525.Az

Virtual səyahət - Reyhan Yusifqızı yazır


 

Virtual səyahət - <b style="color:red">Reyhan Yusifqızı yazır</b>

“Sənin xəyalların varmı? Mənim də var... Onları ən çox uşaq və yeniyetmələr üçün yazdığım əsərlərdə həyata keçirirəm”.

Reyhan Yusifqızı Şıxlinskaya.

Bakı Dövlət Universitetinin dosenti. Riyaziyyatçı və yazıçı.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində “Uzaq planetin sirri” macəra kitabından “Virtual səyahət” bölməsini təqdim edirik.

***

 Kənan və Rüstəm sanki nağıllar aləminə düşmüşdülər. Veb-kameralar onları çox uzaqlara - hətta xəyalını belə qurmağa çətinlik çəkdikləri yerlərə  apardı. Bütün bunların bizimlə paralel zamanda hansısa məkanda baş verməsi ağlasığmaz görünürdü. İnsanın zəkası, böyük zəhməti, iradəsi hesabına nələrə nail ola biləcəyinə heyrətlənməmək mümkün deyildi.


Lemi Yer planetindən gəlmiş dostlarına dedi ki, bu planetdə iki paralel nəqliyyat sistemi mövcuddur: uçan  və yerdə hərəkət edən nəqliyyat. Bütün maşınlar  avtopilot rejimində işləyir, sürücü yoxdur! Avtopilot maşınlar kompüter tərəfindən təhlükəsiz və fasiləsiz idarə olunur. Onlar böyük informasiya bazaları, radar və kameraların əlaqələndirilməsi sayəsində mümkün olub. Onlar, əsasən, bərpa olunan enerji ilə − günəş akkumlyatorları ilə hərəkət edir.


Uşaqlar əvvəlcə veb-kameranı hava taksisinə yönəldib havaya qalxdılar. Ara-sıra başqa uçan taksilər və aeromobillərlə rastlaşırdılar. Onlar kiborqları harasa daşıyırdı. Nəqliyyat vasitələri özü avtomatik idarə olunduğu üçün təhlükəsizliyə təminat vardı. Yollar uçan maşınların lazım olan dayanacaqda  rahat enmələri üçün nəzərdə tutulmuşdu. Lemi dedi ki, yollara, tərkibində fosfor olan suyadavamlı xüsusi maddə hopdurulub, qaranlıqda işıldayaraq aeromobillərə yol göstərir.


Şüşə kimi hamar magistral yolların kəsişdiyi meqapolis möhtəşəm mənzərələri ilə Yer sakinlərini valeh etdi.


Yollar boş idi. Lemi dedi ki, adətən bu yollarda saysız-hesabsız maşınlar şütüyür. Adda-budda yüksələn göydələnlər və rəngli vitrinləri par-par yanan mağazalar yaşıllığın içindən boylanan, yaşayış üçün tikilmiş “ağıllı ev”lərlə əhatə olunmuşdu. Evlər bir-birinə bənzəmirdi, hərəsinin özəllikləri, fərqli quruluşu vardı. Bəzilərinin damında hovuz, bəzilərində əlvan çiçəkli bağça görünürdü, amma hamısında damın bir hissəsini mavi-göy günəş panelləri örtmüşdü.


─ Bu texnologiya ilə günəş işığından enerli əldə edilir. ─ Lemi dedi. ─ Evlər elektrik enerjisini dama quraşdırılan panellər vasitəsilə alır.

─ Mən oxumuşam ki, Günəş enerjisinin 0.0125%-nin istifadə olunması ilə Yer planetinin bütün enerji ehtiyaclarını ödəmək olar! ─ Rüstəm adəti üzrə eynəyinin ortasından basdı.

─ Onlar isə ─ Lemi aşağıda taxıl zəmisi kimi yellənən külək turbinlərini göstərdi. ─ küləyin bir hissəsini elektrik enerjisinə çevirir. Bizim planetdə ekoloji təmizliyinə görə yalnız təbii enerji mənbələrindən istifadə olunur.

Hər yerdə bir səliqə, nizam hiss olunurdu.  Onlar Leminin bəhs etdiyi şaquli fermaları da gördülər. Nəhəng çoxmərtəbəli binalara oxşayan bu fermaların yarusları uzaqdan yaşıl laylar şəklində üst-üstə yüksəlmişdi. Şəhərin kənarında istirahət zonasına oxşar yaşıl sahədə yerləşmiş uşaq şəhərcikləri  Kənanla Rüstəmə daha maraqlı gəldi. Leminin bütün başqa uşaqlar kimi orada yaşayıb oxuduğunu, ancaq həftəsonları evlərinə gəldiyini bilirdilər. Amma indi oralar bomboş idi. İnsanlar planetdən köçürülmüşdülər...


