525.Az

Sosial şəbəkələrlə bağlı vəziyyət Trampın qərarının tam əsaslı olduğundan xəbər verir


 

Sosial şəbəkələrlə bağlı vəziyyət Trampın qərarının tam əsaslı olduğundan xəbər verir<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı son açıqlamaları, eləcə də mayın 28-də imzaladığı “Onlayn senzuradan müdafiə barədə” sərəncamı gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Qeyd edilən mövzu ciddi müzakirə edilir, ekspertlər maraqlı yanaşmalarla çıxış edirlər. Onlar Trampın bu addımı atmasının zərurətdən irəli gəldiyini vurğulayırlar.

Xatırladaq ki, Trampın sərəncamının əsas mahiyyəti ondan ibarətdir ki, nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da “təhlükəli güc” tətbiq edirlər. “Twitter”, “Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər.

ABŞ lideri hesab edir ki, xüsusilə “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur. Sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir. Onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər. Bütün bunlar isə, ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşdırılmalıdır.

Qeyd edək ki, artıq Avropada bir sıra dövlətlər, o cümlədən almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir.

Vurğulamaq yerinə düşər ki, Azərbaycan da dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir.

Digər tərəfdən, internet azadlığı heç bir halda digər azadlıqları məhdudlaşdırmamalıdır, burada balansın əldə olunması üçün hüquqi tənzimlənmələr qaçılmazdır.

Mövzunu şərh edən politoloq Şəbnəm Həsənova deyib ki, Tramp tərəfindən imzalanan sənəd, ABŞ-da, xüsusən də sosial şəbəkələrdə davranış qaydalarını müəyyən edən "Kommunikasiya Müdafiə Aktı”nın 230-cu bəndinin ləğvi ilə bağlıdır. Bu paraqraf böyük texnologiya şirkətlərini yaratdıqları platformalarda yerləşdirilən mesajların məzmununa görə məsuliyyətdən azad edirdi:

“Məsələn, "Twitter” və "Facebook” kimi şirkətlər böhtan, şərəf və ləyaqətin müdafiəsi üçün mümkün məhkəmə iddialarından qorunurdu. Trampın mövcud qərarından sonra məsələ dəyişəcək və bu qanun ilə tənzimlənəcək. Daha dəqiq desək, sosial şəbəkələr öz platformalarında yayılan informasiyalarn məzmununa görə məhkəmə qarşısında məsuliyyət daşıyacaqlar.

Dünyada sosial şəbəkələrlə bağlı mövcud vəziyyət Prezident Trampın fikirlərinin və qərarının tam əsaslı olduğundan xəbər verir. İndiki dövrdə sosial şəbəkələr söyüş, qeyri etik davranış, terrora, qarşıdurmaya çağırış məkanına çevrilib. Ölkələrdə sabitliyin pozulması prosesi də buradan idarə olunur”.

Ş.Həsənova deyib ki, Azərbaycanın milli təhlükəsizliyi də bu məsələdən mənfi şəkildə təsirlənir. Belə ki, Azərbaycana qarşı müxtəlif kampaniyalar, məkrli planlar təşkil olunur, terror çağırışları edilir: “Bunun qarşısı alınmalıdır. Sosial şəbəkələrdəki mövcud məsuliyyətsizlik artıq real təhdidə çevrilib. Bu gün biz sosial şəbəkələr vasitəsilə hakimiyyətlərin qeyri-qanuni yolla ələ keçirilməsi, konstitusion quruluşların zorla devrilməsinə çağırışların şahidi oluruq. Bu isə dövlətlərin milli təhlükəsizliyinə birbaşa və ciddi təhdiddir ki, bu da yolverilməzdir. 

Bu səbəbdən də bu istiqamətdə olan özbaşınalığı dayandırmağın vaxtıdır. Bütün bu amilləri nəzərə alaraq düşünürəm ki, Trampın qərarı və mövqeyi tamamilə düzgündür və dəstəklənməlidir. Lakin bu məsələ lokal səviyyədə həll olunmamalıdır. Zənnimcə, beynəlxalq və ölkələr səviyyəsində tənzimləmə aparılmalıdır. O cümlədən də Azərabaycanın bu istiqamətdə qabaqlayıcı tədbirlər görməsinin zamanıdır. Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunların qəbulu artıq labüddür”. 

Millət vəkili Elman Nəsirov isə vurğulayıb ki, bu gün dünya iki yerə bölünüb. Faktiki olaraq, bu dünyada hüquq işləmir, hüququn gücü yoxdur. İkinci isə virtual dünyadır. Bu dünyada isə “qaralama”, “ləkələmə”, “terrorizmə çağırış” üstünlük təşkil edir.

Deputat bildirib ki, sosial şəbəkələrdə təhqir yolunu seçmiş bir qrup insan siyasi manipulyasiya etməklə məşğuldur: “Sabah onlar hansısa cinayət əməlinə görə həbs edəndə, iddia qaldırırlar ki, hansısa fikirlərinə görə həbs ediblər. Təklif edirəm ki, iyun ayı ərzində sosial şəbəkələrlə bağlı çox ciddi bir qanunu qəbul edək. Bu, artıq ictimai sifarişdir”.

Politoloq Nəzakət Məmmədova  isə xatırladıb ki, prezident Trampın belə bir təşəbbüslə çıxış etməsinə səbəb onun Tvitterdə paylaşdığı postun zorakılıq ehtiva etməsi iddiasının gizlədilməsi olub.

O, sosial şəbəkələri istifadəçilərin fikirlərini analiz edərək artıq bir ötürücü funksiyasından çıxdıqları üçün naşir kimi də məsuliyyət daşımalı olduqlarını bildirib: "Təbii ki, bu, Trampla Tvitter arasında ilk belə qalmaqallı hal deyil. Prezidentin imzaladığı sənəd sosial şəbəkələrin immunitetini zəiflətmək imkanına malikdir.Trampın fərmanı dərhal öz nəticəsini göstərməyə bilər. Üstəlik, bu, 1996-cı ildə qəbul edilmiş qanuna dəyişikliyi nəzərdə tutur ki, burada Konqresin də razılığı tələb olunur. Bu baş verərsə, sosial şəbəkələrin hüquqi rejimi ilə bağlı əsaslı dəyişikliklərə gətirib-çıxara bilər. Lakin böyük ehtimalla Konqres bu sənədi qəbul etməyəcəkdir. Üstəlik, bu, məhkəmədə də mübahisə predmeti ola bilər".

PƏRVANƏ

 





01.06.2020    çap et  çap et