525.Az

İsveçrədən görünən Azərbaycan


 

VƏ YA İSVEÇRƏDƏKİ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN RƏHBƏRİ QASIM NƏSİROVUN AVROPADAN ANA VƏTƏNƏ BAXIŞ BUCAĞI

İsveçrədən görünən Azərbaycan<b style="color:red"></b> O, indi öz əzəli, doğma yurduna, ana vətəninə çox uzaqdan baxır. Və bu baxışla bir çox həqiqətləri daha dəqiq görə, bu həqiqətləri hazırda olduğu məkana, oranın sakinlərinə daha aydın şəkildə çatdıra bilir. Azərbaycanda, Naxçıvanda doğulsa da, artıq neçə müddətdir ki, İsveçrədə - Bern şəhərində yaşayır.


Söhbət İsveçrədəki Azərbaycan Mədəniyyət Mərkəzinin qurucusu və rəhbəri olan Qasım Nəsirovdan gedir. O, ilkin ixtisasca energetika mühəndisi olsa da, həm də miqrasiya sahəsində mütəxəssisdir və bu yöndə fəaliyyətə xüsusi önəm verir. Yerli Miqrasiya İdarəsinin yeniyetmələr və yaşlıların məsələləri üzrə məsul əməkdaşıdır. Şagird və tələbələrə, hüquq mühafizə orqanlarının işçilərinə, məmurlara miqrasiya məsələlərinə dair dərs və təlimlər keçir.

Əvvəllər Q.Nəsirov İsveçrədə vətəni haqqında danışarkən yerli həmsöhbətlərinin Azərbaycan barədə xəbərdar olmadıqlarını hiss edirdi. O da onlara vətəni haqda danışır, hələ 1918-ci ildə Sovet İttifaqına üzv olmazdan öncə onun ölkəsində qadın haqlarının qorunması ilə bağlı rəsmi qanunun qəbul edildiyini deyirdi. Q.Nəsirov gülərək danışır ki, bir çox isveçrəlilərin Azərbaycan haqqında tək xatırladıqları şey futbol üzrə milli yığma komandalarının nə vaxtsa bu ölkənin milli yığma komandasına 1:0 hesabı ilə qalib gəlməsidir. 2012-ci ildə “Avroviziya” mahnı yarışmasının Azərbaycanda keçirilməsi isə hər kəsin diqqətini bu ölkəyə cəlb etdi. Bundan sonra bir İsveçrə musiqi qrupu onunla ünsiyyət qurmaq, bu ölkə haqqında ondan məlumat almaq istədi. Təəssüf ki, bu qrup ikinci yarımfinala çıxa bilmədi. Buna baxmayaraq, miqrasiya qanunları üzrə mütəxəssis, dozent və rəsmi tərcüməçi Qasım Nəsirov bu əlaqəni boşuna xərclənmiş vaxt kimi qəbul etmir. Çünki o, öz ölkəsi haqqında xarici insanlara məlumat verməyi önəmli hesab edir.

Haqqında danışdığımız həmin yarışmada azərbaycanlıların qürurla tanıtdıqları yeni Kristal Holl zalında İsveçrəni başqa bir musiqi qrupu təmsil etdi.  

Q.Nəsirov İseçrədə Azərbaycan Mədəniyyət Mərkəsinin rəhbəri olaraq öz ölkəsinin tanıdılması və təbliği yönündə bir sıra faydalı işlər görür. Onun İsveçrənin “Bund” qəzetinə verdiyi geniş müsahibənin əsas məramı, mövzusu da məhz bu olub. O, təkcə sözləri ilə deyil, davranışı və həyat tərzi ilə də Azərbaycanı təmsil edirdi. Belə ki, Novruz bayramı ərəfəsinə təsadüf edən həmin müsahibə zamanı Q.Nəsirov jurnalist üçün açılan süfrədə Novruzun atributlarından olan şirniyyatları təqdim edərək onu isveçrəli müxbirə tanıtmışdı.

Q.Nəsirovun hadisələrə ayıq baxışı, temperamenti, insanlarla tez dil tapa bilmək xüsusiyyəti tez zamanda böyük uğurlar qazanmasına səbəb olur. 

