq) ədəbiyyatıdır, bir çox şərikli dəyərlər var və onlar açıq-aşkar göz önündədir. Əlbəttə, ədəbiyyatşünaslar dövrüləşmə ilə əlaqədar daha çoxşaxəli incələmələr apara bilərlər və aparırlar da. Mən məsələyə ən ümumi şəkildə toxunandan sonra dərhal sorğunuzun cavabına bir qədər də yaxınlaşıb demək istəyirəm ki, Türkiyədəki Tənzimat tarixi dönəmi Azərbaycandakı (eyni zamanda, Rus imperiyasının işğalı altında olan digər türk xalqlarındakı) Avropaya canatma, maarifçilik hərəkatına uyğun gəlir. Əslində, həm Türkiyədə, həm Azərbaycanda baş verdikləri zamanın özündə də bu mədəniyyətlər biri-birindən qidalanmış, biri-birinə təkan vermişdir. Şəxsən mənim Türkiyə ədəbiyyatı ilə, ümumiyyətlə, bədii ədəbiyyatla tanışlığım, kitablara sonsuz marağım, onlara möhkəm tellərlə ömürlük bağlanmağım orta məktəb illəri ilə bağlıdır, bunu dedim. Həmin vaxtlar (20-ci əsrin 60-70-ci illəri) dünya ədəbiyyatından dəbdə olan əsərlər vardı: M.Servantes - “Don Kixot”, C.Svift - “Qulliverin səyahəti”, D.Defo - “Robinzon Kruzo”, C.Kuper - “Sonuncu magikan”, “Ləpirçi”, A.K.Doyl - “Baskervillərin iti”,  M.Tven - “Tom Soyerin Macəraları”, İ.Gete - “Gənc Verterin iztirabları”, T.Drayzer - “Amerika faciəsi”, “Dahi”, “Kerri bacı”, V.Hüqo - “Səfillər”, A.Düma - “Üç muşketyor”, O.Balzak - “Qorio ata”, E.Voyniç - “Ovod”, M.Rid - “Başsız atlı”, C.Bokaçço - “Dekameron”, C.London - “Dəmir daban”, Ç.Dikkens - “Olivetr Tvistin macəraları”, L.Tolstoy - “Anna Karenina”, F.Dostoyevski - “Cinayət və cəza”, E.Heminquey - “Əlvida, silah”, A.Ekzüperi - “Balaca şahzadə” və s. Xatırlayıram, Azərbaycan yazıçılarından M.Ordubadinin “Qılınc və qələm”, İ.Şixlının “Dəli Kür”, İ.Əfəndiyevin “Söyüdlü arx”, İ.Hüseynovun “Yanar ürək”, S.Qədirzadənin “Qış gecəsi”, Ə.Qasımovun “Adilənin taleyi” kimi romanları da əldən yerə qoymurduq. Açığı, o zamanlar U.Folkner, J.P.Sartr, C.Coys, F.Nitşe, Q.Markes, A.Kamyu... və başqa nəhənglərdən xəbərsiz idik. Bu yazarlardan bir çoxunun yayımına sovet hakimiyyəti icazə vermirdi. Gərək xarici roman rus dilinə çevrilib Moskvada çap olunaydı, o romanın digər xalqların dilinı çevrilməsi Moskva tərəfindən tövsiyə ediləydi, ondan sonra... Əslində, biz bunlara elə də çox əhəmiyyət verməzdik, sadəcə əlimizə nə keçirdi gözümüzə təpirdik, doymadan oxuyurduq. Hənin vaxtlar Türkiyə ədəbiyyatı da bizə çətinliklə olsa da yetişirdi, var idi. Məsələn, Tofiq Fikrətin:


Çiğnədi, yetər, varlığımız cehl ile kahre;
Doğrandı mübarek Vatanın bağrı sebebsiz!
Birlikde bu gün bulmalıyız derdine çare.
Can kardeşi, kan kardeşi, şan kardeşiyiz biz,
Millet yolu, hak yoludur tutduğumuz yol,
Ey hak, yaşa, ey sevgili millet, yaşa... var ol! -


