525.Az

Səfəvi dövlətinin Şah I Təhmasib dönəminə elmi baxış


 

PROFESSOR MEHMAN SÜLEYMANOVUN “SƏFƏVİLƏR. ŞAH TƏHMASİB” MONOQRAFİYASI HAQQINDA QEYDLƏR

Səfəvi dövlətinin Şah I Təhmasib dönəminə elmi baxış<b style="color:red"></b>

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə Səfəvi dövləti haqqında yazırdı:

"...Butün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılara görə bir İran sülaləsi sayılan Səfəvi dövlətinin qurucusu həqiqətdə isə bir türk sufisi və Azərbaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Türkman qəbilələri, bu qüvvətin əsasını təşkil edirdi. Şah İsmayılın sarayı Azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi məktublar türkcə yazılırdı. Çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edərdilər. Bu dövrdəki şairlər yalnız “Taclı türk”ə deyil,  türk kütləsinə müvəffəqiyyətlə xitab edə bilmək üçün türkcə yazırdı. Sarayda və idarəçilik sistemində yetişdikləri etnik-mədəni mühitə uyğun olaraq türkcə danışırdılar...”

Azərbaycanın dövlətçilik tarixinin parlaq əsəri olan Səfəvi dövlətinin tariximizdəki böyük rolu danılmazdır. Səfəvi dövlətinin banisi Şah İsmayıl Səfəvi 236 illik bir dövrdə Yaxın və Orta Şərqin siyasi və mədəni tarixində mühüm rol oynayan bir dövlətin əsasını qoymaqla bir tərəfdən azərbaycan xalqını imperiya yaradan xalqlar sırasına daxil etmiş, digər tərəfdən sonrakı tarixi mərhələlərdə bu Azərbaycan dövlətinin etno-siyasi, mədəni və idarəçilik təməlləri üzərində qurulan bir çox çevrə dövlətlərinin strateji istiqamətlərini müəyyən etmişdir.

Azərbaycan Səfəvi imperiyasının inkişafında, çiçəklənməsində, xarici müdaxiləçilərə qarşı mübarizədə xüsusi bir xarakter nümayiş etdirərək dövlətin ərazi bütövlüyünün qorunmasında, xüsusilə də Azərbaycanı vahid siyasi hakimiyyət altında birləşdirmək istiqamətində həyata keçirdiyi siyasi fəaliyyətinə görə, Şah I İsmayılın varisi Şah I Təhmasib Səfəvinin adını xüsusilə qeyd etmək lazımdır. 10 yaşında ikən 3,5 milyon kvadrat kilometr ərazini əhatə edən bir imperiyanın başına keçərək uzun bir dövr ərzində (1524-1576) dövlətin mövcudluğunu qorumaq, siyasi təhsisatlarını daha da gücləndirmək qabiliyyəti Şah Təhmasibin hökmdar olaraq böyük bir zəka sahibi və dövrünün gerçək fenomeni olmasından xəbər verir.

Qeyd edək ki, Səfəvi dövlətinin Şah Təhmasib dövrü, Azərbaycan tarixşünaslığında çox az öyrənilmiş mövzulardan biridir. Məlumdur ki, Səfəvilər tarix ilə bağlı ölkə tarixşünaslığında müxtəlif istiqamətli çoxsaylı fundamental tədqiqatlar aparılsa da, konkret olaraq Şah I Təhmasibin həyatı, siyasi fəaliyyəti, hökmdarlıq dövrü ilə bağlı elmi əsərlər o qədər də çox deyildir.

Bu günlərdə tarix elmləri doktoru, professor Mehman Süleymanovun Azərbaycan dövlətçilik tarixində xüsusi yeri olan Şah I Təhmasib Səfəvinin həyatını, siyasi fəaliyyətini, Səfəvi dövlətinin Şah Təhmasib mərhələsindəki idarəçilik sistemi, sosial-iqtisadi islahatlar, dövlətin özünümüdafiə istiqamətləri, xarici siyasi əlaqələrini özündə ehtiva edən “Səfəvilər. Şah Təhmasib” adlı iki cildlik elmi monoqrafiyası nəşr edilmişdir. İlkin mənbələr əsasında yazılan bu tədqiqat əsəri Azərbaycan tarix elmində Səfəvilər dövrü tarixşünaslığının zənginləşməsinə töhfə verən əhəmiyyətli əsərlərdən biridir.

