525.Az

Pandemiyanı məğlub edən sevgi - Məlahət Hümmətqızı yazır


 

Pandemiyanı məğlub edən sevgi - <b style="color:red">Məlahət Hümmətqızı yazır </b>

Xəyalllar məni  çox-çox uzaqlara, universiteti bitirdiyimiz günlərdə keçirilən həkimlərin  andiçmə mərasiminə  apardı.
 

1997-ci ilin  gözəl  yay günlərindən biri idi. İmtahanları yenicə bitirmişdik. Auditoriyanın havası hələ də başımızdaydı. Gəncliyimizin qayğısız, coşqun günlərini yaşayırdıq. Allahım, necə də bəxtəvərdik. Opera və Balet Teatrında andiçmə mərasimimiz  keçirilirdi. Bilmirəm necə oldusa, səbirsizliklə gözlədiyim, saatlarla hazırlaşdığım bu təmtəraqlı mərasimə gecikdim. Minbir həvəslə məhz bu gün üçün seçdiyim gözəl libasımı geyinmişdim. Ürəyim çırpına-çırpına daşına-divarına kübarlıq hopmuş bu möhtəşəm binaya daxil oldum. Qapını açmağımla tələbələrin "and içirik"  xorunu eşitməyim bir oldu. Tez ətrafıma baxıb, çəkinmədən həmin kəlmələri təkrarladım. Həm də belə bir tədbirə gecikdiyim üçün çox utandım. Amma nə fayda, olan olmuşdu. İkinci mərtəbəyə qalxıb qrup yoldaşlarımı axtarmağa başladım. Qaranlıq olsa da, birtəhər onları tapıb yanlarında əyləşdim.


- Ay qız, hardasan, andiçməyə niyə gecikdin? - deyə  rəfiqəm Gülarə təəccüblə soruşdu.


- Heç bilmirəm necə oldu? - deyib kövrəldim, məni ağlamaq tutdu.


Halımın dəyişdiyini görən rəfiqəm məni sakitləşdirməyə çalışdı, gülümsəyərək:


- Yaxşı, sakit ol, kefini pozma, indi əla konsert olacaq,  - dedi.


Konsert də eynimi açmadı, axıra kimi özümə gələ bilmədim. Pərt olmuşdum. Bir neçə dəfə ürəyimdə yaxşı həkim olacağıma  and içdim...


Təyinatımı poliklinikaya aldım. Hər gün neçə  xəstə ümidlə, təlaşla qapımı açırdı. Gənc olduğumu görüb, bəzən tibb bacısına həkim deyənlər də olurdu, mənim həkim olduğumu bilib ağız büzənlər də. Amma müalicənin xeyirini görəndə təşəkkür edənlər getdikcə çoxalırdı. Pasiyentlərimin sayı artırdı.


Bütün uğurlarıma görə atama borclu idim. Bu peşəni  o  mənə  sevdirmişdi. Jurnalist olmaq istəyimi bilə-bilə həkim olmağımı istəmişdi. "Həkim olub, yaza bilərsən, amma yaza-yaza həkim ola bilməzsən. Hamının həkimə ehtiyacı olur, sən insanlara kömək edəcəksən, onları həyata qaytaracaqsan", demişdi.  Mən də bu  kəlmələri sırğa edib asmışdım qulağımdan. Atam nə qədər haqlıymış...


Deyir, insanını ağlına gəlməyən başına gələr. Yatsam yuxuma da girməzdi ki, bir gün koronavirus pandemiyası dünyanı cənginə alacaq və mən könüllü kimi ön cəbhədə olacağam.


TƏBİB-dən işlədiyim poliklinikaya təcili  sərəncam gəldi. Hərarəti olan xəstələr üçün  filtr otağı yaradılmalı idi. Gərgin iş prosesi başladı. Hər gün işdən sonra əraziyə gedib,  hərarəti olanları poliklinikaya dəvət edir, müayinə edib rentgendən keçirir, burun və boğazından yaxma götürür, təcili yardım vasitəsilə Taun mərkəzinə göndərirdik.