- misraları mənə və dostlarıma ilk gənclik illərindən tanış idi. T.Fikrətin Azərbaycan ədiblərindən Məhəmməd Hadiyə, Abbas Səhhətə, Mirzə Ələkbər Sabirə, Cəfər Cabbarlıya, Hüseyn Cavidə, Mikayıl Müşfiqə, Rəsul Rzaya... təsirsiz ötüşmədiyini davamlı mütaliələr zamanı müşahidə etdim. Sonra, M.E.Yurdakulun bu sətirləri yadıma düşür:


Ben bir türküm, dinim, cismim uludur,
Sinəm, özüm atəş ilə doludur,
İnsan olan vətəninin kuludur
Türk övladı evdə durmaz, gedirəm!


Mehmet Akif Ersoyun “İstiqlal marşı”nı dərnəklərdə əzbərdən söyləyirdik:


Basdığın yerləri “toprak” deyərək keçmə, tanı!
Düşün altındakı binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıkdır atanı,
Verme dünyaları alsan da bu cennet vatanı!


Eyni zamanda, Türkiyə hekayə və roman yazarlarının saf, doğma dillə canlandırdıqları həyat lövhələri, Anadolu təsvirləri, əsərlərdəki millətçilik, vətən ruhu, xüsusilə məhəbbət və eşqin tərənnümü çox cazibəli idi. Yaşar Kamalın “İncə Məmməd”, Rəşad Nuri Güntəkinin “Çalıquşu”, “Damğa”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü”, Suat Dərvişin “Fosforlu Cevriyyə”, Səbahəddin Alinin “Xəz paltolu Madonna”, “İçimizdəki şeytan”, Əziz Nesinin “Taxtalıköydən məktublar”, “İndiki uşaqlar möcüzədir”, “Futbol kralı” kitablarını heç unuda bilmirəm. Ötən əsrin 60-cı illərində Bakıda Türkiyə şairlərinin əsərlərindən ibarət bir şeir toplusu çıxdı: ”Şəhər, axşam və sən...” gərək ki adı beləydi. Elə də qalın kitab deyildi. Həmin kitabın 1960-lardan başlayaraq ədəbiyyata gələn gənclərə xeyli təsiri oldu. Xüsusilə çağdaşlığı duymaq baxımından. Bizdə Yunus Əmrə, Qaracaoğlan, Aşıq Veysəllə həp bərabər, Nazim Hikmət başda olmaqlaTürkiyə şairləri çox sevilir və oxunur: Orxan Vəli, Necib Fazil, Fazil Hüsnü Dağlarca, Əbdürrəhim Karakoç, Baheddin Karakoç, Yavuz Bülənd Bakilər, Ali Akbaş... Əgər yadınızda qalıbsa, bizim kitabxanada daha iki qiymətli kiab var idi: Əhməd Kabaklının 5 cilddən ibarət ”Türk ədəbiyyat” və 1999-cu idə Ankarada nəşr olunan “Ən qədim dövrdən bu günə qədər Türkiyə Türk Ədəbiyyatı”. Bu iki kitab mənə Türkiyə ədəbiyyatını ətraflı mənimsəməyə, bu zəngin qaynaqlardan daim bəhrələnməyə yardımçı olur.


- Ədəbiyyat, yazı həyatının cəminə toplu bir baxışdır, deyə düşünürəm. Bu fikrimə siz nə deyərdiniz, bilmirəm. Qarşımda şeirlərinə, ailə həyatına və şəxsiyyətinə heyran olduğum şair olunca; şeir hansı dərəcədə sizin varlığınızı ifadə edə bilir, deyə soruşmaq istəyirəm.


- Azərbaycan dilinin izahlı lüğətində yazılıb ki, ədəbiyyat hər hansı bir xalqın, dövrün və ya bütün bəşəriyyətin yaratdığı elmi, bədii, fəlsəfi və s. əsərlərin məcmusudur, yəni cəmidir. Ədəbiyyat dedikdə yalnız bədii əsərlər deyil, həmçinin, bütün yazılı əsərlər, nəşrlər nəzərdə tutulur. Təbii ki, biz bu söhbətimiz zamanı obrazlı təfəkkürün məhsulu olan, yazıçı, şair, ədəbiyyatşünaslar, hətta xalqın özü tərəfindən (folklor, şifahi xalq ədəbiyyatı) yaradılan bir mənəvi sərvətdən bəhs edirik.


