525.Az

UNEC 90 illiyinə doğru


 

"UNİVERSİTETİN QARŞISINDA DAHA BÖYÜK HƏDƏFLƏR VAR VƏ ONA DOĞRU İNAMLA İRƏLİLƏYİR"

UNEC 90 illiyinə doğru<b style="color:red"></b>

İyunun 19-da regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaradılmasının 90 ili tamam olur.


1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri var. UNEC ölkədə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib.


UNEC-in rektoru, professor Ədalət Muradov deyir ki, Ümumilli lider Heydər Əliyevin universitetin 70 illik yubiley tədbirində çıxışı zamanı ölkə iqtisadiyyatını irəli aparmaq, dünyanın mürəkkəb maliyyə, iqtisadi sisteminə qoşulmaq üçün müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazım olduğunu kollektiv qarşısında duran əsas vəzifə kimi qoyub. Bu vəzifələr universitetin inkişaf strategiyasının əsasını təşkil edir və davamlı olaraq müvəffəqiyyətlə icra olunur.


Millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev deyir ki, UNEC yaxın gələcəkdə ölkəmizdə və dünyada ən məşhur universitet olacaq: "Son illərdə UNEC çox böyük inkişaf yolu keçdi. Demək olar ki, universitet təmamilə yeniləndi. Şəffaf idarəetmə sistemi bərpa olundu, elmi-tədqiqatların keyfiyyəti yüksəldi, vaxtilə yaşanmış bütün neqativ hallar aradan qaldırıldı. Tədqiqat universitetinin cığırını açdı.  UNEC indi köhnə adı ilə, yəni "narxoz" deyə çağırılmır. Düşünürəm ki, yaxın gələcəkdə UNEC tədqiqat universiteti kimi Azərbaycan və dünyada ən tanınmış ali məktəblərdən olacaq. Universitet beynəlxalq reytinq cədvəllərində öz mövqeyini qoruyub saxlayır və inkişaf yolunda irəliləyir. Pandemiya dövründə UNEC-də  yaradılan distant təhsil mərkəzi  təhsilin fasiləsizliyini təmin etdi. Hesab edirəm ki, UNEC-in qarşısında daha böyük hədəflər var və ona doğru inamla irəliləyir".


E.Əliyevin sözlərinə görə, UNEC-in rektoru Ədalət Muradov çox innovativ şəxsdir. Ali təhsil sahəsində zəngin ideyalara sahibdir. O, iqtisadiyyat elminin gələcəyini görür: "Bu fikirləri UNEC İctimai Nəzarət Şurasının koordinatoru kimi apardığım müşahidələr əsasında bildirirəm. Universitetin maddi-texniki bazasının yaxşılaşdırılması, keyfiyyətli təhsil mühitinin yaradılması, elmi-tədqiqatlarının istiqamətlərinin genişləndirilməsi, kollektivdə yüksək mədəni abu-havanın yaradılması, böyük kitabxananın qurulması son illərdə həyata keçirilən müsbət işlərdir. Düşünürəm ki, rektorun UNEC-i inkişaf etdirmək üçün kifayət qədər ideyaları var və bu istiqamətdə var gücü ilə çalışır".


Professor, Əməkdar elm xadimi Şahlar Əsgərovun sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universiteti artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir: "Son illərdə UNEC-də bir çox zəruri islahat aparılıb və müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb. UNEC-də qiymətləndirmə ilə əlaqədar yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı təmin etməkdir.  UNEC tədqiqat universitetinə çevrilmək istiqamətində qarşıya qoyduğu strateji hədəfə qısa bir zamanda çata bilib. UNEC-in 100 illik yubileyinə qədər dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməsi nəzərdə tutulub. Mən əminəm ki, UNEC daha tez bir müddətdə hədəfinə çatacaq və dünyanın ən yaxşı 500 universitetindən birinə çevriləcək".


Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov  bildirib ki, UNEC-in uğurlarını yüksək qiymətləndirir və gələcək üçün  daha böyük nailiyyətlər gözləyir: "Bu gün Azərbaycanda bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi islahatlar həyata keçirilir. Qanunvericilik bazası təkmilləşdirilir, təhsil standartları yenilənir, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təhsil sahəsinə xüsusi diqqət yetirir. Qeyd etmək lazımdır ki, hər bir ölkənin inkişafı onun təhsilinin səviyyəsi ilə bilavasitə bağlıdır. Yüksək təhsili təmin etmədən böyük uğurlara imza atmaq mümkün deyil. Bu baxımdan yüksək biliyə malik peşəkar kadrların yetişdirilməsi üçün təhsilin səviyyəsinin yüksək olması xüsusi əhəmiyyət daşıyır.


Bu gün bir sıra Azərbaycan universitetləri təhsilin səviyyəsinin yüksəldilməsi, yeni təhsil standartlarının hazırlanması, bu sahədə beynəlxalq standartların tətbiqi, rəqabətədavamlı təhsil sisteminin qurulması istiqamətində ciddi səylə çalışırlar. Bu ali təhsil müəssisələri sırasında UNEC-in özünəməxsus yeri var. Həqiqətən UNEC son illər böyük uğurlara nail olub. Burada universitetin rektoru professor Ədalət Muradovun ciddi səyləri, əzmkarlığı və prinsipiallığı yüksək qiymətləndirilməlidir. Universitetin daima üzərində işlədiyi, yeniliklərin axtarışında olduğu, kadr bazasını təkmilləşdirməkdə maraqlı olduğu, təhsil ekspertləri ilə davamlı olaraq əməkdaşlıq etdiyi, müəllimlərinin maddi durumunun yaxşılaşdırılması istiqamətində ciddi addımlar atdığı müşahidə olunur. Hesab edirəm ki, zamanla UNEC kollektivi daha böyük uğurlara imza atacaq".


S.QARAYEVA

 





21.05.2020    çap et  çap et