İlk öncə qeyd edək ki, bu, professor Mehman Süleymanovun ilk tədqiqat əsəri deyildir. Onun “Səfəvilər: Şeyx Səfiəddin Ərdəbili”, “Şah İsmayıl Səfəvi”, “Nadir Şah”  və digər elmi tədqiqat əsərləri Azərbaycan tarix elminin zənginləşməsində olduqca böyük əhəmiyyətə malikdir.

“Səfəvilər. Şah Təhmasib” əsərində ilkin mənbələrə istinad edilərək Şah Təhmasibin həyatının ilkin dövrlərinə geniş yer ayrılmışdır. Müəllif qeyd edir ki, Təhmasib Mirzə (Şah Təhmasib) 1514-cü il fevral ayının 22-də İsfahan yaxınlığındakı Şəhabad kəndində anadan olmuşdur. Təhmasib Mirzənin anası Taclı bəyim idi və onun dünyaya gəlişi Şah İsmayılın Xorasana növbəti yürüşündən geri dönərkən baş vermişdi. Yaşının azlığına baxmayaraq, Xorasan mülkünün idarəçiliyində imtiyaz sahibi olmuş, Herat şəhərində böyümüşdü. Bir müddətdən sonra ali saraya çağrılmış, möhtərəm atasının yanında qalmışdı.

Məlumdur ki, azyaşlı Şah I Təhmasib Səfəvi taxtına çıxarkən dövlətin siyasi idarəçilik sistemində  müəyyən çətinliklər yaranmış, hakimiyyətin bürokratik aparatında müəyyən qarşıdurmalar yaşanmışdır. Bu hadisələri geniş şəkildə təhlil edən müəllif həmin dövrdə Şah Təhmasibin idarəçilik qabiliyyətini önə çəkərək, müəyyən müddətdən sonra  hakimiyyətin siyasi sistemində sabitlik yaratdığını qeyd etmişdir.
Şah I Təhmasib hakimiyyətinin ilkin dövrlərində baş verən hadisələri müqayisəli şəkildə təhlil edən professor haqlı olaraq bu qənaətə gəlir ki, Şah Təhmasib kiçik yaşlarında olmasına baxmayaraq ətrafında səfərbər olmuş sədaqətli türk əmir və əyanlarının həmkarlığı ilə dövlətin gələcəyinə olan nigarançılıqları aradan qaldıra və Şah İsmayıldan miras qalmış dövləti möhkəmləndirərək inkişafının yeni bir səviyyəsinə yüksəldə bilmişdi. Başlıcası isə Şah Təhmasib hələlik tariximizə məlum olan yeganə Azərbaycan türküdür ki, ən uzun müddətdə - 52 il ərzində səltənət hökmdarı olmuşdur.

Müəllifin bu əsərində Şah Təhmasib dövrü Səfəvi dövlətinin idarəçilik sistemi, iyerarxik quruluşu, sosial-iqtisadi həyatı, dini və mədəni mühiti haqqında da olduqca əhəmiyyətli məlumatlar yer almışdır. Xüsusilə dövlətin hərbi sistemi, ordu quruculuğu haqqında əks olunan məlumatlar olduqca əhəmiyyət daşıyır və Səfəvilər sülaləsi dövründə Azərbaycanın ordu sistemi haqqında ətraflı məlumatlar əldə etməyə imkan verir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Şah Təhmasib dövrü tarixinin araşdırılması Azərbaycanın dövlətçilik, beynəlxalq münasibətlər tarixinin öyrənilməsi baxımından da aktual olaraq qalmaqdadır. Şah Təhmasibin hakimiyyət illərinin  uzunmüddətli olması Şah İsmayıl tərəfindən formalaşdırılmış dövlətçilik aparatının daha da möhkəmləndirilməsi və uğurlu xarici siyasət yürütməsi nəticəsində mümkün ola bilərdi. Bu dövrdə səfəvi hakimiyyətinin qonşu dövlətlərlə - xüsusilə Osmanlı imperiysı və Şeybanilər dövləti ilə münasibətləri dövlətin bölgədə baş verən hadisələrdə oynadığı rola birbaşa təsir edən əsas amillərdən idi.

