525.Az

Qiyamət haqqında “gerçək-fantastika” - Vaqif Yusifli yazır


 

Qiyamət haqqında “gerçək-fantastika” - <b style="color:red">Vaqif Yusifli yazır</b>

Əziz Yazar - artıq dörd kitabın müəllifi - «Qiyamət» adlı bir roman yazıb və bu, adi bir roman olmadığı üçün haqqında müəyyən fikir söyləməyə ehtiyac duydum.


Öncə oxuduqlarımdan, bildiklərimdən “Qiyamət (Məhşər) nədir” sualını aydınlaşdırım.Dini ədəbiyyatda buna aid bir çox fikirlərlə qarşılaşırıq.


Qiyamət günü - günlərin ən dəhşətlisi və ən qorxulusudur. Qiyamət günü bütün ölülər diriləcək və cəmi insanlar etdikləri əməllərə görə cavab verəcəklər. Qiyamət günü bütün insanların həqiqəti açıqca görəcəkləri gündür. O günü inkar edən bir insan qarşılaşacağına inanmadığı, ya da həyatı boyunca düşünməkdən qaçdığı axirət həqiqəti ilə qarşı-qarşıya qalacaqdır. Dünyada iman etməməyin nəticələrini öz gözləri ilə görəcək. Həyatı boyunca nəfsinə görə hərəkət etdiyi üçün və Allahın razılığını düşünmədiyi üçün sonsuz əzab ilə qarşılaşacaq, bundan böyük peşmançılıq duyacaqdır.


Qiyamət günündə yaşanacaq hadisələrlə bağlı Quranda bildirilmişdir:«(Yadda saxla! Qiyamət günü) elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir yerlə, göylər də başqa göylərləəvəz olunacaq (Yer dəyişib başqa cür yer, göylər də başqa cür göylər olacaq; onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala düşəcəklər) və bütün insanlar (qəbirlərindən çıxıb haqq-hesab üçün) hər şeyə qalib olan tək Allahın hüzurunda duracaqlar!.» (İbrahim Surəsi, 48)


Quranda inkarçılar üçün bu çətin gün, «din günü», «hesab və cəza günü», «axirət günü» kimi adlarla adlandırılmaqdadır. Uca Allah insanların hamısını yeni yaradılışla təkrar dirildəcəkdir. O gün Allahı inkar edənlər ilə iman edənlərin ayrılacaqları, bölüklər halında əbədi yurdlarına girəcəkləri gündür:
«O gün neçə-neçəüzlər tutulub qaralacaq. (Sahiblərinin) bel sümüklərinin dəhşətli bir əzabla qırılacağını anlayacaqdır!» (Qiyamət Surəsi, 24-25)


O gün günahkarların etdikləri pis əməllərə şahid olanlar da orada hazır olacaqlar. Möminlər, yazıcı mələklər və Allahın gətirdiyi şahidlərlə yanaşı, inkarçıların əleyhinəşahidlik edənlərin arasında heç gözləmədikləri şahidləri də vardır. Bunlar, insanın özünü yalnız, tək saydığı vaxtda belə Allahın onu gördüyünə sübut olan dəqiq dəlilləridir. İnkarçıların əleyhinəşahidlik edənlərin arasında öz eşitmə, görmə duyğuları və dəriləri də vardır. Hər biri Allahın izniylə danışır və nöqsansız olaraq söyləməsi lazım olanları, şahid olduqlarını bildirirlər:«Onlar öz dərilərinə: «Nəüçün əleyhimizəşəhadət verirsiniz?» deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: «Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılacaqsınız. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərindən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirdiniz». (Fussilət Surəsi 21-22)


Bu günün bir başqa xüsusiyyəti də insanların hesaba tək çəkilmələridir. Həm dünyada, həm də axirətdə yaxınlarından yardım görəcəyini umanlar hesab günü onlardan uzaqlaşacaq və tək başlarına hesab verəcəklər:«Onların hamısı Qiyamət günü Onun hüzuruna tək-tənha gələcəklər». (Məryəm Surəsi, 95)
Klassik ədəbiyyatımızda, xüsusilə, poeziyamızda Qiyamət, Məhşər anlayışı, demək olar ki, birmənalı şəkildə vurğulanıb, heç bir siyasi məna daşımayıb, yalnız dini təsəvvürlə bağlı olub. Onlarla, hətta yüzlərlə misal gətirə bilərik. Ancaq ikisi ilə kifayətlənmək olar. Füzuli bir qəzəlini belə başlayır:


Məhşər günü görüm, derəm,ol sərvqaməti,
Gər onda həm görünməsə, gəl gör qiyaməti.