Bir gün səhər tezdən filtr otağına  gənc bir ailə gəldi: İlham və Zülfiyyə. Onlar mənim ən yaxşı pasiyentlərimdən idilər. Mütəmadi poliklinikaya gələr, yoxlamadan keçərdilər. Amma bu dəfə vəziyyət başqa idi. Hər ikisinin yüksək hərarəti düşmür, öskürür, halsızlıqdan şikayət edirdilər. Onların burun və boğazından yaxma götürüb, Taun mərkəzinə göndərdim.  Müalicə yazıb evə yola salsam da, ürəyimdə bir həyəcan var idi. Bizə yalnız gözləmək qalırdı. Nəhayət,  qorxduğum başıma gəldi. Cavab pozitiv idi, hər ikisində "COVİD-19" çıxmışdı. Yubanmadan xəstələri təcili yardım vasitəsilə ATU-nun Cərrahiyyə Klinikasına yerləşdirdik. Hər gün xəstələrimin vəziyyəti ilə maraqlanırdım. Onların vəziyyəti günü-gündən ağırlaşırdı. Beləcə, günlər keçir, mən  filtr  otağında  işləyir, yeni xəstələri aşkar edib xəstəxanaya göndərirdim. Xəstəxanalar  xəstələrlə  dolurdu, həkimlərə daha çox ehtiyac yaranırdı. TƏBİB  bütün  tibb ocaqlarına çağırış edərək, həkimləri ayağa qaldırdı.  İnsanlara yardım etmək lazım idi. Düşünmədən ön cəbhəyə  getmək qərarına gəldim.  TƏBİB-in sərəncamı ilə ATU-nun  Cərrahiyyə Klinikasına  göndərildim. Əynimə kamuflyaj formanı geyinib,  liftlə təmiz zonadan kirli zonaya -  on birinci mərtəbəyə qalxdım. Neytral zonanı keçdikdən sonra palatalara daxil oldum. Palatalar xəstə ilə dolu idi. İnsanlar  hərarət  içində  yatır,   oksigen cihazı ilə nəfəs alırdılar.


Vaxtı itirmədən işə başladım.  Sonuncu   daxil olduğum palatada köhnə xəstələrim  - İlham və Zülfiyyə qarşıma çıxdılar. Hər ikisi hərarət içində yanır, oksigenlə nəfəs  alırdı. İlk tibbi yardım göstərib hərarətlərini aşağı saldım. Axşama kimi tez-tez palataya baş çəkdim. Gecəni  yatmadım.


Günlər ötdükcə Zülfiyyənin vəziyyəti stabilləşməyə başladı. Amma İlhamın vəziyyəti ağır olaraq qalırdı. Oksigen cihazı olmadan nəfəs  ala  bilmirdi. Ağ ciyərinin hər  iki payında  pnevmoniya aşkar olunmuşdu. Sağalma prosesi çox ağır gedirdi.


Bir tərəfdən yorğunluq, bir tərəfdən yuxusuz gecələr məni əldən salırdı. Mənim kimi  burada  nə qədər həkim çalışırdı. Biz bir komanda kimi çalışırdıq. Çalışdığım 11-ci mərtəbədən  gecənin qaranlığında şəhər al-əlvan gecə lampalarında möhtəşəm görünürdü. Alov qülləsində  "Biz birlikdə güclüyük, Azərbaycan  həkimlərinə eşq olsun" şüarları biz həkimləri  sabaha  ruhlandırırdı.


Zülfiyyə sağalıb evə yazılsa da, İlhamsız bir addım belə atmayacağını bildirdi. Bu mənzərə məni çox kövrəltdi. Hər dəfə onu  İlhamın başı üstündə görəndə ürəyim paramparça olurdu. Əsl sevgi bu idi. İyirmi  ildir  bir ailə idilər.


İlhamın müalicəsi ilə sonadək məşğul oldum, Zülfiyyə isə gecə-gündüz qayğısına qaldı. Nəhayət, İlham  sevginin sayəsində xəstəliyə qalib gəldi, sağaldı. Mən qəhrəmanlarımı birlikdə evlərinə yola saldım. Ayrılarkən hər ikisinin gözlərində yaş gördüm. Mən də kövrəlmişdim. 


Bax bu hekayə  də beləcə yarandı. Mənim isə koronavirusla savaşım davam edir. Hələ məni nə qədər xəstə gözləyir. Qarşıda hələ nə qədər yuxusuz  gecələr  var. Xəstələrim sağalıb evlərinə gedənə qədər  burdayam...

 





04.06.2020    çap et  çap et