Şah I Təhmasibin hakimiyyəti dövründə Səfəvi dövlətinin xarici siyasətini dəyərləndirən Professor Mehman Süleymanov bu qənaətə gəlmişdir ki, ənənəvi olaraq bu dövrdə də qonşu dövlətlərlə baş verən hərbi-siyasi qarşıdurmalar və həyata keçirilən diplomatik missiyalar dövlətin siyasi, iqtisadi və strateji maraqlarına uyğun olaraq müəyyən edilmiş və bu prinsiplər əsasında çoxşaxəli xarici siyasi münasibətlər qurulmuşdur.
Qeyd edək ki, dünya tarix elmində Səfəvi dövlətinin etnik mənsubiyyətinə birmənalı münasibət yoxdur.  Təəssüflər olsun ki, əcnəbi tarixşünaslıqda yer alan bir çox əsərlərdə Səfəvi dövlətinin yaranmasında, dövlətin siyasi və etno-mədəni sisteminin formalaşmasında təməl etnos olan azərbaycan türklərinin rolu inkar edilərək bəzən gəlmə etnosların, bəzən də qeyri-türk etnoslarının adına bağlanması cəhdləri öz əksini tapmışdır. Professor Mehman Süleymanovun bu əsərində Səfəvilər dövlətinin, xüsusilə də Şah Təhmasib dövrü səfəvi idarəçilik sistemində etnik-siyasi məsələlərə xüsusi yer ayrılmışdır. Bu haqda müəllif yazır: “Səfəvi dövlətinin Şah İsmayıl Səfəvinin rəhbərliyi altında Azərbaycan ərazisində məskunlaşmış və Azərbaycan ətrafına səpələnmiş türk tayfaları tərəfindən yaradılması danılmaz faktdır. Şah Təhmasibin hakimiyyəti illərində bu dövlətin milli mənşəyi heç də dəyişməmişdi. Əksinə, onun türkçülük bazası daha da möhkəmlənmişdi. Səfəvi dövləti Azərbaycan türklərinin yaratdığı bir dövlət kimi qalmaqda və inkişaf etməkdə idi. Səfəvi dövlətinin inkişaf tarixi və bu tarixi əks etdirən tarixi mənbələr də bunu nümayiş etdirir. Şah Təhmasibin hakimiyyəti illərində də Azərbaycan Səfəvi dövləti hərbi-siyasi proseslərinin mərkəzində dayanırdı. Böyük bir səltənət Azərbaycandan idarə olunurdu və həmin idarəçilik dövləti yaratmış türk mənşəli əmirlərin və əyanların üzərində qurulmuşdu. Mənbələrdə Səfəvi dövlətinin yaradılmasında 32 türk tayfasının iştirak etdiyi haqqında məlumatlar vardır.

Müəllif həmçinin ilkin mənbələrə və tədqiqat əsərlərinə istinadən qeyd edir ki, Səfəvi hakimiyyətini təşkil edən əsas insan qüvvəsi iranlı deyil... İranlılar bu silsilənin meydana çıxmasında və möhkəmlənməsində xüsusi bir rola malik deyildilər. Fürsət axtaran bəzi divan adamlarının onlara birləşməsi əlbəttə ki, Səfəvi qızılbaş hakimiyyəti üçün də hər hansı bir əhəmiyyət kəsb etmirdi. Bu həm də onların bu dövlətdə xüsusi bir təsirə malik olması da demək deyildi. Hətta Şah Abbas dövründə qızılbaşların rolunun azaldılması iddiası haqqındakı səhv və tələskən təsəvvür də islah olunmalıdır. Onlar elə təşkilatlanmışdılar ki, Səfəvi sülaləsinin süqutundan sonra iki sülalə - əfşarlar və qacarlar sülaləsi də qızılbaşların içindən çıxmışdı.

