525.Az

Prezidentdən növbəti mühüm mesajlar


 

ERMƏNİSTANDA HAKIMİYYƏTİN FAŞİST MAHİYYƏTİ DƏYIŞMƏZ OLARAQ QALIR

Prezidentdən növbəti mühüm mesajlar<b style="color:red"></b>

Məlum olduğu kimi, iyunun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonuna səfər zamanı bir sıra vacib obyektlərin, o cümlədən, Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı buradakı nitqində çox mühüm mesajlar verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha bəyan edib. Ermənistan dövlətinin faşist və terrorçu mahiyyətini ifşa edərək, bu ölkədə 2018-ci ilə kimi cinayətkarların hakimiyyətdə olması faktlarına diqqət çəkib. Prezident vurğulayıb ki, Ermənistan terror dövlətidir və bunu dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirilib və həmin cinayətin üstü açılmayıb. 

Ermənistan həm də ekoloji terrorla məşğuldur. Bu məqama da diqqət çəkən dövlət başçısı deyib ki, Sərsəng su anbarının inşası Azərbaycan tərəfindən həyata keçirilib. İndi isə mənfur qonşular  Azərbaycanın suyunu kəsiblər. Bu, ekoloji terrordur.

Təəssüf ki, Ermənistanda hakimiyyətin faşist mahiyyəti dəyişməz olaraq qalır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır.  Dilənçi vəziyyətində olan Ermənistanda isə faşistlərə 6 metrlik abidə ucaldırlar. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir.

Prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların və bir çox ölkələrin mövqeyi Azərbaycanın mövqeyini gücləndirdiyini,  beynəlxalq təşkilatların münaqişəsi ilə bağlı sərgilədiyi mövqeyin həqiqəti, ədaləti əks etdirdiyini deyib.

Prezident öz başqa bir vacib məqama, ADR hakimiyyəti tərəfindən İrəvan da daxil olmaqla Azərbaycan torpaqlarının Ermənistana verilməsi faktına diqqət çəkib və vurğulayıb ki, hər kəs tariximizi bilməlidir:

“Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin”.

Milli Məclisin deputatı Rauf Əliyev hesab edir ki, koronovirus pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq, Azərbaycanda nəzərdə tutulan sosial layihələrin uğurla həyata keçirilməsi dövlətimizin gücünün, ölkə rəhbərinin apardığı düzgün, uzaqgörən, uğurlu siyasətin nəticəsidir.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti cəbhəyanı bölgələrdə yerləşən Tərtər, Ağcəbədi və Ağdam rayonlarına səfəri zamanı bir çox sosial infrastruktur layihələrinin açılş mərasimlərində iştirak edib:

"Tərtər rayonunda ən müasir tələblərə cavab verən Tərtər İdman Olimpiya Kompleksinin açılış mərasimi oldu. Bununla da Tərtərdə idmanla məşğul olmaq üçün çox gözəl imkan yaranıb. Bölgələrdə tikilən Olimpiya İdman komplekslərinin sayı artıq 46-ya çatıb. Daha 5 rayonda Olimpiya İdman komplekslərinin tikintisi davam etdirilir. Ümumiyyətlə Azərbaycanın bölgələrində idman qurğularının tikintisi geniş vüsət alıb. Azərbaycan bu parametr üzrə dünyada qabaqcıl yerlərdən birini tutur.

Bütün bunlar göstərir ki bütün dünyanı koronavirus pandemiyası cənginə aldığı bir zamanda, ölkəmizdə də yaranmış çətinliklərə baxmayaraq Azərbaycanda sosial layihələr uğurla həyata keçirilir. Bu bir daha göstərir ki Azərbaycan güclü bir dövlətdir və dövət siyasətinin mərkəzində əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, sağlamlığının qorunub saxlanması durur".

Deputatı Arzu Nağıyev isə vurğulayıb ki, Tərtər Olimpia Kompleksinin açılışında Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində toxunduğu bir neçə məsələlər oldu:

"Əsas məqam ondan ibarətdir ki, ümumiyyətlə, Ermənistanın tarixi, eyni zamanda da Dağlıq Qarabağın tarixi ilə bağlı Prezident İlham Əliyev çox mühüm bir açıqlama verdi. Bir daha qeyd etdi ki, tarixdə çox uzağa getməyə ehtiyac yoxdur. Azərbaycan ərazilərinin vaxtilə ermənilərə verilməsi, eyni zamanda, Dağlıq Qarabağ ərazilərinə ermənilərin köç etməsi onların özləri tərəfindən də dəfələrlə etiraf olunub. Onlar bir daha bilməlidirlər ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Prezidentin çıxışında ən mühüm məqamlardan biri bu idi".

Onun sözlərinə görə, digər bir məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir və Prezident İlham Əliyev qeyd etdi ki, bu gün artıq birinin həbs edildiyi, gələcəkdə də digərinin həbs ediləcəyi ehtimal olunan, keçmiş rejimin rəhbərlərinin həqiqətən də cinayətkar olduqlarını həm erməni xalqı, həm də bütün dünya bildi:

"Məlumdur ki, bu şəxslər hansı cinayətləri törədib və bunun hesabına Ermənistanda, hətta, hakimiyyətə gəliblər. Digər məsələ ondan ibarədir ki, biz ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh yolu ilə həll olunması istiqamətində müvafiq addımlar atdığını bilirik və bu istiqamətdə də biz sülhü dəstəkləyirik. Lakin, Azərbaycan güclü bir dövlətə çevrilir və güc hesabına onları danışıqlar masasına yerləşdirmək lazımdır. Əks halda biz öz səlahiyyətimizdən və hüququmuzdan istifadə edərək bu münaqişəni məhz anti-terror əməliyyatları keçirməklə həll etmək iqtidarındayıq. Həm qlobal, həm regional oyunçular və dövlətlər bizi dərk etməli və başa düşməlidirlər. Həmin an yetişəndə bu məsələnin həlli istiqamətində heç kəsdən soruşmadan müvafiq addımlar atacağıq. 2016-cı ildə Aprel hadisələrində əməliyyatların dayandırılmasını bizdən necə xahiş edirdilərsə artıq bu məsələ tək regional dövlətlər üçün deyil, qlobal dövlətlər üçün də görk olmalıdır. Biz bu məsələni öz gücümüzə həll eməyə qadirik".

PƏRVANƏ

 





04.06.2020    çap et  çap et