525.Az

Rusiya XİN 28 May - Respublika günü münasibəti ilə paylaşım etdi


 

Rusiya XİN 28 May - Respublika günü münasibəti ilə paylaşım etdi<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyi rəsmi "instagram" səhifəsində Azərbaycanın 28 May - Respublika Günü münasibəti ilə paylaşım edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "mid.rus" səhifəsindəki paylaşımda 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması ilə bağlı fransız dilində və ayrıca ərəb əlifbası ilə sənədlərin sürətinin fotoları da paylaşılıb.

Paylaşımda eyni zamanda Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və müasir Rusiya-Azərbaycan münasibətləri haqqında məlumat yerləşdirilib. Qeyd olunub ki, 28 may Azərbaycanda Respublika Günü kimi qeyd olunur: "Həmin gün 1918-ci ildə Rusiya imperatorunun Qafqaz canişinin Tiflisdəki sarayının zalında müstəqillik Deklarasiyası imzalanıb.

Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır. Moskva və Bakı arasındakı münasibətlər suveren bərabərlik, daxili işlərə qarışmama, bir-birinin maraqlarına hörmət etmə, dostluq və mehriban qonşuluq ənənələrinin qorunub saxlanılması prinsiplərinə əsaslanır.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,2 mlrd dollar olub ki, bu da 2018-ci illə müqayisədə 27,4 faiz çoxdur. Azırbaycanda 950 birgə kompaniya fəaliyyət göstərir. Rusiyanın Azərbaycana qoyduğu investisiya 4,5 mlrd dollar, Azərbaycanın Rusiyaya qoyduğu investisiya isə 1,5 mlrd dollar təşkil edib.

Rusiya-Azərbaycan strateji tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə qaldırmağa yönəlmiş 2024-cü ilə qədər dövr üçün Fəaliyyət Planı səmərəli şəkildə həyata keçirilir. İnnovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığa dair yeni (sayca altıncı) yol xəritəsi işlənib hazırlanır.

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında olan açıq və etibarlı dialoq münasibətlərə güclü impuls verir. Mütəmadi olaraq hər iki ölkənin müdafiə qurumlarının rəhbərləri arasında səfərlər mübadiləsi aparılır. Qarşıdakı dövr üçün hərbi-texniki əməkdaşlığın perspektivli sahələri müəyyən edilib.

Bu gün Rusiya və Azərbaycan siyasi, ticarət, iqtisadi, humanitar və digər sahələrdə sıx və fəal əməkdaşlıq edirlər. Azərbaycan ənənəvi olaraq Rusiyanı dəstəkləyir, 2019-cu ildə isə Azərbaycan BMT Baş Assambleyasında  "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı Rusiyanın qətnamə layihəsinin həmmüəllifləri sırasına daxil olub",-deyə paylaşımda vurğulanıb.

Bundan əlavə paylaşımda iki ölkə arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq haqqında da məlumat yerləşdirilib. Qeyd olunub ki, ötən il Azərbaycanda Rusiya Mədəniyyət Günləri keçirilib, bu il isə Rusiyada Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. 

 





30.05.2020    çap et  çap et