Bədii ədəbiyyat, yaxud ədəbi əsər bədii söz yaradıcılığı sənətinin məhsulu və predmetidir. Sualınızın mətləbinə daha da yaxınlaşmaq üçün onu da xatırlatmaq istəyirəm ki, bədii yaradıcılıq mütləq şəkildə fərdi səciyyə daşıyır. Ona görə də hətta min il bundan əvvəl baş verənlər barəsində yazılmış tarixi romanda belə yazıçı, yazıçının həyatı, ruhu, idealı, arzuları sakindir, yəni orada məskundur. Bununla belə, bədii əsər yalnızca yazıçının bioqrafiyasının və şəxsi, fərdi yaddaşının əsiri olub qala bilməz. Yaxud əksinə, fərdi yaddaş və bioqrafiyanın iştirakı olmadan da ədəbiyyat yaratmaq mümkün deyil, həqiqətən bir çox qiymətli əsərlərin özülündə (təməlində) yazıçı fərdiyyəti - yazıçı yaddaşı və bioqrafiya dayanır. Digər tərəfdən mütaliə olunduğu halda müəllifini hiss etdirməyən əsərlər də çoxdur və bəlkə daha çoxdur. Deyək ki, biz Q.Q.Markesin “Patriarxın payızı”, yaxud “100 ilin tənhalığı” romanlarını oxuyuruq; Markesin tərcümeyi-halı hanı bu əsərlərdə? Suala cavab vermək üçün, məncə, dahi yazıçının “Xatırlayıb danışmaq üçün yaşamaq” adlı xatirələr kitabını nəzərdən keçirmək lazım gələcək. Əslində, şəxsin ədəbi əsərin yaranmasındakı rolu ədəbiyyatşünaslara aid müzakirə mövzusudur. Əsas məsələ əldə olan əsərin təsir gücü, cazibəsidir, bu keyfiyyətlərin əsərdə olması isə yazıçıdan istedad, bilik və sənətkarlıq tələb edir. Yəqin siz də razılaşarsınız ki, şeirdə yazarın tərcümeyi-halı, yəni həyat hekayəsi daha qabarıq və ön plandadır. Lakin bu o demək deyil ki, şair “içindən çölə çıxıb” ətrafa nəzər salmamalıdır. Şeirdə şairin ruhu hiss və duyğuların səmimiliyində, hadisəyə münasibətin xarakterində, təsvir edilən həyat lövhələrinin canlı olmasında, deyim, üslub bənzərsizliyindədir. Təbii ki, janrından asılı olmayaraq hər bir bədii yazıda sənətkar fantaziyası və şəxsi həyatdan gələn motivlər lazım olan miqyasda iştirak edir, yaxud etməlidir. Bütün hallarda qalıcı (yaşarı) əsərin yazılması üçün intellektual yaddaş, bilik səviyyəsi heç də təbii yaddaşdan az önəmli deyil. Çünki mükəmməl mütaliənin özü də sonradan yazıçının tərcümeyi-halının bir parçasına çevrilir. Başqaları bəlkə başqa sayaq düşünür, bilmirəm, güman edirəm ki, indiyə qədər yazdıqlarımda bir az öncə söylədiyim şərtlərə əməl olunub. Sözümdən belə çıxmasın ki, yazar əlinə qələm alanda, yaxud yazmaq üçün kompüter arxasına keçəndə masasının bir küncünə də ədəbiyyat nəzəriyyəsi kitabı qoymalıdır. Xeyr, yaratmaq imkanı yetərlidirsə, söylədiklərim təbii şəkildə, hiss olunmadan meydana gəlir.


- “İçində olduğumuz “bu an” əzəli ilə əbədinin birləşdiyi nöqtədir” - deyir İshak Özkan. Vaqif Bəy, sizcə, şeirdə belə bir imkan varmı, hər hansı bir insan, hər hansı bir zamanda gözəl bir şeir oxuyub, anlayıb onu yaşasa, həmin o qovuşaq nöqtəni tapa və dərk edə bilər? Çətin sual oldu deyəsən? Amma əminəm ki, nə demək istədiyimi anlada bildim.