Müəllif haqlı olaraq qeyd edir ki, elmi tarixi ədəbiyyatda Səfəvi hakimiyyəti illərində “İran” sözünün işlənməsinə rast gəlinsə də,  bu sözün coğrafi məzmun kəsb etdiyinə işarə edilmişdir. Qeyd etmək lazımdır ki, hətta Şah I Təhmasib  öz “Təzkirə”sində “İran” sözünü bir dəfə də olsun xatırlatmamışdır. Bu əsərində, o, hökmdarı olduğu dövləti “Qızılbaş vilayəti”, “bizim ölkə”, “Şərq ölkəsi” kimi təqdim etmişdir.
Professor Mehman Süleymanov tədqiqat əsərində Şərq və Avropa mənbələrinə istinad edərək Şah Təhmasibin hakimiyyəti, hətta sonrakı dövrlərdə də dövlətin əsas rəsmi və ünsiyyət dilinin türk dili olduğunu qeyd edir. Müəllif yazır: “Şah Təhmasib dövrünün əsas ünsiyyət dili də Azərbaycan türkcəsi idi. Bu, bir tərəfdən təbii bir durum idi. Səltənətin siyasi və hərbi elitası və idarəçilik piramidası, əsasən, türklərdən ibarət idi. Buna görə onların öz ana dillərinin işlək dil olması məntiqi bir göstərici idi. Azərbaycan mühitinin yetişdirməsi kimi Şah Təhmasibin də əsas ünsiyyət dili Azərbaycan türkcəsi idi. Saray daxilində o, Azərbaycan türkcəsində danışırdı və hətta xarici qonaqlarla da öz söhbətlərini Azərbaycan türkcəsində aparırdı. Şah Təhmasibin sarayında olmuş ingilis səyyahı Antoni Cenkinson öz gündəliyində yazırdı ki, Şah Təhmasib onu “Guoch gueldə” (Xoş gəldin) sözləri ilə qarşıladı. Digər Avropa səyyahlarının xatirələrində də Səfəvi sarayında Azərbaycan türkcəsinin işlək dil olması və Şahların da bu dildə danışması haqqında çoxsaylı qeydlər vardır”.

Müəllif əsərində çoxsaylı mənbələrə istinad edərək, Şah Təhmasibin dini baxışları, mənəvi və əxlaqi keyfiyyətləri, dövlətçilik sisteminə yanaşma tərzi, sabit və davamlı xarakteri haqqında olduqca əhəmiyyətli məlumatlar vemişdir. O, qeyd edir ki, Şah I Təhmasib dünya tarixinin tək-tək simalarındandır ki, yarım əsrdən artıq bir müddətdə böyük bir imperiyaya hökmdarlıq etdi, tarixi sınaqlarla qarşılaşmasına baxmayaraq bu imperiyanı inkişafının yeni bir səviyyəsinə qaldırdı, məzmunlu fəaliyyəti ilə Səfəvilər tarixində dəyərli bir səhifə açdı və dövlətçilik keyfiyyətləri ilə nəinki Şərqin, bütünlükdə dünyanın böyük hökmdarları sırasına yüksəldi. O, milli-mənəvi köklərə söykənərək dövlətə rəhbərliyin yeni bir nümunəsini yaratdı, son dərəcə mürəkkəb hərbi-siyasi şəraitdə ən düzgün seçimləri etməyi bacarmaqla idarəçilik sahəsində insan qabiliyyətinin hüdudlarının genişliyini nümayiş etdirə bildi və özündən sonra bu gün də öyrənilməyə layiq olan bir miras qoydu.

Ümumilikdə, professor Mehman Süleymanovun Azərbaycan hökmdarı Şah Təhmasib Səfəvinin həyatı, siyasi fəaliyyəti, dövlət idarəçiliyində etdiyi yeniliklər, dövlətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının inkişafında oynadığı rol, xarici siyasət və hərb tarixi ilə bağlı məsələlərin yer aldığı  iki cildlik böyük həcmli tədqiqat əsəri Azərbaycan tarixşünaslığının zənginləşməsinə böyük töhfələr verməklə bərabər, Səfəvi dövləti tarixinin Şah Təhmasib dövrü üçün qiymətli bir araşdırma rolunu oynayır. Uzunmüddətli araşdırmalar nəticəsində belə bir əhəmiyyətli elmi əsəri ərsəyə gətirdiyinə görə müəllifə  dərin təşəkkürümüzü bildiririk.

 





21.05.2020    çap et  çap et