525.Az

Ciddi hüquqşünas, kövrək və romantik ədəbiyyatçı... - Təbrik


 

PROFESSOR AYNUR SABİTOVAYA YUBİLEY TƏBRİKİ

Ciddi hüquqşünas, kövrək və romantik ədəbiyyatçı... - <b style="color:red">Təbrik </b> Bu gün Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri, Azərbaycan Dillər Universitetinin (ADU) kafedra müdiri, AMEA-nın professoru Aynur Sabitova yubiley yaşını qeyd edir.


Tanınmış şair Zakir Fəxrinin ailəsində dünyaya göz açan, həm ədəbiyyatşünas, həm pedaqoq, həm də hüquqşünas olan Aynur xanım haqqında ən doğru və maraqlı fikirləri onun müəllimi, iş yoldaşları və dissertantlarının deyə biləcəyini düşünərək onlardan "Aynur Sabitova kimdir?" deyə soruşduq. Aynur xanım haqqında düşüncələrini və yubiley təbriklərini “525”lə bölüşmək təklifimizi sevinclə qəbul edən, suallarımızı məmnuniyyətlə cavablayan iş yoldaşlarının fikirlərini təqdim edirik:


Tanınmış tərcüməçi, ADU-nun Tərcümə fakültəsinin keçmiş dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent Vilayət Hacıyev
Aynur Sabitovanın keçdiyi fəaliyyət yollarından söz açdı:


“Kimin üçünsə professor Aynur Sabitova, kimin üçünsə Aynur xanım və ya müdir olan o gülərüz, xoşsima, mehriban qız, mənim üçün, sadəcə, Aynurdur. Çünki  o, yaradıcılığına, şəxsiyyətinə böyük hörmət bəslədiyim gözəl şair dostum Zakir Fəxrinin qızıdır. Uşaqlığında hərdən görsəm də, tələbə kimi, necə deyərlər, gözlərim önündə böyüdü, mənimlə həmkar oldu. Zakir o vaxt deyəndə ki, Aynur sizin instituta qəbul olunub, sözün düzü, bir az təəccübləndim. Çünki 90-cı illərin əvvəllərində mənim də işlədiyim indiki Azərbaycan Dillər Universiteti bugünki kimi dəbdə deyildi və Aynur da orta məktəbi qızıl medalla bitirmişdi, inanmazdım ki, ixtisas kimi məhz ingilis dilini seçə bilər. Düzdür, o, sonralar “səhvini düzəltdi”, universiteti fərqlənmə diplomu ilə bitirəndən, İngilis dilinin tərcüməsi kafedrasında müəllim kimi fəaliyyətə başlayandan, eləcə də 2003-cü ildə Dünya ədəbiyyatı  (ingilis ədəbiyyatı) ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edəndən sonra BDU-nun hüquq fakültəsində ikinci ali təhsil aldı. Ancaq, görünür, gözünü açandan “ədəbi mühit”də böyüdüyü üçün bu sehrli aləmdən ayrıla bilmədi, 2013-cü ildə “Amerika və Azərbaycan ədəbiyyatlarında romantizm cərəyanı: tipologiyası, tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Amma bu dəfə təəccüblənmədim, çünki işində əsl hüquqşünas kimi ciddi olan, insanlara münasibətdə həmişə mizan-tərəzini gözləyən bu mehriban, xoşxasiyyət qızın təbiətən yaradıcı, bir qədər də elmi işinə uyğun olaraq romantik olduğunu artıq bilirdim.Bəlkə də, “SÖZ”ə münasibət, “SÖZ” duyumu ona atasından keçmişdi. Zakirin dünya poeziyasından etdiyi gözəl tərcümələri oxuyanda həmişə zarafata salıb demişəm: “Qağa, çox da öyünmə, qızımız bu şeirlərin ingilis dilindən sətri tərcüməsini elə dəqiq, elə duyumla, elə incəliklə eləyir ki, sən də Allahın verdiyi istedaddan istifadə edib, onları asanca nəzmə çəkirsən”.


Mən hələ də təəəssüf edirəm ki, Aynur o vaxtlar dövrü mətbuatda uğurlu tərcümələri ilə çıxış etsə də, sonralar bu vacib işlə məşğul olmadı. Əslində, bu sahədən uzaqlaşdı demək də düz olmaz, çünki Aynur indi dünya ədəbiyyatının korifeylərini azərbaycanlı tələbələrə sevdirən, ADU-nun aparıcı kafedralarından biri hesab olunan “Xarici ölkələr ədəbiyyatı” kafedrasına başçılıq edir, deməli, bu işi başqa üsulla həyata keçirir.


