525.Az

"Mənim ayrılıqlarım..." - Elşad can Şamilin şeirləri


 

"Mənim ayrılıqlarım..." - <b style="color:red">Elşad can Şamilin şeirləri </b>

İndi üz yox, göz qızarır


Tapış-tapış gəlirlər
Zəng dalınca zəng adamlar
Mən ki çox balacayam
Qarşımda nəhəng adamlar...


Küllənib ocağ başında
Qarlaşıbdı dağ başında
Qurumuş bulağ başında
Savaşır səhəng adamlar


İndi üz yox, göz qızarır
Hər əyridə düz qızarır
İlahi niyə azalır
Yox olur, qəşəng adamlar


Haqqın hakimi satılır
Evin sakini satılır
Biri,
Yıxılan kimi atılır
Ortaya fişəng adamlar


Ürəklər xoflu, xiffətli
Baxışlar qəzəb, nifrətli
Qorxuludur çox sifətli
Çox çalarlı rəng adamlar


Bəxtimiz gen sırada durur
Getməli yön, sırada durur...
Həmişə ön sırada durur...
Boş danışan dəng adamlar...

Dəyişir cəmiyyət, şəhər
Nagüman açılır səhər
Rəqib çevik və hiyləgər
Bizsə, dürüst ləng adamlar...


Şərtlərindən qaçmaq olmur...


Bu şəhər çox balacadır
Dərdlərindən qaçmaq olmur
Yaşamaq şərtləri ağır,
Şərtlərindən qaçmaq olmur.
İnsanlığa azdı sübut
Ağrılı qəlbi sar, ovut.
Çoxu aqressiv və kobud
Sərtlərindən qaçmaq olmur
Topdan alınır adamlar
Çox vaxt yanılır adamlar
Ələ salınır adamlar
Pərtlərindən qaçmaq olmur
Külə köz verən m(ü)əllimin
Kora göz verən m(ü)əllimin
5-ə söz verən m(ü)əllimin
Dördlərindən qaçmaq olmur..


Məni yaşadan


Məni yaşadan sənin sevgin,
Öldürənsə sən özünsən.
Ağladan da sənin sevgin,
Güldürənsə sən özünsən.
Canı verən sən deyilsən,
Canı alan da sən olma.
Bu hala dözən deyilsən,
Gül tək solan da sən olma.
Sən solsan, mən çətin güləm,
Sən mənim canım-gözümsən.
Öz sevgimdən mənəm küsən
Küsdürənsə sən özünsən.
Məni yaşadan sənin sevgin,
Öldürənsə sən özünsən.
Ağladan da sənin sevgin
Güldürənsə sən özünsən.
Sənsiz buludlar ağlayar,
Sənsiz günəşim üzülər.
Ürək qəmi zor saxlayar
Sığmaz, gözümdən süzülər.
Ürəyim çəkilər tarım
Ora yalnız sən izinsən.
Sənlə bütünləşir yarım
Böldürənsə sən özünsən.
Məni yaşadan sənin sevgin
Öldürənsə tən özünsən.
Ağladan da sənin sevgin
Güldürənsə sən özünsən.
Çiyinlərimin mələyi
Sevgimi günaha yazma.
Tək istəyim, tək diləyim,
Şikayət allaha yazma.
Atma cəhənnəm oduna
Bu yanan qəlbin közü sən.
Yazıb günahı adıma,
Sildirənsə sən özünsən.
Məni yaşadan sənin sevgin,
Öldürənsə tən özünsən.
Ağladan da sənin sevgin,
Güldürənsə sən özünsən


Mənim ayrılıqlarım


Mənim ayrılıqlarım
müharibə kimidir
Hər iki tərəfdə münaqişə,
hər iki tərəfdə itki
Bir tərəfin digər tərəfə öz mövqeyini
zorla qəbul etdirmək cəhdi
Sevgi cəhdlərinin ən uğursuzudur,
sevgi adı altında qandırılmasıdır
Yaddan çıxmış sevgi əhdi,
Bütün geri qayıdış körpülərin yandırılmasıdır.
Münasibətlər qəzəbli və öfkəlidir
Durduğu yerdən gerisi zirzəmi, uçurum,
Geriyə baxmaq da təhlükəlidir
Nəinki qayıtmaq…
Mənim ayrılıqlarım uşaq kimidir
Onu istəyirəm onu deyə-deyə
günbəgün sızıldayar
Ağlayar, çörək yeməz,
tərslik edər, söz dinləməz.
Ta onu başqası ilə başın
qarışdırıb unutdurana qədər
Göz yaşın qurutdurana qədər…
Mənim ayrılıqlarım kişi kimidir,
Götürər papağın rədd olar, çıxar gedər evdən
Bütün xırdalıqları içinə ata-ata
İçini xarabalığa çevirər
Evini xarabalıqdan uzaq tutmaq üçün
Özünü tilovda balığa çevirər
Kimin və nəyin əlinə keçər keçər…
Mənim ayrılıqlarım küçük kimidir
Anasının yerdə qalmış ölüsünün yanında
Zingildəyər gecəni o baş bu başa qaçaraq
İti vuranın əli qurusun
Guya yazığı gəlib balaya
Rəhmi gəlib tək anasın öldürüb
2 ayaqlı qancıqlara gücü çatmayanlardır
4 ayaqlı qancıqlara qənim kəsilənlər
Mənim ayrılıqlarım
şəlalə kimidir
Atar özünü dağ başından,
çırpılar qayalıqlara
Yaşamaq daşlıqlara
çırpılmaqdır deyə düşünər
Bu səbəbdən ən hündür zirvələrdən
uğultu və şırıltı ilə
Yer üzünün abrını tökər,
şıram açar üzündə
İnsanlar nə gözəl mənzərədir
deyə tamaşa edərlər
Şəkil çəkərlər, dərdini çəkməzlər,
O dərdi o uğultuda sezməzlər…
Onlar bilməzlər, bilməzlər…


