525.Az

Müharibələrdə məhv olan “gələcək”... gələcəkmi?! - Esse


 

Müharibələrdə məhv olan “gələcək”... gələcəkmi?! - <b style="color:red">Esse</b>

Bu sabahlarını onlar yenə bomba-barıt qığılcımını günəşin şəfəqləri bilərək oyandılar yuxudan. Yenə səhər süfrələrinə toz-torpaqlar ələndi.


Yenə hər güllə səsində gözlərini bərk-bərk yumaraq, göz yaşlarını körpə ürəklərinə axıtdılar. Yenə salamat bir künc axtardılar sığınmağa. Qırılmayacaq bir ağac gövdəsi, uçulmayacaq, dağılmayacaq bir ev, ovulmayacaq, parçalanmayacaq bir divar, ölməyəcək valideyn, buza çevrilməyəcək bir ana qucağı...


Hər gün eyni arzu ilə oyanırlar... Sağ qala bildikləri hər gecə eyni dua ilə yatırlar. Və bu gün dünyada eyni taleyi təxminən 415 milyon uşaq yaşayır. Bu say dünya uşaqlarının altıda biri deməkdir... Hər birinin gəlişindən, gedişindən dünya xəbərsiz olur. Elə onlar da dünyadan xəbərsiz yaşayırlar bu dünyanı... Görüb bildikləri vicdansızlığın, ədalətsizliyin qorxunc səsi olur. Vəssalam! Və həyatı dərk edəndə, artıq, günəş onlar üçün əbədi sönmüş olur...


“Sülh” sözündən, sakit dünyadan, aydın səmadan, təmiz süfrədən, tox qarından, sinif otağından, müəllimdən, məktəbdən xəbərsiz, sığaldan, təbəssümdən uzaq, bütün dünyanın göz yaşına, qorxusuna ortaq, küskün, kövrək.. və beləcə güllələrin altında qısa ömürlərini başa vururlar. 2005-ci ildən bəri müharibədə öldürülmüş və əlil olmuş uşaqların sayı təxminən 95 min nəfərdir.


Bir uşaq toplusu əl-ələ tutaraq yol alıb bu gündən gələcəyə.. Atılan hər güllə o gələcəyə uzanan zəncirin bir halqasını qırır. Gələcəyini uşaqlığın təmiz əllərinə təslim edən dünya, bu gün öz “çirkli” əlləri ilə öz gələcəyini məhv edir.  Ya da “məhv edərəm” təhdidi ilə yaşadır hələ ki... Farizlərin, Zəhraların dilində qırılıb qalan xoşbəxtlik, torpağa qarışan gələcək, gələcəkmi, olacaqmı?  Onlara qıyan dünya gələcəyə gedə biləcəkmi?

 





03.06.2020    çap et  çap et