Qırxdan çox elmi məqalənin, bir neçə tədris vəsaitinin, tədris proqramlarının müəllifi olan Aynur yalnız mütəxəssis kimi tələbələrinin, həmkarlarının sevimlisi deyil, həm də hamıya həssas yanaşmağı bacaran, imkanı daxilində, yardımçı olmağa çalışan xeyirxah bir insandır. Mən inanmaram ki, kimsə Aynurdan nəsə xahiş etsin, o isə köməyini əsirgəsin.


Ad günün mübarək, Aynur bala! Əminəm ki, indiyə qədər olduğu kimi, bundan sonra da həmişə xoş sədalarını eşidəcəyəm!!!”


Filologiya üzrə elmlər doktoru Həmidə Əliyeva
Aynur Sabitovanı çoxdan tanıdığını deyir: “Aynur xanımı uzun illərdir tanıyıram. Onunla o qədər çoxdan tanışıq ki, heç illərin rəqəmlə ifadəsinə fikir verməmişəm. Elə bilirəm bir ömürdür, birlikdəyik.


Onun adının qarşısında çoxsaylı epitetlər söyləmək olar-xeyirxah insan, gözəl qadın, cəfakeş övlad, mehriban bacı, qayğıkeş ana, peşəkar mütəxəssis, sədaqətli dost...Və bunlar sadəcə gəlişi gözəl sözlər deyil. Bu sözlərin arxasında onları həqiqətən öz əməlləri ilə qazanmış insan dayanır.


Aynur xanım yüksək işgüzar keyfiyyətlərə malik bacarıqlı təşkilatçıdır. Onun işgüzar və insani keyfiyyətləri vəhdət təşkil edir. O, öz işində nə qədər ciddi və tələbkardırsa, bir o qədər humanist və ürəyiyumşaqdır. Bu xanımın insasnlarla ünsiyyət qurmaq, az vaxt içərisində onların sevimlisinə çevrilmək qabiliyyəti heyrət və heyranlıq doğurur.


Aynur xanım ADU-nun Xarici ölkələr ədəbiyyatı kafedrasına rəhbərlik edir. O, kafedraya rəhbərlik etdiyi ilk gündən burada nizamlı, məsuliyyətli, eyni zamanda səmimi bir atmosfer formalaşdırmağa çalışıb. Aynur xanım xüsusilə gənc kadrlara böyük diqqət və qayğı göstərir. Onun kafedraya rəhbərlik etdiyi dövrdə onlarla gənc müəllim uğurla elmi iş müdafiə edib, baş müəllim, dosent adı alıb. Kafedranın elmi potensialı elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri alanların hesabına daha da güclənib.


Aynur xanım əslində çox kövrək və duyğusal insandır. Nə qədər hirslənsə də, kin saxlaya bilmir. Amma xəyanətə və haqsızlığa qarşı çox dözümsüz və amansızdır, eynilə mənim kimi.


İlk baxışda ədəbiyyat və hüquq fərqli anlayışlar təsiri bağışlayır. Ədəbiyyatçı və hüquqşünas da fərqli fəaliyyət sahələridir. Amma bir qədər dərinə varanda onların hər ikisinin söz sənətinə, sözün hökmünə əsaslandığı ortaya çıxır. Hər iki sənət sahibi insanlara söz vasitəsilə təsir göstərir. Bədii söz və ifadələr insanların mənəvi, emosional dünyasına xidmət edir, hüquqi anlayışlar isə onların cəmiyyətdəki həyatını, əxlaqi və hüquqi normalarını tənzimləyir. Digər tərəfdən isə peşəkar hüquqşünasın peşə ustalığını artıran amillərdən birinin mütaliə ilə bağlı olmasıdır. Bu mənada Aynur xanımın peşəkar ədəbiyyatçı və peşəkar hüquqşünas olması bir-birinə mane olmur, əksinə biri digərini tamamlayır.


Hər dəfə Aynur xanımın ad günü yaxınlaşanda onun atası, hörmətli şairimiz Zakir Fəxrinin bir sözü yadıma düşür: “Aynur, respublikamıza xoş gəldin!” O, bu sözləri qızının dünyaya gəldiyi gün söyləyib. Və görünür, şair fəhmi ilə hiss edib ki, xalqımızın belə möhtəşəm günündə-Respublikamızın Müstəqillik günündə dünyaya gələn uşaq gələcəkdə ləyaqətlə xalqına xidmət edəcək və qədəmləri həqiqətən xoş olacaq!”
Dosent Yeganə Abdullayeva onun hər kəsdən fərqləndiyini deyir:


“Aynur xanımla illərin dostuyam və əgər dəqiq desəm dostluğumuz əsrin dörddə birini əhatə edir. Tanışlığın ilk günündən xatirəmdə mehriban, gülərüz bir qız kimi qalıb.