Nəhəng sənaye şirkətlərindən ibarət şəhərcik uşaqların diqqətini cəlb etdi. Lemi dedi ki burada müasir texnologiyalarla ən müxtəlif məhsullar hazırlanır. İstehsalat avtomatlaşdırılıb və robotlaşdırılıb.
Qövsvari damları olan və anqara bənzəyən binalarda elektromobillərin tədqiqat laboratoriyaları və dizayn studiyaları yerləşirdi.  


─ Dünyanın çöhrəsini dəyişdirən möhtəşəm layihələr belə olurmuş! ─ Rüstəm dedi.
Sonra uşaqlar şüşə divarları olan sualtı qayıqda okeanın dibinə enib sualtı aləmin möcüzələri ilə tanış oldular. Zəngin bitki örtüyü, cürbəcür su heyvanları: dəniz pişikləri və qırmızı başlı nəhəng dəniz tısbağaları gördülər. Rəngarəng balıqlar şüşənin arxasından onları seyr edir, sonra quyruqlarını çırparaq dönüb gedirdilər. Real görünən sferik panoramları səs effektləri tamamlayırdı. Uşaqlar nəinki səslər eşidir, hətta barmaqlarının arasında qumu, dodaqlarında okean suyunun duzunu, dəniz yosunlarının qoxusunu da  hiss edirdilər.


─ Buradakı veb-texnologiyalar daha mükəmməldir. ─ Rüstəm qeyd elədi. ─ Kənan, sən qoxulara, səslərə fikir verirsən?


Kənan cavab vermədi. Gördüklərinə o qədər heyran qalmışdı ki, Rüstəmi heç eşitmədi. 



 ─ Heyf ki, bütün bunlar xəyalidir, ─ Rüstəm təəssüflənirdi. ─ Biz gəzib bu möcüzələri öz gözlərimizlə, həqiqətən görə bilərdik. ─ O gördükləri ilə qane olmur, evdən çıxa bilməmələri ilə heç cür barışa bilmirdi.


─ Əsas məsələ təhlükəsizlikdir. ─ Kənan onu sakitləşdirdi.


─ Deyirəm texnologiyalar muzeyinə də bir baş çəkək. Nə idi onun adı? Hə, “Robotik”.


Muzeyə virtual ekskursiya uzun çəkdi. Elmin ən yeni nailiyyətlərini nümayiş etdirən sərgiyə baxdıqca Lemi Rüstəmin aramsız suallarına təfərrüatlı, bəzən isə həddən artıq geniş cavablar verir, hər şeyi izah edirdi. Onların danışıqları, xüsusilə fotoelementlər, mikrosxemlər haqda Leminin mühazirəsi Kənanı yordu. Rüstəm isə diqqətlə qulaq asırdı.


─ Əvvəllər robotlar insanı qismən əvəz edirdi. Son illərdə onlar iş görməkdə insanı tam əvəz etdi. Daha sonra isə onlar insanın görə bilmədiyi işləri görməyə başladı və daha maraqlı oldular.

─ Lemi deyirdi. ─ Bu, çox rahatdır. Biz beynimizi, zəkamızı kompüterə yükləyirik, sonrasını isə alqoritmlər həll edir.


 Veb-kamera onlara texnologiyalar muzeyinin bir çox eksponatlarına baxmağa imkan verdi. Onlar salonları gəzərək müxtəlif nəsil robotları, onların ayrı-ayrı hissələrini, kosmik gəmilərin necə yığıldığını və ayrı-ayrı  mərhələlərdə necə dəyişdiyini gördülər. Onlar metal lövhələrin və məftillərin elektriklə necə canlandığının şahidi oldular.



... Lemi Rüstəmin əlini sıxıb pıçıldadı:


 ─ Bilirəm, sən böyük alim, astrofizik olacaqsan... Yer planeti üçün mühüm işlər görəcəksən... 


 ─ Mənə kömək edərsən? ─ Rüstəm astadan soruşdu.


 ─ Əlbəttə! - Qızın yaşıl gözlərində qığılcımlar göründü... 

 





31.05.2020    çap et  çap et