Mənası budur ki, aşiq sərv boylu gözəlinin üzünü, heç olmasa, qiyamət günü görsün. Onda da gözəli görməkmümkün olmasa, yenə nə qiyamətlər qoparacaq,onu bir Allah bilir. Həm də aşiq qiyamət qoparsa da, qoparmasa da, gəl özün gör ki, həqiqi qiyamət necə olur.


Füzulidən əvvəl isə Nəsimi hamımıza məhşur olan bir qəzəlində qiyamət gününün böyük bir ayrılığa səbəb olduğunu əyan edirdi:


Məhşəri-yövmül-hesab, qopdu qiyamət başıma,
Yəni ey Yusif sifətli piri-Kənan ayrılır.


Azərbaycan nəsrində də Qiyamət günü -Məhşər çox az sayda əsərlərdə bu və ya digər dərəcədə öz əksini tapıb. Məsələn, İsa Hüseynovun «Məhşər» və Yusif Səmədoğlunun «Qətl günü» romanlarında prosesin dini-əfsanəvi görümləri deyil, sadəcə, həmin anlayışın doğurduğu reallıqlar nəzərə çarpır. «Məhşər»də təsvir olunan Nəsimi-Teymurləng dövrü əsl qiyamət gününüxatırladır. «Qətl günü»ndə isə ölüm-itimlər («Ölümünüz xeyir. Ölümə qənşər») təsvir olunan üç dövrün ictimai-siyasi-əxlaqi mənzərəsini Qiyamət günlərinə təşbih edir.


Əziz Yazarın «Qiyamət» romanı isə «gerçək fantastika» kimi təqdim edilir və burada «gerçək» sözünü heç cür «fantastika»dan ayırmaq mümkün deyil. Hər şeydən əvvəl ona görə ki, biz XX yüzillikdə baş verən hadisələrin bu fantastika daxilində izləyə bilirik.Hətta romandakı bir sıra obrazların kimlər olduğunu da təxmini yox, lap əslini, «orijinalını» görürük.


Əziz Yazar Qiyamət gününün «çertyojunu» yaxşı cızıb. Hər kəsi dəhşətə gətirəngurultular, kiçik vulkanlar, parçalanmalar, hər yerdən püskürməyə başlayan ölümlər... Və neçə əsr bundan öncə ölən insanların dirilməsi. XVI əsrdən XXI əsrə qədər insanlığın «ayrıca bir ölkədə» necə devolvasiyaya uğraması, maddi və mənəvi itkilərlə üzləşməsi və nəticədə qiyamət gününün qopmasına gətirib çıxarması- romanın qayəsi budur.Təbii ki, Yusif Səmədoğlunun «Qətl günü»ndə bunlar real bədii lövhələrlə təsvir olunur, amma Əziz Yazarın romanında bütün bu gerçəklər fantastik priyomlarla əks etdirilir. Əslində, bu fantastikanın özünə də biz reallıq prizmasından yanaşırıq. «Qiyamət»də fəlsəfi bir ideyanın çözələnməsi ilə qarşılaşırıq. Kitaba ön söz yazan həmkarım Əsəd Cahangirin dediyi kimi: «Bu ideyanı dərk etmək insandanmənəvi-ruhi oyanış, idraki dirilmə tələb edir. Qiyamət elə bil daxili intibah, oyanış, dirilmə deməkdir. O, ilk öncə insanın içində, ruhunda, mənəvi-idraki dünyasında baş verir. Nə qədər ki, bu idraka varmamışıq, gələcəyə gedən yolumuz bağlıdır! Qiyamət məhz bu yolu açmaq naminə qopur».