İllər keçib, düşünürəm heç nə dəyişməyib, hətta onun vaxtı ilə sezə bilmədiyim insani keyfiyyətləri–həssaslığı və qayğıkeşliyi daha da artıb. Məhz bu keyfiyyəti ilə Aynur xanım digərlərindən fərqlənir və bu xüsusiyyəti kafedranın bütün əməkdaşlarına münasibətdə özünü göstərir.


Hərdən düşünürəm ki, bu qədər zərif bir qadın necə olur ki, hər birimizə ayrı-ayrılıqda vaxt tapır, bu qədər nəvaziş göstərə bilir? Görəsən, heç yorulmur? Və ya yorulursa niyə biz görmürük? Amma onu qəzəbləndirən hadisələrin də şahidi olmuşam. Aynur xanım ədalətsizliyə, haqsızlığa qarşı həddən artıq dözümsüzdür və bu halında inanılmaz dərəcədə qəzəblidir.


Hüquqşünas olması hadisələrə münasibətdə də özünü göstərir. Qəribədir ki, bu müstəvidə soyuqqanlı, təmkinli və ədalətlidir. Ədəbiyyatda hüquqşünas, hüquqda ədəbiyyat sahəsinin bir araya gəlməsi sualınız da maraqlıdır. Ədəbiyyatda hüquqşünas obrazı kifayət qədər mövcuddur və müəllifin təxəyyülünə, yazı manerasına uyğun əsərdən-əsərəobrazlı şəkildə təsvir edilə bilər. Hüququn ədəbiyyatla bir araya gəlməsi bir qədər mürəkkəb məsələdir, ən azından ədəbiyyat estetik hadisədir, burada söz sənətinin xüsusiyyətləri, mədəniyyətlə, incəsənətlə bağlı məsələlər üzə çıxır. Hüquq sahəsi isə ictimai münasibətləri tənzimləyən  norma və qayda-qanunlarla işləyir,  bu üzdən fərqli baxış bucaqlarıdır. Aynur xanımın özəlliyi ondadır ki, bu iki sahəni bir araya gətirə bilir. Görünür insan faktorunu nəzərə almaqla  qanunlara həssas şəkildə yanaşmaq olur.


Respublika günü – dövlət müstəqilliyi günündə doğulması da Aynur xanımın taleyində inanılmaz iz buraxıb.  Belə ki, bu gün o, dövlət məmuru kimi öz millətinə və ölkəsinə ləyaqətlə xidmət edir, çalışdığı bütün sahələrdə peşəkarlığı ilə seçilir”.


Filologiya üzrə fəlsəfə doktoru Gilə Hüseynliyə
görə, qanunlara əməl etmək məsələsində Aynur xanım humanizmini heç zaman əldən vermir: “Mən və Aynur xanım artıq 5 ildir ki, tanışıq, Aynur xanım kafedra müdiri seçiləndən biz birlikdə işləyirik və elə ilk gündən bir-birimizə doğma münasibətimizi göstərmişik, güvənmişik. Zaman keçdikcə isə bədii dildə desək, “kürəyimizi bir-birimizə yaslamışıq”. Kafedra müdiri kimi onun keyfiyyətləri həddindən artıqdır, ən çox da əməkdaşlara doğma, qayğıkeş münasibətini görməzlikdən gəlmək olmaz. Kimin nə problemi yaranıbsa öz doğması kimi  həmişə həlli üçün can atıb. Bizim kafedrada süni və ya saxta münasibətlər olmayıb, mənə elə gəlir bu, Aynur xanımın uğurudur. Ən çox da Aynur xanım bizi elmə, təhsilə həvəsləndirib, həmişə bizim elmi fəaliyyətimizlə birbaşa maraqlanıb.