Bezmişəm


Hər gün bir az ölürəm,
Üçüm, cüməm gecikir
Işini bacarmayan
Əcəlimdən bezmişəm.
Günah cana yapışıq
Ayrı yaşamaq olmur,
Savab günah qarışıq
Əməlimdən bezmişəm.
Dərsi yaxşı oxuya
Dərs çıxarda bilməyə,
Səs çıxarda bilməyən
Tək əlimdən bezmişəm.
Yolumun düşüb səmti
Bərkə, daşa, dəmirə
Mən indini demirəm
Təməlindən bezmişəm
Kişi papaq geyinər
Hər görən belə deyir.
Kişi elə kişidir
Keçəlimdən bezmişəm
İnternetlə yazılan
Məktubları oxudum.
Cavablaya bilməyən
Qələmimdən bezmişəm.
Hər gün bir az ölürəm,
Üçüm, cüməm gecikir
Işini bacarmayan
Əcəlimdən bezmişəm...


Siqaret kimi...


Siqaret kimi olacaqsan bu həyatda.
Yanacaqsan, yana-yana,
Səni yandıranı daha çox yandıracaqsan.
Zəhərləyəcəksən, amma şirin gələcək zəhərin.
Aludəçi olacaq səni sevən, ata bilməyəcək.
Yaşaya-yaşaya öləcək, dərhal ölməyəcək.
"Sağlamlığa ziyan" olacaqsan
Sağlamlar səni axtaracaq.
Üstündə "öldürər" yazılacaq, amma
Yenə də keçilməz olacaqsan !
Zövq verəcəksən.
Siqaret kimi olacaqsan bu həyatda...
Hamı səni pisləyəcək.
Hamı sənə meyl edəcək.
Danışıldıqca çoxalacaqsan,
Çoxaldıqca paylaşılacaqsan.
Çəkərək, çəkmə deyən qadağalarla,
İnkar olunduqca, təsdiqlənəcəksən.
Bu tərəfdən nə qədər çox uzaqlaşsalar,
O tərəfdən bir o qədər yaxınlaşacaqlar.
Siqaret kimi olacaqsan bu həyatda.
Səni atmaq istəyən min bir yola əl atacaq.
Əziyyət çəkəcək.
Fikrə gedib, bir də sənə əl atacaq.
Sən onları yandırmadıqca
Onlar hey yandıran axtaracaq.
Qoxun gələr-gəlməz xatırlanacaqsan,
Ürək səni istəyəcək
Bədən səni istiyəcək.
Dost da səni istiyəcək...
Düşmən də...
Uşaqlıqdan böyüklüyə “körpü” olacaqsan...
Siqaret kimi olacaqsan bu həyatda.
Ən sanballı məclislərin havasına dolacaqsan.
Dildə-dodaqda olacaqsan.
Göz önündə qalacaqsan,
Və ya ciblərdə olacaqsan, dəbdə olan pul kimi.
Amma bu dəfə puldan da üstün olacaq sənin hörmətin.
Pul görünməyən yerdə sən olacaqsan.
Sən olduğun yerdə pul görünəcək
Qohum-qudanı sənlə dəyişəcəklər.
İçki-qidanı sənlə dəyişəcəklər.
Gəzən məlumatlara görə aclığı da
unutdurursan insana.
Dərdi də unutdurursan.
Dərmanı da.
Siqaret kimi olacaqsan bu həyatda.
Səni özlərinə sadiq yoldaş seçəcəklər.
Tək qaldığı vaxtlarını sənlə keçirəcəklər.
Səni rahat tanıma şansı verməyəcəksən
Əvvəl-əvvəl acı olacaqsan,
Zəhər-zəqqum olub ciyərlərini,
Gözlərini dolduracaqsan
Öskürdə-öskürdə, incidə-incidə
Sevilməyin ləzzətini görəcəksən.
Qohum-əqraba hirslənsə də
Dostlar tanışlar məsləhət biləcək səni
Səhiyyə nazirliyi pisləsə də
Digər nazirlər canına çəkəcək səni.
Səni tanımayanlara sirli aləm kimi görünəcəksən.
Keçmişi addıyıb gəldiyin kimi
Gələcəkdən qabaq gələcəksən.
Siqaret kimi olacaqsan bu həyatda

Elşad can ŞAMİL

 





24.05.2020    çap et  çap et