525.Az

Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramova doğum günü təbriki


 

Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramova doğum günü təbriki <b style="color:red"></b>

Bu gün tanınmış ədəbiyyatşünas alim, tənqidçi, çağdaş ədəbiyyatımızın tutarlı dayaqlarından biri olan, ədəbiyyatımızın Qurbanı - Qurban Bayramovun doğum günüdür!

Qurban müəllimin adı çəkiləndə poeziyamızın azman-ağsaqqal Xalq şairi Nəriman Həsəzadənin ona ünvanladığı bircə cümlədən ibarət olan əzəmətli, məhəbbət dolu səmimi sözü yadımıza düşür: “QURBAN, SƏNƏ QURBAN!!” Hamımızın həssas poeziya tənqidçisi kimi tanıdığımız Qurban Bayramov üçün (elə bizim üçün də) bu kəlam bütün titullardan əzizdir, qiymətlidir...
  
Bir bayram qabağa getsək, daha dəqiq, bir bahar sonra, bu zaman, inşallah, onun 75 yaşı tamam olacaq. Bu gün ədəbiyyatımızda tənqidçi alimlərimiz sırasında onun şəriksiz öz yeri, öz məkanı var. Bir əlin barmaq hesabına gəlsək, sayılan-seçilən bu tənqidçilər arasında, mənə elə gəlir ki, onlardan birincisi Qurban Bayramovdur. Çünki Qurban Bayramov  akademik Məmməd Cəfər, Kamal Talıbzadə kimi böyük qələm, söz bilicilərinin yetirmələrindən biri olub. Bu gün həmin nəhənglərin davamçısıdır. 

Vaxt varıydı, şair və yazarlarımız onun tənqidçi qələminindən az qala, tük salardılar...  Ona görə ki, Qurban Bayramov ədəbiyyatımızı çox sevir, istəyir ki, əsl istedadlılar ədəbiyyata gəlsin, istedadı olmayanlar kiminsə vasitəsi ilə  gəlib istedadlıların yerini tutmasın. O, tənqidimizdə, həmişə M.Müşfiqin bu sənət prinsipinin – “Şairə ilhamdan maya gərəkdir!” prinsipinin qoruyucusudur! Həqiqəti yazar, gerçəyi, olanı yazar, abrına qısılıb bir küncə çəkilənləri ortaya çəkər, ədəbiyatımızın, poeziyamızın saflığına və gələcək inkişafına xidmət edər, Qurban Bayramov!!

Qurban müəllim yazarların yaradıcılığında nə varsa, onun zəif tərəfini qərəzsiz şəkildə tənqidi gözlə, dolğun şəkildə izah edir. Bu da özünə, yaradıcılığına hörmət edən hər bir yazıçı və şairin  ürəyincə olur, belə obyektiv ədəbi tənqiddən sonra daha yaxşı əsərlər, şeirlər yazmağa çalışır. Qurban Bayramovun tənqidinə vaxtilə mən də tuş gəlmişəm, əvvəllər incimişəm-küsmüşəm, sonradan gördüm ki, düz tənqiddir, haqlı iradlarını bildirib və mən sınmadım, əksinə, alim tənqidindən, haqqlı iradlarından nəticə çıxartdım, özümənəzarətim gücləndi, ruhlandım, daha da yaxşı şeirlər yazmağa başladım… Sonralar, bir çox qələm dostlarımın da, tənqidçi Qurban müəllimə inamlarının, hörmətlərinin, hətta onların yazılarına münasibət bildirmək istəklərinin dəfələrlə şahidi oldum…
 



