525.Az

Ağ xalatlı qazilər - Yetər Kərimli yazır


 

Ağ xalatlı qazilər - <b style="color:red">Yetər Kərimli yazır </b>

Doğulanda gözünü açıb onu görərsən, pis günlərdə ona ümid olub, vicdanına, savadına inanarsan. Ağ xalatlı, üzümüzü ağ edən, Şövkət Ələkbərovanın o məşhur "Həkimlər" mahnısında dediyi kimi, "Gül nabatlı həkimlər"dən gedir söhbət. Bir peşə bir insanı ailəsi, cəmiyyət, bütün dünya qarşısında ancaq bu qədər borc sahibi edə bilər. Biz bunu gördük. Hiss etdik. Həm də çox yaxından.


Pandemiya bizdən də yan keçmədi. Fevralın 28-də media "Azərbaycanda ilk yoluxma faktı qeydə alındı" xəbərini yaydı. Bu, adi bir xəbər deyildi, nəfəs belə ala bilməyən bir insanın acı əks-sədası idi ki, ölkəyə yansıdı. Karantin elan olunan 24 mart günündə biz hələ Novruz abu-havasında idik. Məktəblər, universitetlər, iş yerləri və şəhərlərarası gediş-gəliş bağlandı. Polislər küçədə, həkimlər xəstələrin keşiyində, biz jurnalistlər isə  insanların yanında olmağı özümüzə borc bildik. Maarifləndirdik, acı həqiqəti göstərdik. Bu yol məni ən ağır xəstələr haqqında xəbər yazmağa, ölənlərin nəşinin ailələrinə verilmədiyini və termal tabutlarda basdırıldığını göstərməyə də vadar etdi. Məqsəd onları - hələ vəziyyətin ciddiliyini dərk etməyən insanları qorumaq idi. Həkimlərlə həmsöhbət də olurduq. Reanimasiyada, laboratoriyada işləyən, ağır infeksion xəstələrə qulluq edən  və bütün bu zaman ərzində evlərinə belə gedə bilməyən fədakar insanlarla.


Səhər işə gedən kimi  redaktor mənə Covid-19 xəstəliyi testlərinin aparıldığı xüsusi laboratoriyaya getməli və oradan birbaşa canlı yayımda informasiya çatdırmalı olduğumu dedi. Üstəlik, laboratoriyaya getmişkən həkimlərlə xüsusi müsahibələr aparmağım da tapşırıldı. Onu da qeyd edim ki, belə xüsusi riskli yerlərə göndərilərkən könüllülük prinsipi əsas götürülür. Ölkəmizin ən böyük xəsətəxanalarından birinin tərkibində olan koronavirus testlərinin aparıldığı molekulyar diqanostik laboratoriyaya yollandıq. Laboratoriyaya daxil olmadan ağ kombinzon - skafandr geyindik. Üzümüzdə maska, gözlərimizdə xüsusi eynək vardı. İyirmi dəqiqədən sonra artıq eynəyim tərlədiyi üçün çox pis görürdüm. Amma hələ həkimlə söhbətə başlamamışdıq. Çünki o, ürəyi titrəyərək gözləyən insanların analiz nəticələrini yoxlamaqla məşğul idi. Mən o an öz işim dolayısı ilə həkimə "neçə test etmisiniz, testlər neçə saata nəticələnir?"  kimi cavabında konkret rəqəmlər alacağım suallar ünvanlamağı fikirləşirdim. Amma düzü, beynimin bir hissəsində bu paltarda 12 saat dayanmadan necə işlədiklərini düşünməyə bilmirdim. Bir neçə saniyədən sonra birbaşa  efirə bağlanıb laboratoriyanın fəaliyyəti haqqında milyonlarla tamaşaçıya məlumat verməli idik. Kiçik, barmaqdan da balaca yüzlərlə şüşədə saxlanılan analiz nümunələrinin bir insanın taleyini dəyişəcəyi bu laboratoriyada üzlərini deyil, yalnız buğlanan eynəklərin arxasında gözlərini gördüyüm həkimlərdən birinə suallar verməli idim.


3-2-1-Motor... Həkimə ilk sualım "Bu günə kimi neçə test aparılıb?" - oldu. Əslində, testlərin cavabı pozitiv olduğu halda, o insanların  nələr yaşayacağı fikri məni daha çox narahat edirdi. Həkim suallarımı canla-başla cavablandırırdı. Tez-tez eynəyini düzəldir və fikrini toplamağa çalışırdı. Ona son sualımı ünvanladım:


- Neçə gündür ailənizi görmürsünüz?

 
- İki ay, tam iki aydır ki,  valideynlərimi görmürəm. Mən yoluxmadığımı bilirəm, amma doğmalarıma bunu edə bilmərəm. Daşıyıcı olmağıma ən kiçik ehtimal belə olsa, onları görməkdən imtina etmişəm. Balaca oğlumla görüntülü danışır, ondan dərslərini oxuyub oxumadığını soruşuram.


Hə, ağ xalatda hər dərddən, xəstəlikdən uzaq görünən bu həkimlər də bir evin anası, kiminsə atasıdır. Həkimlə birikdə laboratoriyadan çıxdıq. İki saatdır ki, tanıdığım bu insanın üzünü indi gördüm. Burnunun üstü, maskanın dəmir hissəsi və  eynəyin dayandığı yer qızarıb yara olacaq dərəcəyə çatmışdı. Gözlərinin ətrafı da qızarmışdı.


Mən də işim dolayısı ilə təhlükəli və riskli yerlərdə, düşmənlə bir neçə metrlik sərhəddə olmuşam. Hətta baxa bilmədiyim kadrlar haqda yazı yazmışam. Gecələr yırtıcıların hücum etdiyi ucqar kənddə stasionar studiya avtomobilində reportaj da hazırlamışam. Amma görünməyən, insanların inanmaq istəmədiyi düşmənlə mübarizə aparmağın çətinliyini o həkimlərin simasında gördüm. Xüsusi rejimli xəstəxanalarda həkimlər cəmi bir neçə saat yata bilirdilər. Amma bizim kimi rahat çarpayılarında yox, iş masasının üzərinə başlarını söykəyərək yuxularını alırdılar.


Onlardan "İnsanlara efir vasitəsi ilə nə demək istəyirsiniz?" - deyə soruşanda, vəziyyət daha da çətinləşməsin deyə əhalidən evdə qalmalarını, özlərini və doğmalarını qorumalarını xahiş edirdilər. Bu gün isə həkimlər əhaliyə özlərini qorumaları üçün az qala yalvarır. Əgər bu yaşadığımız koronavirus pandemiyası bir müharibə olsaydı, orada ön cəbhənin qaziləri həkimlər olardı. Əllərində odlu silahlar yox, acı dərmanlarla - gül nabatlı həkimlər - ağ xalatlı həkimlər.

 





04.06.2020    çap et  çap et