- Keçmiş - şərəfli olduğuna, indi - reallığına, gələcək xəyallarına görə mənalıdır. Keçmiş və gələcək bu günü, indiki anları yaşamağa kömək göstərir. Mənim aləmimdə poeziya, şeir insan ömrünə, insan düşüncəsinə məxsus unudulmaz anlardan hörülmüş bir çələng, zəngin çeşidli bir xalıdır. Biz indiyə keçmişdən gəlirik, içində olduğumuz andan isə gələcəyə gedirik. O üzdən İshak Özkan hocamız doğru söyləyir ki, şu an əzəl ilə əbədinin birləşdiyi nöqtədir. Bizim vəzifəmiz içində olduğumuz anları mümkün qədər maddiləşdirmək, mənəvi sərvətə çevirməkdən, maddiləşmiş mənəvini insanlığın xidmətinə verməkdən  ibarətdir. O şair xoşbəxtdir ki, onun zamandan qoparıb topladığı bəhrələr başqalarına könül rahatlığı verir, ötüb keçənləri yenidən yaşamağa, gələcəyi düşünməyə imkan yaradır.


- Az öncə bəhs etdiyim kimi, şeir dışında bir çox əsəriniz var, amma məxsusi olaraq şeirlə əlaqəli danışmaq istəyirəm. Təbii, icazəniz olursa. Sizcə, şeir yazmaq bir az da insanın kamil olma halıdırmı? Nədən belə düşündüyümü sorarsanız, deyərdim ki, həqiqəti hiss etmək, kainatı seyr etmək, haradan gəlib haraya getdiyinizi bilmək və bunları şeirlə, nəsrlə, digər ədəbi janrlarla ifadə etmək insanın kamilliyinə şəhadət vermirmi?


- Yaradıcılıq təfəkkürün adi halı deyil. Bu, xüsusi bir bacarıqdır, biz onun adına istedad deyirik. Əvvəl də olduğu kimi, istedadın Allah vergisi olduğunu bir daha təsdiqləyirəm. Bunu da deyirəm ki, bəyənilən əsərlər yazmaq üçün yalnız istedad kifayət etmir. Çünki ən müxtəlif istiqamətlər üzrə istedad demək olar ki, insanların əksəriyyətində var. Əsas məsələ, necə ki, bir bulağın gözünü açarsan, yolunu təmizlərsən, həmin çeşmə daha gur axıb gedər, istedad da elədir. Ona bir başqası yox, sən özün yol açmalısan. Deməli, yaradıcılıq üçün ilahi başlanğıc, bilik və xeyirxah ürək lazımdı. Bunlar isə böyük zəhmət, sənətə sevgi, sözün və həyatın əzablarına qatlaşmaqla gerçəkləşir. Kamil olmayan insana necə yaxşı deyə bilərik? Nazim Hikmət söyləyir ki, əgər sən deyirsənsə, mən şairəm, deməli, sən deyirsən ki, mən yaxşı adamam! Nə yazırsan yaz, hansı işi görürsən gör, sənin yaratdığın o zaman gərəkli olur ki, başqalarının həyatına, ovqatına, düşüncəsinə işıq qatır...


- Vaqif bəy, əslində, kəlmələr və düşüncələr yalın və çılpaqdır, şairlər onlara ən gözəl əlbisələri geyindirib şeir yaradırlar, elə deyilmi? Az öncəki sorunun tam tərsi oldu bu soru. Qoy elə olsun. Baxaq, bu tərəfdən yanaşanda nələri söyləyəcəksiniz?