Onun haqsızlığa dözümü yoxdur, çox dürüst insandır və mən düşünürəm ki, bu keyfiyyətlər ona nə qədər geniylə gəlirsə də, bir o qədər də hüquqşünas olmağıyla bağlıdır. Ədliyyə Nazirliyi kimi mötəbər qurumda – insan hüquqları sahəsində çalışmağı, qanunları dərindən bilməsi və əməl etməsi onun insanlarla münasibətini düzgün qurulmasına çox təsir etmişdir. Mən hər məqamda Aynur xanımın müdrikliyinə həsəd aparmışam, hansısa problemə düzgün yanaşması məndə rəğbət oyadıb. Bildiyiniz kimi, Aynur xanım şair qızıdır, qəlbində şair ruhu daşıyır, məncə, ədəbiyyata bağlılığı heç də təsadüfi deyil. Qanunlara əməl etmək məsələsində Aynur xanım humanizmini heç zaman əldən vermir. Ədliyyə sahəsində ona göstərilən yüksək etimadı doğrultmağa çalışır və düşünürəm ki, bu, onun xasiyyətindən irəli gəlir. O, xarakterietibarilə hadisələrə bir çox mövqedən yanaşmağa çalışır. Ona görə də o hər iki məvhumu qürurla daşıyır.

 
Bildiyimiz kimi, Aynur xanım ölkəmizin çoxəsrlik tarixindəki ən şanlı günlərdən birində dünyaya göz açıb. Həyatda təsadüf deyilən anlayış məhz elə bu məqamda da özünü göstərməkdədir. Aynur xanımın gələcək uğurlu taleyi bəlkə də, məhz doğulduğu bu tarixlə - 28 Mayla bağlıdır. Düşünürəm ki, müsəlman Şərqində ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündə doğulması Aynur xanımın ölkəsinin rifahı naminə məsul fəaliyyətinə və gələcək nailiyyətlərinə işarədir.





Ümumiyyətlə, Aynur xanım bütün rəsmiyyəti və işindəki prinsipiallığı ilə yanaşı, həm də çox diqqətcil və incədüşüncəli biridir. O, heç vaxt kafedra əməkdaşlarının bayram, xüsusi və özəl günlər kimi tədbirlərindən yan keçmir və bu yöndə öz diqqətini əsirgəmir. Əməkdaşlarına qarşı göstərdiyi xüsusi diqqətə baxmayaraq, öz doğum gününə qarşı bir o qədər sadəlik tərəfdarı olduğunu da dilə gətirmək lazımdır. Aynur xanım cah-cəlallıq tərəfdarı olmadığından kafedramız onun doğum günlərində daha çox səmimiyyətin üstün olduğu, surpriz addımlar atmalı olur. Aynur xanımın kafedranın əməkdaşlarına olan sonsuz qayğısı və diqqəti onun sevilməsinə, daim diqqət mərkəzində saxlanmasına səbəb olmuşdur. Odur ki, kafedramız Aynur xanımın doğum günlərinə xüsusi yanaşır və onun bu özəl günündə yanında olub, üzündə təbəssüm yaratmağa canla-başla səy göstərir”.


Filologiya üzrə fəlsəfə doktorluğu üzrə dissertant, baş müəllim Nərmin Muradova dedi ki, Aynur Sabitovanın dəstəyi sayəsində kafedrada hər kəsin elmi adı var: “Aynur xanımla tanışlığımızın maraqlı tarixçəsi var. Mən ADU-nun Xarici dillər ədəbiyyatı kafedrasında Aynur xanımdan bir il öncə çalışmağa başlamışam. Aynur xanım bizim kafedraya müdir təyin ediləndə təbii ki, hamımız maraq və həyəcan içində idik ki, görəsən, kimdir. O gələndə çox heyrətlənmişdik. Çünki bu qədər müasir düşüncəli, gənc kafedra müdiri gözləmirdik. Hər kəs yəqin ki, işindəki yenilikləri ailəsində danışır. Mən də ailəmdə yeni kafedra müdirimizdən danışanda məlum oldu ki, mənim ən yaxınlarım Aynur Sabitovanı bir hüquqşünas, dövlətini sevən, işində məsuliyyətli bir xanım kimi tanıyırlar. Mənə bildirdilər ki, onun yanında ürəklə çalışa bilərəm. Çünki o, hər zaman haqqın, ədalətin, insanlığın tərəfində olub.





Aynur xanım kafedraya gələndən sonra sanki kafedramıza ikinci həvəs, ruh gəldi. Çoxsaylı işlər görməyə, yeniliklər etməyə başladı. Hər şeyimizə, bütün fikirlərimizə dəstək idi. Bilirsiniz ki, ədəbiyyatçılar yaradıcıdırlar və fərqli düşünürlər. Aynur xanım bizə o çərçivələrdən çıxmağı, özümüzü necə görürüksə, o cür olmağı, kreativliyi öyrədir. Bunun nəticəsidir ki, bu gün artıq kafedramızda elmi adı olmayan heç bir üzvümüz yoxdur.