Bəzi illərdə rəhbəri olduğu Mədəniyyət Mərkəzində 300 nəfərlik Novruz bayramı şənliyi hazırlayırdı. Bu bayram mərasiminin əsas atributlarından biri də tonqal üzərindən atılmaqdır ki, bu da düşmənçiliyin və bütün dərd-bəlanın arxada qoyulmasının simvoludur. Bu ayinin çox qədim bir tarixi var. Elə buna görə də Azərbaycan “Odlar yurdu” adını daşıyır.

Q.Nəsirov Azərbaycanın İran, Türkiyə və Ermənistanla sərhəddi olan Naxçıvan Muxtar Rspublikasında, Naxçıvan şəhərində anadan olub və böyüyüb. Oradan Nuh Peyğəmbərin çıxdığı rəvayət edilən məşhur Ağrıdağ çox aydın şəkildə və bütün gözəlliyi ilə görünür. Nəsirov bilir ki, bu rəvayət müqəddəs kitablar olan “Tövrat”, “İncil” və “Quran”da da yer alıb. Əslində aqnostik olmasına baxmayaraq, o bu müqəddəs kitabları oxumağı çox vacib və maraqlı hesab edir. Heç qəbul edə və haqq qazandıra bilmədiyi şeylər isə nifrət və dini ayrıseçkilikdir. Bu barədə Q.Nəsirovun  fikri belədir: “Azərbaycanda heç kəs kiminsə rus, yəhudi və ya azərbaycanlı olmasını xüsusi şəkildə dilə gətirmir, bunu problem etmir. Bizim ölkədə hər bir xalqın nümayəndəsi dostcasına, firvana yaşayır”.

Soydaşımız dərin təəssüf hissilə qeyd edir ki, azərbaycanlıların vahid vətənini 1813-cü ildə iki hissəyə parçaladılar. 1991-ci ildən - Azərbaycan Respublikasının müstəqillik qazanmasından etibarən iki tərəfdəki azərbaycanlıların əlaqələri bərpa olunmağa və sıxlaşmağa başladı. Q.Nəsirov bu mövzuda müqayisəli şəkildə söz açaraq deyir: “Bəzən İrandakı etnik mənsubiyyət dövlət tərəfindən bu insanlara qarşı güvənsizliyə səbəb olur. İsveçrədə isə çox xoşuma gələn cəhətlərdən biri də odur ki, bu ölkədə alman, fransız və italyan dillərində danışan vətəndaşlar dərhal alman, fransız və italyan olaraq adlandırılmırlar və onlar elə isveçrəli olaraq qəbul edilirlər. Çünki ölkənin hər insanı bu ölkənin vətəndaşıdır”.

Q.Nəsirovun fikrincə, 28 May 1918-ci il Azərbaycan tarixində və ümumən müsəlman Şərqində çox mühüm bir gündür. Çünki həmin gün Azərbaycan dövləti ilk dəfə öz istiqlalını elan edib: “Çar imperiyası dağıldıqdan sonra, 1918-ci ildə müsəlman və Şərq dünyasında ilk demokratik, sekulyar bir respublika quruldu. Milli azlıqlarla bütün haqlarla yanaşı qadınlara seçim hüququ da rəsmi şəkildə verildi. İki ildən sonra Rusiya bu ölkəni zəbt edərək Sovet respublikası adlandırdı. 1991-ci ildə yenidən müstəqillik əldə olundu”.

Q.Nəsirovun fikrincə, böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan üçün əsl xilaskarlıq missiyası oldu. 2003-cü ildən isə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyilə yeni inkişaf yoluna qədəm qoyub. Neft və qaz yataqları ilə zəngin olan Azərbaycan infrastruktur layihələrinə ciddi önəm verir və investisiya yatırır. Eyni zamanda ölkə də keçirilən bir çox beynəlxalq yarışlar və tədbirlər vasitəsilə Azərbaycan özünü dünyada tanıtmağı bacarıb.
 





26.05.2020    çap et  çap et