525.Az

Vətəndaşların təzə DOSTu


 

DOST MƏRKƏZLƏRİNDƏ GÖSTƏRİLƏN XİDMƏTLƏR SOSİAL TƏMİNAT SAHƏSİNDƏ BÖYÜK YENİLİKDİR

Vətəndaşların təzə DOSTu<b style="color:red"></b>

Mayın 19-da Azərbaycanda növbəti DOST mərkəzi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) Bakının Nizami rayonunda açılıb.

3 saylı DOST mərkəzinin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Bu mərkəz vətəndaş maraqlarının yüksək səviyyədə təminatı və xidməti amilinin daha da yüksəldilməsi istiqamətində növbəti bir addımdır.

Ölkə rəhbəri yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürü olan DOST mərkəzlərinin fəaliyyətinə yüksək qiymət verib: "Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıbdır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır".

Xatırladaq ki, Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu mərkəzlərdə 130-dan çox xidmətin göstərilməsi sosial sahənin bütün xidmətlərini ehtiva edir. 

Prezident Azərbaycanda koronavirusla mübarizə tədbirlərindən də danışıb, qabaqlayıcı tədbirlərin pandemiyanın geniş yayılmasının qarşısını almağa imkan verdiyini deyib, əlavə edib ki, koronavirusla bağlı görülən işlər həm Azərbaycan xalqı, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Müqayisə üçün, əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat edib. Azərbaycanda vəfat edənlərin sayı isə kifayət qədər azdır.

Dövlət başçısı yumşalma tədbirlərinin yoluxanların sayına mənfi təsir göstərdiyini, ancaq bu gün vəziyyətin tam nəzarətdə olduğunu bildirib: "İndiki yumşalma prosesində əsas amil vətəndaşların məsuliyyəti olacaq. Vətəndaşlar bu məsuliyyəti dərk etməlidirlər. Pandemiya başa çatmayıb, virus qeyb olmayıb. Hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir".

Mövzu ilə bağlı deputat Pərvin Kərimzadə bildirib ki, ölkəmizin hüdudlarından kənarda Azərbaycan brendi kimi tanınan və öyrənilən "ASAN xidmət"dən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST adlanan daha bir innovativ xidmət növü vətəndaşların əsl dost ünvanına çevrilib. Keyfiyyətli və şəffaflıq prinsipləri əsasında vətəndaşlara xidmətlər təqdim edən, onların inamını və rəğbətini qazanan DOST mərkəzləri qısa müddət ərzində Azərbaycanın yeni brendi olmağı bacardı.

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyevin sistemli şəkildə həyata keçirdiyi sosial siyasətin, Azərbaycan vətəndaşının firavan yaşayışını və vətəndaş məmnunluğunun təmin edilməsinin davamı olan 3 saylı DOST mərkəzinin istifadəyə verilməsi əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin "bir pəncərə"dən operativ və şəffaf çatdırılmasına töhfə oldu.

Vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilən 3 saylı DOST mərkəzinin paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinin ixtiyarına verilməsi dövlət orqanının xidmətlərindən istifadəni daha əlçatan etməklə yanaşı, vətəndaş məmur münasibətlərində birbaşa təması minimuma endirəcək.

Eyni zamanda, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin, onlardan 5-nin Bakıda, 26-nın isə regionlarda istifadəyə verilməsinin, ümumilikdə DOST mərkəzlərində "bir pəncərə" prinsipi ilə 2,8 milyon insana xidmətinin planlaşdırılması DOST layihəsinin şəffaflığın artırılmasında, vətəndaş məmnunluğunun təmin edilməsində özünü doğrultduğunun, digər orqanların fəaliyyəti ilə müqayisədə üstün mövqe tutduğunun təsdiqidir.

"Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev hesab edir ki, növbəti DOST mərkəzinin açılışı vətəndaşa xidmət reallığı ilə yanaşı, həm də özündə intellektual uğuru da bariz şəkildə əks etidir. Onun sözlərinə görə, Prezident İlham Əliyev daim öz çıxışlarında vurğulayıb ki, vətəndaş maraqlarının yüksək səviyyədə təminatı və xidməti amili dövlətin prioritet vəzifəsidir: "Məhz bu istiqamətdə deyə bilərik ki, əldə olunan sosial uğurlar sahəsində fəaliyyət göstərən ASAN xidmətlər, DOST kimi mərkəzlər birbaşa Azərbaycan vətəndaşının maraqlarının yüksək səviyyədə təmin olunması üçün yaradılıb. O cümlədən, bu xidmətlər sayəsində vətəndaşların hökumət qurumları arasındakı təmasları azalır, bürokratik əngəllər aradan qaldırılır. Habelə nəzərə alsaq ki, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı ardıcıl, davamlı mübarizə aparılır, bu zaman belə xidmət və mərkəzlərin fəaliyyətinin səmərəliyi, vacibliyi daha çox nəzərə çarpır. Yəni fakt budur ki, Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər cənab İlham Əliyevin daim diqqəti mərkəzindədir. O cümlədən, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalarıdır ki, bu müxanizim də artıq özünü isbatlayıb. Bu baxımdan, hesab edirəm ki, belə bir əhəmiyyətli faktorların hər birinin təməlində Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə yanaşı, həm də intellektual tərəqqi, intellektual uğur faktoru da dayanmaqdadır".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev dövlət başçısının indiki yumşalma prosesində əsas amilin vətəndaşların məsuliyyətinin olacağı ilə bağlı fikirlərinə diqqət çəkərək deyib ki, karantin rejiminin yumşaldılmağa başlaması insanlarımızı arxayın salmamalıdır. Karantin rejiminin qaydalarına mütləq şəkildə əməl olunmalıdır. Deputat bildirib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür: "Lakin burada vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Bu virusa qalib gəlmək üçün hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməlidir. Əks halda, bu qədər görülən işlər hədər gedər, virusun ikinci dalğası başlaya bilər".

M.Quliyev bildirib ki, Azərbaycan virusa qarşı mübarizədə artıq təcrübə əldə edib və virusu nəzarət altında saxlamağı bacarır: "Bunu nəzərə alaraq, dövlət karantin rejimini mayın 18-dən etibarən yumşaltmağa qərar verib. Lakin vətəndaşlar bu qərardan arxayınlaşmamalıdır. Çünki arxayınlaşıb qaydalara əməl etməmək, virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Bu halda karantin rejiminin yenidən sərtləşdirilməsi lazım gələcək". Millət vəkili qeyd edib ki, görülən işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün karantin rejiminin qaydalarına riayət etmək lazımdır. Komitə sədri vurğulayıb ki, dünyada hələ karantin rejimindən tamamilə çıxan ölkə yoxdur: "Azərbaycanda koronavirusa yoluxmanın, ölüm göstəricilərinin aşağı olması sevindiricidir. Ancaq heç bir halda bu, bizi arxayın salmalı deyil".

PƏRVANƏ

 





22.05.2020    çap et  çap et