Yeri gəlmişkən deyim ki, Qurban Bayramov 1970- ci ildən ədəbi fəaliyyətə başlayıb, aspirantura təhsili görüb, ilk elmi səsri 1979-cu ildə "Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi" mövzusunda dissertasiyası olub… Bu günə kimi dövri və elmi mətbuatda 16 kitabı, 300-dən çox məqaləsi dərc edilib… Bunlardan  “Vurğun poeziyası”(1976), “Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi)” (1986),  “Tarixilik və müasirlik – “Sosialist realizmi müasir mərhələdə” kitabı (kollektiv) (1988), “Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq”, (Jalə Qurbanqızı ilə birgə) (2001), “Poeziyanın sirri…” (mini-modern monoqrafiya) (2009),  “Əli İldırımoğlunun yaradıcılıq yolu: Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü” (monumental monoqrafiya) (2009), “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” (Jalə Qurbanqızı ilə birlikdə) (2014) və s. bu qəbildən kitabların müəllifidir.

Onun "Müasir Azərbaycan poeziyasında üslubi meyillər", "Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik", "M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı", "Səməd Vurğun dünən, bu gün və sabah", "M.H.Şəhriyar poetik üslubu", "Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər" təkin maraqlı tədqiqat işləri var. Onun bir sıra əsərləri, İranda, Türkiyədə, İraqda, Rusiyada, Macarıstanda dərc olunub…

Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazıb, fikir söyləyib, elmi və bədii kitabların redaktoru olub, onların bir çoxuna ön söz yazıb, xüsusən, "Azərbaycan poeziyası"na həsr etdiyi ədəbi icmalları maraq doğurub…

Qurban müəllim ədəbi ictimaiyyətin əksər tədbirlərində, təqdimatlarda, elmi sessiya və konfranslarda bir gənclik ehtirası ilə iştirak edir, tənqidçi nüfuzu ilə ədəbi tədbirlərə rövnəq verir…

Uzun illər "Gənclik" nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında "Ədəbiyyatşünaslıq və zaman", "Ədəbiyyat" (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin bir illik fərdi təqaüdçüsü (2011) olub.  

Azərbaycan MEA-nın Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına (2016, 2019), "Tanınmış Vurğunşünas alim" (2011), "Fədakar alim" (2011), "Səməd Vurğun mükafatı" (2011), "Elm fədaisi" (2012), “Vintsas” mükafatı (2020) fəxri diplomlarına layiq görülüb.

Xatırladım ki, S.Vurğun haqqında bir çox görkəmli ziyalılarımız, alimlərimiz dəyərli əsərlər, qiymətli tədqiqatlar aparıb. Onların özləri də, Qurban müəllimin bu sahədəki tədqiqatlarını yüksək qiymətləndiriblər. O, bir tənqidçi- alim kimi ölməz şairimizin yaradıcılığını, Səməd Vurğun şəxsiyyətinin böyüklüyünü süzgəcdən keçirib, xarakterizə edərək ədəbi ictimaiyyətimizə, o dövrkü İttifaq miqyasına çatdırııb. Elə bu baxımdan da onun yazdığı elm əsər fərqlidir, yenidir və önəmlidir. 

Qurban müəllimin bir alim kimi böyüklüyü ondadır ki, öncə özünə də bir tənqidçi kimi yanaşır, çox məhsuldardır, sözün hətta nöqtəsinə, vergülünə kimi qədrini, dəyərini, çəkisini bilir.  Azərbaycan ədəbiyyatını dünya ictimaiyyətinə çatdıran alimlərimizdən, ziyalılarımızdan biridir... 

Mənə elə gəlir dövlətimiz Qurban Bayramov kimi ziyalılarımızı diqqətdən kənar qoymayacaq və onun elmi-ədəbi əməyi, fəaliyyəti  yüksək səviyyədə dəyərləndiriləcək!  Bir yazar kimi özüm və qələm dostlarım adından Qurban müəllimi təbrik edir, ona can sağlığı, yaradıcılığında uğurlar və həmişəki kimi gümrah olmasını arzulayıram!

Qələndər Xaçınçaylı,

şair, publisist-yazıçı, jurnalist
 
30.05.2020

 

 





30.05.2020    çap et  çap et