525.Az

Bolqarıstan mətbuatı Azərbaycanın Respublika günü barəsində yazır - Foto


 

Bolqarıstan mətbuatı Azərbaycanın Respublika günü barəsində yazır - <b style="color:red">Foto</b>

Dünən Bolqarıstanın aparıcı KİV-dən olan “Standart” informasiya agentliyinin internet səhifəsində “Azərbaycanda Respublika Günü qeyd olunur” başlığı altında Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın məqaləsi dərc olunub.  

Məqalədə bildirilir ki, 28 may 1918-ci il tarixində müsəlman və türk dünyasında ilk dünyəvi və parlamentar demokratiya olmuş Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Cümhuriyyət Azərbaycanın etnik, dini, cinsi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının bütün mülki və siyasi hüquqlarını təmin edərək qadınlara bərabər seçki hüququ verən ilk müsəlman çoxluqlu ölkə olmuş, hətta bu məsələdə bir çox Avropa ölkəsini qabaqlamışdır.  

114 min kvadrat metr əraziyə malik, paytaxtı ilk olaraq Gəncədə yerləşən və sonradan Bakıya keçirilən Azərbaycan Xalq Cümhuriyyəti Birinci Dünya Müharibəsinin çox mürəkkəb daxili və beynəlxalq siyasi mühitində yaradılmışdır. Buna baxmayaraq ölkə parlamenti və hökuməti bir çox mühüm qərarlar həyata keçirmiş, demokratik arzu və mütərəqqi mənəvi gücə malik ölkə liderləri yaxşı fəaliyyət göstərən demokratik dövlət və cəmiyyət qurmağa müvəffəq olmuşlar.  

Qeyd olunur ki, həm hökumətdə, həm də 11 fraksiyanı əhatə  edən Milli Parlamentdə Azərbaycan Xalq Cümhuriyyətində yaşayan bütün millətlər təmsil olunmuşdur. Fəaliyyət göstərdiyi 2 il ərzində parlament tərəfindən 230 qanun qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Xalq Cümhüriyyətinin 3 rəngli bayrağının təsdiq edilməsi, hərbi güvvələrinin yaradılması, Azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsi, təhsil sistemində islahatların həyata keçirilməsi, Bakı Dövlət Universitetinin yaradılması, Azərbaycan mətbuatında yeniliklərin həyata keçirilməsi barədə bəhs edilir.  

İqtisadi sahədə əldə olunan nailiyyətlər barədə söz açılaraq cümhuriyyət dövründə Bakı-Batumi neft kəmərinin bərpa olunduğu, Bakı-Culfa dəmir yolunun tikintisinin davam etdirildiyi, Azərbaycan Dövlət Bankının yaradıldığı və milli pul əskinaslarının dövriyyəyə buraxıldığı, eləcə də Xəzər Gəmiçiliyi Şirkətinin yaradıldığı qeyd olunur.    

Əlimərdan bəy Topşubaşevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınmasına nail olunması barədə bəhs edilərək Cümhuriyyətin beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üçün göstərilən səylər barədə məlumat verilir.  

Prezident İlham Əliyevin rəhbərliyi altında bugünkü Azərbaycanın öz tarixi ilə qürür duyan müasir, dünyəvi və müstəqil dövlət olduğu qeyd olunaraq ölkəmizin böyük arzularla gələcəyə baxdığını və multikultur cəmiyyətin inkişafı yolunda əmin addımlarla irəlilədiyi bildirilir. Azərbaycanın regional iqtisadi əməkdaşlığa, beynəlxalq sülh və təhlükəsizliyə, həmçinin mədəniyyətləarası dialoqa dünya miqyasında töhfə verməyə davam etdiyi vurğulanır.

Məqalədə həmçinin, Azərbaycan-Bolqarıstan münasibətlərinə toxunularaq Azərbaycanın bu münasibətləri gücləndirməkdə maraqlı olduğu və hər iki ölkənin səyləri nəticəsində ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə müvəffəq olduğu bildirilir.   

Sonda hazırda dünyada yayılmaqda olan COVİD-19 virusu ilə bağlı Bolqarıstanda mövcud məhdudiyyətlər səbəbindən Azərbaycan Səfirliyi tərəfindən Azərbaycanın milli bayramı olan 28 May - Respublika Gününun təntənəli qeyd olunmasının mümkün olmadığı qeyd olunaraq,  həmrəylik, birlik və qarşılıqlı dəstək hesabına bütün dünyada koronavirus pandemiyasına son qoyulacağına və növbəti illərdə Azərbaycanın milli bayramının Bolqarıstan da daxil olmaqla xarici ölkələrdə sevinclə qeyd olunacağına ümid ifadə edilir.  

N.Qurbanovanın bu məqaləsi həmçinin, “Diplomatik spektrum” online jurnalın internet səhifəsində də dərc olunmuşdur.  

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, uğurları və nailiyyətləri, eləcə də onun müasir Azərbaycanın yaranmasında rolu barədə məlumat həmçinin böyük oxucu auditoriyasına malik Bolqarıstanın “Fokus” xəbər agentliyinin internet səhifəsində “28 may günü Dünya tarixində” adlı bölməsində yayılıb.

 





28.05.2020    çap et  çap et