525.Az

"Tətil"dəki ustad dərsləri


 

"Tətil"dəki ustad dərsləri<b style="color:red"></b> Yazıma onun, yəni müəllimim professor Cahangir Məmmədlinin leksik "kəşfi" ilə başlamaq istəyirəm- "Koronavirus tətilləri". Bu koronavirus tətilləri, doğrudan da, çox ağır hadisə oldu. Hərə öz küncünə çəkildi. Pandemiyanın ən bezdirici, bir az da kobud  desək, zəhlətökən tərəfi işsizlik idi. İnsan evdə nə qədər boş- bikar dayanar, gah oturub, gah uzanmaqla vaxtını keçirər? Xüsusilə də uzun illərdir zəhməti həyat tərzinə çevirən, qar- boran tanımadan işə gedənlər üçün bu, daha çətindir. İki belə adam tanıyıram. İkisi də yaradıcıdır, qələm sahibidir. Biri yuxarıda adını çəkdiyim Cahangir müəllim, digəri isə, az qala, əlimdən tutub yazı yazmağı öyrədən babam, 50 ildən çox idman mətbuatında külüng vurmuş, "Xalq qəzeti"nin keçmiş əməkdaşı Oqtay Bayramovdur. Çoxlarının nifrətini qazanmış məlum xəstəlik onları ruhdan sala bilmədi. Əksinə, ən ekstremal, çətin vəziyyətdə avtomatından daha möhkəm yapışan əsgərlər kimi, onlar da qələmlərinə sarıldılar.

 "Tətil"in ilk günlərində çoxdandır səsini eşidə bilmədiyim professordan zəng gəldi. Əvvəlcə hər şeyin qaydasında olub- olmadığı ilə maraqlandı.  Sonra da ərkyana formada "Dədə, iki- üç gündür bilmirəm nə edim. Universitetdən, fakültədən, sizdən yaman darıxmışam. Görürəm, həkimlərimiz, polislərimizlə yanaşı, jurnalistlərimiz də çox fəal çalışırlar. Bütün çətinlik və təhlükələri gözə alaraq informasiya təminatını layiqli şəkildə həyata keçirirlər. Onların, həm də sənin bu əməyini qiymətləndirmək naminə yarım "qrankalıq" bir yazı yazmışam...".

 - Göndərin, müəllim- dedim.

 Sonra müəllimimin foto formasında göndərdiyi əlyazmanı səliqə ilə kompüterimin "dəftərinə" köçürdüm. Ona yolladım. Baxdı, düzəlişlərini etdi. Nəhayət, yazını dərc etdik. Oxucular həmin qeydləri böyük maraqla qarşıladılar və bunu öz reaksiyaları ilə bildirdilər. Bundan sonra müəllimim müntəzəm yazmağa başladı. Özü də ən aktual mövzularda. Sanki oxucuların nəyə ehtiyacı olduğunu hiss edir, bu tələbatı ödəyir. İllərdir heç kəsin yada salmadığı janrları da zaman- zaman üzə çıxarır. Məsələn, oçerki, pritçanı. Bütün bunların nəticəsində mən həm də  "işlə mənim üçün, öyrən özün üçün" prinsipinə uyğun olaraq nəzəri biliklərimi artırıram. 

Demək olar, hər iki- üç gündən bir əlaqə saxlayırıq. Nələrisə müzakirə edir, baş verməkdə olan bu və ya digər hadisə barədə danışırıq. Həmin anlarda ikimizin də ürəyindən eyni duyğu keçir- Əziz Bakı Dövlət Universitetinin doğma Jurnalistika fakültəsindəki "Yeni media və kommunikasiya nəzəriyyələri" kafedrasında oturub yeni layihələr haqqında götür- qoy etmək. İkimiz də bunu bildiyimiz halda heç nə hiss elətdirməməyə çalışır, sanki hər şey qaydasında imiş kimi danışıb, sağollaşırıq...

