525.Az

"Türk Dünyası Muzeylər Həftəsi"nin bağlanış mərasimi keçirildi - Foto


 

"Türk Dünyası Muzeylər Həftəsi"nin bağlanış mərasimi keçirildi - <b style="color:red">Foto</b>

Məlum olduğu kimi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq - Gənclər İnkişaf  Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində 18-24 may 2020-ci il tarixlərində "Türk Dünyası Muzeylər Həftəsi" təşkil olunmuşdu. Bu proqramın məqsədi COVID-19 pandemiyası ilə əlaqədar olaraq ölkələrdə yaradılan karantin rejimində məktəbliləri Türk dünyası ilə tanış etmək, gəncləri Türk ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməsinə cəlb etməkdi.

24 May 2020-də onlayn platformada “Türk Dünyası Muzeylər Həftəsi”nin bağlanış mərasimi keçirildi. Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, layihədə iştirak edən türkdilli ölkələrin muzeylərinin rəhbərləri, eləcə də çox sayda  məktəblilər iştirak etdilər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva çıxışında layihənin bütün iştirakçılarına təşəkkürünü bildirərək, bu ekskursiyaların türk dünyasının tarixi və mədəniyyəti ilə virtual əlaqə yaratmağa və türk xalqlarının milli və mənəvi dəyərləri ilə yaxından tanış olmağa imkan verdiyini qeyd etdi. O, gələcəkdə bu layihənin ənənəvi xarakter alacağına və bütün türk dünyasının məktəblilərini əhatə edəcəyinə ümidvar olduğunu bildirdi.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə öz növbəsində layihə müddətində iştirakçı türk dünyası muzeyləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğuladi və onlayn platformada keçirilən proqramın türk dünyası məktəbliləri arasında genişləndirilməsi, iştirakçıların və muzey saylarının artırılmasının nəzərdə tutulduğunu qeyd etdi. Daha sonra o, layihənin qaliblərini müəyyənləşdirən müsabiqənin başlanğıcını elan etdi.

Mərasimdə məktəblilər tərəfindən müxtəlif muzeylər haqqında videoçarxlar göstərildi, türk ölkələrinin muzeyləri tərəfindən nümayiş olunan tarixi və mədəni məlumatlar haqqında ən yaxşı biliklərə dair müsabiqə keçirildi. Ən fəal iştirakçılara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sertifikat və hədiyyələri, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq - Gənclər İnkişaf  Mərkəzinin diplomları təqdim edildi.

Qeyd edək ki, lahiyə çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunа üzv və müşahidəçi olan ölkələrin muzeylərinə : 18 may Azərbaycan Milli Xalça Muzeyinə, 19 May Qazaxıstan Milli Muzeyinə, 20 May Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyinə, 21 May Türkiyə Troya Muzeyinə, 22 May Özbəkistan Dövlət Tarixi Muzeyinə, 23 May Macarıstan Milli Muzeyinə virtual ekskursiyalar təşkil olunmuşdur.

Sosial şəbəkədə canlı yayımlanan muzey həftəsinə ümumilikdə bir həftə ərzində baxış sayı 5000-ə yaxın müşahidə edilmişdir.

 





25.05.2020    çap et  çap et