525.Az

Milli brend qorxumuz - Şəmil Sadiq yazır


 

Milli brend qorxumuz - <b style="color:red">Şəmil Sadiq yazır </b>

Böyük ustadın – Mirzə Ələkbər Sabirin doğum günü ərəfəsində nədənsə yadıma düşən sadəcə sabun bişirməyi idi. Sözsüz ki, pandemiyanın nəticəsidir.


Hər dəfə də yadıma düşəndə fikirləşirəm ki, böyül mütəfəkkir o zaman şeirin daşın atıb sabun markası yaratsa idi, indi qürurla milli brendimizdən danışardıq. Çünki o işi görsə idi, özünə, ətrafına da yaxşıca gün ağlayardı. Amma o millətə gün ağlamağı seçdi və el üçün ağlayanın da taleyini atalar sözlərimiz ifadə edir… Buna bədii obraz olan Cəbiş müəllim də cəhd etdi, amma o da bacarmadı sona qədər. Ustadın əvəzindən xəyali olaraq şirkətinin adını da düşündüm: Hophop. Elə buradan da yola çıxıb, Azərbaycandakı sabun istehsalını bir balaca araşdırdım və gördüm ki, təqribən 90 faiz idxaldır. Hətta 2017-ci il hesabatında göstərilir ki, sabun istehsalı ciddi şəkildə artıbmış. Amma bir dənə də olsun milli brend adı xatırlaya bilmədim. Özümüzdə istehsal edilən 10% da xarici brendlərin adı ilə bazara təqdim edilir. Yəni qablaşdırma zamanı xarici məhsulların qabına milli məhsul tökülərək satılırmış. Bu isə, çox guman ki, bizim milli brend qorxumuzdan irəli gəlir. Çünki milli məhsula inamımız azdır, nəinki gavurun məhsuluna. Yadımdadır, bir dəfə türkiyəli iş adamı olan ağsaqqal bir dostum dedi ki, şirkət açarkən adına diqqət et. Bir gavur ismi qoy, içində nə edirsən, et. Çünki bizim millət xarici adlara daha çox önəm verir. Buna görə də, sahibkarları qınamaq istəmirəm. Bizim təhsil sahəsində də eynən bu cürdür. Filippinli, pakistanlı, əfqanıstanlı ingilisdilli müəllimin hörməti bizim yüksək səviyyəli ingilis dili müəllimimizdən daha yüksəkdir valideynlərimizin yanında. Dəfələrlə olub ki, çox savadlı, ziyalı valideynimiz belə, israrla deyir ki, heç olmasa, bir xarici müəllim gətirin, fərqi yoxdur, necə dərs deyir, əsas odur, xarici və ingilisdilli olsun. Çünki özümüzə inanmırıq, inana bilmirik. İnanmağı bacarmırıq. Ona görə də, sabun qablarına doldurulan məhlullar burda istehsal olunsa da, xarici ad ilə satanda alıcısına daha tez yetişir.


Bu brendlə bağlı yadıma bir maraqlı hadisə də düşür. Tekstil sahəsində çalışan bir iş adamı deyir ki, “Nike”, “Adidas” markalı idman formaları hazırlayırıq. Çünki daha yaxşı satılır. Üstünə bizim adlardan birini qoyanda alınmır. Adam yetərincə yaradıcıdır. Deyir, bir dəfə özümüz bir dizayn hazırladıq və “Nike” markası ilə bazara çıxardıq, partapart satış getdi. Bir gün “Nike”nin rəsmi mağazasında həmin modeldən gördüm. Deməli, “Nike” bizim modeli oğurlamışdı. Öz-özümə gülümsündüm ki, bunun yaradıcısı biz, amma indi onlar görüblər, yaxşı satılır, daha keyfiyyətli şəkildə hazırlayıb bazara təqdim ediblər. Dostum bu hadisəyə elə qürrələnirdi ki, təsəvvür edə bilməzsiniz. Mənimsə pis adamlar kimi o an ürəyimdən keçən bu idi. Yəqin, rəsmi mağaza da brend kölgəsində gizlənir, özləri daha keyfiyyətli şəkildə hazırlayıb satırlar. Axı bu işdə bizə çatan olmaz…


Deməli, brend yaratmağa cəhd edənlərin sayı çox azdır. Asan yolla və tez qazanc əldə etməyin yolunu çox yaxşı bilsək də, uzunmüddətli düşünmə problemimizin olduğu göz qabağındadır. Bacarığımıza söz ola bilməz, amma gələcəyi düşünmədən yaşayırıq. Buna görə də, millət olaraq özümüzə inamımız bərbaddır. Hamımız ağızdolusu danışırıq ki, Rusiya bazarlarında meyvə-tərəvəz bizlikdir, biz idarə edirik. Amma bu zaman kəsiyində o iş adamlarımız bu sahədə ciddi bir dünya markası yarada bilməyiblər. Sonra lavaş brendi yaradaraq Moskva bazarlarında satış edən erməniləri bəyənmirik.


Milli brendi isə yaratmaqla bərabər yaşatmaq lazımdır. Bu isə cəmiyyətin işidir. Cəmiyyət dəstək verməsə, brend sahibi keyfiyyətli xidmət göstərməsə, inkişaf etdirməsə, dünyaya çıxmağı göz önünə alaraq əziyyət çəkməsə, sadəcə quru adlara milyonlarla vəsait ödəyəcəyik!
 

P.S. Son vaxtlar Sabirin və Cəbiş müəllimin xəyallarının yox, gerçəkliyinin varisi olmaq da keçir könlümdən.

 





01.06.2020    çap et  çap et