«Daxili intibah, oyanış, dirilmə»- amma romanda təsvir olunan insanların çoxu bu barədə düşünmürlər, onların bəziləri öz günahları ilə qiyamət gününə gəlirlər. «Millət», «istiqlal» sözlərini sadəcə bir maska kimi dilinə geyinən birisi niyyətini gizlətmir, məqsədi hakimiyyətə gəlmək imiş. Hər işdə birinci olmaq imiş. Amma o,məşuqu tərəfindən öldürülür. Günahsızlar da az deyil Pırtlaşıq saçlı kişi bir qatilin qurbanına çevrilir.Nə qədəristəsən, belə qurbanların sayı çox. Orta əsrlərin zülm və haqsızlıq üstündə bərqərar olan hakimiyyət ierarxiyası, kralların, şahların müstəbidlik, «parçala, hökm sür» prinsipləri vərəsəliklə sonrakı əsrlərdə dədavam edir. Yüz illər boyu yad qonşuların torpaqlarımıza göz tikməsi və Xəritəbaş kralıntəhriki və köməyi ilə ərazimizin bir hissəsinin işğal faktı, «Zülmət bağlarında» baş verən qırğınlar həmin o vərəsəliyin davamı deyilmi? «Çapıqbaş hiyləgər idi. Gizlicə qonşu xalqlatorpaqlarımızı sövdələşməyə başlamışdı... Qonşularla aramızdamüharibə alovlandı. Bizim hər üç nəfərə bir qılıncımız vardı. Demək olar ki, silahsızdıq. Qonşu xalqıisə Başıçapıq silahlandırırdı. Onlara gizlicə həttadöyüş ilxısı da göndərmişdi. Və müharibədə xeyli torpağımızı mənimsədilər».


Əziz Yazarın romanı macəra səpkisində yazılmayıb, əksinə, burada fantastik romanlara xas olan macəraçılıq ünsürlərinə rast gəlmirik. Doğrudur, romanda müxtəlif əsrlərin müharibələrindən, hakimiyyət davalarından söz düşür, amma bütün bunlar Şerlok Holms və bizim Çinciz Abdullayevin qəhrəmanı kimi fantastik irreallıqda «möcüzələr»in qəhrəmanı deyillər. Romanın mahiyyətinə çökən fəlsəfilik buna manne olur. Çünki romanda Elmi, müdrikliyi təmsil edən Alicənab və Dini təmsil edən Dindar fəlsəfi ruha köklənmişlər. Onlar keçmişdə və XX-XXI əsrdə baş verən bütün hadisələrə filosofanə düşünüş tərzi ilə yanaşırlar. Xüsusilə, Alicənab bəzi məqamlarda ittihamçı hakimə çevrilir, Qiyamət gününə günahkar kimi gəlmiş insanlara düşdükləri bəlaların, etdikləri günahların səbəblərini açıqlayır.


Təbii ki, hər bir romanın əsas qəhrəmanları olur və roman əslində, bu qəhrəmanların taleyi, həyatının ağır sınaqları ilə bağlıdır.Əziz Yazar dahi italyan şairi Aligeri Dantenin «İlahi komediya» əsərindəki Aligerini əsas qəhrəman kimi romana daxil edir və əsərin yalnız sonlarında məlum olur ki, Aligeri elə Alicənabın özüdür. Dante sevdiyi gözəl Beatriçeyə bəslədiyi məhəbbətin şərəfinə«Yeni həyat» şeirlər kitabı həsr etmişdi «İlahi komediya» əsəri də bu məhəbbəti doğrudan da ilahi bir vəcdlə tərənnüm edir. Dante öz əsərinin elə ilk səhifələrindənBeatriçeni qeyri-adi bir varlıq kimi təsvir edir, onu Aligeriyə səadətə qovuşmaq yollarında dəstək olur.


Romanda Aligeri və Beatriçe xəttihəm onların axtarışı, həm də həqiqətin dərki kimi diqqəti cəlb edir. Belə demək mümkünsə, onların simasında həqiqətin cahillik, nadanlıq, zülm və haqsızlıq üzərində mənəvi qələbəsinin reallaşdığını görürük. Qiyamət gününün bütün rəzillikləri üzərindən bu iki antik qəhrəmanların işıq zolağı kimi keçdiyi həmin həqiqətin təcəssümüdür. Heç şübhəsiz ki, Əziz Yazarın bədii təxəyyülüburada əsas rol oynayır və roman haqqında ilk təəssüratlarını oxucularla bölüşənŞəlalə Göytürkün bu fikriylə həmrəyik ki, romanda postmodern üslubun hər cür manevr və sərbəstliyindən uğurla istifadə olunub (dekonstruksiya, obrazların köçürülmə yolu iləbaşqa olay və şəxslər üzərində yenidən doğulması, gerçəkliyin absurd inikası və s.).


Roman Beatriçeylə Aligerinin qovuşması ilə bitir. Və dünya xilas olur.


Romanda Tanrıya ikili münasibəti də nəzərdən qaçırmaq olmaz. Amma Tanrıya inam, Tanrı sevgisi daha önəmlidir. Və bu mənada roman Tanrı sevgisi ilə yoğrulub. Və bu roman nəsrimizdə yenidir...

 





25.05.2020    çap et  çap et