O, bir hüquqşünas olduğu üçün konkretliyi, hər şeyin yerli-yerində, vaxtında olmasını xoşlayır. Mən bir az hərdəmxəyal insanam. Nəsə yazmaq üçün “ilham pərisi” gözləyirəm (gülür). Aynur xanım isə yəqin ki, hüquqşünas tərəfindən irəli gəlir ki, hər şeyi vaxtında etməyi istəyir. Onun təkcə kafedra müdiri kimi deyil, hüquqşünas kimi də üstümüzdə zəhməti çoxdur. Hər şeyi bizə qanunla başa salır, öyrədir. Onun saysində biz hüquqlarımızı daha dərindən öyrənməyə başlamışıq. Biz onunla işlədiyimiz üçün özümüzü şanslı hesab edirik. Çünki bu cür kafedra müdirinə, dosta, böyük bacıya sahib olmaq çox az insanın qismətinə yazılır.
Onu özündən çıxaran yeganə şey işinə qarşı qeyri-ciddilikdir. Qalan hər şeyi keçər, göz yumar, bağışlayar, bunu isə yox.


Biz dəfələrlə onun keçirtdiyi və bizi də iştirak etdiyimiz layihələrdə onu hüquqşünas kimi görmüşük. O, çox humanist, insanlara sevgiylə yanaşan insandır. Onun bu vaxta kimi işlədiyi bütün vəzifələr ondan sərtlik, ciddlik tələb edir. Onun ədəbiyyatçı olmasının hüquqşünaslığına təsiri də məhz humanizmindədir. O, düşdüyü hər bir vəziyyətdə humanistlik göstərir, olaylara hər tərəfli baxa bilir.


Onun bütün işlərinin arxasında böyük sevgi və əmək dayanır. Onun bu xüsusiyyətləri mənim həyat tərzimin dəyişməsinə səbəb olan amillərdən biridir. O, mənim həm kafedra müdirim, həm elmi rəhbərim, həm də ailəmin yaxın insanıdır. Buna görə də şəxsiyyətimin formalaşmasında ən böyük təsiri olan insandır. İştirak etdiyim bütün konfranslarda, elmi tədbirlərdə birinci özümü Aynur Sabitovanın dissertantı kimi təqdim edirəm və bu ada layiq olmağa çalışıram. Hər cür elmi rəhbər var. İnsanı çox sıxanı da var, heç maraqlanmayanı da. Aynur xanım isə elə bir elmi rəhbərdir ki, onunla bütün söhbətlərin səni pozitivə kökləyir. Nədən danışsan, hansı ideyanı irəli sürsən, hamısına “elə, yanındayam” deyib dəstək durur. Əgər səhvimiz varsa da, onu elə incəliklə, diqqətlə korrektə edir ki, biz özümüz də bilmədən görürük doğru istiqamətə yön almışıq. Onunla işlədiyim zamanda işimdə çox yeniliklər olub və bunların hamısında Aynur xanımın imzası, xeyr-duası var.


Nəinki Aynur xanımın, bizim hamımızın ad günləri yüksək səviyyədə keçirilir kafedramız tərəfindən. Bunu da Aynur xanımın özü yaradıb. O, birimizin ad günü olanda lap səhər erkəndən mütləq ən birinci özü təbrik eliyir. Bir kafedranın müdiri bunu edirsə, təbii ki, əməkdaşlar da bu cür öyrəşirlər. Tək ad günləri deyil, bütün özəl günlərimizə bu cür diqqətlidir. Gərgin iş qrafikinə baxmayaraq, çox qısa zamanlıq da olsa, mütləq gəlir, yanımızda olur. Hətta dəfələrlə olub ki, işdən çıxıb elə iş qiyafəsində gəlib toylara. Bizə də elə onun gəlməyi lazımdır.


Düşünürəm ki, onun 28 May kimi vətənimizin tarixində özəl yeri olan gündə doğulması da anlamsız deyil. O, həm bir ədəbiyyatçı, həm də hüquqşünas kimi vətənimiz, dövlətimiz üçün çox lazımlı və önəmli şəxsiyyətdir. Arzu edirik ki, bundan sonra da o, bu cür yanımızda olsun”.


Biz də “525” kollektivi olaraq Aynur Sabitovanı təbrik edir, ona can sağlığı, həyatında və fəaliyyətində daha böyük uğurlar arzu edirik!


ŞAHANƏ
 





28.05.2020    çap et  çap et