- Obrazlı deyilərsə, bəli, şairlər sözə “don biçirlər”, amma bu o demək deyil ki, onlar dərzidirlər. “Dərzi” bilirsiz də kimdi, əlbisə tikən usta. Şairlər, əziz Ülkü xanım, insanlığın daha gözəl sabahı üçün mübarizə aparan, insanlığa daim şərəfli keçmişi xatırladan, ürəkləri qanadlandıran, mərd, həmişə həqiqətin yanında olan, ananı, ailəni, Vətəni, milləti... hamıdan çox sevən və başqalarını da belə bir ucalığa çağıran fikir, düşüncə adamlarıdırlar. Məncə, şairləri eləcə, sözlə oynayan, sözdən söz çıxaran uşaq kimi təsvir etmək yazıçı obrazını təhrif edir. Belə məsələlər hərdən oxucuya izah olunmalıdır. Əksinə, bizdə, elə sizdə də insanların ədəbiyyata, şeirə münasibətində bir soyuqluq var. Bilirsiz, ədəbiyyat insanların ruhunu təmizləyən əsas qaynaqlardan biridir. Doğma dilimiz məhz onun sayəsində min illər boyunca yaşayır, nəsillərdən-nəsillərə ötürülür, cilalanır. Söz çeşməsini qurumağa qoymaq olmaz. Amma bizim günlərdə şairləri ruhlandıran, eyni zamanda, onlara gördükləri işin böyük məsuliyyətini xatırladan şeylər çox azdır. Əksinə, indiki durum saysız-hesabsız “şaircikləri” körükləyib salıb ortalığa, onlar beyinlərinə gələn min dürlü səfsəfəni, müxtəlif pozda rəngbərəng fotolarını “Facebook”, “Yootube”, “Tvitter” ekranlarında görməyi çox xoşlayırlar. Əslində, belə xaosda həqiqi qələm adamlarının yazmaq inadkarlığı qəhrəmanlıqdır. Mücadiləyə dəyərmi? Dilimizin və millət ruhunun saflaşması naminə, məncə, dəyər...


- Bilirsiniz, Vaqif bəy, sizin əsərlərinizi oxuyarkən sanki özümü könülləri görməyə, könüllərdə səyahət etməyə çıxmış kimi hiss edirəm. Həqiqətləri o qədər aydın və gözəl ifadə edirsiniz ki, insan bilmədən nəfsinin paklığının işığına bürünür. Söylənəcək çox sözüm, sorulacaq çox sorum var, amma sizin də çox işinizin olduğunu bilirəm. Ürəyində şeir çırpınan insanlar azad bir ölkə kimidir, o ölkədə bizə də yer verdiyiniz üçün çox təşəkkür edirəm. Sizin kimi möhtərəm bir insanı tanıdığım üçün taleyimdən razıyam. Ata yurdum Azərbaycana ürək dolusu salam və sevgi göndərirəm. Sağ olun.


- Sovetlər zamanında qəzetçiliklə ilgili belə bir peşəkar mübahisəni xatırlayıram: müsahibənin, yəni mətbuatda indi sizin mənimlə apardığınız belə bir söhbət-sorğunun müəllifi kimdir görəsən? Sualı verən, yoxsa o sualları cavablandıran insan? Belə yazılar birmənalı olaraq müştərək yazılar sayılmalıdır.


Zamanında, qəzet və dərgilərdə çalışarkən mən də çoxlu insanlara sorğular ünvanlayıb cavablar almışam. Çoxlu suallara cavab da vermişəm. Düzünü deyim, o zamanlar kiməsə verdiyim suallarının əksəriyyətinin cavablarını özüm irəlicədən bilirdim. Bəzən müsahibimdən daha mükəmməl bilirdim. Çünki qarşımdakı insanı mükəmməl bir şəkildə öyrənib tanıyandan sonra onunla görüşürdüm. İndi, Ülkü xanım, sizin mənə bəslədiyiniz ehtiram, yazılarımı oxumağa sərf etdiyinz həftələr, aylar o qədər yetərlidir, yəni siz məni o qədər yaxından tanıyırsınız ki, məndən sorduğunuz sorulara mənin yerimə özünüz də cavab verə bilərdiniz. Azərbaycana məhəbbətinizin necə dərin olduğunu bilirəm. Dərin təşəkkürlərim var! Canım-ciyərim, xəyallarımın və ruhumun məmləkəti gözəl Türkiyəmə salamlar olsun! Ən yaxın fürsətlərdə görüşmək üzərə, sağ olun, salamat qalın!

 





20.05.2020    çap et  çap et