  "Tətil" boyu müəllimimin dərc olunan yazılarının hər birini oxusam da, sayını artıq itirmişəm. Hər halda, az deyil. Və bu rəqəm qeyri- müəyyən müddətə qədər hər həftə daha da artır. Təklif etmişəm ki, nə vaxtsa bütün bu yazıları toplayıb bir kitab çıxarsın. Qismət... Bəlkə də, həmin vaxta qədər başqa kitablarla oxucuların görüşünə gələr. Onsuz da o, yerində sayacaq adam deyil. Daim fəaliyyətdə, hərəkətdədir...

***

İlk abzasda təqdim etdiyim veteran mətbuat işçisi Oqtay Bayramov da bu arzuolunmaz günlərdə boş dayanmır. Xeyli vaxtdır əlinə qələm almayan babam "hər işdə bir xeyir var" deyib yazıb- pozmağa başladı. Əvvəlki çevikliyi və dəqiqliyi ilə. O,  idman ictimaiyyətinin mərhum nümayəndələrini yada salır, tarixi günləri xatırlayır. Eyni ilə Cahangir müəllim kimi, klassik ənənələrə sadiq qalır- vərəqdə yazır. Qalanını isə ya mən, ya da bacım öz üzərimizə götürürük. Həmin yazılar Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) rəsmi saytında və "İdman" qəzetinin elektron versiyasında dərc olunur. Fürsətdən istifadə edib adını çəkdiyim qurum və mətbuat orqanının rəhbəri Əməkdar jurnalist Qabil Mehdiyevə minnətdarlığımı bildirmək istəyirəm. Qabil müəllim babamın təşəbbüsünə olduqca isti münasibət göstərdi və söylədi ki, bu qeydləri gələcəkdə toplu halında nəşr etmək lazımdır. Əməkdar jurnalistlərin ikisi də sağ olsun. 

Bu günlərdə Cahangir Məmmədli də, Oqtay Bayramov da gərgin fəaliyyətlə məşğuldurlar. Gücləri, enerjiləri tükənməsin!  Onlar öz əzmkarlıqları və qələmə sadiqlikləri ilə göstərdilər ki, zəhmətkeş insana heç nə mane ola bilməz. 

Bir məqamı da qeyd edim: onlar həm də mənim fəaliyyətimə diqqət edirlər. Cahangir müəllim tez- tez yeni ideyalar verir, yol göstərir. Sosial şəbəkələrdə yazdıqlarımı oxuyur, rəy bildirir. Babam da öz növbəsində ən kiçik xəbərdən tutmuş, ən böyük materiala- müsahibəyə, reportaja qədər bütün yazılarımı nəzərdən keçirir. Gündə iki- üç dəfə ya zəng edir, ya da mesaj yazır və konkret cümləni qeyd edərək: "Oğul, səhv var, imkan varsa, bildir, düzəltsinlər"- deyir. Dərhal da ustad tövsiyəsinə əməl edirik.
 Bəzən elementar orfoqrafik səhvləri, unudulmuş durğu işarələrini xatırladır, bəzən isə daha dərinə- norma pozuntularına, üslubiyyətə, jurnalistikanın prinsiplərinə qədər gedib çıxır. "Bilirəm, operativliyə çalışırsan, amma unutma ki, hər məlumatı dəqiqləşdirmək lazımdır. İmzaya, oxucuya hörmətlə yanaşmaq vacibdir"- söyləyir. 

 ***

Bu çətin günlərin mənim üçün ən müsbət cəhəti keçdiyim ustad dərsləri oldu. İkisi də baba qədər əziz və doğma, müəllimim kimi inandığım, arxalandığım insanlardır. 

Bilmirəm, koronavirus pandemiyası nə qədər davam edəcək. Fəqət əminəm: əgər mənim onlar təki mayaklarım varsa, yolum həmişə işıqlı olacaq...

 P.S: Olduqca sadə, həyatda heç bir təmənna güdməyən bu insanların bir ortaq cəhətləri də var: ayda bir neçə dəfə balansıma danışıq konturu yükləyirlər. Təki, danışdığım, tanıdığım hər kəs sizin kimi insan, jurnalist, müəllim... olsun.
                                 
 





26.05.2020    çap et  çap et